Məhkəmə qərarları › İş №2-1(112)-8957/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8957/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8957/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, İddiaçı, onun nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi statusu və buna dair vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi statusu və buna dair vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılırmışdır ki, qardaşı İddiaçı Daşaltı əməliyyatəmda 29 mart 1992-ci il tarixdə qəlpə yarasından şəhid olmuşdur. Ona Lerik Rayon İcra Hakimiyyəti tərəfindən şəhid statusu verilmişdir. Hüquqi varis kimi iddiaçı ona şəhid ailəsi statusu və vəsiqənin verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilərək onun hüquqları pozulmuşdur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, qardaş və bacılar- uşaq evlərində tərbiyə olunanlar qanunvericiliyin tələbinə əsasən şəhid ailəsi statusuna malikdir. İddiaçı qanunvericiliyin tələbinə əsasən şəhid ailəsi hesab edilmədiyindən iddia rədd edilməsi xahiş olunur. Tərəflər izahatları: İddiaçı və onun nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Lerik Rayon İcra Hakimiyyəti başçısının arayışından görünür ki, iddiaçının qardaşı İddiaçı mülki şəxs kimi şəhid statusu verilmişdir. Lerik Rayon İcra Hakimiyyətinin 17 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Lerik Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının İddiaçı ikinci növbə vərəsəsi kimi tanınması və müraciəti nəzərə alınaraq İddiaçı mülki şəxs kimi şəhid hesab olunması barədə arayış verilmişdir. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, qardaş və bacılar (uşaq evlərində tərbiyə olunanlar) qanunvericiliyin tələbinə əsasən şəhid ailəsi hesab edilir. Ölüm haqqında arayışdan görünür ki, İddiaçı Milli orduda xidmət edərkən mərmi qəlpələrindən bədənin baş gicgah nahiyyəsi və sağ çanaq nahiyyəsindən ölümcül aldığı zədədən vəfat etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin 27 iyun 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 23 iyun 1993-cü il tarixdə döyüş əməliyyatları zamanı həlak olmasını təsdiq edən arayış verilmişdir. İddiaçıın müraciətindən görünür ki, iddiaçı şəhid ailəsi üzvü vəsiqəsi ilə təmin olunma barədə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; https://e-qanun.az/framework/12184 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; https://eqanun.az/framework/12184 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; https://e-qanun.az/framework/12184 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X3 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu bənddə göstərilən sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə yuxarıda adıçəkilən Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş arayış üzrə iddiaçının şəhid ailəsi statusu və bunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, iddiaçının qardaşının şəhid statusunda olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan Lerik Rayon İcra Hakimiyyətinin arayışından və digər sənədlərdən də göründüyü kimi iddiaçının qardaşı İddiaçı şəhid olmuşdur və şəhid statusundadır. Lakin, iddiaçı məhz həmin arayışla yuxarıda göstərilmiş qaydaların tələbinə zidd olaraq cavabdehə müraciət edərək şəhid ailəsi statusu və buna dair vəsiqənin verilməsini tələb etmiş, imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir ki, nəzərə alınmalıdır ki, yuxarıda adıçəkilən Qaydaların konkret tələbinə əsasən şəhid ailəsi statusuna dair da arayış mövcud olmalıdır. Lakin, iş materiallarında olan yeganə arayış iddiaçının qardaşının şəhid statusu daşımasına dair arayışdır və həmin arayış cavabdeh tərəfindən iddiaçıya şəhid ailə statusuna dair vəsiqənin verilməsi üçün kifayət etmir. Göründüyü kimi iddiaçının qardaşının şəhid statusu olması barədə məlumatların Sosial Xidmətlər Agentliyinə daxil olması iddianın təmini baxımından yetərli əsas hesab edilmir. Qaydaların 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu barədə arayışın da təqdim edilməli olması zərurəti mövcuddur ki, həmin arayışın mövcud olması iş materialları ilə müəyyən edilmir. Nə qədər ki, həmin arayış mövcud olmamışdır, iddiaçının şəhid ailəsi statusu ilə əlaqədar məlumat nəzərə alınaraq onun statusunu tanıyan vəsiqənin verilməsi mümkün olmamışdır. Odur ki, iddiaçıya izah edilir ki, iddiaçı qardaşının şəhid statusu tanıtdığı kimi, ilkin olaraq yuxarıda göstərilən qanunvericilik normalarının tələbləri baxımından özünə şəhid ailəsi statusu olması barədə arayış aldıqdan sonra yuxarıda göstərilən Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş həmin arayışı cavabdehə təqdim etməlidir ki, statusa dair vəsiqənin verilməsi mümkün olmuş olsun. Həmin növ arayış təqdim edilmədiyindən də müraciətin təminindən imtinasını qanunsuz və əsassız hesab edilməsi istisna edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar