Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9387/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinin 10 aprel 2023-cü il tarixli **********156067 saylı səyyar vergi yoxlaması aktına əsasən inzibati aktın qəbul edilməsindən imtina olunması və qəbul ediləcək hər hansı inzibati aktın qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********172544 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın (vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla) digər hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1155978 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X3 tərəfindən İddiaçı MMC-yə (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.6 maddəsinə əsasən vergi qanunvericiliyi üzrə oktyabr 2017-dekabr 2020-ci il üzrə səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2023-cü il tarixli **********156067 saylı akt tərtib edilmişdir. Müəssisədə növbədənkənar səyyar vergi yoxlaması ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar X1 Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş, müvafiq dövr üzrə qərarın ləğvi barədə Bakı inzibati Məhkəməsində iddia qaldırılmış və Məhkəmənin qərarına əsasən müvafiq dövr üzrə hesablanmış kameral hesablama qərarının ləğvi barədə qərar çıxarılmışdır. Nəzərinizə çatdırılır ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqləşdirilmiş 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilən bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmiş və vergi yoxlamasının nəticəsi üzrə 16 iyun 2020-ci il tarixli **********342900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar çıxarılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyun 2020-ci il tarixli **********342900 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə" qərarı hazırda mübahisələndirilir. Müvafiq qərarın ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-l(112)-286/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hazırda 2- 1(103)-421/2023 saylı işə Bakı Apellyasiya Məhkəməsində sədrlik edən hakim Mirzə Tağızadənin icraatında baxılır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı MMC-yə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən Baş İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155978 nömrəli qərarı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli **********156067 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Baş İdarənin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmişdir. Səyyar vergi yoxlaması cinayət işinə əlavə edilmiş materiallara, müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və vergi orqanına təqdim edilmiş bəyannamələrə, müəssisənin bank hesabı olan bank idarələrindən alınmış bank əməliyyatlarına dair məlumatlara, Dövlət Vergi Xidmətinin AVİS və Hesabat/Axtarış informasiya sistemində olan məlumatlara, yoxlamanın gedişində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən alınmış mütəxəssis rəyinə əsasən aparılmışdır. Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti yalnız mənzil tikintisindən ibarət olmuşdur. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin 385.091,67 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 192.545,84 manat məbləğində, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2018 və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə isə 120,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı heç bir hüquqi əsası olmayan dəlillərlə xx.xx.2023-cü il tarixli **********172544 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz hesab edir. iddiaçı iddia ərizəsində müxtəlif normativ hüquqi aktların müvafiq müddəalarını sadəcə sadalamaqla kifayətlənmiş, mübahisələndirdiyi məsuliyyət qərarına əsasən hesablanan vergi və maliyyə sanksiyasının əsassız hesab etməsini konkret dəlil və normalarla əsaslandıra bilməmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi yeganə dəlil İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-286/2022 saylı qərarı və həmin qərarın qəbulu üçün əsas olan məhkəmə tərəfindən təyin edilən ekspertiza tədqiqatının nəticəsində verilən xx.xx.2021-ci il tarixli ekspert rəyidir. Həmin dəlillə bağlı bildirilir ki, Bakı İnzibati Məhkəməsinin qərarı qanuni qüvvəsini almamışdır. Oudr ki hal-hazırda iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcud olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, **********155978 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərardan görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsin əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2017 – dekabr 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, **********156067 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttii tərəfindən İddiaçı MMC-nin müxtəlif dövrlərdə tədiyyələr (4-cü rüb 2017-4-cü rüb 2019 üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə və s.) üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari tibbi ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə ilə növbədənkənar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının aktından görünür ki, səyyar vergi yoxlaması ilə bina tikintisi fəaliyyəti üzrə kameral hesablanmış 718.165,32 manat sadələşdirilmiş vergi məbləği təsdiq edilir və əlavə olaraq büdcəyə 385.091,67 manat vergi hesablanır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən büdcəyə çatası bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin 385.091,67 manat azaldılmasına görə 192.545,84 manat maliyyə sanksiyasının; Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarı ilə 2017-ci il üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi mələği ümumilikdə 385.091,67 manat əsas və ona tətbiq olunmuş 192.665,84 manat maliyyə sanksiyasına; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 14 №- li “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 №-li Qərarını təhbər tutaraq və İddiaçınə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx- 1936 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC-lə bağlanmış 24 yanvar 2017-ci il tarixli müqavilənin 2.4-cü bəndinə dəyişikliy”in lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası və məqsədinə nail olunması üçün Şirkətin təklifini qəbul etməsini nəzərə alaraq 24 yanvar 2017-ci il tarixdə aralarında bağlanmış müqavilədə 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin: “2.4. Binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yerin tikilən binalarda sökülən mənzilin sahəsindən minimum 15% əlavə sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək”. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 1.640.673,54 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilmiş və ona görə də 766.604,04 manat əlavə vergi hesablanmışdır. Səbəb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 31147,7 kvm. olan binanın tikintisinə 2017-ci ilin 4-cü rübündə başlanmasına baxmayaraq Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi; İddiaçı barəsində Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; aparılmış tədqiqatın dəyəri 500 (beş yüz) manatın 350 (üç yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 150 (yüz əlli) manatı isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/8391-9/9185 nömrəli ekspert rəyindən görünür ki, Kollegiyanın yuxarda qeyd edilən 1-ci sualı üzrə - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində “GOLD CONSTRUCTİON" MMC tərəfindən tikintisi başa çatdırılmış binanın ürnumi sahəsi 30298.02 kv.metr, o cümlədən qeyriyaşayış sahəsi 5751.1 kv.metr, yaşayış sahəsi 21850.2 kv.metr, pilləkən, dəhliz və lift şaxtası sahəsi 2696.72 kv.metr müəyyən edilmişdir. İş materiallarında olan layihə sənədləri tam olmadığından və aydın ocunmadığından İddiaçı MMC tərəfindən inşa edilmiş yaşayış binasında zirzəmi üzrə: avtomobil yolu,(obyekt) 1-ci mərtəbə üzrə: dəhliz, lociya sahələrini və s. ayr-ayrılıqda dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Kollegiyanın qərardadda göstərilən 2-ci sualı ilə bağlı isə qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57.840,75 manat məbləğində müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-421/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi; Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun vergi qanunvericiliyin tələblərinə əməl edib-etməməsi ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. İddiaçı hesab edir ki, mübahisələndirilən inzibati akt bir çox prosessual əsaslara görə əsassız hesab olunur. Məhkəmə inzibati aktın əsassız olması ilə bağlı aşağıdakiları bildirir. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddənin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, yoxlama 04 aprel 2022-ci il tarixində başlasa da, yoxlama müddəti (təxminən 1 il) keçdikdən sonra 07 aprel 2023-cü il tarixində başa çatmışdır. Yuxarıda göstərilən halların hər biri mübahisələndirilən inzibati aktın prosessual baxımından əsassız olduğunun göstəricisidir. Məhkəmə inzibati aktın mahiyyəti etibarı ilə əsassız olmasına keçməzdən əvvəl qeyd edir ki, mübahisələndirilən qərardan da göründüyü kimi vergi orqanı iddiaçının oktyabr 2017 – dekabr 2020 vergi dövrləri üzrə yoxlama aparmış və nəticədə 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 385.091,67 manat əlavə vergi hesablamış və 192.545,84 manat maliyyə sanksiyası tətbiq etmiş, eyni zamanda 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə 120 manat maliyyə sanksiyası tətbiq etmişdir. Göründüyü kimi mübahisələndirilən qərarın qəbul edilməsinin əsasında iki hal dayanır: - 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin azaldılması; - 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin müəyyən edilən müddətdə təqdim edilməməsidir. Məhkəmə ilk növbədə mübahisələndirilən qərarın birinci hissəsinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53-cü maddəsində qeyd olunmuşdur ki: - 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. - 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Eyni zamanda həmin Məcəllənin 3.5-ci maddəsində qeyd olunmuşdur ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “VM-in 53-cü maddəsinin tələbinə görə vergi hüquqpozmalarına görə məsuliyyəti hüquqi və fiziki şəxslər olan vergi ödəyicisi daşıyır. Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən azad etmir (VMin 53.7-ci maddəsi). Eyni zamanda, vergi ödəməkdən qəsdən yayınma halında vergi ödəyicisi vergi məsuliyyətinə, müvafiq səlahiyyətli şəxs isə CM-in 213-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilər. Göstərilən hər bir halda sahəvi təbiətinə görə bir-birindən fərqlənən müstəqil hüquq pozuntuları yer alır, həmçinin belə hallarda hüquqpozmaların subyektləri də fərqlidir. Buna görə də bir tərəfdən bu hərəkətlərin tövsifində mübahisə istisna olunur, digər tərəfdən isə bu və ya digər şəxsin məsuliyyətin hər hansı növünə (cinayət, inzibati, vergi) təkrar cəlb olunmasına və borc məbləğinin eyni vaxtda həm təşkilatdan, həm də onun rəhbərindən tutulmasına imkan vermir. Bu nəticə VM-in 53.1-ci maddəsinin tələblərindən irəli gəlir.” Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyət dedikdə hüquq pozuntusu subyektinin Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərini pozmasına görə qanunvericiliklə nəzərdə tutlmuş əlverişsiz tədbir ölçülərinə məruz qalması başa düşülür. Bu cür pozuntulara görə vergi hüquq münasibətlərinin iştirakçıları cinayət, mülki, inzibati məsuliyyətə, habelə intizam məsuliyyətinə cəlb edilə bilər. Nəzərə alınmalıdırı ki, yuxarıda göstərilən norma heç bir kəsin vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb edilməsini imperativ qaydada qadağa etmişdir. Başqa sözlə desək vergi ödəyicisi eyni hərəkətə görə cəlb edilmiş məsuliyyətə görə təkrar cəlb edilə bilməz. Hazırki işin faktiki hallarından isə göründüyü kimi İddiaçı MMC-nin 2017-ci ilin 4-cü rübü üzrə cavabdehin üst qurumu olan Azəraycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tabeliyində olan digər İdarə (Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən eyni dövr yoxlanıldığından və həmin dövr üzrə o, artıq əlavə məsuliyyətə cəlb edildiyindən, hazırki cavabdehin iddiaçıya münasibətdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinn tələb etməsi və eyni hərəkətə görə onu yenidən vergi məsuliyyətinə cəlb etməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.2-ci maddəsinin müddəalarının pozulmasına səbəb olur. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərin müqayisəli təhlilindən də aydın olur ki, İddiaçı MMC tərəfindən tikintisi başa çatdırılmış binanın (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən) ürnumi sahəsi, o cümlədən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV məbləği müəyyən edilmişdir. Bu hallar digər inzibati iş üzrə müvafiq məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri əsasında müəyyən olunmuşdur ki, məhkəmələrdə məhz bu halı nəzərə alaraq iddiaçıya münasibətdə qəbul edilmiş həmin qərarı qismən, yəni 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57.840,75 manat istisna olmaqla ləğv etmişdir. Göründüyü kimi İddiaçı MMC vergi ödəyicisi kimi 2017-ci ilin 4-cü rübü üzrə BTFSV tədiyyəsi üzrə artıq vergi məsuliyyətinə cəlb olunmuşdur ki, bu halın mövcudluğu bilavasitə hazırki qərarın mövcudluğuna təsir edir. Başqa sözlə desək, iddiaçının eyni dövr üzrə eyni məsuliyyətə cəlb olunması nəinki Vergi Məcəlləsinin 53.2-ci maddəsinin, ümumiyyətlə Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin: İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Göründüyü kimi iddiaçı eyni dövr üzrə əldə etdiyi gəlirdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Xüsusilə, ondan əlavə verginin ödənilməsinin tələb edilməsidə, onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə əlavə olaraq diqqətə çatdırmağı zəruri hesab edir ki, səyyar vergi yoxlaması aktında iddiaçı barəsində yoxlanılan dövrün oktyabr 2017 - dekabr 2020 əhatə etdiyi göstərilsə də, iddiaçı barəsində vergi məsuliyyətinə cəlb olunan dövr məhz 2017-ci ilin 4-cü rübüdür ki, bu hal mübahisələndirilən qərarından da aydın görünür. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı həmin dövr üzrə artıq vergi məsuliyyətinə cəlb olunduğundan və o dövr ilə bağlı vergi orqanı tərəfindən qəbul edilmiş qərar inzibati icraat çərçivəsində mübahisələndirildiyindən, həmin inzibati iş üzrə təyin olunmuş ekspertiza tədqiqatının nəticəsi olan ekspert rəyləri hazırki iddianın həllində də sübut qismində dəyərləndirilir. Nəzərə alsaq ki, ekspert rəylərində iddiaçının həmin dövr üzrə ödənilməli olan vergi məbləği (57.840,75 manat) müəyyən olunduğundan və həmin hissə ilə bağlı iddiaçının özü də artıq razılaşdığından, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş həmin qərar BTFSV vergi hissəsində əsassızdır. Məhkəmə əsas borca münasibətdə hesablanmış maliyyə sanksiyasına münasibətdə bildirir ki, qərar həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Hazırki işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərarın 192.545,84 manat maliyyə sanksiyası iddiaçının bina tikintisi fəaliyyəti ilə əlaqədar 2017-ci il dövr üzrə müəyyən edilmiş 385.091,67 manata münasibətdə tətbiq edildiyindən və həmin məbləğin əsassız olduğu müəyyən edildiyindən, 192.545,84 manat maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Odur ki, qərar 192.545,84 manat maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir. Məhkəmə mübahisələndirilən qərarın ikinci hissəsinə (2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin müəyyən edilən müddətdə təqdim edilməməsi) münasibətdə bildirir ki, iddiaçı məhkəmə icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etdiyindən və qərarın həmin hissəsi mübahisələndirilmədiyindən, bu hissə iddianın predmetini təşkil etməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarı - vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla digər hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9387/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9387/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver