Məhkəmə qərarları › İş №2-1(112)-9307/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9307/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9307/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı məhkəməyə müraciət edərək, gömrük ödənişi üçün ödədiyi 480.35 (dörd yüz səksən manat otuz beş qəpik) manat məbləğin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Dubai-Bakı reysi ilə ölkəyə gəldikdə şəxsi istifadəsi üçün 1 ədəd kia sorento markalı avtomobil üçün axra stop qiyməti 250 ABŞ dolları, 2 ədəd tv-box e tv stick 4k qiyməti 150 ABŞ dolları, 1 ədəd fujıfı 1m instax wide qiyməti 120 ABŞ dolları, 2 ədəd tablet qiyməti 50 ABŞ dolları, 1 ədəd apple pencil qiyməti 80 ABŞ dolları əşyalar gətirmişdir. Gömrük sərhədini keçərkən gömrük əməkdaşları malları yoxladıqdan sonra gətirdiyi mallar üçün 480.35 manat məbləğində gömrük ödənişləri etməyisini bildirildi. Adıçəkilən malların o öz şəxsi istifadəsi üçün gətirmişdir. Nazirlər Kabinetinin Qərarına əsasən fiziki şəxs olaraq özünə və ailə üzvlərinə şəxsi istifadəsi üçün 2 ədəd eyni və (və ya) eynicinsli malı Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının məbləğindən artıq olmayan mallar gətirmək hüququnun olduğunu, gətirdiyi malların ümumi qiyməti isə 650 ABŞ dolları məbləğində olduğunu bildirsə də təəssüflər olsun ki, heç bir əhəmiyyət qoyulmamışdır. Bunda sonra xx.xx.2024-cü il tarixdə AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə rəmsi müraciət edərək, ümumi gömrük dəyəri 800 ABŞ dolları məbləğində mallar gətirmək hüququnun olduğu halda gömrük dəyəri 650 ABŞ dolları məbləğində gətirdiyi mallara görə əsassız olaraq ondan alınan 480.35 manat məbləğində gömrük ödənişini ona qaytarılmasını xahiş etsə də cavab (imtina) olaraq bildirilmişdir ki, ölkə ərazisinə gətirilmiş mallara gömrük əməkdaşı tərəfindən baxış keçirilmiş və sözügedən malların xassələri, miqdarı, həmçinin onun eyni ölkəyə sərhədkeçmə mütamadiliyi, həmçinin tərəfindən əvvəllər gətirdiyi malların xassələri nəzərə alınmaqla həmin malların fiziki şəxsin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirilmədiyi gömrük əməkdaşları tərəfindən müəyyənlədirilərək malların müvafiq qaydada gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi təmin edilmişdir. Hesab edir ki, verilmiş cavab (imtina) tamamilə əsassız və qanunaziddir. Bu səbəbdən də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etdi.

3. Cavabdeh tərəfindən iddia tələbinə olan yazılı etirazında bildirilmişdir ki, iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı gömrük ödənişlərinin geri qaytarılması barədə iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində İddiaçı xx.xx.2024-cü il tarixdə Dubay-Bakı reysi ilə ölkə ərazisinə daxil olduğu zaman müşayiət olunan baqajda özü ilə birgə gətirdiyi mallara gömrük nəzarətinin forması kimi gömrük baxışı keçirildiyi və qeyd olunan malların yazılı bəyan edilməsi zərurəti yarandığı müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********548 nömrəli bəyannamə tərtib edilərək gömrük orqanına bəyan edilmiş “4 ədəd məişət avadanlığı (kiçik məişət texnikası-TV box), 1 ədəd maşın ehtiyat hissəsi (fara), 1 ədəd kamera və hissələri (fotoaparat), 4 ədəd telefon və telefon aksesuarları (2 ədəd tablet və 2 ədəd apple qələm)” adlı malların ümumi invoys dəyəri 690 ABŞ dolları təşkil edir və sözügedən mallar üçün hesablanmış 478.75 manat gömrük ödənişləri ödənilmişdir. İddiaçı iddia ərizəsində adına daxil olmuş 7 ədəd malın (gömrük orqanına bəyan edilən 9 ədəd) gömrük orqanı tərəfindən fiziki şəxsin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirilmədiyi iddia edilməklə əsassız və qanunsuz olaraq gömrük ödənişlərinə cəlb edildiyini qeyd etmişdir. Hesab edirik ki, iddia əsassızdır. Bununla əlaqədar qeyd etmək istərdik ki, gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunan bəyannamədə qeyd olunan məlumatların düzgünlüyü və gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilmədiyi müəyyən edilərək bəyannamə təsdiq edilmişdir. Yuxarıda sadalanan digər iki halın isə ümumiyyətlə mövcud olmadığı nəzərə alınaraq iddiaçının iddia tələbində göstərdiyi sözügedən mallara görə ödənilmiş gömrük ödənişlərinin geri qaytarılmasının qanuni əsası yoxdur.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”nın: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır.

9. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

10. Məhkəmə hesab edir ki, iddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini xahiş edir, hazırki iddia məcburetməyə dair iddiadır. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

11. İddia tələbi gömrük ödənişi üçün ödənilmiş 480.35 manat məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsidir.

12. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. 299.1. Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214-cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər. 299.2. Malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, onların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında müəyyən edilir. 299.3. Fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın: 1.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. 2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər: 2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; 2.1-1. Bu qaydaların 2.1.2-ci və 2.1.10 - 2.1.12-ci yarımbəndlərində nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********548 nömrəli bəyannamə tərtib edilərək gömrük orqanına bəyan edilmiş 4 ədəd məişət avadanlığı (kiçik məişət texnikası-TV box), 1 ədəd maşın ehtiyat hissəsi (fara), 1 ədəd kamera və hissələri (fotoaparat), 4 ədəd telefon və telefon aksesuarları (2 ədəd tablet və 2 ədəd apple qələm)” adlı malların ümumi invoys dəyəri 690 ABŞ dolları təşkil edir və sözügedən mallar üçün hesablanmış 478.75 manat gömrük ödənişləri ödənilmişdir.

15. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarının 2.1.2-ci maddəsinə istinad edərək, gömrük ödənişinin geri qaytarılmasını xahiş etmişdir.

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemində aparılmış müvafiq araşdırma nəticəsinə əsasən İddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2024cü il tarixləri üzrə olan müddət ərzində 21 dəfə müşayiət olunan baqajda gələn mallar üçün bəyannamə tərtib edilməklə gömrük orqanına yazılı bəyan edildiyi və həmin bəyannamələr üzrə bəyan edilən malların, əsasən eyni və ya eynicinsli mallar olduğu müəyyən edilmişdir.

17. Cavabdeh orqan tərəfindən haqlı olaraq araşdırmanın nəticəsinə əsasən malların xassələri, miqdarı və onların sərhəddən keçirilməsinin mütəmadiliyi nəzərə alınaraq iddiaçı tərəfindən gömrük ərazisinə gətirilən malların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirilmədiyi yəqinləşdirilərək müvafiq qaydada gömrük orqanına yazılı qaydada bəyan edilmiş və gömrük ödənişlərinə cəlb edilmişdir.

18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.

19. İş materiallarından göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunan bəyannamədə qeyd olunan məlumatların düzgünlüyü və gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilmişdir.

20. Bu baxımdan da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin hazırkı imtinası (hərəkətləri) qanuna zidd hesab edilə bilməz. İddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

21. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

22. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar