Məhkəmə qərarları › İş №2-1(112)-9278/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9278/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9278/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə Siyavuş qızının iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 25 gün (xx.xx.1986xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda, "xxxx" ASC-nin sizə dair xx.xx.2024-cü il tarixli 102 nömrəli arayışında onun xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında texnoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tütünü çəkib bükənlər vəzifəsinə uyğun deyil. Qeyd olunanlara əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Tərəflər izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Diplomun surətindən görünür ki, iddiaçı 1979-cu ildən 21 iyun 1984-cü il tarixədək təhsil almışdır. Əmək kitabçasından görünür ki, iddiaçı Qırmızı Oktyabr adına Bakı Tülün kombinatında xx.xx.1984-cü il tarixində 3 nömrəli siqaret sexinə texnoloq vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixində 4 nömrəli siqaret sexinə texnoloq vezifəsinə keçirilmiş, xx.xx.1986-ci il tarixində 5 nömrəli siqaret sexinə usta vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.1995-ci il tarixində Bakı bitkiçilik idarəsi tütünçülük idarəsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmiş və xx.xx.1998-ci il tarixdə öz xahişi ilə azad edilmiş, xx.xx.1998-ci il tarixdə Dövlət Əmlak Komitəsinə mütəxəssis vəzifəsinə qəbul edilmiş və xx.xx.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək mütəxəssis vəzifəsində işləmiş, xx.xx.2000-ci il tarixində 3 aylıq sınaq müddəti ilə siqaret sexinə texnoloq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə ) işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdə Naxçıvan Neft və X1 İdarəsinə qəbul edilmişdir. “Europian Tobacco-Baku" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, iddiaçı Qırmızı Oktyabr adına Bakı Tülün kombinatında xx.xx.1984-cü il tarixində 3 nömrəli siqaret sexinə texnoloq vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixində 4 nömrəli siqaret sexinə texnoloq vezifəsinə keçirilmiş, xx.xx.1986-ci il tarixində 5 nömrəli siqaret sexinə usta vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.2000-ci il tarixində 3 aylıq sınaq müddəti ilə siqaret sexinə texnoloq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə ) işdən azad edilmişdir. İddiaçı işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. İddiaçı xx.xx.1984-xx.xx.1985 (9 ay 15 gün), xx.xx.1986-xx.xx.1995 ( 8 il 11 ay 26 gün), xx.xx.2000 - xx.xx.2009 ( 9 il 3 ay 17 gün) olmaqla ümumilikdə 19 il 9 ay 17 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı ‘‘Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütiün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) və b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 bölməsinin Tütiin istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 -ci bölməsinin a) yarım bölməsi.üzrə texnoloq vəzifəsinə: tütünü çəkib bükənlər aiddir. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 -ci bölməsinin b) yarını bölməsi üzrə usta vəzifəsinə: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. 01 noyabr 1996-cı il tarixində “RJ.Reynolds Tobacco-Baku Qapılı" Tipli Səhmdar Cəmiyyəti yaranmışdır. 15 iyul 1999-cu ildə isə “CR.J.Reynolds Tobacco-Baku" ləğv edilib Bakı Tütün kombinatının bazasında “Bakı-Tütün" X3 Cəmiyyəti yaradılıb. 16 fevral 2000- ci il tarixindən “Bakı-Tütün" ATSC “European Tobacco-Baku" ATSC adlandırılıb. xx.xx.2022-ci il tarixindən etibarən isə “European Tobacco-Baku" ATSC “European Tobacco-Baku" ASC adlandırılmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 25 gün (xx.xx.1986xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda, "xxxx" ASC-nin sizə dair xx.xx.2024-cü il tarixli 102 nömrəli arayışında onun xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında texnoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tütünü çəkib bükənlər vəzifəsinə uyğun deyil. Qeyd olunanlara əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. X2 tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2009-cu il tarixdə İddiaçı əmək müqaviləsinə öz xahişi əsasında xitam verilmişdir. İddiaçı Siqaret sexindəki texnoloq kimi əmək funksiyaları: - Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır; - Əmək və nizam-intizam qaydalarına riayət etməlidir; - Tütün sexinə istehsal üçün qəbul olunan yarpaq tütün və sous-aromatına nəzarət edir; - Yarpaq tütünlərin botaniki növlərini tanımaq; - İstehsal zamanı texnoloji proseslərə riayət olunmasına, tütünün nəmliyinə, temperaturuna, doğranarkən saçağına,sous-aromatm düzgün sərf olunmasına, keyfiyyətli tütünün doğranmasına və itkiyə nəzarət etmək; - Şöbənin fəaliyyətinə aid digər məsələləri həll etmək; - Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir; - KNŞ laboratoriyası tərəfindən yarpaq və doğranmış tütünlərin nəmliyinə və sif analizinə (saçaq,meloç,toz) nəzarət etmək; - Ekspert Blender tərəfindən verilən resept əsasında xammalın istehsalda işlənməsinə nəzarət edir. Azərbaycan Respublikasının Qanunlarına əsasən müvafiq sürətdə zərərli sahə ilə bağlı tələb olunan hər bir mənbə tərəfimizdən yerinə yetirilmişdir. İddiaçı texnoloq kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə (fəhlələr) aiddir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: - Güzəştli iş stajının az olmasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin güzəştli iş stajının az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Tərəflər arasında mübahisə açan məsələ məhz iddiaçının güzəştli iş stajının az olması ilə bağlıdır Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun siqaret sexində işlədiyi texnoloq vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın 27.5.1 tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) və b) yarım bölməsinə (mütəxəssislər) uyğun olmamasını əsas gətirmişdir. Doğrudur ki, həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda Yeyinti sənayesi bölməsinin Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində tütün istehsalı yarımbəndində nəzərdə tutulmuş fəhlələr peşəsi əmək funksiyası baxımından bir neçə növə ayrılmışdır: -tütün üzrə kupajçılar -pnevmatik qurğu maşinistləri -papiros — siqaret mexanikləşdirilmiş axın xəttinin və maşınların maşinistləri -tənzimləşdirici maşinistlər -tütün kəsən maşın maşinistləri -tütün keşinin presləyicilər -tütün yumşaldanlar -tütün yarpaqlarını düzənlər -tütünü çəkib bükənlər -tütün çeşidləyiciləri -tütün quruducular -istehsalat binalarının yığışdırıcıları -avadanlığın təmizləyiciləri Məhkəmə diqqətə çatdırmaq istəyir ki, cavabdehin də iddia etdiyi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə aid olan tütün istehsalında işləyən fəhlələr əmək funksiyasının icrası baxımından ayrı-ayrı növlərə ayrılmışdır. Buna baxmayaraq nəzərə alınmalıdır ki, bu növ peşələr üzrə icra olunan əmək funksiyalarının hər biri şəxsin sağlamlığına təhlükə yaratmaq ehtimalını istisna etmir. Belə ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə edir. Bundan başqa, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.6-cı maddəsində belə tütün məmulatının ticarəti yerlərində tütün çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazıların olmalı olduğu nəzərdə tutulmuşdur. Ümumməlum olan arqumentdir ki, təkcə tütün məmulatların istifadəsi deyil, həmçinin tütün məmulatların istehsalı belə şəxsin sağlamlığına zərər vurur. İddiaçinin işlədiyi peşənin Siyahı əsasında güzəştli hesab olunub-olunmaması məqsədi ilə məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının əmək kitabçasında qeyd olunan texnoloq və tütünü çəkib bükənlər peşəsinin Siyahıda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləməsi barədə məlumatı təqdim edilməsi məqsədi ilə "xxxx" ASC-yə sorğu verilmişdir. Aparılmış araşdırma zamanı təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, İddiaçı siqaret sexindəki texnoloq kimi əmək funksiyaları məhz şirkətin məqsəd və hədəfləri istiqamətində çalışması, əmək və nizam-intizam qaydalarına riayət edilməsi, tütün sexinə istehsal üçün qəbul olunan yarpaq tütün və sous-aromatına nəzarət edilməsi, yarpaq tütünlərin botaniki növlərinin tanıması, istehsal zamanı texnoloji proseslərə riayət olunmasına, tütünün nəmliyinə, temperaturuna, doğranarkən saçağına, sous-aromatm düzgün sərf olunmasına, keyfiyyətli tütünün doğranmasına və itkiyə nəzarət etməsi, şöbənin fəaliyyətinə aid digər məsələləri həll edlməsi, vəzifələrin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməsi, KNŞ laboratoriyası tərəfindən yarpaq və doğranmış tütünlərin nəmliyinə və sif analizinə (saçaq,meloç,toz) nəzarət edilməsi, Eksper Blender tərəfindən verilən resept əsasında xammalın istehsalda işlənməsinə nəzarət edilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi müəssisə tərəfindən iddiaçının tütün sexində texnoloq peşəsində işlədiyi müddət ərzində icra etdiyi əmək funksiyalarının məhz Siyahıda nəzərdə tutulan tütün çəkib bükənlər peşəsinə aid olan əmək funksiyalar ilə eynilik təşkil etməsi müəssisə tərəfindən verilmiş məktub ilə təsdiq olunmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə cavabdeh iddiaçının xx.xx.1986xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində siqaret sexində işlədiyi texnoloq peşəsini güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olduğunu əsas götürərək onun güzəştli iş stajının 8 il 11 ay 25 gün olduğu qənaətinə gəlsə də, hansı əsaslara görə iddiaçının xx.xx.2000-ci il tarixdən sonraki dövrdə eyni əmək funksiyaları icra etdiyi texnoloq peşəsinin nəzərə alınmamasını obyektiv arqumentlər ilə əsaslandıra bilməmişdir. Beləliklə, qanunvericilikdə tələb olunan ümumi və güzəştli iş stajı ilə bağlı şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 09 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz pensiya hüququ yarandığı xx.xx.2022-ci tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar