Məhkəmə qərarları › İş №2-1(114)-1080/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1080/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1080/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “maddi ziyanın və kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən dəymiş maddi ziyana görə 100000 (yüz min) manat və kirayə haqqı kimi 7400 (yeddi min dörd yüz) manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının X1ndan ona keçmişdir. X1 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. 2018-ci ildə cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ona məxsus Vəli Xuluflu küçəsində yerləşən 139 nömrəli fərdi yaşayış evini sökdürüb dağıtmışdır. Gəncə Şəhər İcra Hakimiyyətinin həmin evin uçurdulması ilə bağlı hər hansı bir sənədi olmamışdır. İddiaçı 2018-ci ildən bu günə kimi kirayədə yaşayır. Cavabdeh tərəfindən ona heç bir vəsait ödənilməmişdir. O, hesab edir ki, ünvan 2 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olduğundan cavabdeh inzibati orqan tərəfindən heç bir məhkəmə qərarı olmadan söküldüyündən dövlət (inzibati orqan) tam həcmində məsuliyyət daşıyır və 100 000 (yüz min) manatın kompensasiya edilməsi və kirayə haqqı kimi 7400 (yeddi min dörd yüz) manatın tutulması təmin edilməlidir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024, 2.10.2024, xx.xx.2025-ci il tarixli məktublarda göstərmişdir ki, iddiaçı öz iddiasında qeyd edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyü üçün ona kompensasiya ödənilməlidir. İddiaçı iddia etdikləri ilə bağlı məhkəməyə əsaslı sübut təqdim etməmişdir. İddiaçıya məxsus hər hansı tikilinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qərar verilməmiş, həmin ərazidə dövlət vəsaiti hesabına tikinti işləri aparılmamış, torpaqların dövlət ehtiyacı üçün alınması zərurəti olmamışdır. Odur ki, Gəncə Şəhər İcra Hakimiyyətinin heç bir hərəkəti və ya hərəkətsizliyi nəticəsində İddiaçı zərər dəymədiyindən iddiaçının tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X9 küçəsində yerləşən 400,0 kv.m torpaq sahəsində İddiaçı Abuzər qızı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət Reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli arayışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə şəhər 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 2V-45 reyestr nömrəsi, V-28/2024 vərəsəlik nömrəsi ilə təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi qızı – İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi olan miras əmlakdan tam hissədə pay almalıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyətinin hər hansı hərəkəti və hərəkətsizliyi nəticəsində İddiaçı maddi ziyan dəymədiyindən kompensasiyanın ödənilməsi mümkün deyildir. X6 Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, filialda mühafizə olunan Gəncə Şəhər İcra Hakimiyyəti arxiv fondunun 2018-ci il üzrə sərəncamları yoxlanılmış, İddiaçı adına ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi haqqında sərəncam aşkar olunmamışdır. Həmçinin bildirilmidir ki, X6 filialında mühafizə olunan Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti arxiv fondunda İddiaçı adına xx.xx.2018-ci il tarixli 635 saylı fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi haqqında sərəncam aşkar olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia kompensasiyanın ödənilməsi tələbinə dair iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ona məxsus olan evin sökülməsi ilə əlaqədar maddi ziyanın və kirayədə yaşamasına görə kirayə haqqının ödənilməsini xahiş edir. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, ünvan 2 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. 2018-ci ildə cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ona məxsus olan fərdi yaşayış evini sökdürüb dağıtmışdır. Gəncə Şəhər İcra Hakimiyyətinin həmin evin sökülməsi ilə bağlı hər hansı bir sənədi olmamışdır. Həmin tarixdən bu günə kimi kirayədə yaşayır. İddiaçı qeyd olunan tələblə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin hər hansı hərəkəti və hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan dəymədiyi əsası ilə kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını qanuni hesab edir. Belə ki, əvvəla qeyd edilməlidir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsini iddia etsə də, qeyd olunan halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən iddiaçıya məxsus olan fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsi ilə bağlı rəsmi sənədlərin mövcudluğu ilə bağlı sorğusu verilsə də, hər hansı sənəd əldə etmək mümkün olmamışdır. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 2 ünvanında əvvəl tikili mövud olsa da, hazırda heç bir tikili yoxdur. Həmin ünvanda hər hansı dövlət əhəmiyyətli tikinti işləri aparılmamış, avtomobil yolu çəkilməmişdir və hazırda boş torpaq sahəsi mövcuddur. Məhkəmə iddiaçının onun evinin həmin ərazidə olan avtomobil yolunun digər hissəsinə uyğun olaraq genişləndirilməsi məqsədilə sökülməsi əsası ilə bağlı qeyd edir ki, qeyd olunan ünvanda yerləşən avtomobil yolunun digər hissəsinə uyğun olaraq genişləndirilməsi nəzərdə tutulmuş olsa belə, iddiaçıya məxsus olan fərdi yaşayış evinin yerləşdiyi ünvan yolun digər hissəsinə uyğun olaraq genişləndirilməsi üçün zəruri olan hissədə deyil, kənarda yerləşir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsini bildirsə də, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla iddiaçının evinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi təsdiq edilmir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.7 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar