Məhkəmə qərarları › İş №2-1(112)-8978/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8978/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8978/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın faktiki ölçülərə uyğunlaşdırılmaqla verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “mənzilin ümumi sahəsinin real faktiki vəziyyətə uyğun hesablanmaqla çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə "xxxx" MTK-nın üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Mənzil Tikinti Koorperativindən 19 sentyabr 2007-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanında yerləşən 4 otaqlı 196 kv.m-dən ibarət olan 15 saylı mənzili almışdır. Qeyd olunan mənzil xx.xx.2013-cü il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitməti tərəfindən qeydiyyata alınarkən çıxarışda mənzilin ümumi sahəsi 163.2 kvm qeyd olunmuşdur. Sonradan mənzilin ümümi sahəsinin ölçüsündə olan yanlışlığın aradan qaldırılması üçün cavabdeh orqana birdə müraciə etdikdən sonra, cavabdeh orqan xx.xx.2024-cü il tarixli yeni çıxarış təqdim edərək mənzilin ümumi sahəsinin 173.70 kvm olduğu qeyd olunur. İddiaçı hesab edir ki, onun mənzilin ölçüsü səhv göstərilmişdir ki, bu da hazırki vəziyyətdə onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportda qeyd edilmiş sahəyə uyğun olaraq mənzilin faktiki sahəsinin 173.7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski 18 ünvanda tikilən "xxxx" MTK-da çoxmərtəbəli yaşayış binasının “A” bloku, 9-cu mərtəbəsində yerləşən 15 nömrəli 196 kv.m sahəsi olan mənzil müvafiq pay haqqı əvəzində iddiaçıya verilmişdir. Qeydiyyat tarixi xx.xx.2013-cü il tarixə olan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 163,2 kv.m sahəsi olan mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeydiyyat tarixi xx.xx.2024-cü il tarixə olan çıxarışdan görünür ki, ünvan 3 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən 173,7 kv.m sahəsi olan mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, çıxarışda, həmçinin texniki pasporta qeyd edilmiş sahəyə uyğun olaraq mənzilin faktiki sahəsinin 173,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyindən görünür ki, iddiaçının göstərdiyi mənzilin sənəd üzrə ümumi sahəsi 173.7 kv.m olsa da, faktiki olaraq 183.1 kv.m təşkil edir. Mənzilin texniki pasportuna əsasən sahə arasında yaranan fərq 9.4 kv.m ümumi istifadə dəhlizinin mənzilə əlavə olunmaqla istifadə edilməsi səbəbindəndir. Mənzil çoxmərtəbəli yaşayış binasının (16 mərtəbəli) 9-cu mərtəbəsində yerləşir (soldan 1-ci qapı). Həmin mərtəbədə iki mənzil var. İddiaçının iddia etdiyi qonşuluqda yerləşən 13 və 11 saylı mənzillərin ümumi sahələri 183.1 kv.m (4 otaq yaşayış sahəsi 97.0 kv.m) kimi qeydiyyata alınmışdır. İddia olunan mənzilin faktiki sahəsinində 183.1 kv.m olduğu müəyyən edilmişdir. Ekspert rəyindən görünür ki: -Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları"nın tələblərinə əsasən ünvan 3 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzilin ümumi sahəsinin 196 kv.m təşkil etdiyi müəyyən edilmişdir. - Tədqiq olunan mənzilin yaşayış otaqlarının ümumi sahəsinin 99.0 kv.metr, yardımçı otaqlarının isə ümumi sahəsinin 97.0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. - Tədqiq olunan mənzilə dair olan Çıxarış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verildiyindən, sualın cavablandırılması məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. - Tədqiq olunan mənzilə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli texniki pasportun məlumatları ilə həmin mənzilin faktiki vəziyyəti müqayisə edilərkən, həmin texniki pasportda 11 tikili göstərilmiş, lakin faktiki olaraq mənzil üzrə 13 tikilinin olduğu, texniki pasportda 2 ədəd balkon göstərilmiş, lakin mənzil üzrə 4 ədəd eyvan tikililərinin olduğu, həmin tikililər texniki pasportda balkon kimi nəzərə alındığından sahələri hesablanarkən 0.3 azalma əmsalının tətbiq olunduğu, dəhliz tikilisinin sahəsi texniki pasportda 29.5 kv.metr göstərilmiş, lakin həmin dəhliz tikilisinin faktiki olaraq sahəsinin 39.7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Yuxarıda göstərilən səbəblərdən, mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarış ilə mənzilin alqı-satqısına dair müqavilədə göstərilən ölçülər arasında fərq yaranmışdır. - Mübahisə predmetini təşkil edən mənzilin alt və üst qonşuları baxışda iştirak etmədiklərindən, həmin mənzillərə baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də sual üzrə tədqiqat aparılmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. O, cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Qanunvericiliyin tələblərindən də göründüyü kimi mənzil-tikinti kooperativi binasında qeyri-yaşayış sahəsi və ya yaşayış sahəsinə münasibətdə protokoldan çıxarış pay haqqı tam ödənildiyi təqdirdə hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Şəxs yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, MTK isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi mülkiyyətində olan mənzilin texniki sənədlərində əks olunan sahə göstəriciləri ilə faktiki vəziyyəti arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılması, mənzilin real ölçülərinə uyğun olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bunun nəticəsi olaraq müvafiq çıxarışın verilməsinə nail olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb iş üzrə toplanmış sübutlar və tətbiq edilməli maddi hüquq normaları baxımından qismən əsaslıdır və müəyyən hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı həyata keçirilərkən texniki pasport məlumatlarına əsasən mənzilin faktiki ölçüləri ilə qeydə alınmış sahə arasında mövcud olan 9,4 kv.m fərq nəzərə alınmamış və həmin sahə mənzilin ümumi sahəsinə daxil edilməmişdir. Cavabdeh tərəfindən göstərilən əsaslandırmaya görə, qeyd edilən 9,4 kv.m sahə ümumi istifadə dəhlizi kimi qiymətləndirildiyindən mənzilin ümumi sahəsinə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, bu mövqe mövcud qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin normanın məzmunundan açıq şəkildə görünür ki, dəhliz sahəsi də mənzilin ümumi sahəsinin tərkib hissəsi hesab olunur və bu sahənin ümumi sahədən kənarda saxlanılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları"nın 3.8-ci bəndində də qeyd olunmuşdur ki, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Göründüyü kimi, həm Məcəllədə, həm də normativ texniki qaydalarda dəhlizin mənzilin ümumi sahəsinin tərkib hissəsi kimi nəzərə alınması birbaşa şəkildə təsbit edilmişdir. Bu səbəbdən dəhlizin mənzilin ümumi sahəsinə daxil edilməməsi barədə cavabdehin mövqeyi əsassız olmuşdur Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 9,4 kv.m sahənin ümumi istifadə dəhlizi kimi qiymətləndirilməsi və bu əsasla mənzilin ümumi sahəsinə daxil edilməməsi faktiki olaraq iddiaçının mülki əqd əsasında əldə etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının həcminin əsassız şəkildə məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki, mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılarkən daşınmaz əmlakın faktiki mövcud vəziyyəti və texniki göstəriciləri düzgün şəkildə əks etdirilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, mübahisələndirilən 9,4 kv.m sahənin mənzilin ümumi sahəsinə daxil edilməsi nəticəsində mənzilin ümumi sahəsi 183,1 kv.m təşkil edəcəkdir. Lakin bu halda belə mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş sahə göstəricisini aşmır və bu səbəbdən qeyd edilən fərqin nəzərə alınması hər hansı hüquqi ziddiyyət yaratmır. Eyni zamanda, qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından da göründüyü kimi inzibati orqan tərəfindən həmin yaşayış binasında iddia predmetinə oxşar xüsusiyyətlərə malik olan qonşuluqda yerləşən mənzillərin dövlət qeydiyyatı həyata keçirilərkən fərqli yanaşma tətbiq edilmişdir. Belə ki, binanın qonşuluqda yerləşən 11 və 13 saylı mənzilləri üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılarkən həmin mənzillərin ümumi sahəsi 183,1 kv.m, o cümlədən 4 otaqlı yaşayış sahəsi 97,0 kv.m olmaqla qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, eyni yaşayış binasında yerləşən və planlaşdırma xüsusiyyətləri baxımından oxşar vəziyyətdə olan mənzillər üzrə inzibati orqan tərəfindən bu cür qeydiyyatın aparılması, lakin iddiaçıya məxsus mənzilə münasibətdə fərqli yanaşmanın tətbiq edilməsi faktiki olaraq iddiaçıya qarşı fərqli rəftarın göstərilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə, bu cür yanaşma hüquq münasibətlərində bərabərlik prinsipinin pozulmasına səbəb olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddia tələbi – dəhlizin daxil edilməsi hissəsində əsaslı hesab olunmalıdır. Məhkəmə iddia tələbinin təmin olunmayan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının mənzilin məhz 196 kv.m olmaqla hüquqlarının qeydiyyatına nail olmağa çalışır ki, bu hissədə məhkəmə tələbi əsassız hesab edir. Buna münasibətdə Məhkəmə ilk növbədə ekspert rəyinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında mövcud olan ekspert rəyi hazırkı mübahisə üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyinin tədqiqat hissəsinin məzmunundan göründüyü kimi, ekspert tərəfindən mənzilin ümumi sahəsi həm azalma əmsallarının tətbiqi ilə, həm də azalma əmsallarının tətbiq edilməməsi ilə hesablanmış və hər iki halda mənzilin ümumi sahəsinin 196 kv.m olduğu barədə nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, hesablamaların fərqli metodlarla aparılmasına baxmayaraq eyni nəticənin əldə olunması, eləcə də tətbiq edilmiş metodologiyanın aydın və əsaslandırılmış şəkildə izah edilməməsi ekspert rəyində göstərilən nəticələrin mötəbərliyinə şübhə yaradır. Bu hal, eyni zamanda, ekspert tərəfindən aparılmış hesablamaların metodoloji baxımdan düzgün şəkildə aparılmadığı qənaətinə gəlmək üçün kifayət qədər əsas yaradır. Məhkəmə hesab edir ki, ekspert rəyində istifadə olunmuş hesablamaların məntiqi əsaslandırılması və tətbiq olunmuş ölçmə metodlarının izahı kifayət qədər aydın olmadığından həmin rəyin nəticələri iş üzrə həlledici sübut kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ekspert rəyində dəhlizin faktiki ölçüsünün 39,7 kv.m olduğu göstərilmiş və texniki pasportda bu ölçünün 29,5 kv.m qeyd edildiyi əsas gətirilərək aradakı fərqin 10,2 kv.m təşkil etdiyi barədə nəticə irəli sürülmüşdür. Lakin məhkəmə hesab edir ki, ekspert rəyində aparılmış hesablamaların düzgünlüyü müəyyən olunmadığından həmin fərqin 10,2 kv.m kimi qəbul edilməsi üçün kifayət qədər əsas mövcud deyildir. Bu baxımdan məhkəmə iş materiallarında mövcud olan mütəxəssis rəyində əks etdirilmiş hesablamaları qiymətləndirərək belə qənaətə gəlir ki, mənzilin ümumi sahəsinə daxil edilməli olan fərq ekspert rəyində göstərildiyi kimi 10,2 kv.m deyil, mütəxəssis rəyində göstərilən 9,4 kv.m kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ekspert rəyində aparılmış hesablamalar əsaslandırılmış hesab edilə bilmədiyindən, həmin rəy iş üzrə həlledici sübut kimi qiymətləndirilə bilməz və mənzilin ümumi sahəsinə daxil edilməli fərq 9,4 kv.m kimi müəyyən edilməlidir. Qeyd olunur ki, ekspert rəyi mötəbər hesab edilmədiyindən, aparılmış tətqiqatın xərcinin ödənilməsi məhkəmə hesab edir ki, istisna edilməlidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının iddiası həmin hissədə əsassızdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. ünvan 3 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzilin ümumi sahəsinin 183,1 kv.m olmaqla İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar