Məhkəmə qərarları › İş №2-1(112)-9994/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9994/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9994/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndələri X5 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Energetika Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilən 29 aprel 2024-cü ildən işdən azad olunması barədə xx.xx.2024-cü il tarixli, 3- 15/3-2-223/2024 saylı əmrin ləğv edilməsi, 30 aprel 2024-cü ildən etibarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməsi, “Dövlət qulluğu haqqında” Qanuna əsasən müvafiq ixtisas dərəcəsinin verilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma ilə bağlı müddət ərzində almadığı dövlət məvacibinin (vəzifə maaşı, əlavələr və mükafatlar) hesablanaraq ona ödənilməsi və əmək kitabçasında xitamın əsası barədə müvafiq düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Energetika Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2023-cü il tarixindən etibarən Nazirliyin Enerji səmərəliliyi şöbəsinin iqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində həmən vəzifə üzrə X9 tərəfindən vakant inzibati vəzifələrin tutulması məqsədilə təşkil olunan müsabiqənin müsahibə mərhələsində iştirak edərək maksimal 20 baldan 19,7 bal toplayaraq vəzifəyə uyğun hesab edilmiş və xx.xx.2023-cü il tarixindən etibarən 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Qanunun tələblərinə uyğun olaraq ona staj müddəti ərzində qulluq keçdiyi Enerji səmərəliliyi şöbəsinin müdiri X1 təyin edilmiş və staj müddətinin bitdiyi son gün xx.xx.2024-cü il tarixində kurator-şöbə müdiri N.Bağırlı tərəfindən müsbət rəy verilmiş və energetika nazirinin 3-15/3-2-46/2024 saylı əmri ilə xx.xx.2024-cü il tarixindən 3 ay müddətinə dövlət qulluğunun sınaq müddəti başlanmışdır. Üç aylıq sınaq və altı aylıq staj müddəti ərzində heç bir intizam tənbeh tədbiri, xəbərdarlıq almadığı və ona tapşırılan bütün işləri vəzifə təlimatına və qanunvericiliyə uyğun şəkildə icra etdiyi halda, öncədən heç bir məlumat verilmədən xx.xx.2024-cü il tarixində (sınaq müddətinin bitməyinə 4 gün qalmış) nazirliyin Kadrlar və Dövlət qulluğu şöbəsinin müdiri Əsəd İsmayılov tərəfindən dəvət edilərək ona xx.xx.2024-cü il tarixindən etibarən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddətindən uğursuz çıxma) xitam veriləcəyi barədə rəsmi yazılı xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlıq ilə tanış olmağı və imzalamağı istənilmişdir. Xəbərdarlıqda intizam qaydalarını pozduğu, qulluq funksiyalarını düzgün icra etmədiyi və bu səbəblə əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. Xəbərdarlıqla tanış olduqda bu xəbərdarlığın nəyin əsasında yazılmasını soruşmuş, orada yazılanların həqiqəti əks etdirmədiyini bildirmiş, lakin ona heç bir əsaslı səbəb göstərilmədən haqqında şöbə müdiri N.Bağırlının energetika naziri cənab Pərviz Şahbazova onunla bağlı mənfi təqdimatı olduğunu, lakin həmən təqdimatda nələr yazıldığını bilmədiklərini demişlər. Məsələ ilə bağlı subordinar qaydaya uyğun olaraq, ilk öncə şöbə müdiri, daha sonra şöbə üzrə kurator-nazir müavini ilə görüşsə də, heç bir faydası olmadığı üçün nazir cənab Pərviz Şahbazovun qəbulunda olmaq istəmiş, lakin bu mümkün olmamışdır. xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ona məlumat verilmiş, lakin əmr rəsmi qaydada ona son iş günü olan 29.04.24-cü il tarixinin sonuna hələ də təqdim edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən N.Bağırlı tərəfindən yazılmış təqdimatdakı məsələlər araşdırılmamışdır. Hətta 3 aprel 2024-cü il tarixində yazılmış təqdimat barədə ona 22 gün sonra 24 aprel tarixində işdən azad olunmağı ilə bağlı xəbərdarlıq təqdim edilərkən sadəcə şifahi məlumat verilmiş, araşdırma aparılmadan, izahatı alınmadan nəyə görə belə qərar verildiyini soruşduqda heç bir cavab ala bilməmişdir. Məsələnin hüquqi cəhətindən əlavə olaraq şöbə müdiri N.Bağırlı tərəfindən belə bir təqdimatın yazılmasının altında yatan xüsusi qərəz vardır. Belə ki, staj müddəti ərzində (yanvar ayının ikinci həftəsi ərəfələri) o, və şöbənin digər 2 stajçı əməkdaşları Orxan Məmmədli və Tərlan Cəbrayılzadə Azərbaycan Respublikası Prezidentinin 1610 saylı Fərmanı ilə dövlət qulluqçularının sosial rifahının artırılması məqsədilə vəzifə maaşına əlavə olaraq verilən 1.1 misli aylıq əlavələrin əksər dövlət orqanlarında xüsusən də 2-ci kateqoriya dövlət orqanlarında sınaq müddəti ilə qulluq keçən şəxslərə (6 aylıq staj müddətindən sonrakı 3 ay) verildiyini, lakin staj müddəti ilə qulluq keçdiyi Energetika Nazirliyində verilmədiyini müzakirə etmişlər. Məsələ ilə bağlı müzakirələr aparan zaman bu barədə X6 Şurasına hər üçü birlikdə işlədiyi orqanın adı qeyd edilmədən sadəcə məlumat əldə etmək istəyən vətəndaşlar kimi kollektiv vətəndaş müraciəti ünvanlayıb, soruşmaq qərarına gəlmişlər. Lakin ilk öncə bunu şöbə müdiri və hər üçünün kuratoru olan Nərgiz Bağırlı ilə məsləhətləşmişlər. Nərgiz xanım buna sərt reaksiya verərək, ümumiyyətlə onların heç birinin heç o əlavəyə layiq olmadıqlarını, heç onların hələ stajdan sınaq mərhələsinə keçəcəklərinin bilinib-bilinmədiyini deyərək, onları bu müraciəti göndərməkdən daşındırmağa çalışmışdır. Bu görüşdən sonra Orxan Məmmədli müraciət layihəsindən adının çıxarılmasını istəmiş və sadəcə iddiaçı və Tərlan Cəbrayılzadə ikisi X6 Şurasına müraciət etmişlər. Bir gün sonra xx.xx.2024-cü il tarixində şöbə müdiri Nərgiz Bağırlının qəbuluna gedərək öncəki gün olan görüşdə narazı olmasını ifadə etməsinin səbəblərin soruşmuş, öz nöqsanlarını bilmək istədiyini qeyd etmişdir. Nərgiz xanım cavabında onun işi ilə bağlı narazı olmadığını, bəzi şeylərdə daha məsuliyyətli olmağını tapşırdı və ona onun rəftarı ilə bağlı ondan narazı olduğu şeyləri (hansılar ki, işə birbaşa və ya dolayısı ilə təsir etməyən və sadəcə insanların xasiyyətləri ilə əlaqəli olan şeylər idi) şöbənin digər əməkdaşları ilə çay fasiləsi zamanı çay içməyini, vatsap mesajlaşması zamanı mesajına “bəyəndim” işarəsi qoymağını, aylar öncə iş ilə bağlı Sumqayıt şəhərinə getdiyi gün oradan gec çıxmalı olduğu və bu səbəblə işə gəlib çata bilməyəcəyini bildirmək məqsədilə təkrar mesaj yazmağı kimi nüansları özünə qarşı hörmətsizlik kimi ifadə etmişdir. İddiaçı bunların qətiyyən hörmətsizlik kimi bir niyyəti olmadan baş verməsini izah etmiş və gələcəkdə bu kimi hallara diqqət edəcəyini bildirmişdir. Bundan sonra Orxan Məmmədlidən 23 yanvar tarixindən etibarən sınaq müddətinə qəbul üçün ərizəsini yazması istənildiyini və ərizəsini yazdığını öyrənmişdir. İddiaçı və Tərlan Cəbrayılzadə son günə kimi belə bir stress altında qaldıqdan sonra 29 yanvar tarixində şöbə müdiri onu çağıraraq onun barəsində ilk olaraq mənfi rəy verdiyini, lakin daha sonra məcburiyyət qarşısında qalaraq müsbət rəy verməli olduğunu kobud bir formada demiş və son olaraq onu şöbəsində istəmədiyini deyərək başqa iş yeri axtarmağı barədə fikirləşməli olduğunu bildirmişdir. Sonuncu dəfə görüş zamanı dediyi məsələləri ciddi nəzərə aldığını və o zamandan sonra başqa heç bir dialoqlarının olmadığını deyərək, ondan niyə narazı olduğunu soruşsa da, heç bir əsaslı cavab ala bilməmiş və əvəzində o, və Tərlan Cəbrayılzadənin şöbə müdirini saymayaraq əlavələr ilə bağlı məsələyə dair vətəndaş müraciəti göndərməklərini özünə qarşı hörmətsizlik olduğunu və bunu bəyənmədiyini bildirmişdir. 29 yanvar 2024-cü ildən sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş və elektron sənəd dövriyyəsi, e-poçt vasitəsilə və də şifahi bütün ona təqdim edilən tapşırıqları vəzifə təlimatına və qanunvericiliyə uyğun şəkildə yerinə yetirmişdir. Lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü ildən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi deyilən zaman barəsində şöbə müdiri tərəfindən xidməti yazı-təqdimat yazıldığını və energetika nazirinə təqdim edildiyini öyrənmiş və bu zaman çox təəccüblənmişdir. Həmçinin o, və Tərlan Cəbrayılzadə tərəfindən Şuraya göndərilən vətəndaş müraciətinə Şuranın X8 baxılma üçün göndərməsi səbəbilə DİM-dən cavab gəlmiş və cavab məktubunda düşündükləri üzrə 1.1 misli əlavələrin sınaq müddəti ilə qulluq keçən şəxslərə də münasibətdə şamil olunduğu və bununla bağlı qulluq keçənin qulluq keçdiyi orqan rəhbərinə müraciət etməli olduğu və ya məhkəməyə müraciət etmə hüququ bildirilmişdir. Onlar bu cavab məktubu əsasında rəhbərliyə xidməti yazı hazırlamağı düşünmüşlər və bu barədə yenə də ilk olaraq şöbə müdirləri ilə mart ayının 18-i məsləhət etmişlər. Reaksiyası yenə də, onların hüququna qarışa bilməz şəklində olsa da, məsələ ilə bağlı onların hərəkətinin xoş qarşılanmadığını hiss etdirmişdir. Aprel ayının 18-i şöbə müdiri Nərgiz Bağırlının doğum günü münasibətilə ona kitab hədiyyə etmiş və hədiyyə etdiyi kitab xx.xx.2024-cü il tarixində (ona xəbərdarlıq təqdim edilən gündən 1 gün sonra) səhər saatlarında Nərgiz xanım tərəfindən nazirliyin dəhlizində zibil qutusunun önünə atılmışdır. İddiaçıya çox sonradan məlum olmuşdur ki, haqqında Nərgiz Bağırlı tərəfindən orqan rəhbərinə xidməti yazı-təqdimat 3 aprel 2024-cü il tarixində yazılmış və bu xidməti yazı-təqdimat barədə ona heç bir zaman rəsmi məlumat verilməmiş, heç bir araşdırma aparılmamışdır. Xidməti yazı-təqdimatın yazıldığı tarix olan 3 aprel tarixi onda maraq oyatdığı üçün tərəfindən araşdırma aparıldıqda ona məlum olmuşdur ki, bir gün öncə 2 aprel tarixində icra etdiyi tapşırıq söbə müdirinin xoşuna gəlmədiyi üçün ESDS-də “düzgün icra edilməyib” dərkənarı ilə “əsassız” hesab edilərək onun icraatından alınaraq şöbənin digər əməkdaşına icraya göndərilmişdir. Sözügedən tapşırıq texniki reqlamentinin tərcümə və ekspertizası üçün ehtimal olunan maliyyə vəsaitinin müəyyən edilməsi ilə bağlı idi və onun icraatına 29 mart (cümə-sonuncu iş günü) verilmişdir və şöbə müdirinin şifahi tapşırığı sənədlərin səhifə başına 25 manat tərcümə, 20 manat ekspertiza üçün vəsaitin hesablanıb istənilməsi və bunun daha dəqiq olması üçün nazirliyin Dövlət proqramları və layihələr sektorunun müdiri Arif Nəzərov ilə danışmağı barədə olmuşdur. Məsələ ilə bağlı Arif Nəzərov ilə danışdıqda məsələnin dəqiqləşdirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ (tərcümə və ekspertizanı edəcək məsul qurum) ilə danışmaq zərurəti ortaya çıxdığından 2 aprel tarixində 2 dəfə adı çəkilən qurumun aidiyyatı əməkdaşları ilə telefon əlaqəsi qurmuş və məlum olmuş ki, texniki reqlamentlərinin hazırlanması qaydası mövcud olmadığı üçün bu barədə qanunvericilikdə nəzərdə tutulan tələblərin işlənmə mexanizmi hazırda bəlli deyil və institutun hazırda texniki reqlamentləri nə tərcümə, nə də ekspertiza etmədiyi məlum olmuşdur. Məsələ ilə bağlı şöbə müdiri ilə şifahi formada danışmağı mümkün olmamışdır, çünki 1 və 2 aprel tarixlərində Aztaf layihəsi ilə bağlı iclasda idi və o, məcbur qalaraq son icra müddətinin 2 aprel olduğu üçün cavab yazışmasının layihəsini şöbə müdirinin imzalaması üçün ESDS-də yerləşdirmişdir. Saat 17:55 radələrində şöbə müdiri ona zəng edərək çox sərt formada niyə belə yazdığını, niyə tapşırığı onun dediyi formada icra etmədiyini ondan soruşmuşdur. Ona dediyi kimi Arif Nəzərov ilə danışdığını, lakin dəqiqləşdirmək zəruri olduğu üçün institut ilə danışmalı olduğunu və onlardan dəqiq cavab aldıqdan sonra belə yazmalı olduğunu bildirmişdir. Yazdığının hüquqi cəhətdən əsaslandırılmasını versə də, şöbə müdiri sərt və kobud şəkildə danışmağa davam etmiş və dəstəyi üzünə asaraq sənədi əsassız hesab edərək 3 aprel tarixində icraatından alıb digər əməkdaşa vermişdir. Şöbənin digər əməkdaşının icraatından sonra məlum olmuşdur ki, onun dediyi və verdiyi əsaslandırma tamamilə doğru idi və məlum olmuşdur ki, həqiqətən də o sənədə cavab olaraq olmayan bir xidmətin göstərilməsi üçün maliyyə vəsaitinin istənilməsi doğru ola bilməzdi. Lakin görünür ki, Nərgiz Bağırlı 2 aprel tarixində olan bu hadisəyə və özündə öncədən olan emissiyalara qapılaraq sabahsı gün 3 aprel tarixində haqqında həqiqətləri əks etdirməyən xidməti yazı-təqdimat hazırlamış və energetika nazirinə təqdim etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı 2024-cü il 27 iyul tarixli, 3-15/3-2-424/2023 nömrəli əmr ilə 28 iyul tarixindən "Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra iddiaçı 2024-cü il 29 yanvar tarixli 3-15/3-2-46/2024 nömrəli əmr ilə həmin tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq eyni vəzifəyə 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Lakin iddiaçı sınaq müddəti ərzində özünü doğrultmamış və bu səbəbdən 2024cü il 29 aprel tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin və əmək müqaviləsinin bütün şərtlərinə riayət edilmiş, işçi işdən çıxdığı son gün son haqq-hesabı və əmək kitabçası işçiyə təqdim edilmişdir. İddiaçı ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə kontraktı birtərəfli qaydada poza bilər. İddiaçıya 24 aprel 2024-cü il tarixdə xəbərdarlıq elan edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə 29 aprel 2024-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Həmin xəbərdarlıq ilə iddiaçı 24 aprel 2024-cü il tarixində tanış olmuş və xəbərdarlıqla bağlı müvafiq qeydlərini aparmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası energetika naziri tərəfindən verilmiş 2024-cü il 27 aprel tarixli 3-15/3-2- 223/2024 əmrdə iddiaçı barəsində şöbə müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il 3 aprel tarixli, 3-15/3-9- 1791/2024 nömrəli mənfi rəy xitamın əsası kimi göstərilmişdir. Şöbə müdiri - kurator Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il 3 aprel tarixli 3-15/3-9-1791/2024 nömrəli mənfi rəydə iddiaçının sınaq müddəti ərzində tapşırıqlara gərəkli münasibət göstərmədiyi, tapşırıqları tələb olunan səviyyədə icra etmədiyi və şəxsi keyfiyyətlərinin kollektivə uyğun olmadığı bildirilmişdir. Həmin xəbərdarlıqda iddiaçı tərəfindən sınaq müddəti ərzində dəfələrlə əmək intizamını pozduğu, ona verilən tapşırıqları düzgün, tələb olunan səviyyədə və vaxtında icra etmədiyi, bununla yanaşı xidməti fəaliyyətində dəfələrlə nöqsanlara yol verdiyi iddiaçıya bildirilmişdir. Belə ki, iddiaçı staj müddətində 2023-cü ilin 17 iyul, 18 iyul, 27 iyul, 2 avqust, 4 avqust, 7 avqust, 10 avqust, 15 avqust, 21 avqust, 25 sentyabr, 29 sentyabr, 17 oktyabr, 22 noyabr, 5 dekabr, 11 dekabr, 22 dekabr və 25 dekabr tarixlərində dəfələrlə işə gecikmiş və əmək intizamını pozmuşdur. Bununla bağlı iddiaçının elektron poçt ünvanına 2023-cü ilin 29 sentyabr, 22 noyabr, 22 dekabr tarixlərində müvafiq bildirişlər göndərilmiş, eyni halın təkrarlanmaması tapşırılmış və təkrarlanacağı halda müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Lakin iddiaçı həmin bildirişlərdən nəticə çıxarmamış və əmək intizamını pozmağa davam etmişdir. Sınaq müddəti ərzində 2024-cü ilin 12 fevral, 26 fevral, 5 mart, 12 mart, 1 aprel, 4 aprel, 19 aprel və 25 aprel tarixlərində İddiaçı əmək intizamını pozmuş və işə gecikmişdir. Bununla bağlı 2024-cü ilin 5 mart tarixində ona yenidən işə gecikməsi və əmək intizamını pozması barədə bildiriş göndərilmişdir. Həmçinin iddiaçı öz işinə laqeyd yanaşmış və ona həvalə edilmiş tapşırıqları vaxtında və düzgün yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Azərenerji Açıq Səhmdar Cəmiyyətinin 13 fevral 2024-cü il tarixli məktubu Energetika Nazirliyinə daxil olmuşdur. Həmin məktuba Səhmdar Cəmiyyət tərəfindən hazırlanmış hesabat formaları əlavə olunmuşdur. Məkub ilə bağlı şöbə müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən 14 fevral 2024-cü il tarixində iddiaçıya dərkənar verilərək “hesabatların ümumiləşdirilməsi və həmin sənədin qoşmasında qeyd edilən hesabat formasına uyğun tədbirlərlə bağlı təkliflərin təqdim edilməsi” tapşırığı verilmişdir. Həmçinin, eyni məktub həmin şöbənin digər işçisi sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş Orxan Məmmədliyə də verilmişdir. Orxan Məmmədli verilən tapşırığı 4 mart 2024-cü il tarixdə yekunlaşdırmış və şöbə müdirinə məlumat vermişdir. İddiaçı isə tapşırığı icra etməmiş, yalnız şöbə müdirinin ona bildirdiyi iradlardan sonra 2024-cü il 18 mart tarixində tapşırığı qismən icra etmişdir. Verilmiş tapşırığı tələb olunan vaxtda və qaydada icra etmədiyinə görə şöbə müdiri həmin işi şöbənin digər işçilərinə tapşırmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi iddiaçı tərəfindən onunla bağlanılmış əmək müqaviləsinin və qanunvericiliyin tələbləri dəfələrlə pozulmuşdur. İddiaçının işdə ona qərəzli yanaşılması ilə bağlı iddiası da tamamilə əsassızdır. İddiaçıya işlədiyi dövr ərzində şöbə müdiri və digər işçilər tərəfindən dəstək verilmiş, həmçinin verilən tapşırıqların icrası ilə bağlı şöbə müdiri tərəfindən müvafiq izahlar verilmişdir. Həmçinin iddiaçı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsinin tələblərini pozaraq X2 Dövriyyəsi sistemindən şəxsi məqsədləri üçün istifadə etmiş, subordinasiya qaydalarını pozaraq bilavasitə rəhbərinin icazəsi olmadan Azərbaycan Respublikasının energetika naziri cənab Pərviz Şahbazova məktub. Həmçinin iddiaçının dövlət qulluqçularının vəzifə maaşına 1.1 misli həcmində müəyyən edilmiş əlavənin sınaq müddəti ərzində ona şamil edilib edilməməsi məsələsi ilə bağlı X4 Şurasına ünvanlandığı məktub ilə bağlı işdən çıxarılması məsələsi tamamilə əsassız və absurddur. Belə ki, həmin məktub iddiaçının staj dövründə - 17 yanvar 2024-cü il tarixində Şuraya ünvanlanmışdır. Həmin məsələyə görə şöbə müdiri-kuratorun ona qərəzli yanaşması olsa idi, tərəfindən iddiaçı ilə bağlı müsbət rəy verərək sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinə icazə verilməzdi. Həmçinin, iddiaçının həmin məsələ ilə bağlı şuraya ünvanlandığı məktubla bağlı müvafiq araşdırma aparılmış və iddiaçıya bununla bağlı müvafiq cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, ona uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, əmrin surəti ona bugünədək təqdim edilməmiş, habelə əmək kitabçası ona iyun ayının 10 təqdim edilmişdir. Bunu sübut edən təhvil-təslim aktı var. Eyni zamanda şöbə müdiri tərəfindən təqdimatda onun şəxsi keyfiyyətləri barədə mənfi fikir bildirilsə də, dövlət qulluğu imtahanından keçərkən onun şəxsi keydiyyətləri yüksək qiymətləndirilmişdir, habelə barəsində bir dəfə də olsun insan tənbeh tədbiri tətbiq edilməmiş, xəbərdarlıq edilməmişdir. Hesab edir ki, heç bir xidməti araşdırma aparılmadan, sadəcə şöbə müdirinin təqdimatına əsaslanaraq onun işdən azad edilməsi qanunsuz və əsassız olmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili bildirmişdir ki, işdən çıxma barədə əmrin məzmunu Əmək Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Belə ki, əmrdə təşkilatın hüquqi ünvanı göstərilməmişdir. Bu isə həmin əmrin mübahisəyə baxan məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsasdır. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi H.Həsənli etiraza uyğun çıxış edərək, həmçinin bildirmişdir ki, əmr sistem vasitəsilə hazırlandığı üçün blank avtomatik verilir, o ki qaldı əmrin iddiaçıya təqdim edilməməsinə, iddiaçı həmin əmrin surətini iddia ərizəsinə qoşma sənədlərə əlavə etmişdir. Təqdim olunmasa əlavə edilə bilməzdi. İddiaçı şöbə müdirinin ona qarşı X8 əlavələrlə bağlı yazdığı məktuba görə qərəzli münasibətinin olduduğunu iddia etsə də, bu əsaslı olmamışdır. Belə ki, həmin məktub yazıldıqdan sonra iddiaçı şöbə müdiri tərəfindən sınaq dövrünə keçirilməzdi. İddiaçının işdən azad edilməsinə əsas səbəb onun intizam qaydalarını pozması, habelə verilən tapşırıqları düzgün və vaxtında icra etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Aslanov iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı sınaq dövründə özünü doğrultmamış və nəticədə rəhbərinin təqdimatı əsasında barəsində əsaslı olaraq işdən çıxma əmri tərtib edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirinin 27 iyul 2023-cü il tarixli, 3-15/3-2- 424/2023 nömrəli əmrinə əsasən iddiaçı 2023-cü il 28 iyul tarixindən 6 (altı) ay müddətinə stajçı kimi Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında bağlanmış 28 iyul 2023-cü il tarixli əmək müqaviləsinə əsasən o, 6 ay müddətinə stajçı kimi dövlət qulluğuna qəbul edilmişdir. Müqavilənin müddəti xx.xx.2024-cü ilədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin 29 yanvar 2024-cü il tarixli 3-15/3- 2-46/2024 nömrəli əmrinə əsasən enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi – stajçı İddiaçı 29 yanvar 2024-cü il tarixindən 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. İddiaçı ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında 29 yanvar 2024-cü il tarixdə üç ay müddətinə Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsi (kontraktı) bağlanmışdır. İddiaçıya ünvanlanmış 24 aprel 2024-cü il tarixli Bildiriş (Xəbərdarlıq) məktubunda göstərilmişdir, ki sınaq müddətində vəzifə təlimatına və qulluq funksiyalarına uyğun davranış nümayiş etdirmədiyinə, verilən tapşırıqları tələb olunan səviyyədə yerinə yetirmədiyinə və dəfələrlə əmək intizamını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə 29 aprel 2024-cü il tarixindən xitam veriləcəkdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin 27 aprel 2024-cü il tarixli, 3-15/3-2- 223/2024 nömrəli əmri ilə Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi olan iddiaçının sınaq müddəti ərzində özünü doğrultmadığına görə 29 aprel 2024-cü il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əmrdə onun verilməsinə əsas kimi Enerji səmərəliliyi şöbəsinin müdiri - Kurator N.S.Bağırlının xx.xx.2024-cü il tarixli, 3-15/3-9-1791/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-15/3- 102/2024 nömrəli mənfi rəyləri göstərilmişdir. Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı tərəfindən Azərbaycan Respublikası energetika naziri cənab Pərviz Şahbazova ünvanlanan 3 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 2023-cü ilin 3 fevral tarixindən İddiaçı Enerji səmərəliliyi şöbəsində İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə müqavilə əsasında, sonra həmin ilin 28 iyul tarixində isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı olaraq işə alınmışdır. Staj müddəti cari ilin yanvar ayının 28-də sona çatmış və 3-15/3-2-46/2024 nömrəli əmrə əsasən 3 aylıq sınaq müddətinə işə alınmışdır. Sınaq müddətinə keçməsi üçün ona şans verilməsinə baxmayaraq, İddiaçı bu müddət ərzində əvvəlki davranışına sadiq qalmış, verilən tapşırıqlara gərəkli münasibət göstərməmişdir. Belə ki, ona verilən tapşırıqları vaxtında və ya öncədən tərəfindən verilmiş izaha (təlimata) baxmayaraq tələb olunduğu şəkildə icra etməmişdir. Eyni zamanda əlavə etmişdir ki, bir insanın iş keyfiyyətinin, kollektivdə işləmə bacarığının əsasını onun şəxsi keyfiyyətləri, xarakteri təşkil edir. Özünütənqid, təvazökarlıq, dürüstlük, fədakarlıq kimi xüsusiyyətləri işlədiyi müddət ərzində İddiaçı biruzə verməmiş, şəxsi mənafeyi yönündə hərəkət etdiyi nəzərə çarpmışdır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı Enerji səmərəliliyi şöbəsində fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun görməmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Siqur proqramından götürülmüş məlumatlara əsasən iddiaçı xx.xx.2023-xx.xx.2024 tarixlər aralığında 35 dəfə işə gecikmişdir. Şifahi məhkəmə baxışı iclasında şahid qismində iştirak edən N.Bağırlı izahatında bildirdi ki, iddiaçı barəsində təqdimatın yazılmasına səbəb sınaq müddətində onun özünü doğrulmadığı olmuşdur. O, iddiaçıdan 6 aylıq staj dövründə də narazı idi. Belə ki, Dövlət qulluğu və kadrlar şöbəsi tərəfindən ona verilən məlumata görə iddiaçı tez-tez dəhlizdə gəzirdi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işə tez-tez gecikirdi. X8 əlavələrlə bağlı yazdığı məktuba münasibətdə qeyd edilməlidir ki, bu onun şöbəsi tərəfindən müəyyən edilən bir məsələ deyil və buna görə o, iddiaçıya qarşı qərəzli münasibət göstərə bilməz. İddiaçının dövlət qulluğu imtahanından keçərkən onun şəxsi keyfiyyətlərinin tərəfindən yüksək qiymətləndirilməsinə münasibətdə qeyd edir ki, iddiaçı onun şöbəsinin əməkdaşı olmuş və o, iddiaçının dövlət qulluğu imtahanına hazırlaşmasına özü şərait yaratmışdır. O, iddiaçıya yüksək bal verərək imtahandan keçməsinə köməklik göstərmişdir. Lakin sonra iddiaçıda bir növ arxainlıq hissi yaranmış və o, ona verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməməyə başlamışdır. İddiaçı barəsində xidməti araşdırmanın aparılmamasına gəldikdə qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq xidməti araşdırma yalnız dövlət qulluqçuları barəsində aparılır. İddiaçı isə daimi dövlət qulluqçusu olmamışdır. İddiaçı özünün də etiraf etdiyi kimi onun verdiyi tapşırığı yerinə yetirməyi unutmuş, lakin dəfələrlə öz mənafeyi naminə məsələləri müzakirə etmək üçün onun yanına gəlmişdir. Bu da onun öz mənafeyi naminə hərəkət etdiyini göstərir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin 29 aprel 2024-cü ildən işdən azad olunmağı barədə xx.xx.2024-cü il tarixli 3-15/3-2-223/2024 saylı əmrin ləğv edilməsini, 30 aprel 2024-cü ildən etibarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməyini, Dövlət qulluğu haqqında Qanuna əsasən müvafiq ixtisas dərəcəsinin verilməsini, əvvəlki vəzifəsinə bərpa olunmağını, məcburi iş buraxma ilə bağlı müddət ərzində almadığı dövlət məvacibinin (vəzifə maaşı, əlavələr və mükafatlar) hesablanaraq ona ödənilməsini və əmək kitabçasında xitamın əsası barədə müvafiq düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı əmri qanunvericiliklə tələb olunan 30 gün ərzində mübahisələndirdiyindən iddia tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir (1.1.1.). Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır (27.1.). Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir (28.1.). Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir (28.2.). Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər (28.3.). Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir (28.4.). Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (28.7.). İşdən göründüyü kimi iddiaçı 27 iyul 2023-cü il tarixindən 6 (altı) ay müddətinə stajçı kimi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş, 29 yanvar 2024-cü il tarixindən 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş, 27 aprel 2024-cü il tarixli əmrlə sınaq müddəti ərzində özünü doğrultmadığına görə 29 aprel 2024-cü il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə onun verilməsinə əsas kimi Enerji səmərəliliyi şöbəsinin müdiri - Kurator N.S.Bağırlının xx.xx.2024-cü il tarixli, 3-15/3-9-1791/2024 nömrəli mənfi rəyi göstərilmişdir. İddiaçı hazırda həmin əmrin əsassız olduğunu iddia edərək əmrin ləğv edilməsini xahiş edir. İddiaçının əsas dəlilləri ondan ibarət olmuşdur ki, ona qarşı şöbə müdiri – kurator Nərgiz Bağırlı tərəfindən qərəzli münasibət göstərilmiş, bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının Energetika Nazirinə mənfi təqdimat verilmiş, işdən azad edilməsi zamanı barəsində hər hansı xidməti araşdırma aparılmamış, izahatı alınmamış, mənfi təqdimat ona təqdim edilməmiş və işdən azad edilməsinin əsasını şöbə müsirinin ona qarşı qərəzli münasibəti təşkil etmişdir. “Dövlət qulluğu haqqında” Qanunda göstərilmişdir ki, dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir (1.1.3.). İntizam məsuliyyəti – dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət növüdür (1.1.26.). Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur (25.1.). Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: töhmət; bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; ixtisas dərəcəsinin bir pillə aşağı salınması; dövlət qulluğundan azad edilməsi (25.2.). Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur (25.3.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi dövlət qulluqçusu dedikdə daimi dövlət qulluğuna qəbul edilmiş və ixtisas dərəcəsi verilmiş dövlət orqanının işçisi nəzərdə tutulur. Belə olan halda stajçı kimi və ya sınaq müddəti ilə dövlət qulluğu vəzifəsinə qəbul edilmiş şəxs qeyd edilən qanunda nəzərdə tutulmuş “dövlət qulluqçusu” kateqoriyasına aid edilə və “dövlət qulluqçusu” üçün qanunla müəyyən edilmiş bütün prosedurlar ona aid edilə bilməz. Buradan belə nəticə çıxır ki, qeyd edilən Qanunun 25.2-ci maddəsi ilə müəyyən edilmiş intizam tənbeh tədbirləri və həmin tədbirlərin həyata keçirilməsi üçün Qanunun 25.3-cü maddəsi ilə nəzərdə tutulmuş prosedur qaydalar yalnız daimi dövlət qulluğuna qəbul edilmiş şəxslərə aiddir və stajçı kimi və ya sınaq müddəti ilə dövlət qulluğu vəzifəsinə qəbul edilmiş şəxslərə aid edilə bilməz. Göründüyü kimi iddiaçı stajçı kimi dövlət orqanına işə qəbul edilmiş, sonradan sınaq müddəti ilə dövlət qulluğuna götürülmüş və sınaq müddətində özünü doğrultmadığı üçün təyin edilmiş kurator tərəfindən verilmiş mənfi rəyə əsasən işdən azad edilmişdir. Belə olan halda isə Qanunda iddiaçı ilə bağlı xidməti araşdırmanın aparılması, onun izahatının alınması və qanunda nəzərdə tutulmuş prosedurların həyata keçirilməsi zərurəti müəyyən edilməmişdir. İddiaçı işdən azad edilməsinin şöbə müdiri tərəfindən ona qarşı qərəzli münasibətilə əlaqələndirsə də, bunun əsaslarını sübut edə bilməmişdir. Belə ki, iddiaçının X6 Şurasına müraciəti onun staj dövründə baş vermiş və buna baxmayaraq staj dövründən sınaq müddəti dövrünə keçirilmişdir. Eyni zamanda iddiaçının əmək intizamını pozaraq dəfələrlə işə gecikməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron çıxarışlarla öz təstiqini tapır. Bu səbəbdən məhkəmə iddiaçının ona qarşı qərəzli münasibət səbəbindən işdən azad edilməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Cavabdeh tərəfindən verilmiş 27 aprel 2024-cü il tarixli, 3-15/3-2-223/2024 nömrəli əmrin forma məzmunu ilə bağlı ididaçının nümayəndəsinin bildirdikləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bundan sonra – Əmək Məcəlləsi) göstərilmişdir ki, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir (5.2). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər (84.1.). Göründüyü kimi cavabdeh tərəfindən verilmiş 27 aprel 2024-cü il tarixli əmr yuxarıda qeyd edilən rekvizitlərə malikdir və bu səbəbdən əmrin forması ilə bağlı qanunvericilikdə qeyd edilən rekvizitlərin göstərilməməsi ilə bağlı iddiaçı tərəfin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı “barəsində qəbul edilən 29 aprel 2024-cü ildən işdən azad olunması barədə xx.xx.2024-cü il tarixli, 3-15/3-2-223/2024 saylı əmrin ləğv edilməsi, 30 aprel 2024-cü ildən etibarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməsi, “Dövlət qulluğu haqqında” Qanuna əsasən müvafiq ixtisas dərəcəsinin verilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma ilə bağlı müddət ərzində almadığı dövlət məvacibinin (vəzifə maaşı, əlavələr və mükafatlar) hesablanaraq ona ödənilməsi və əmək kitabçasında xitamın əsası barədə müvafiq düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar