Məhkəmə qərarları › İş №2-1(112)-905/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-905/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-905/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə dair vəsatətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxx 1967-ci ildə İranın Salmaz şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı şəhərinə gələrək bir il sonra 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur. 1998-ci ildə Universiteti bitirmiş və biznes fəaliyyəti ilə məşğul olmağa başlamışdır.17 sentyabr 2000-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X3 ilə rəsmi nikahla ailə qurmuşdur. Bu evlilikdən 2008-ci il təvəllüdlü 1 uşağı - X1 anadan olmuşdur. 1991-ci ildən bu vaxtadək Bakı şəhərində daimi olaraq yaşayır. Müstəqil gəlir mənbəyi və mülkiyyətində olan mənzil var. Etnik kökən olaraq azərbaycanlıdır. Azərbaycan dilini tam sərbəst olaraq bilir və bu barədə müvafiq icra hakimiyyəti orqanında imtahan verərək ən yuxarı həddə 36 bal toplamışdır. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməm haqqında sənəd təqdim edən əcnəbi şəxs kimi müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldıraraq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyimi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixli, 08/h- M-95si nömrəli məktubla vəsatətinin heç bir əsas göstərilmədən rədd edilməsi haqqında ona məktub göndərmişdir. Adı çəkilən məktub 19 yanvar 2023-cü ildə poçt vasitəsilə ona çatdırılmışdır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi ilə bağlı vəsatətinin rədd edilməsini əsassız və qanunsuz hesab edir ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar etməmiş, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərməmiş, irqi, dini və milli müstəsnalığı təbliğ etməmiş, habeləı terrorçuluq fəaliyyəti ilə əlaqəsi olmamışdır. Əksinə, Azərbaycan Respublikasının vətəndaşı ilə evlənərək burada yaşamaqda davam etmiş, biznes fəaliyyəti ilə məşğul olaraq onlarla iş yeri yaratmış, gəlirindən Azərbaycan Respublikasının Dövlət büdcəsinə milyonlarla manat vergilər vermişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, onun heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Şəxsin müraciəti üzrə sənədlər baxılması üçün Azərbaycan Respublikası Prezdenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilmişdir. İddiaçı vəsatətinə Komissiyada baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olmadığından təmin edilməmişdir. Qeyd etmək lazımdır ki, şəxsin vəsatəti üzrə Dövlət Miqrasiya Xidməti ancaq "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında” Əsasnamənin 9.18-ci bəndində (Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul etmək; həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək) göstərilən tələb çərçivəsində öz vəzifələrini həyata keçirir. Eyni zamanda, “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İddianın mümkün hesab edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 08/h-M-95si nömrəli iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, Azərbayacan Respublikasının vətəndalığına qəbulla bağlı vəsatətinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Msələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olunmadığından rədd edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixində İddiaçı adına qeydiyyata alınmışdır.

6. İş materiallarına doğum haqqında şəhadətnamənin və nikahın bağlanması haqqında şəhadətnamənin surəti əlavə edilmişdir.

7. "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli 2 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.2014 il tarixdən hal-hazıra kimi "xxxx" MTK-nın Təsisçisi və Direktoru vəzifəsində işləyir. Aylıq əmək haqqı ştat cədvəlinə əsasən 420.00 (dörd yüz iyirmi) manatdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verdi. II. İddianın mümkünlüyü

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

13. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

14. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinn 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan kişi və ya qadın əcnəbi ilə və ya vətəndaşlığı olmayan şəxslə nikah bağlaması və ya nikahı pozması ər və arvadın vətəndaşlığının dəyişməsinə səbəb olmur.

15. Odur ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərin (arvadın) vətəndaşlığına uyğun olaraq vətəndaşlığın müəyyən edilməsinə dair hər hansı norma qanunvericilikdən nəzərdə tutulmamışdır.

16. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq olmaması özündə həm də hər bir hüququn məhkəmə müdafiəsinin mütləq olmamasını ifadə edir.

17. Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti vətəndaşlıq məsələlərini həll edir.

18. Azərbaycan Respublikası Prezident Administrasiyası, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası Prezidentin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə təşkil edilmişdir, məhz elə bu səbəbdən Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifat siyahısı”nda nəzərdə tutulmamışdır.

19. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamədən: 2.Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

3. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir.

4. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir.

20. Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilməsi nəzərdə tutulduğundan qeyd edilən tələbin məhkəmə müdafiəsi hüququ yoxdur.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar