Məhkəmə qərarları › İş №2-1(112)-9343/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9343/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9343/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs: X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinə müraciət edərək, paylı mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh 082-25155A-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirmişdir.

3. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Pasport və Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

5. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir.

6. Məhkəmənin 17 avqust 2021-ci il tarixli, 2-1(112)-9343/2021 saylı qərardadı iş üzrə əsl olmayan cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsi əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi (bundan sonra – Cavabdeh) ilə əvəz edilmiş və X4 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Nigar Abbasova mübahisəli ünvanda qeydiyyatda olmasına baxmayaraq, heç bir zaman orada yaşamamışdır. ünvan 2 ünvanında yaşayır. Onun formal da olsa, həmin mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə ki, nəticədə iddiaçı əlavə mənzil və kommunal xidmətlərə görə haqq ödəməyə məcbur olur.

8. Cavabdeh iddiaya yazılı münasibətini (etriazı) məhkəməyə təqdim etməmişdir.

9. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi iddiaya münasibətində göstərmişdir ki, mübahisəli ev alınan gündən 2020-ci ilin dekabr ayının axırınadək o, oğlu ilə həmin evdə yaşamışdır. Anasının vəfatından sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan razılaşma əsasında kirayə evə köçmüşdür. Ərizəyə əlavə edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsindən və reyestrdən çıxarışdan görünür ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi anasından miras qalmış Bakı şəhəri, Novruzov Qardaşları küçəsi, 79 saylı evin ¼ hissəsinə qanun üzrə vərəsəlik hüquqları tanınmış və həmin paya dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İddiaçı miras əmlakdakı vərəsəlik payını adına rəsmiləşdirməmişdir. İddiaçı subyektiv hüququ olmayan şəxs hesab edilməlidir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

12. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin normasından aydın olur ki, mülkiyyətçi çıxarışı təqdim etməklə həmin əmlakın yerləşdiyi yer üzrə qeydiyyata alınmasını tələb edə bilər.

13. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Normadan görünür ki, mülkiyyətçinin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız onun iradəsi əsasında ərizəsinə əsasən və ya onun bu hüquqlarına xitam verilməsi halında mümkündür.

14. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən “A” tikilisindən ¾ hissə İddiaçı, 1/4 hissə üçüncü şəxs X1, “B” tikilisi isə X3 mülkiyyətindədir.

15. İddiaçı hazırda mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin digər mülkiyyətçisinin, N.Abbasovanın qeydiyyatdan çıxarılmasını xahiş edir. Halbuki yuxarıda sadalanan normalardan müəyyən olunur ki, şəxsin hər hansı bir yaşayış sahəsinə qeydiyyata alınması üçün onun həmin yaşayış sahəsinə köçməsinə əsas verən sənəd olmalı, qeydiyyatdan çıxarılması üçün isə həmin əsas aradan qalxmalıdır. İddiaçı isə üçüncü şəxsin mübahisəli əmlaka hüquqlarına xitam verilməsinə əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, paylı mülkiyyət hüququ əsasında üçüncü şəxsə məxsus əmlak barəsində onun ziyanına hazırkı iddianı qaldırmış, bu zaman onun razılığını almamışdır.

16. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. - maddə 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. - maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. - maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. - maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. - maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. - maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

17. Göründüyü kimi qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə, onun barəsində sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi yalnız öz payına münasibətdə sərbəst hərəkət etmək imkanına sahibdir, lakin bu zaman da qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə hərəkət etməyə məcburdur.

18. İddiaçının hazırkı tələbi isə bütün əmlak barəsində olmaqla digər mülkiyyətçinin hüquqlarına toxunur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar