Məhkəmə qərarları › İş №2-1(112)-9395/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9395/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9395/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil (Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X6 (hüquq məsləhətçisi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (1 saylı Bakı, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel küçədə yerləşən və iddiaçı tərəfindən inşa edilmiş zirzəmili, beş mərtəbəli, mansardlı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının və müvafiq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel küçədə yerləşən və İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18 noyabr 2021-ci il tarixli 2-1(112)-9395/2021 saylı qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 360 №-li Sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel küçədə öz vəsaiti hesabına, təqdim olunmuş layihəyə uyğun ofis və ticarət binasının tikintisinə icazə verilmiş və tikinti işləri başa çatdıqdan sonra ofis və ticarət binasının müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra xx.xx.2018-ci il tarixli, Razılaşdırma № 260 əsasında Bakı şəhəri Nərimanov rayonu icra Hakimiyyəti tərəfindən razılaşdırılmış Eskiz Layihəyə uyğun olaraq həmin ünvanda zirzəmili, beş mərtəbəli, mansardlı qeyri-yaşayış binasının tikintisi başa çatdırılmışdır. Həmçinin Bakı şəhəri Nərimanov rayonu icra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, Tikinti Obyektinin istismarına dair 24 №-li icazəyə əsasən xx.xx.2018-ci il tarixdən qeyd olunan ofis və ticarət mərkəzinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikası FHN Tikintidə X4 Agentliyi «Azərinşaatlayihə» DBLKT institutu ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 5945 nömrəli müqaviləyə əsasən institutun mütəxəsisləri tərəfindən Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel küçədə yerləşən və tərəfimdən inşa edilmiş həmin qeyriyaşayış binasının tikintisi müayinə olunmuş və müvafiq texniki rəy tərtib olunmuşdur. Qeyd olunan sənədlər əsasında həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə etdiyi xx.xx.2021-ci il tarixli müraciətinə həmin idarədən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubu ilə müraciətin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın həmin məktubda imtinanın əsası kimi göstərilmiş halları tamamilə əsassız hesab edir və yuxarıda qeyd olunan sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olduğundan, həmin sənədlər əsasında qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün yetərlidir. Bu səbəbdən də cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda göstərilən hallar tamamilə əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel küçədə yerləşən və tərəfindən inşa edilmiş zirzəmili, beş mərtəbəli, mansardlı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasının faktiki inşa edildiyi torpaq sahəsi təqdim edilən xx.xx.2018-ci il tarixli, 24 nömrəli tikinti obyektinin istismarına icazədə qeyd olunan torpaq sahəsindən çoxdur. Bundan əlavə, qeyri-yaşayış binasının tikintisinə icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməlidir. Təqdim edilmiş layihə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmamışdır. Həmçinin, təqdim edilən tikintiyə icazə istismara icazədən sonra verilmiş və müvafiq qurum tərəfindən təsdiq olunmamışdır. Belə ki, şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X7 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********68 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Nərimanov rayon rayon İcra Hakimiyyəti Başçısının “Sərəncamın vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqına” 08 oktyabr 2018-ci il tarixli, 360 saylı Sərəncamdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş X1 müraciətinə əsasən A.M.Cümə küçəsinə İ paralel küçədə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 260 №li sərəncamı ilə icazə verilmiş, inşa edilməsi nəzərdə tutulan, ofis və ticarət binasının eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli, 18/03-8/1923 №li məktubu ilə razılaşdırılmışdır. ünvan 3 ünvanda qeydiyyatda olan vətəndaş İddiaçı Nərimanov RlHnə ərizə ilə müraciət edərək, vətəndaş V.Ə.Əhmədovun razılığına əsasən RİH başçısının yuxarıda qeyd olunan sərəncamının öz adına keçirilməsini xahiş etmişdir. Vətəndaş V.Ə.Əhmədov xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri 38 saylı notariat kontorunun notariusu İ.M.Xəlilov tərəfindən təsdiq olunmuş ərizə ilə Nərimanov RİH başçısının xx.xx.2018-ci il tarixli, 260 №li sərəncamının vətəndaş İddiaçı adına sənədləşdirilməsinə razılığını bildirmiş və həmin sərəncamla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmamasına dair zəmanət vermişdir. Göstərilənlərə istinad olunaraq Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1 iyun 2018-ci il tarixli, 260 №li Sərəncamının qüvvədən düşmüş hesab edilməsi, vətəndaş İddiaçı A.M.Cümə küçəsinə paralel küçədə öz vəsaiti hesabına təqdim olunmuş layihəyə uyğun ofiz və ticarət binasının müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırması zaman iş üzrə zərurət yarandığından Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 84 saylı, xx.xx.2018-ci il tarixli, 260 saylı və xx.xx.2018-ci il tarixli, 360 saylı sərəncamlarının, həmin sərəncamların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri sorğu əsasında Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətindən və Dövlət Arxivinin Bakı Filialından tələb edilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 84 saylı sərəncamdan görünür ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının “vətəndaş A.R.Qafarovaya A.M.Cümə küçəsinə İ paralel küçədə iş mərkəzinin tikintisinə icazə verilməsi haqqında” 06 aprel 2010-cu il tarixli 84 №li Sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 104 saylı sərəncamına uyğun olaraq Nərimanov rayonu, Xan Şuşinski küçəsi 1070-1072-1073-1076-cı məhəllələrdə şəhərin görkəminə xələl gətirən yöndəmsiz və özbaşına tikililərin sökülərək yerində Baş plana ama uyğun olaraq yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə həmin ərazidə yaşayan insanların köçürülməsi üçün Nərimanov rayonu, X12 küçəsi, 1969-cu məhəllədə binalar inşa edilmiş və sakinlər həmin evlərə köçürülmüşdür. X10 küçəsində yerləşən 6 ədəd iri həcmli şəxsi yaşayış evlərinin sahibləri öz evlərinin müqabilində onlara torpaqlarının əvəzləşdirilməsi tələbini irəli sürmüşlər. Qeyd olunanları və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 31-ci maddəsinin tələblərini rəhbər tutaraq Xan Şuşinski küçəsi 1070-1072- 1073-1076 saylı məhəllələrdə yerləşən iri həcmli şəxsi yaşayış evlərinin sökülməsi müqabilində, vətəndaş X3 Aşıq Ua Cümə küçəsinə İ paralel küçədə, sökülmüş evinin müqabilində təsdiq olunmuş həyə uyğun iş mərkəzinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının “Sərəncamın vətəndaş V.Ə.Əhmədovun adına sənədləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 260 saylı sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, V.V.Plotnikov küçəsi, 12 saylı evin 30-cu mənzilində qeydiyyatda olan vətəndaş X2 müraciətinə əsasən A.M.Cümə küçəsinə İ paralel küçəsində Nərimanov Rayon icra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 84 №li sərəncamı ilə icazə verilmiş, inşa edilməsi nəzərdə tutulan, ofis və ticarət binasının eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2010-cu il tarixli, 18/03-8/1923 №li məktubu ilə razılaşdırılmışdır. ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş X5 Nərimanov RİH-nə ərizə ilə müraciət edərək, vətəndaş A.R.Qafarovanın razılığına əsasən RİH başçısının yuxarıda qeyd olunan sərəncamının öz adına keçirilməsini və yeni variantda layihənin razılaşdırılmasını xahiş etmişdir. Vətəndaş A.R.Qafarova xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunun notariusu i.M.Xəlilov tərəfindən təsdiq olunmuş ərizə ilə Nərimanov RİH başçısının xx.xx.2010- cu il tarixli, 84 №li sərəncamının vətəndaş V.Ə.Əhmədovun adına sənədləşdirilməsinə razılığını bildirmiş və həmin sərəncamla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmamasına dair zəmanət vermişdir. Göstərilənlərə istinad edilərək Nərimanov RİH başçısının xx.xx.2010cu il tarixli 84 №li Sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, vətəndaş V.Ə.Əhmədova, A.M.Cümə küçəsinə İ paralel küçədə öz vəsaiti hesabına təqdim olunmuş layihəyə uyğun yeni variantda ofis və ticarət binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 1-ci paralel küçəsi ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 610.8 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair 11 noyabr 2021-ci il tarixli, 992 №li icarə müqaviləsi bağlanmışdır. - 18 iyun 2018-ci il tarixli 24 saylı Tikinti obyektinin istismarına İcazə sənədindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel ünvanda yerləşən tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq 22 iyun 2018-ci il tarixdən qeyri-yaşayış sahəsinin (ofis və ticarət mərkəzi) istismarına İddiaçı icazə verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən iddiaçıya ünvanlanan 12 may 2020-ci il tarixli xx/xx-00233 saylı məktubdan görünür ki, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 5945 nömrəli müqaviləyə əsasən institutun mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel küçəsində yerləşən iddiaçı tərəfindən inşa etdirilmiş zirzəmili, beş mərtəbəli, mansardlı qeyri-yaşayış binasının tikintisi müayinə olunmuş və müvafiq texniki rəy tərtib edilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya verilmiş 10 avqust 2021-ci il tarixli, 213020 243068 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə yerləşən qeyri-yaşayış obyekti üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paraleldə yerləşən İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İşin faktiki hallarından müəyyən edilir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin (torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq Müqavilənin) və istismara icazə sənədinin (Tikinti obyektinin istismarına İcazənin) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin imtina məktubunda qeyd etdiyi tikintiyə icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməli olması, o cümlədən layihənin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmadığına dair dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, münasibətlərin mövcud olduğu dövrdə qüvvədə olan qanunvericiliyə əsasən tikintiyə icazə sərəncamının deyil, qərarın qəbul edilməsi tələbi nəzərdə tutulmuşdur ki, həmin qərarın forma və məzmunu nəzərdə tutulmadığından, yuxarıda qeyd edilən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli, 18/03-8/1923 nömrəli məktubu tikintiyə icazə verilməsinə dair inzibati akt kimi qəbul edilməlidir. Həmçinin məhkəmə təcrübəsində digər işlərlə bağlı (yuxarı instansiya məhkəmələrində) tərəfindən formalaşmış hüquqi mövqeyə əsasən qüvvədə olan qanunvericilikdə hər hansı məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilməli olan inzibati akt qəbul edilmədikdə və həmin inzibati orqanın qeyd edilən məsələ ilə bağlı öz iradə ifadəsini məktubda göstərdiyi hallarda həmin məktub inzibati akt kimi qiymətləndirilir. Digər tərəfdən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ saylı Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1.1-ci bəndinə müvafiq olaraq mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini Qərarda qeyd olunan müvafiq icra hakimiyyətlərinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2018-ci il tarixli, 360 №-li Sərəncam qəbul edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.1-ci bəndində qeyd olunan tələblərdən irəli gələn qanuni əsaslarla qəbul edildiyi müəyyən edilməkdədir. Belə ki, məhkəmə Nərimanov rayon İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamı qəbul edərkən, yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsində səlahiyyəti olduğunu nəzərə alaraq, İddiaçı adına sənədləşdirilən sərəncamın qanuni əsaslarla qəbul edildiyini müəyyən etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin imtina ərizəsində qeyd etdiyi dəlillərini əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə - yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. Həmin Məcəllənin 75 -ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11 -ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.9-cu maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. Həmin Məcəllənin 75.10-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. Həmin Məcəllənin 75.11 -ci maddəsinə əsasən Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Beləliklə, iş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından məlum olur ki, , Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 360 №-li Sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel küçədə öz vəsaiti hesabına, təqdim olunmuş layihəyə uyğun ofis və ticarət binasının tikintisinə icazə verilmişdir və tikinti işləri başa çatdıqdan sonra ofis və ticarət binasının müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi iddiaçıya tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında” bağlanan müqaviləyə əsasən sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 610.8 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair 11 noyabr 2021-ci il tarixli, 992 №li icarə müqaviləsi bağlanmışdır. 18 iyun 2018-ci il tarixli Tikinti obyektinin istismarına İcazə sənədinə əsasən tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzə alınaraq qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən iddiaçıya ünvanlanan 12 may 2020-ci il tarixli xx/xx-00233 saylı məktub əsasında “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 5945 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən inşa etdirilmiş zirzəmili, beş mərtəbəli, mansardlı qeyri-yaşayış binasının tikintisi müayinə olunmuş və müvafiq texniki rəy tərtib edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, tikinti obyektinin istismarına icazə verilməsi, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Başqa sözlə iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə dair yuxarıda sadalanan sənədlərinin olduğu təqdirdə cavabdeh inzibati orqan tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel küçədə yerləşən və İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsinə İ paralel küçədə yerləşən və İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar