Məhkəmə qərarları › İş №2-1(112)-9070/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9070/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9070/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X2rşı “onlayn media redaksiyasının media reyestrinə daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyası Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 may 2017-ci tarixdə təsis edilib. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan media fəaliyyət növləri ilə məşğul ola bilər. İddiaçı həmçinin İddiaçı onlayn media redaksiyasının təsisçisidir. İddiaçı birinci dəfə 07 fevral 2023-cü il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli Fərmanına əsaslanaraq cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. Cavabdeh 14 fevral 2023-cü il tarixdə iddiaçının müraciəti üzrə qərar qəbul edib, həmin qərarla iddiaçının reyestdə qeydiyyatından imtina olunub. İddiaçı ikinci dəfə 10 mart 2023cü il tarixdə yenidən Media Reyestrində daxil edilməsi üçün cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. İddiaçı ikinci dəfə 10 mart 2023-cü il tarixdə yenidən Media Reyestrində daxil edilməsi üçün cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. İddiaçi hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin qərar əsassızdır. iddiaçı bütün əvvəlki illərdə olduğu kimi 2022-ci ildə, eləcə də 2023-cü ilin indiyə qədərki dövründə onlayn media resursuna sayca “Media haqqında” qanunda nəzərdə tutulduğundan dəfələrlə çox kütləvi informasiya daxil edib, iddiaçının 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, eləcə də 2023-cü ilin yanvar-fevral aylarında sahibi olduğu onlayn media resursuna daxil etdiyi kütləvi informasiyaların say göstəricisi qanunun tələblərindəkindən çox olub. Hər ay internet resursuna azı 500 xəbər, məqalə, yerləşdirilib. İddiaçının sahibi olduğu “dogruxeber.az" onlayn media resursu öz materiallarını iki dildə - Azərbaycan və rus dillərində yayır. Azərbaycan və rus dillərində yayılan xəbərlkərin birbirinin sadəcə, tərcüməsi deyil. Elə rusca xəbərlər var ki, onlar Azərbaycan dilində yayılmır. Eyni zamanda elə Azərbaycanca xəbərlər var ki, onlar rus dilində yayılmır. Bu baxımdan bəzi aylarda media resursuna daxil edilən materialların ümumi sayı hətta 1000dən artıq olub. Digər tərəfdən, İddiaçı onlayn media resursu gündəlik təxminən 2 saat davam edən video proqram yayımlayır. Həmin proqramlarda ən azı 20 mövzuya toxunulur, həmin məsələlər maraqlı tərəflərin iştirakı ilə şərh edilir. Göründüyü kimi, iddiaçı sahibi olduğu onlayn media resursuna qanunun tələblərinə uyğun sayda kütləvi informasiya daxil edib. Həmin kütləvi informasiyalar redaksiyanın özünün yaratdığı kütləvi informasiyalar olub. Bu baxımdan, kütləvi informasiyalar redaksiyanın özü tərəfindən yaradıldığından cavabdehin imtina qərarındakı əsaslandırmalar ümumiyyətlə aktuallığını itirmiş olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ilk olaraq xx.xx.2023-cü il tarixdə Media Reyestrinə daxil edilməsi üçün müraciət etmişdir. İddiaçının həmin müraciətinə xx.xx.2023-cü il tarixli R/39 nömrəli Qərarla imtina edilmişdir. Qeyd edilən qərarda aşkar olaraq iddiaçının Media Reyestrinə daxil edilməsindən imtinanın səbəbi əsaslandırılmışdır. Həmin qərar iddiaçıya təqdim edildikdən sonra iddiaçı həmin qərarı mübahisələndirməmiş və faktiki olaraq qərarın məzmunu - imtinanın əsasları ilə razılaşmışdır. Həmin qərar qəbul edildikdən təxminən 20 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı Media Reyestrinə daxil edilməsi üçün yenidən cavabdehə müraciət etmişdir. İddiaçının həmin müraciətinə xx.xx.2023-cü il tarixli R/55 nömrəli Qərarla imtina cavabı verilmişdir. Belə ki, iddiaçı yenidən müraciət edərkən ilk müraciətindən sonrakı müddət ərzində davamlılığın bərpa edilməsini və fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasmı təmin etməmişdir. İddiaçı MMC media subyekti və İddiaçı onlayn media redaksiyası qanunvericiliyin tələblərinə cavab vermədiyindən imtina haqqında qərar (xx.xx.2023-cü il tarixli R/55 nömrəli) qəbul edilmişdir. Həmin qərarda “Media Reyestrinin aparılması Qaydaları”nm 6.7-ci bəndinə istinad edilməklə qeyd olunmuşdur ki, Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Agentliyin yuxarıda adı çəkilən xx.xx.2023-cü il tarixli İmtina Qərarından sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən Reyestrə daxil edilmək üçün Agentliyə müraciət etmişdir. Buradan isə açıq-aşkar avdın olur ki, iddiaçı Agentliyin xx.xx.2023-cü il tarixli Qərarını əsaslı hesab etmiş, nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət fəaliyyət göstərmiş və Reyestrə daxil edilmək üçün yenidən Agentliyə müraciət etmişdir. Lakin, iddiaçının fəaliyyəti “Media haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən 60.5-ci və 74.1.2-ci maddələrinin tələblərinə uyğun olmadığından xx.xx.2023-cü il tarixdə onun və sahibi olduğu redaksiyanın Reyestrə daxil edilməsindən imtina barədə növbəti Qərar qəbul olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı onlayn media redaksiyasının fəaliyyətinin davamlılığı yoxlanarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun 60.5-ci və 60.4-cü maddələri əsas götürülmüşdür. Belə ki, fəaliyyətin hansı hallarda davamlı olduğunu təsbit edən 60.5ci maddə üzrə hesablamanın aparılması zamanı materialın yayımlanma tarixi xüsusi əhəmiyyət kəsb etdiyindən Qanunun 60.4-cü maddəsinə əsasən onlayn mediada materialın ilk dəfə yayımlandığı tarix qeyd olunmalı və həmin tarixə dəyişiklik edilməməlidir. Buna baxmayaraq, İddiaçı onlayn media redaksiyası bir çox, xüsusən də rus dilində dərc edilən materiallarında onların yayımlanma tarixini qeyd etmədiyindən həmin materiallar Qanunun 60.5-ci maddəsi üzrə dəyərləndirmə predmeti deyildir. İddiaçı hər iki müraciət tarixindən əvvəlki bir ayın 15 günü Qanunun 13.1- ci və 13.2-ci maddələrinə əməl etməklə 20 kütləvi informasiya dərc etməmişdir. Bu isə o deməkdir ki, hər iki müraciət dövründə həmin resursun fəaliyyəti Qanunun 60.5-ci maddəsinin tələblərinə uyğun, yəni davamı olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixdə ********** VÖEN dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 14 fevral 2023-cü il tarixli, R/39 nömrəli qərarı ilə xx.xx.2023-cü il tarixli 00000931 nömrəli müraciət üzrə İddiaçı MMC-nin media subyektinin və İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 17 mart 2023-cü il tarixli, R/55 nömrəli qərarı ilə xx.xx.2023-cü il tarixli 00001008 nömrəli müraciət üzrə İddiaçı MMC-nin media subyektinin və İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 3.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. 13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. 13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir. 25.1.3. onlayn media subyektləri – media subyektlərinə aiddir. 60.5. Onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. 73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. 73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. 74.1. Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir: 74.1.1. bu Qanunun 26.1–26.5-ci, 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmalıdır; 74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır; 74.1.4. hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır; 74.1.5. fiziki şəxs olduqda, fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır; 74.1.6. Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır. 74.3. Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrlərinin aparılması” Qaydası: 2.1.1. reyestr – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı; 6.1. Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir. 6.5. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur: 6.5.1. Qanunun 26.1 – 26.5-ci və 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmadıqda; 6.5.2. fəaliyyəti davamlı olmadıqda (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 6.5.3. fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; 6.5.4. hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmadıqda; 6.5.5. fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda; 6.5.6. loqotipi (emblemi) Reyestrdə olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olduqda. 6.7. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Medianın X1: 3.1.22-1- 3.1.22-3. Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək; Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq vermək; Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək Agentliyinin vəzifələrinə aiddir. Bəhs edilən qanunvericiliyin müddəalarının şərhinə keçməzdən əvvəl Məhkəmə bildirir ki, indiki vaxtda media anlayışı təsvir etdiyi çoxlu sayda proses və hadisələrə görə geniş məna kəsb edir. Müxtəlif sahələr termini anlamağa kömək edir, məsələn, medianın kommunikasiya nəzəriyyəsinin bir hissəsinə çevrildiyi jurnalistika, marketinq, sosiologiya kimi sahələr. Media dedikdə kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti başa düşülür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə dörd növ media subyekti müəyyən edilmişdir ki, bunlardan biri də onlayn media subyektidir. Məlum olduğu kimi onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media növüdür. İstər onlayn media, istərsə də digər media subyektlərin, o cümlədən onların redaksiyalarının, habelə jurnalistlərə dair məlumatların Media Reyestrinə daxil edilməsi üçün müvafiq tələblər mövcuddur. Media fəaliyyətini tənzimləyən qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə nəzər yetirdikdə görünür ki, onlayn media subyektləri Media Reyestrinə daxil edilməsi üçün ilkin olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, yəni Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə müraciət etməlidir. Nəzərə alınmalıdır ki, müraciət edən şəxsin Media Reyestrinə daxil edilməsi üçün, o, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab verməlidir ki, bu tələblərdən biri də subyektin media fəaliyyətin davamlı olmasıdır. Əks təqdirdə, yəni subyektin media fəaliyyəti davamlı olmadığı halda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxsin müraciətin təmin olunmasından imtina olunur. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericiliklə “davamlılıq” ifadəsini ətraflı şəkildə təsvir etmiş və onlayn media subyektinin fəaliyyətinin davamlı olmasını onun tərəfindən gündəlik kütləvi şəkildə dərc olunan məlumatların sayından asılı etmişdir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarından çıxış etdikdə məlum olur ki, onlayn media subyekti hər ay 20 gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Xüsusi ilə qeyd olunmalıdır ki, onlayn media subyektinin dərc etdiyi həmin 20 informasiya məhz qanunvericiliyin tələblərinə uyğun istifadə olunduğu halda media subyektinin fəaliyyətini davamlı hesab olunmasına əsas verir. Beləliklə, onlayn media subyektinin fəaliyyətinin davamlı hesab olunması üçün həmin subyekt aşağıdaki tələblərə cavab verməlidir: - Hər ay 20 gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etməli; - Dərc olunan informasiyalar digər media subyektinin informasiyasından və proqramlarından yalnız abunəlik və ya müqavilə olduğu halda istifadə olunmalı; - Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə etməli; Göründüyü kimi qüvvədə olan qanunvericilik onlayn media subyektinin fəaliyyətinin davamlı olmasını subyekt tərəfindən dərc olunmuş informasiyanın sayından asılı etmişdir ki, bu zaman istifadə olunan həmin informasiyaların hansı istinadlara dayandığı da mühüm rol oynayır. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilik onlayn media subyektinin hər gün ən azı 20 informasiya dərc etməsini nəzərdə tutuqda həmin informmasiyalara dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə olunan məlumatları aid etmir. Hazırki mübahisədən göründüyü kimi iddiaçı onlayn media subyekti olsa da, onun fəaliyyəti qanunvericilikdə nəzərdə tutulmuş “fəaliyyətin davamlı olması” anlayışını ehtiva etmir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş video materiala (flaş kart) baxış keçirildiyi zaman məlum olmuşdur ki, iddiaçı 10 fevral 2023-cü il tarixdə 16, 11 fevral 2023cü il tarixdə 18, 15 fevral 2023-cü il tarixdə 8, 21 fevral 2023-cü il tarixdə 17, 22 fevral 2023-cü il tarixdə 17, xx.xx.2023-cü il tarixdə 15, 02 mart 2023-cü il tarixdə 14, 04 mart 2023-cü il tarixdə ümumi 8, 06 mart 2023-cü il tarixdə 15, 07 mart 2023-cü il tarixdə 16, 08 mart 2023-cü il tarixdə 16 özünəməxsus informasiyalar dərc etmiş, fevral ayının 12, 19, 26 və mart ayının 5 –də ümumiyyətlə informasiya dərc etməmişdir. Nəzərə alınmalıdır ki, bu informasiyalar, yəni sadalanan günlərdə yerləşdirilmiş informasiyaların sayı və iddiaçıya məxsus olması cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı onlayn media subyekti kimi fəaliyyətinin davamlı hesab olunması üçün hər gün 20 özünəməxsus, başqa sözlə unikal xarakterli informasiyadan az informasiya dərc etmişdir. Doğrudur ki, yuxarıda qeyd olunan tarixlər üzrə iddiaçı tərəfindən dərc olunan ümumi informasiya sayı hər gün (xx.xx.2023-cü il tarix və digər xəbər yerləşdirilməyən günlər istisna olmaqla) üçün 20 – dən çox təşkil edir. Lakin dərc olunan həmin informasiyaların hamsının iddiaçıya məxsus olduğu müəyyən olunmur. Məhkəmə xx.xx.2023-cü il tarixdə dərc olunmuş informasiyaları nümunə olaraq gətirir. Belə ki, həmin tarixdə iddiaçı tərəfindən ümumilikdə 32 informasiya dərc olunmuşdur ki, bunlardan yalnız 14 informasiya iddiaçının özünə məxsusdur (tərəflər arasında bu hal mübahisələndirilmir). Digər 18 informasiyanın isə dərc olunduğu tarixdən və saatdan daha əvvəlki saatlarda digər media subyektləri (Unikal.az, Apa.az, Yenicağ.az və s.) tərəfindən dərc edildiyi müəyyən olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı həmin informasiyaları digər media subyektlərinin informasiyalarına istinad etməklə istifadə etsə də, onun həmin media subyektləri ilə arasında abunə və ya müqavilənin bağlandığı müəyyən olunmur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki iddiaçının yuxarıda adıçəkilən media subyektləri ilə arasında abunə və ya müqavilə bağlanmasa belə onun tərəfindən istifadə olunan informasiyalar digər media subyektlərinin dərc etdiyi informasiyaların üçdən birindən çox təşkil edir ki, bu hal “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 13.2-ci maddəsinin tələblərinə riayət olunmadığını göstərir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının təsisçisi təsisçi olduğu digər onlayn media subyekti hesab olunan “Kanal14.az” –də dərc olunan informasiyalardan istifadə etdiyini bildirmiş və həmin media subyektin direktoru olduğuna əsaslanaraq abunə və ya müqavilənin bağlanmasının mümkün olmadığını vurğulamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçının digər onlayn media subyekti olan “Kanal14.az” direktoru olması onun abunə və ya müqavilə olmadan həmin subyektə məxsus olan informasiyaların tam həcmdə istifadə etməsinə əsas vermir. Məhkəmə bildirir ki, iddiaçı yalnız o halda “Kanal14.az” media subyektinə aid olan informasiyaları istifadə edə bilərdi ki, əgər iddiaçı ilə “Kanal14.az” arasında abunə və ya müqavilə mövcud olsun. İddiaçının direktorunun eyni zamanda “Kanal14.Az” direktoru olması müqavilə bağlanılmasını istisna etmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə media subyektləri tərəfindən dərc olunan məlumatların media subyektlərinə məxsus olması, başqa sözlə desək “unikal” olmasının müəyyən edilməsi aidiyyəti Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin mövcud informasiya sistemində olan məlumatlara münasibətdə müstəsna çıxışı və həmin halı qiymətləndirmədə müvafiq mütəxəssislərə malik olma halı nəzərə alınmaqla diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o,elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Məhkəmə hesab edir ki, cavabdeh diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıdığından və onun bu səlahiyyətlərinin düzgün icra etməməsi sübuta yetirilmədiyindən, mübahisələndirilən inzibati aktların əsasında duran həmin hal əsaslı hesab olunur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar (media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina edilməsi barədə) əsaslı olduğundan, iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi mümkün deyil. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, həmin tələb əlavə tələb olmaqla əsas tələbdən aslıdır. Məhkəmə hesab edir ki, əsas tələb üzrə iddianın qanunsuz və əsassızlığı, asılı tələbindən də təmin edilməsini istisna edir. Beləliklə, hazırkı iş üzrə iddiaçının müraciətlərinin təmin olunması üçün əsas olmadığından, onun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyası Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınmasından söhbət gedə bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar