Məhkəmə qərarları › İş №2-1(112)-9267/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9267/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9267/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “dövlət reyestrində müvafiq dəyişikliklərin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə "xxxx" MMC-də müddəti qanuni təmsilçiliyinin/baş direktor səlahiyyətlərinin icra müddətinin başa çatması ilə əlaqədar dövlət reyestrində müvafiq qeyd/dəyişiklik etmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki,İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi kimi dövlət reyestrində qeydə alınmışvə həmin tarixdən baş direktor vəzifəsini icra etmişdir. Müəssisənin müddətli qanuni təmsilçiliyinə və baş direktor səlahiyyətlərinin icrasına əsas olmuş etibarnamə öz qüvvəsini/əhəmiyyətini itirdiyindən, o cavabdehə müraciət edərək, dövlətr reyestrində ona aid qeydin ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Çünki, iddiaçıya verilmiş səlahiyyət müəssisənin baş direktoru Adeola Aqbabiaka tərəfindən uzadılmayıb. Həmin şəxs ilə əlaqə yaratmaq mümkün olmamışdır. Etibarnamə üzəri qoyulmuş –Cəmiyyətin adından qanuni təmsilçilik və Baş direktor vəzifələrini icra etmək müddəti bitdiyindən və bu barədə müflis olmuş təsisçinin səlahiyyətli nümayəndəsi və eyni zaman MMC-nin Baş direktoru olmuş Adeola Agbabiakının hazırda ona aid yeni Qərarı, Etibarnaməsi yoxdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, iddia əsaslıdır. Cavabdeh iddiaya münasibətdə bildirir ki, Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının 27.07.2017-ci il tarixli qərarı ilə Cəmiyyətin rəhbəri İddiaçı təyin edilmişdir. Həmin qərar hüquqi şəxslərin dövlət reyestrini aparan quruma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonraki dəyişikliyin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Cəmiyyətin Nizamnaməsinin 5-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətində cari rəhbərlik cəmiyyətin icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Baş direktor tərəfindən həyata keçirilir. Nizamnamənin 4.3-ci bəndinin 6-cı yarimbəndinə əsasən cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanın üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Əlavə olaraq bildirilməsi zəruri hesab edirik ki, iddiaçının iddia ərizəsindən əsaslandığı etibarnamə, rəhbər təyinatı barədə məlumat hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qanunvericilikdə tələb edilən zəruri sənədər sırasına aid edilmir. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi, rəhbər dəyişkliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni Baş direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: -9.1.Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. -9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. -9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. -9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. - 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır İlk növbədə qeyd olunmalıdır ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi “Baş direktorun və qanuni təmsilçinin dəyişdirilməsi barədə "xxxx" MMC-nin təsisçisi – "xxxx" Şirkətinin 14.07.2017-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik Adeola Agbabiakanın üzərinə qoyulmuş, hazırki qərardan irəli gələn vəzifələrin həlli, o cümlədən Cəmiyyətin təsis sənədlərində müvafiq dəyişkliklərin edilməsi üçün sənədlərin tərtibi/imzası, vergi və digər dövlət qurumlarına təqdim edilməsi, hazır sənədlərin alınması və bununla bağlı bütün hərəkətlərin edilməsi etibarnamə əsasında bu Cəmiyyətin icraçı direktoru İddiaçı və yaxud onun təyin etdiyi səlahiyyətli nümayəndənin üzərinə qoyulması qərara alınmışdır. Sonradan qəbul olunmuş“Baş direktorun və qanuni təmsilçinin dəyişdirilməsi barədə "xxxx" MMC-nin təsisçisi – "xxxx" Şirkətinin 27.07.2017-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik Cəmiyyətin icraçı direktoru İddiaçı üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, ilkin olaraq "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ Adeola Agbabiakan tərəfindən, sonradan isə qəbul olunmuş qərar əsasında baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ Cəmiyyətin icraçı direktoru İddiaçı tərəfindən həyatı keçirilməsi qərara alınmışdır. İddiaçı bəyan edir ki, onun baş direktor vəzifələrinin icrası və qanuni təmsilçilik hüququ məhz "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilirdi ki, həmin etibarnamənin müddəti 3 il olduğundan, həmin müddət 14 iyun 2020-ci il tarixində tamamlanmışdır. İddiaçı hesab edir ki, hazırda onun tərəfindən etibarnamənin ləğv edilməsi və uzadılması ilə əlaqədar hər hansı hərəkətin görülməsi mümkün olmadığından, dövlət reyestrində müvafiq qeyd/dəyişikliyin edilməsi zəruridir. Təkzib olunmaz haldır ki, "xxxx" MMC tərəfindən verilmiş etibarnamənin müddəti 14 iyun 2020-ci il tarixində bitmişdir. Lakin nəzərə alınmalıdır ki, hər nə qədər də etibarnamə üzrə İddiaçı səlahiyyətlərinin icra müddəti bitsə də, bu hal hazırki iddia tələbinin təmin edilməsinə imkan vermir. Çünki, İddiaçı baş direktor olması etibarnamə əsasında deyil, məhz "xxxx" MMC tərəfindən qəbul edilmiş 27.07.2017-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, hər nə qədər həmin qərar ləğv olunmamış və qüvvədədir, İddiaçı "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrasını və qanuni təmsilçilik hüququna malik olan şəxs hesab olunur. Məhkəmə bir daha vurğulayır ki, İddiaçı adına verilmiş etibarnamənin müddətinin bitməsi cavabdeh barəsində hər hansı bir öhdəlik müəyyən etmir. Əks yanaşma cavabdehin müəssisənin biznes fəaliyyətinə müdaxiləsi deməkdir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə iddiaçının müəssisənin qanuni təmsilçisi/baş direktoru olması müddəti müvafiq olaraq təsis sənədində (Nizamnaməsində) də göstərilməmişdir. Məhkəmə hesab edir ki, hər nə qədər faktiki direktor və onun direktorluğu ilə bağlı müəssisə arasında mülki mübahisə (qərarın ləğvi) həll edilmədən inzibati orqanın hər hansı bir öhdəliyi müəyyən olunmur. Digər tərəfdən məhkəmə bildirir ki, müəssisənin yaradılması, təsisçinin məsuliyyəti, nizamnaməsi, dövlət qeydiyyatı və müəssisənin fəaliyyəti ilə əlaqədar digər məsələlərin həlli müvafiq olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıdaki müddəalarına nəzər yetirdikdə məlum olur ki, -49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. -49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir. -91.1.Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. -91-1.2. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. -91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. -91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: -cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; (91.3.2) -cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; (91.3.5) "xxxx" MMC-nin Nizamnaməsinin 5-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Baş direktor tərəfindən həyata keçirilir. Nizamnamənin 4.3-cü bəndinin 6-cı yarımbəndinə əsasən cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanın üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin hüquqi vəziyyəti, quruluşu, fəaliyyəti, hüquq və vəzifələri, idarə olunması, ləğvi, əmlakı, habelə qanunvericiliklə və hüquqi şəxsin səlahiyyətli orqanı tərəfindən müəyyən edilmiş digər məsələlərlə bağlı qayda və müddəaları özündə cəmləmiş, qanunla müəyyən olunmuş qaydada qeydə alınmış təsis sənədidir. Hazırki mübahisəli məsələ üzrə qeyd olunmalıdır ki, qanunvericilikdə və hüquqi şəxsin fəaliyyətini tənzimləyən təsis sənədinə əsasən dövlət reyestrində dəyişikliyin qeydə alınması üçün müəssisənin baş direktorunun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməlidir. Buna baxmayaraq, "xxxx" MMC-nin yeni qanuni təmçilinin təyinatını təsdiq edən ümumi yığıncağının qərarı, həmçinin şəxsin şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmamışdır. Göstərilən bu hal, bir daha ona dəlalət edir ki, hazırki mərhələdə iddiaçının tələbi üzrə qanuni təmsilçiliyinin/baş direktor səlahiyyətlərinin icra müddətinin başa çatması ilə əlaqədar dövlət reyestrində müvafiq qeyd/dəyişiklik etmək vəzifəsinin cavabdehə həvalə edilməsi mümkün deyildir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar