Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8919/2025 27.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1963-cü ildə Ağdam şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıtdıqdan sonra Ağdam rayonunda işləmişdir. 1995-ci ildə məcburi köçkün düşərək Ağdam rayonundan Bakı gəlmişdir. İddiaçı 1981-1995-ci illərdə pasport qeydiyyatı haqqında arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Ağdam şəhərində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Ağdam şəhərində anadan olmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq, onun xx.xx.1995-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev TV, mənzil 4-də, xx.xx.2018-ci il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu bildirilmişdir. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1997-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olmuş, xx.xx.1996-cı il tarixdə Xətai RPİ-nin 36-cı bölməsi tərəfindən ona XXVİ JQ 710297 nömrəli keçmiş SSRİ nümunəli pasport verilmiş, xx.xx.2003-cü ildə həmin ünvanda qeydiyyatda olmaqla ilk dəfə AZE 01277784 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, həmçinin olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallaını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun:
1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.2. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 3.0.1. informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. 3.0.5. informasiya sahibi dedikdə informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür. 3.0.6. informasiya sorğusu dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət başa düşülür. 3.0.7. informasiya sorğusu verən dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs başa düşülür. 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər: 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. 9.3. Aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur. 9.3.1. təbii inhisar subyektləri – istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə), müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası, müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar üzrə; 9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyrikommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə. 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir. 18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 18.2.1. sorğu anonimdirsə; 18.2.2. sorğu şifahi formada verilmişsə. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 27-1.Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Yuxarıda qeyd olunan Qanunun müddəalarının hazırkı iş üzrə tətbiqi zamanı müəyyən edilir ki, iddiaçı informasiya sorğusu ilə müraciət edən informasiya sorğusu verən şəxs cavabdeh informasiya sorğusu sahibi kimi çıxış edir. Tələb isə sənədləşdirilmiş informasiyanın verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək onun 1981-1995-ci illərdə pasport qeydiyyatı barədə arayışının verilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə apardığı araşdırmalarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının müraciətinə rəsmi cavab vermiş, xx.xx.1995-ci il tarixdən hazırkı günədək yaşayış yeri üzrə qeydiyyat barədə məlumatın olmaması əsası ilə informasiya sorğusunun icrasından imtina etmişdir. Nəzərə alınmalıdır ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.2-ci maddəsinin tələblərinə görə informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə, informasiya sahibinin sorğusunun icrasından imtina olunur. Məhkəmə müəyyən edir ki, cavabdeh hazırda iddiaçının 1981–1995-ci illər üzrə yaşayış yeri qeydiyyatı barədə informasiya ilə malik deyildir. Aparılmış məhkəmə sorğularının nəticələri göstərmişdir ki, iddiaçının göstərilən dövrdə qeydiyyatda olması barədə məlumat nə hərbi xidmətə dair qeydiyyat sənədlərində, nə də aidiyyəti qurumların cavab məktublarında aşkar edilmişdir. Qeyd edilməlidir ki, yaşayış yeri üzrə qeydiyyat məsələlərinin hüquqi tənzimlənməsi xx.xx.1997-ci ildə qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin tarixədək isə qeydiyyat münasibətləri "Vətəndaşların qeydiyyatının bəzi qaydaları haqqında" SSRİ Nazirlər Sovetinin 1974-cü il, 28 avqust tarixli, 678 nömrəli qərarı haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 23 sentyabr tarixli, 317 nömrəli qərarına müvafiq qaydalarla tənzimlənirdi. Bundan başqa qeyd olunur ki, SSSR Nazirlər Sovetinin 28 avqust 1974-cü il, № 677 qərarı ilə təsdiq edilmiş “SSSR-də pasport sistemi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Həmin Əsasnamənin 1-ci bəndinə əsasən Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşının pasportu — sovet vətəndaşının şəxsiyyətini təsdiq edən əsas sənəddir. 16 yaşına çatmış bütün sovet vətəndaşları pasport almağa borcludurlar. Aşağıdakı şəxslər pasportsuz yaşaya bilərlər: — hərbi qulluqçular; — daimi olaraq xaricdə yaşayan, lakin SSRİ-yə müvəqqəti gəlmiş sovet vətəndaşları. Hərbi qulluqçuların şəxsiyyətini təsdiq edən sənədlər — hərbi hissə və hərbi idarələr tərəfindən verilən şəxsiyyət vəsiqələri və hərbi biletlərdir. Daimi olaraq xaricdə yaşayıb SSRİ-yə müvəqqəti gələn sovet vətəndaşlarının şəxsiyyət sənədi — onların ümumvətəndaş xarici pasportlarıdır. Xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər SSRİ ərazisində İttifaq qanunvericiliyi ilə müəyyən edilmiş sənədlərlə yaşayırlar. Həmin Əsasnamənin 4-cü bəndində əsasən pasporta aşağıdakı qeydlər yazılır: nikahın qeydiyyatı və nikahın pozulması — vətəndaşlıq aktlarının qeydiyyatı orqanları tərəfindən; hərbi xidmətə münasibət — hərbi komissarlıqlar tərəfindən; qeydiyyata düşmə və qeydiyyatdan çıxma — daxili işlər orqanları və kənd/sahə/sakinlər soveti icraiyyə komitələri tərəfindən. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək şəxslərin yaşayış yeri yuxarıda göstərilən hüquqi aktlar ilə tənzimlənirdi ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat ev dəftəri ilə yanaşı həmçinin Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşının pasportu ilə müəyyən olunurdu. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının 1981–1995-ci illər üzrə pasport qeydiyyatı barədə məlumat mövcud deyildir. Bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi dövr üzrə yaşayış yeri qeydiyyatı haqqında məlumat cavabdehdə olmadığından, cavabdeh informasiya sorğusunun icrasından imtina etməklə qanunun tələblərinə uyğun davranmışdır. Buna görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov