Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1012/2025 02.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 20550 manat sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2021-ci ilin oktyabr ayında Tərtər rayonunun Çaylı kəndində yerləşən 17 ha torpaq sahəsində arpa bitkisi əkmiş, həmin əkdiyi sahə ilə bağlı Aqrar Sığorta Fondunun İdarə heyətinin xx.xx.2020-ci il tarixli, 17/20 №-li qərarı ilə təsdiq edilmiş kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığorta şəhadətnaməsi tərtib olunmuş və əkdiyi arpa təşkilat tərəfindən 100% sığortalanmışdır. Lakin, 2022-ci ildə havanın quraqlıq keçməsinə və iddiaçının əkdiyi 17 ha torpaq sahəsi su ilə təchiz olunmadığına görə ona 100% miqdarında ziyan dəymişdir. Lakin mütəxəssislər tərəfindən bu 91% göstərilmişdir. İddiaçı tərəfindən cavabdeh Aqrar Sığorta Fonduna sığorta pulunun alınması ilə əlaqədar rəsmi müraciət olunmuş, lakin 18 oktyabr 2023-cü il tarixli 12-9/2-B-42-557/2023 nömrəli məktubla ona imtina verilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 6771/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş, iş icraata götürülmüş və üç dəfə məhkəmə prosesi keçirilmişdir. xx.xx.2024-cü il tarixdə e-2-2(113)- 934/2024 saylı qərardadla Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə və 261.0.8-ci maddəsinə əsasən kommersiya işinin icraatına xitam verilməsi barədə qərardad çıxarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyası xx.xx.2024-cü il tarixdə, 2-2(103)-609/2024 saylı saylı qərardadla işə inzibati məhkəmədə baxılmasını əsas götürərək şikayətə baxmamışdır. Cavabdeh Aqrar Sığorta Fondu tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, ölkədə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və “Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Fond təsis edilmişdir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ yetişdirilən heyvanlar üzrə 1 növ məhsul daxildir. Həmçinin, Azərbaycan Respublikasasən akvakulturnetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi" təsdiq edilmişdir. Bildirilmişdir ki, İddiaçı ilə Fondun adından "xxxx" ASC arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-AS nömrəli sığorta müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən ona məxsus arpa bitkisi üzrə əkin sahəsinə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərinin baş verməsi nəticəsində sığortalanmış məhsula dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Təminat müddəti ərzində sığortalı şəxsdən üçüncü şəxslərin hərəkətləri (suyun verilməməsi) nəticəsində sığorta hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra - Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir və ekspert tərəfindən zərərin qiymətləndirilməsi həyata keçirilərək müvafiq rəy tərtib edilmişdir. Qaydaların 2.2.4-cü yarımbəndinin 10-cu abzasına əsasən, üçüncü şəxslərin hərəkətləri dedikdə sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər başa düşülür. Qaydaların 1.21.1-ci yarımbəndinə əsasən sığorta ödənişi həmin yarımbənd ilə müəyyən edilən sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. Həmin yarımbəndin 6-cı abzasına əsasən üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənədin olması sığorta ödənişinin edilməsi üçün əsasdır. Qaydaların 1.21.2-ci yarımbəndinə əsasən, müvafiq faktı təsdiq edən sənədin toplanması vəzifəsi idarəedici quruma, yəni "xxxx" ASCyə aid olduğundan onun tərəfindən 2022-ci il 5 oktyabr tarixli DT/3.1.1-2-2022/738 nömrəli məktubla Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsinə sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq daxil olmuş 7 aprel 2023-cü il tarixli 116 və 11 avqust 2023-cü il tarixli 223 nömrəli məktublara əsasən üçüncü şəxslərin hərəkəti kimi sığorta hadisəninin baş verməsi halı təsdiq edilməmişdir. Belə ki, müvafiq məktubda sığortalı şəxs ilə müvafiq sudan istifadə edənlər birliyi arasında suyun verilməsi ilə bağlı müqavilə imzalanmadığı qeyd olunmuşdur. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Qaydaların 1.22.1-ci bəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edir. Həmçinin AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi İddiaçı ilə bağlanmış sığorta müqaviləsi üzrə üçüncü şəxslərin hərəkəti nəticəsində zərər dəyməsi (suyun verilməməsi) faktı müvafiq səlahiyyətli dövlət orqanı, Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmədiyindən nəticədə Fond tərəfindən sığorta hadisəsi mövcud olmadığı əsası ilə sığorta ödənişinin verilməsindən imtina barədə qərar (2023-cü il 18 avqust tarixli 12-9/2-B-42-557/2023 nömrəli məktub ilə) qəbul edilmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında hazırkı iddia tələbinə inzibati məhkəmə icraatında baxılmalı olmadığından iddianın mümkün sayılmamasını xahiş etdi. İşin halları BS-**********-AS nömrəli Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə Sığorta Şəhadətnaməsinə əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası məqsədilə Aqrar Sığorta Fondu adından "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddəti əhatə edən sığorta müqaviləsi bağlanmışdır. Aqrar sığorta müqavilələrinin bağlanmasına dair razılaşmaya 1 nömrəli əlavədən görünür ki, BS-**********-AS nömrəli Sığorta Şəhadətnaməsinə əsasən, Tərtər rayonu, Çaylı kəndində yerləşən 17 ha əkin sahəsinin sığorta məbləği 22550.50 manat təşkil edir. Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X3 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Tərtər rayonu, Çaylı kəndi ərazisində əkinçiliklə məşğul olan İddiaçı Əşrəf oğlu ilə X3 idarəsi arasında suvarma təminatı ilə bağlı heç bir sənəd imzalanmamışdır. Aqrar Sığorta Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətinizdə Tərtər rayonu, Çaylı kəndində yerləşən arpa sahəsinə üçüncü şəxsin hərəkətləri (suyun verilməməsi) nəticəsində zərər dəyməsi qeyd olunmuşdur. Fondun Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X3 İdarəsinə ünvanlanan sorğusuna (xx.xx.2023-ci il) 11 avqust 2023-cü il tarixli 223 nömrəli məktub ilə cavab verilmiş və sığorta hadisəsinin baş vermə halı təsdiq edilməmiş (üçüncü şəxsin hərəkəti təminatı üzrə), sığortalı ilə X3 İdarəsi arasında müqavilənin imzalanmaması qeyd olunmuşdur. Qeyd olunanlara əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-AS saylı sığorta müqaviləsi əsasında sığortalanan arpa sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən ona sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-6771/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü i tarixli, 2-2(103)-607/2024 nömrəli qərardadına əsasən, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-934/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, İddiaçı xx.xx.2010-cu ildə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda düşmüş, fəliyyətini müvəqqəti dayandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin e-2(102)-2041/2025 saylı xx.xx.2025-ci il tarixli Qərarı
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, BS-**********-AS nömrəli Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə Sığorta Şəhadətnaməsinə əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası məqsədilə Aqrar Sığorta Fondu adından "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddəti əhatə edən sığorta müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə müraciət edərək, Tərtər rayonu, Çaylı kəndində yerləşən arpa sahəsinə üçüncü şəxsin hərəkətləri-suyun verilməməsi nəticəsində zərər dəydiyi üçün sığorta pulunun ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh tərəfindən 20550 manat məbləğində sığorta ödənişinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, xüsusi hüquq münasibətləri ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında sığorta müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər öz üzərinə müvafiq öhdəlik götürmüşlər. Hazırkı iddia tələbi qeyd olunan müqavilə münasibətlərindən əmələ gələn mübahisədir. Müqavilə münasibətlərinin tərəfləri isə bərabər mövqedə, öz iradələrini ifadə etməkdə sərbəst olurlar və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdadır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati hüquq münasibətləri tərəflər arasında yaranan ümumi (publik) hüququn nizamasalma predmetinə aid olan münasibətlərdir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq isə onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, Aqrar Sığorta Fonduna qarşı hazırkı iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva