Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8846/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “uşağın soyadının dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 28 avqust 2013-cü il tarixdə nikaha daxil olmuşdurlar. Nikahdan üç övladları dünyaya gəlmişdir. X8 04 aprel 2024-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə AR Ədliyyə Nazirliyi 7 saylı Cavabdeh 2024-cü il tarixdə doğum kitabının, №1374 səhifəsində qeydiyyat aparılmış, bu barədə doğum haqqında arayış verilmişdir. Uşağımızın soyadının “Hümmətov”dan “Həmzəli”yə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin sonuncu müraciətin təmin edilməsindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3- cü maddəsinə istinad etməklə imtina etmişdir. Hesab edirik ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətindən də göründüyü kimi iddiaçıların övladları olan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 qeydiyyatı “Hümmətov” kimi deyil məhz iddiaçıların razılıqları əsasında “Həmzəli” kimi aparılmışdır. Göründüyü kimi bərabərlik hüququnun məfhumu baxımından cavabdeh iddiaçıların övladlarına münasibətdə fərqli mövqeyi nümayiş etdirmişdir ki, bu da birmənalı olaraq hüququn pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə uşağının doğumunun qeydə alınması ilə bağlı ərizə ilə şöbəyə müraciət etmiş və uşağa baba adı ilə “Həmzəli” soyadının verilməsini istəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA3107215 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X10 xx.xx.2014-cu il təvəllüdlüdür. AA5057824 seriya nömrəli şəxsiyyə vəsiqəsindən görünür ki, X9 xx.xx.2018-ci il təvəllüdlüdür. Doğum haqqında arayışdan görünür ki, X8 04 aprel 2024-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, 04 aprel 2024-cü il təvəllüdlü X4 valideynləri İddiaçı1 və İddiaçı2dır. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçıların müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edildiyindən iddiaçıların tələbinin təmin edilməsindən imtina olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. 30.2. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. 53.1.Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 1.1.Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 4.1.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 5.1.Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.3.Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4.Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10.Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericiliyə görə, uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir və 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Lakin nəzərə alınmalıdır ki, “bərabərlik hüququ” baxımından vətəndaşlara fərqli mövqeyinin nümayiş etdirilməsi nəinki qüvvədə olan qanunvericilik ümumiyyətlə “İnsan hüquqları və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiya ilə də yolverilməzdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçıların digər övladlarının soyadları “Hümmətov”dan “Həmzəli”yə dəyişdirildiyindən, bərabərlik hüququnun məfhumu baxımından eyni əsaslar ilə iddiaçıların 04 aprel 2024-cü il təvəllüdlü övladları X6 eyni yanaşma tətbiq olunmalı, onun soyadı dəyişdirilməlidir. Ona münasibətdə fərqli yanaşmanın tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində əks olunan mövqeyin pozulmasına səbəb ola bilər və onun digər ailə üzvləri ilə müqayisədə bərabərlik hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. qərara aldı: İddia təmin edilsin. 04 aprel 2024-cü il təvəllüdlü X2 “Hümmətov”dan “Həmzəli” soyadına dəyişdirilməsi öhdəliyi 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8846/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8846/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver