Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9655/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “ailə üzvlərinin mənzil uçotuna alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra –İddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, atası N.Ə.Hüseynovun və anası A.İ.Hüseynovanın adlarının ailə üzvləri kimi Xətai rayon İcra Hakimiyyətinin 45 nömrəli xx.xx.2024-cü il tarixli Sərəncamının ona aid hissəsinə əlavə olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, araşdırma zamanı onun Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 3 saylı sərəncamına əsasən 1 nəfər (özü) ailə tərkibi ilə güzəştli mənzil növbəsinə götürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinin müvafiq müddəalarını rəhbər tutaraq, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 45 saylı sərəncamı ilə onun mənzil növbəsi yeni yaşayış yeri üzrə Xətai Rayon İcra Hakimiyyətində bərpa edilmişdir. Mövcud qanunvericiliyin tələbinə əsasən yaşayış yeri üzrə mənzil növbəliyi yalnız daim qeydiyyat üzrə aparılır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasıN.Ə.Hüseynovun və anası A.İ.Hüseynovanın adlarının onun ailə üzvləri kimi Xətai rayon İcra Hakimiyyətinin 45 nömrəli xx.xx.2024-cü il tarixli Sərəncamının ona aid hissəsinə əlavə olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, o, 3-cü dərəcəli müharibə əlili kimi Xətai rayon İcra Hakimiyyətinin Başçısının 45 nömrəli xx.xx.2024-cü il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətində olan mənzil növbəsindən yeni yaşayış yeri üzrə Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsində olan Vətən müharibəsi əlillərinin güzəştli siyahısına keçirilmiş və onun mənzil növbəsi xx.xx.2022-ci il tarixdən hesab edilmişdir. Lakin bu zaman onunla birgə yaşadığı valideynləri onunla bərabər mənzil növbəsinə daxil edilməmişlər. İddiaçı subaydır və valideynləri ilə birlikdə yaşayır. O, xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək atası N.Ə.Hüseynovun və anası A.İ.Hüseynovanın adlarının ailə üzvləri kimi Xətai rayon İcra Hakimiyyətinin nömrəli xx.xx.2024-cü il tarixli Sərəncamının ona aid hissəsinə əlavə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətinə xx.xx.2014-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina əsassız və qanunsuzdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, iddiaçı xx.xx.2013-xx.xx.2015, xx.xx.2016-xx.xx.2021 tarixlərində həqiqi hərbi xidmət keçmiş, xidməti müddəti başa çatdığına görə (kadr zabitlərindən başqa) ehtiyata buraxılmışdır. xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Boratravma nəticəsində şəxsiyyət pozuntusu davranış pozuntuları ilə” diaqnozu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sorğu edilən xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 3 kəndində, xx.xx.2020-ci il tarixdən hazıradək ünvan 1 ünvanında; xx.xx.1961-ci il təvəllüdlü X7 xx.xx.1984-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 3 kəndində, xx.xx.2023-cü il tarixdən hazıradək ünvan 1 ünvanında; xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 3 kəndində, xx.xx.2023-cü il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, mənzil qanunvericiliyinə əsasən mənzil növbəsinə götürülməsi üçün tələb olunan sənədləri təqdim etmiş İİİ qrup müharibə əlili İddiaçı güzəştli şəxs kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Kürdəmir Rayon İcra Hakimiyyətini başçısının 367 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, İddiaçı ərizəsi nəzərə alınmış, İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılması və növbəlik sənədlərinin Xətai Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Xətai Rayon İcra Hakimiyyəti başçısının 45 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamından çıxarışdan görünür ki, İddiaçı 3-cü dərəcə Vətən müharibəsi əlili kimi Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyətində olan mənzil növbəsi yeni yaşayış yeri üzrə Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsində olan Vətən müharibəsi əlillərinin güzəştli siyahısına keçirilmiş və onun mənzil növbəsinin (mənzil növbəsində olduğu müddətdən) xx.xx.2022-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. İddiaçı hazırda yaşayış sahəsinin olmadığını, buna görə mənzil uçotuna alındığını, lakin valideynlərinin uçota alınmadığını bildirərək, hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - maddə. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - maddə 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. İstinad olunan normalardan görünür ki, o şəxslər yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilərək mənzil uçotuna alınır ki, onun ya yaşayış sahəsi ümumiyyətlə olmur, ya da yaşayış sahəsinin ölçüsü uçot normasından az olur. Lakin əgər şəxsin yaşayış sahəsi olmasa da, ona yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi ayrılırsa, o, artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir və müvafiq uçotdan çıxarılır. Məhkəmə qeyd edir ki, işdə olan S.Ə.Şirvani adına kolxozun xx.xx.1990-cı il tarixli 7 nömrəli ümumi iclas protokolundan görünür ki, Mollakənd kənd sakini X5 ev tikmək üçün kolxoz qərarı ilə İsgəndərov Şirinin torpaq sahəsi arasında olan ərazidən ev tikmək üçün 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 kəndi ünvanında yerləşən 82.8 kv.metr fərdi yaşayış evi X4, həmin evin evin yerləşdiyi 0.06 ha torpaq sahəsi isə X4, X1, Hüseynova Aytac vNamizəd qızının və İddiaçı paylı mülkiyyətindədir. Həmçinin işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 kəndində olan fərdi yaşayış evi tam X4 adına və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi ümumibirgə əsaslarla X4, İddiaçı, X2 və X1 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. İddiaçı, X4 və X3 adlarına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının özü ilə yanaşı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını xahiş etdiyi atasının mülkiyətində fərdi yaşayış evi və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi, anasının isə ümumi birgə mülkiyyətində torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 459 saylı qərarına əsasən isə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Namizəd Hüseynovun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü 16 kv.metrdən artıq olduğunu, İddiaçının mülkiyyətində isə torpaq sahəsinin olmasını nəzərə alaraq, məhkəmə cavabdehin imtinası ilə razılaşır və hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9655/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9655/2024
09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver