Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9315/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən ona ayrılmış ümumi sahəsi 0,06 ha olan C-2 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən “Gəmitəmirçisi” X5 heyətinin xx.xx.1999-cu il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən və ümumi sahəsi 580 kv. metr olan ona yəni, İddiaçı ayrılmış C-2 saylı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, torpaq sahəsinə dair plan və ölçünün və çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X9 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli 16/358 və 27 oktyabr 1987-ci il 20/396 qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” başçılığın 264 üzvünə torpaq sahəsi ayrılmışdır. 15 may 1999-cu il protokola əsasən bağçılığ sahəsində yerləşən, ümumi sahəsi 0,06 ha olan C-2 saylı baş sahəsi ona verilmişdir. “Gəmi Təmirçisi” Bağçılıq yoldaşlığı İdarə heyətinin 15 may 1999 il tarixli protokolundan görünür ki, X10 bağçılıq yoldaşlıq üzvlüyündən çıxmış və ona C-2 saylı 0,06 ha baş sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün o, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciəti inzibati orqan tərəfindən təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan başqa, torpaq sahəsinin sənəd üzrə sahəsi 600 kv. m göstərilsə də, faktiki 580 kv. m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X1 Reyestrindən Çıxarış”ın surətindən müəyyən olunur ki, “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin fəaliyyət ərazisi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y; fəaliyyət predmeti və məqsədi isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nın ərazisində üzvlərə ayrılan torpaq sahələrində bağçılığın inkişafını təmin etməkdən ibarətdir, əvvəlki qanuni təmsilçi X7, hazırki qanuni təmsilçi X8r. “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin 84-105 №-li xx.xx.2023-ci il tarixli çıxarışla verilmiş “Gəmi Təmirçisi” X5 heyətinin xx.xx.1999-cu il tarixli protokolundan çıxarışından müəyyən olunur ki, Bağçılıq Yoldaşlığının üzvü X2 ölkədən köçməsi ilə əlaqədar bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılması təklif edilmiş və İddiaçı “Gəmitəmirçisi” BY-na üzv qəbul edilməsi məsələsinə baxılaraq aşağıdakılar qərara alınmışdır; - X4 Bağçılıq Yoldaşlığı üzvlüyündən çıxarılsın və bağ sahəsinin üzərində olan bütün hüquqları etibarsız hesab edilsin. - Cumayev X13 Yoldaşlığına üzv qəbul edilsin və istifadəsinə C-2 (0.06ha) saylı bağ sahəsi ayrilsın. “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş “Bağçının üzvlük kitabçası”nın surətindən müəyyən olunur ki, Cumayev X13-yoldaşlıq Cəmiyyətinə üzv qəbul olmuş və ona Hövsan qəsəbəsində sahəsi 0,06 ha olan C-2 saylı bağ torpaq sahəsi ayrılmışdır. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının sağ tərəf bağ sahələrinin situasiya planının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti sahəsində yerlşən C-2 saylı bağ sahəsinin istifadəçisidir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********86 saylı cavab məktubunda göstərilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Bundan başqa, torpaq sahəsinin sənəd üzrə sahəsi 600 kv.metr göstərilsə də, faktiki 580 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********63 saylı cavab məktubu ilə məhkəməyə təqdim edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən bağ torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 600 kv.metr və faktiki olaraq 580.0 kv.metr təşkil edir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə tikili yoxdur. Göstərilən sahənin koordinatları əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş anoloji iş üzrə (iş № 2-1(112)-10763/2021) DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda mövcud olan siyahının təsdiq edilmiş surətindən müəyyən olunur ki, siyahıda X2 adı 123-cü sırada qeyd olunmuşdur Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”. 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə. 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı.1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı ona ayrılmış bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin həm imtina cavabının, həm də etirazının dəlillərindən göründüyü kimi mübahisəli torpaq sahənin iddiaçının adına keçirilməsini mümkünsüz hesab etməsinin əsası kimi göstərilmişdir ki, müvafiq bağ sahəsinə münasibətdə bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı qeyd olunmamışdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun görə 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin araşdırılan hallarından müəyyən olunmuş hallarından görünür ki, “Gəmi Təmirçisi” X5 heyətinin xx.xx.1999-cu il tarixli protokolundan çıxarışa görə X2 (“Gəmitəmirçisi” bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda mövcud olan siyahıda adı 123-cü sırada qeyd olunmuş) ölkədən köçməsi ilə əlaqədar olaraq “Gəmi Təmirçisi” BY-nin üzvlüyündən çıxarılmış, bağ sahəsi üzərində onun bütün hüquqları etibarsız hesab edilmiş, hazırki iddiaçının ərizəsinə əsasən Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və C-2 (0,06 ha) saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Bundan əlavə, iddiaçının adına Bağçılıq Yoldaşlığının üzvlük kitabçası verilmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmetini təşkil edən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədə malikdir. Sözügedən sənədin mövcudluğu isə şübhə doğurmur. Çünki, hər nə qədər də cavabdeh iddiaçının adının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmamasına istinad etsə də, iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün üzvlük kitabçası mövcuddur. Məhkəmə bu mövqeydə qeyd etməyi zəruri hesab edir ki, üzvlük siyahısında iddiaçının adı göstərilməsə də, bağ sahəsinin sonradan ona verilməsi ilə bağlı kifayət qədər mötəbər dəlillər mövcuddur. Doğurudur ki, qanunvericilik üzvlük kitabçasının və protokoldan çıxarışı məhz kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini şərtləndirmişdir. Lakin nəzərə alınmalıdır ki hazırki mübahisə üzrə bu yanaşma iddiaçının hüquqları yarandığı əmlak üzrə mülkiyyət hüquqlarının reallaşdırılmasını məhdudlaşdırır. Başqa sözlə desək bağ sahəsinin iddiaçıya verilməsi şübhə doğurmayan bir hal olduğundan və bu halı təsdiq edən kifayət qədər mötəbər sənədlər olduğundan, iddiaçının əmlak üzərində mülkiyyət hüquqlarının bu əsasa görə (Siyahıda adının olmaması) məhdudlaşdırılması formal xarakter daşıyır və heç bir hüquqi əsasa söykənmir. Belə ki, iddiaçının üzvlük siyahısında adının olmaması, onun şəxsi iradə ifadəsindən asılı olmayan və daşınmaz əmlakın ona qanuni əsaslarla ayrıldığını təkzib etməyən bir haldır. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən təqdim olunmuş “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlığı üzvlərinin siyahısında iddiaçıya ayrılmış torpaq sahəsinin əvvəlki sahibi X2 adı qeyd edilmişdir. Sonradan X2 ölkədən köçməsi ilə əlaqədar olaraq “Gəmitəmirçisi” BY-nin üzvlüyündən çıxarılmış və iddiaçı onun əvəzinə Bağçılıq Yoldaşlığına üzv qəbul edilmişdir. Odur ki, “Gəmi Təmirçisi” X5 heyətinin xx.xx.1999-cu il tarixli protokolundan çıxarış, iddiaçının adına verilmiş Bağçılıq Yoldaşlığının üzvlük kitabçası nəzərə alındıqda, iddiaçının adının siyahıda olmaması ona bağ sahəsinin ayrıldığını istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, hazırda X2 ölkədən köçməsi səbəbi ilə üzvlükdən çıxarıldığından, o cümlədən iddiaçı 1999-cu ildə üzvlüyə qəbul edilərək ona üzvlük kitabçası verildiyindən, cavabdehin iddiaçının siyahıda adının aşkar olunmaması səbəbi ilə imtinası əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya verilmiş üzvlük kitabçası, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına və üzvlərin iclasının protokoluna uyğun olaraq verildiyindən, həmçinin mübahisəli torpaq sahəsinə münasibətdə həmin dövrdə səlahiyyətli olan qurum tərəfindən həmin sənədlər əsasında iddiaçının adına torpaq sahəsinin plan və ölçüsü verildiyindən, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Göründüyü kimi cavabdehinimtinası həmin hissədə də formal xarakter daşıyır və hər hansı hüquqi əsasa söykənmir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. “Gəmitəmirçisi” X5 heyətinin xx.xx.1999-cu il tarixli protokoluna əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən və ümumi sahəsi 580 kv. metr olan C-2 saylı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev