Məhkəmə qərarları › İş №2-1(112)-9572/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9572/2022

05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9572/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu verən vəsiqənin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının anası X6 rayonu işğal olunan zaman məcburi köçkün düşmüş və hal-hazırda məcburi köçkün statusu olan şəxs kimi ünvan 1 ünvanında məskunlaşmışdır və orda yaşayır. İşğal olunmuş ərazilərdən məcbri köçken olmayan atası ilə anasının nikahı xx.xx.2007-ci il tarixdə pozulmuşdur və o anasının himayəsində qalmışdır. İddiaçı xx.xx.2003-cü il tarixdə anadan olub. Atasının işğal olunmuş ərazilərdən məcburi köçkün olmadığına əsaslanaraq ona məcburi köçkün statusu verilməmişdir. Bütün bunlara görə qeyd olunanları nəzərə alaraq ona məcburi köçkün statusu verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin Komitə tərəfindən cavab olaraq ona ünvanlanmış 01/2241 nömrəli xx.xx.2022-ci il tarixli məktubda Azərbaycan Respublikasında məcburi köçkünlərə (o daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsəqənın verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulduğundan istəyiniz Komitənin imkanı xaricindədir. Beləliklə iddiaçının atasının işğal olunmuş ərazilərdən məcburi köçkün olmadığına əsaslanaraq ona məcburi köçkün statusu verilməmişdir. Hesab edir ki, anasının məcburi köçkün olması, atasının isə məcburi köçkün olmadığına əsaslanaraq ona məcburi köçkün statusunun verilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə ziddir.

3. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (o daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsəqənın verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulduğundan istəyiniz Komitənin imkanı xaricindədir.

4. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X15 (xx.xx.1975-ci il təvəllüdlü, Füzui rayonunda doğulmuşdur) xx.xx.2014-cü il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir.

5. İş materiallarında olan X15 verilən AR Müdafiə Nazilriyinin Bakı Qarnizonu Mənzil-İstismar sahəsinin 2 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 154 nömrəli arayışa əsasən X16 oğlu-X7 və qızı- İddiaçı ilə birlikdə kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yaşayır.

6. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 08 iyun 2007-ci il tarixli qətnaməsi ilə X5 ilə X11 arasında 31 oktyabr 1998-ci il tarixdə bağlanmış nikah pozulmuş və 26 avqust 1999-cu il təvəllüdlü X7 və xx xxxxxxx 2003-cü il təvəllüdlü İddiaçı anaları X11 yanında qalmaları, 26 avqust 1999-cu il təvəllüdlü X7 və xx xxxxxxx 2003-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 hər ay qazancından 1/3 hissədə miqdarında alimentin 07 may 2007-ci il tarixindən başlayaraq tutulub X15 verilməsi qərara alınmışdır.

7. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X16 arasında bağlanmış nikah xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir.

8. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən X15 ünvanlanmış məktubdan görünür ki, X3 iki uşağın saxlanması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 2-1443/2007 saylı xx.xx.2007-ci il tarixli icra sənədinin icrasına “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən (20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə) xitam verilmişdir.

9. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

10. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən İddiaçı anasının qeydiyyada olduğu Füzuli rayonu, Füzuli şəhəri, B.Sərdarov küçəsində qeydiyyatdadır.

11. İş materiallarından görünür ki, iddiaçı hazırda Bakı Dövlət Universitetinin tələbəsidir və ödənişli əsaslarla təhsil alır.

12. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd edilir ki, İddiaçı ona məcburi köçkün statusunun verilməsi barədə Komitəyə daxil olmuş 29 aprel 2022-ci il tarixli müraciəti Komitənin 2022-ci il 06 may tarixli 01/2241 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulduğundan iddiaçının istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, "Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmamışdır və yaşayış yeri üzrə Sumqayı şəhəri, S.Vurğun küçəsi, məhəllə 7-8-12, ev 78, mənzil 10 ünvanında qeydiyyatda olmuşdur. İddiaçı anası X16 isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddia ərizəsinə qoşma qismində məhkəməyə təqdim olunmuş 2022-ci il 27 may tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X1 tağının sınığı səbəbindən vəfat etdiyi müəyyən edilmişdir. İddiaçı X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından – “Sumqayıt” şəhəri olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, anasının məcburi köçkün olduğu halda, atasının məcburi köçkün olmamasını səbəb gətirməklə ona məcburi köçkün statusunun verilməməsi düzgün deyildir. Belə ki iddiaçının anası və atası xx.xx.2007-ci il tarixdə nikahlarını pozmuşdurlar və o anasının himayəsində qalmışdır. (Qeyd: X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir). Yuxarıda qeyd olunan fikirlərə etiraz edərək məhkəmənin diqqətinə çatdırılmışdır ki, məcburi köçkün statusuna malik olan qadın işğaldan sonra məcburi köçkün statusuna malik olmayan şəxslə nikaha daxil olmaqla və ya olmadan ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmasa belə, ailə həyatı qurduğu şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir. Nəticədə onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığından həmin uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq bildirilir ki, iddiaçının X2 məcburi köçkün statusu və onu təsdiq edən sənədə vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə işğaldan azad olunmuş rayonda (şəhərdə) qeydiyyatda olmadığından İddiaçı Füzuli rayonundan məcburi köçkün düşə bilməzdi. Bununla yanaşı, İddiaçı X2 və anası X16 arasında nikahın pozulması, Yadigar Əmiraslanovun vəfat etməsi halı iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndinin tətbiqini aradan qaldırmır. Belə ki, qeyd olunan xüsusatlar Qaydaların 4.1.6-cı bəndinin tətbiqini istisna edən hallar kimi qanunvericilikdə müəyyən olunmamışdır. İddiaçının hesab etdiyi kimi olsa, belə nəticəyə gəlmək olar ki, mövcud qanunvericiliyin tələblərinə əməl etmədən atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmayan, bütün nikahda olmayan və ya nikahı pozulmuş qadınların övladlarına məcburi köçkün statusu verilməlidir. Bu hal mövcud qanunvericiliyin, həmçinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə zidd və əsassızdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən nikahın pozulması nəticəsində uşaq ananın himayəsində qalsa da, ata uşaq üzərindəki valideynlik hüquqlarından məhrum olmur. Bu isə o deməksdir ki, uşağın yaşayış yeri eyni zamanda atanın yaşayış yeri hesab edilir. Xüsusi ilə vurğulamaq lazımdır ki, Qaydaların digər bəndlərinə də uyğunluğu yoxlanılmaqla, həm atası həm anası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusu verilir. Lakin valieyndlərdən ana məcburi köçkün statusuna malik olmadığı halda Qaydalar atanın məcburi köçkün statusuna malik olmasına istinad edərək uşağa məcburi köçkün statusunun verilməsinin mümkünlüyünü bildirir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin müvafiq məsələyə tətbiqi, ölkə əhalisinin tərkibində məcburi köçkünlərin sayının kəskin artmasına səbəb olacaqdır.Nəzərə almaq lazımdır ki, müvafiq yanaşmanın əsasında hüquqi faktlarla yanaşı, həm də sosial, siyası və iqtisadi faktorlar da dayanır. Odur ki, vəfat etdiyi tarixədək İddiaçı X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə ünvan 6 ünvanında qeydiyyatda olduğundan “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi qanunvericiliyə tam uyğundur.

13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.

15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.

17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

18. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların İV hissəsi “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını tənzimləyir. Həmin hissəyə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.

21. İddiaçı xx.xx.2003-cü il təvəllüdlüdür. İmtina Qaydaların 4.1.6-cı bəndinə əsaslanaraq iddiaçının valideynlərindən birinin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədardır. Məhkəmə qeyd edilən halı araşdıraraq müəyyən etmişdir ki, iddiaçının valideynlərindən biri (anası X16) Füzuli rayonunda doğulmaqla qeydiyyatı Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 7, mənzil 10 qeydiyyatdadır. X2 ilə X11 arasında 31 oktyabr 1998-ci il tarixdə bağlanmış nikah pozulmuş və xx xxxxxxx 2003-cü il təvəllüdlü İddiaçı qardaşı ilə birlikdə anası X11 yanında qalması və atasından onun yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutulması qət edilmiş olsa da, anasının (tələbkarın) tələbdən imtinası əsasında icra işinə xitam verilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı faktiki və hüquqi olaraq yetkinlik yaşına çatana qədər valideynlərindən yalnız anasının himayəsində olduğundan atasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədar “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilməsi onun fərdi vəziyyətinə mütənasib olmamışdır.

22. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

23. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur.

24. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X14 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X18 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

25. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar