Məhkəmə qərarları › İş №2-1(114)-109/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-109/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-109/2021 24.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2018-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) 1997-1998 və 2003-2006-cı ildə ona verilən əmlaklara və torpaq sahələrinə çıxarış almaq məqsədilə müraciət etmişdir. Cavabdehin xx xxxxx 2018-ci il tarixli **********12 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12 saylı qərarı ilə verilmiş süd ferması və anbar binası ilə bağlı mübahisənin olduğu müəyyən edilmiş, Tahir adlı şəxs həmin binaların ona məxsus olduğunu bildirmişdir. Samux rayonu Qarayeri bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 24 saylı qərarı ilə ayrılmış 1,97 ha torpaq sahəsinin naturada sərhədlərinin müəyyən edilməsinə dair torpaq sahəsinin planı və ölçü sənədi təqdim edilməmiş, bələdiyyənin qərarında torpaq sahəsinin hansı məqsədlər üçün ayrılması qeyd edilməmişdir. Həmin qərarla ayrılmış, faktiki iddiaçının istifadəsində olan 0.30 ha torpaq sahəsinə müayinə baxışı zamanı torpaq sahəsinin 0,06 ha hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, torpaq sahəsinin bir hissəsinin orta məktəbin torpaq sahəsi ilə üst-üstə düşdüyü, faktiki iddiaçının istifadəsində olan 0,30 ha torpaq sahəsinin cənub tərəfindən yüksək gərginlikli elektrik xəttinin (10kV-luq) keçdiyi müəyyən edilmişdir. Samux rayonu Qarayeri bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 24 saylı qərarı ilə ayrılmış 0,60 ha torpaq sahəsinin faktiki olaraq 0,3573 ha olduğu və həmin sahənin 0,17 ha hissəsinin 1 saylı orta məktəbin torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Samux rayonu Qarayeri bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 24 saylı qərarı ilə ayrılmış 0,77 ha torpaq sahəsinin bir hissəsində başqa vətəndaşa məxsus fərdi yaşayış evinin inşa edildiyi və digər sahədən oyun (futbol) meydançası kimi istifadə olunduğu müəyyən edilmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının 04 saylı iclas protokoluna əsasən xx.xx.1997-ci il tarixli, 14 nömrəli qaimə ilə verilmiş idarə binasının akt zalı, otaqlar və 0,10 ha torpaq sahəsi ilə bağlı Samux rayon K.Kazımov adına YİEM X17 Komissiyasının qərarı, həmin qərarın təsdiq edilməsi barədə Samux rayon Aqrar islahat Komissiyasının qərarı, əmlakın təhvil-təslim aktı, torpaq sahəsinin ayrıc aktı təqdim edilməmişdir. Samux rayonu, Qarayeri bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli, 14 saylı qərarı ilə X9 “Qara-Çanaq” firmasının özəl şərab odunun yerləşdiyi 3 ha torpaq sahəsi ilə bağlı olaraq bildirilmişdir ki, həmin torpaq sahəsinin cənub tərəfindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi və X7 mülkiyyətində olan qeyri-yaşayış binası (şərab emalı sexi) üzərində vərəsəlik qaydasında İddiaçı mülkiyyət hüququnun tanınması barədə Samux rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(058)- 1691/2017 saylı qətnaməsi 3 saylı Gəncə Ərazi idarəsinə daxil olmuş, aparılan araşdırma zamanı həmin qeyri-yaşayış binasının ipoteka ilə yüklü edildiyi müəyyən olunmuşdur. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmış 250.0 kv.m torpaq sahəsinin naturada sərhədlərini müəyyən edəcək torpaq sahəsinin planı və ölçüsü və ya əsas döngə nöqtələrinin koordinatları barədə bələdiyyə tərəfindən təsdiq edilmiş arayış təqdim edilməmişdir. Qeyd olunan uyğunsuzluqları nəzərə alaraq ərizəni icrası mümkün olmamışdır. Uyğunsuzluqlar aradan qaldırılaraq qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin təqdim olunacağı qanunamüvafiq tədbirlərin görüləcəyi təmin ediləcəkdir. Bundan sonra, iddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək ferma, anbar və onların yerləşdiyi 0,30 ha torpaq sahəsinə, 0,60 ha torpaq sahəsinə (şənlik evi), 0,77 ha torpaq sahəsinə, İdarə binasının akt zalı, otaqları və 0,30 torpaq sahəsinə, Şərab zavodunun 3 ha torpaq sahəsinə, Daşkəsən rayon Xoşbulaq ərazisində 250 kv.m torpaq sahəsinə, X3 adına olan qoyun yatağına, quzu damına, çoban otağına, X5 28 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı “iddianın dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək Samux rayon K.Kazımov adına üzümün istehsalı və emalı müəssisəsinin AİK-nin xx xxxx 1999-cu il tarixli 9 saylı, Samux rayon AİK-nin xx xxxx 1999-cu il tarixli qərarına əsasən ona əmlak payı hesabına verilmiş süd ferması və anbar, Samux rayon K.Kazımov adına üzümün istehsalı və emalı müəssisəsinin AİK-nin xx.xx.1997-vi il tarixli 45 saylı məktubuna və Samux rayon AİK-nin 4 saylı iclas protokoluna əsasən ona satılmış idarə binasının 1 ədəd akt zalı və 7 ədəd otağa, Samux rayon X13 61/1 xx.xx.1995-ci il tarixli qərarına və “Tovarişestvo” kooperativinin xx.xx.2000-ci il tarixli qərarına əsasən əmlak payı hesabına X4 verilmiş qoyun yatağı, quzu damı və çoban otağına, Samux rayonu Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair akta əsasən süd ferması və anbarın yerləşdiyi yerdən İddiaçı satılmış 0,3 ha torpaq sahəsinə, Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair akta əsasən şənlik evinin yerləşdiyi ərazidən İddiaçı satılmış 0.6 ha torpaq sahəsinə, Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı- Satqısına dair akta əsasən Qarayeri qəsəbəsinin ərazisindən keçən Şəmkir maşın kanalının yanından İddiaçı satılmış 0.77 ha torpaq sahəsinə, Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair akta və X5 yaşayış evinin ərazisindən öz ərizəsi əsasında İddiaçı satılmış 0.3 ha torpaq sahəsinə, Samux rayon Qarayeri bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 14 taylı protokoluna, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2006-cı il tarixli Torpaqların Alqı- Satqısına dair akta əsasən şərab emal sexinin - ərazisindən İddiaçı verilmiş 3 ha torpaq sahəsinə, Samux rayon Qarayeri bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli 17 saylı qərarına DT və XK-nin Samux Şöbəsinin rəyinə və xx.xx.2004-cü il tarixli torpaqlann Alqı-Satıqısına dair akta əsasən X2 28 ha torpaq sahəsinə, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına, DT və XK-nın Daşkəsən şöbəsinin rəyinə və xx.xx.2007-ci il il tarixli Torpaqların Alqı-Satqısına dair akta əsasən ona satılmış 250 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmənin icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı tələblə cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Həmin imtinanı əsassız hesab edir. Ferma, anbar və onların yerləşdiyi 0.30 ha torpaq sahəsi ilə bağlı Reyestr Xidməti Tahir adlı şəxsin ferma, anbar onun olduğunu bildirməsini və mübahisəli olduğunu qeyd etmişdir. Halbuki, onun bütün sənədləri var, arxiv arayışı təqdim etmişdir, Tahir adlı şəxsin isə arxiv arayışı yoxdur, sənədləri də saxtadır. 0,30 ha torpaq sahəsi barədə fərdi yaşayış evi həyat yoldaşı X6 məxsusdur. Etibarnamə əsasında ona aid bütün əmlak iddiaçıya həvalə olunmuşdur. Orta məktəb dörd tərəfdən hasarın içindədir. Transformator və yüksək gərginlik xətti məktəbin həyətində yerləşir və məktəbə xidmət edir. 0.60 ha torpaq sahəsi haqqında iddiaçı bildirir ki, torpaq sahəsində ona məxsus şənlik evi yerləşir. Onun aldığı torpaq sahəsi ilə məktəbin arasında 50 il bundan əvvəl çəkilmiş 2,5 m hündürlüyündə hasar var, torpaqların üst-üstə düşməsi mümkün deyil. Torpaq sahəsi şənlik evi ilə birlikdə 0,60 ha təşkil edir. 0,77 ha torpaq sahəsini əhali həyətyanı torpaq sahəsi kimi istifadə edirdi, iddiaçı 1998-ci ildə həmin torpaq sahəsini onlardan almış, o vaxtlar sənədləşdirilmədiyindən bələdiyyə yaranandan sonra alqı-satqı yolu ilə bir daha almışdır. Qəsəbənin futbol meydançası olmadığından həmin yeri futbol meydançası etmiş və futbol komandasını yaradıb onların istifadəsinə vermişdir. Fərdi yaşayış evi isə futbol meydançasının qırağında öz gözətçisinə vermişdir. Həmin torpaqda mübahisə, narazılıq yoxdur. İdarə binasının akt zalı, otaqları və 10 ha torpaqla bağlı Kazımov adına Üİ və EM -nin xx.xx.1997-ci il tarixli 45 saylı məktubu və Samux rayon AİK - qərarı əsasında akt zalı, otaqlar və 0.10 ha torpaq sahəsi qaimə əsasında təhvil-təslim edilmişdir. Yoldaşının adına olan ev və aldığı tikililər bir dam örtüyünün altındadır, ona görə də hamısının altındakı torpaqları bir yerdə alqı-satqı etmişdir. Şərab zavodunun ərazisindən yüksək gərginlik xətti keçməsi barədə bildirir ki, torpaq sahəsi alınanda yüksək gərginlik xətti keçmirdi. 2017-ci ildə işıq idarəsi əhaliyə enerji vermək üçün xüsusi torpağıdan transformator quraşdırmaq üçün 9 kv.m, zavodun həyətindən 30 kv.m ərazi istədi. O, da razılıq verdi. Elektirk xətti hasardan 1 m aralı keçir. Zavodun 30000 m2 sahəsinin 30 kv.m sahəsindən elektrik xətti keçir. Əgər elədisə 29.970 m2 sahəyə çıxarış verilsin. Məhkəmənin qüvvədə olan qətnaməsi ilə atasına və anasına məxsus əmlakla onun adına keçməlidir, lakin 7 aydır ki, qətnamə icra olunmur. Cavabdeh iddiaya dair xx.xx.2019-cu il tarixli **********77 nömrəli etiraz təqdim etmiş, etirazda imtinadakı əsasları qeyd olunaraq iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(83)-859/2019 nömrəli qərarı ilə iddia təmin edilməmiş, həmin qərardan iddiaçı xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti vermiş və iş xx.xx.2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(104)-122/2020 nömrəli qərardadına əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(83)-859/2019 nömrəli qərarı ləğv edilmiş və iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(114)-1375/2020 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə prosesi zamanı iddiaçı “iddianın həcminin azaldılmasına dair” ərizə təqdim edərək Samux rayon K.Kazımov adına üzümün istehsalı və emalı müəssisəsinin AİK-nin xx xxxx 1999-cu il tarixli 9 saylı, Samux rayon AİK-nin xx xxxx 1999-cu il tarixli qərarına əsasən ona əmlak payı hesabına verilmiş süd ferması və anbarına; Samux rayonu Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair Akta əsasən süd ferması və anbarın yerləşdiyi yerdən ona satılmış 0,3 ha torpaq sahəsinə; Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair Akta əsasən şənlik evinin yerləşdiyi ərazidən ona satılmış 0.6 ha torpaq sahəsinə; Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair Akta əsasən Qarayeri qəsəbəsinin ərazisindən keçən Şəmkir maşın kanalının yanından ona satılmış 0.77 ha torpaq sahəsinə; DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akta əsasən şərab emalı sexinin ərazisindən X9 verilmiş 3 ha torpaq sahəsinə; Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair Akta və X5 yaşayış evinin ərazisindən öz ərizəsi əsasında İddiaçı satılmış 0.3 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)109/2021 saylı qərardadı ilə iddia tələbinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akta əsasən şərab emalı sexinin ərazisindən X9 verilmiş 3 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hissəsi mümkün sayılmamışdır. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 1999-cu ildə X17 komisiyasının sədri olmuş və xx.xx.1999-cu il və xx.xx.1999-cu il tarixli qərarlar iştirakı ilə qəbul edilmişdir. Bundan sonra uzun müddət Samux rayonu Qarayeri bələdiyyəsinin sədri olmuş və sədr olduğu zaman hazırda hüquqlarının qeydə alınmasını tələb etdiyi 1,97 ha torpaq sahəsinin ona satılmasına dair xx.xx.2003-cü il tarixli 24 saylı və mərhum atası X9 3 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli, 14 saylı qərarlar qəbul edilmişdir. Hesab edir ki, qeyd olunan ərazilər illərdir onun istifadəsindədir və mülkiyyət hüquqlarının qeydə alınmasından cavabdeh inzibati orqanın imtinası əsassızdır. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə araşdırmasında iddia tələbinə etiraz edərək, imtina məktubu və etirazın dəlillərinə uyğun izahat verərək tələbin təmin edilməməsini xahiş etmişdir. Tərəflərə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında iddiaçı və üçüncü şəxs iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin və üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxs onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12 saylı qərarı ilə İddiaçı dəyəri 17.000 manat olan süd ferması, 3.000 manat anbar verilmişdir. Samux rayon Dövlət Arxivinin 228 nömrəli xx.xx.2017-ci il tarixli arxiv arayışına əsasən İddiaçı K.Kazımov adına Üzüm İstehsalı və Emalı müəssisəsi X17 Komissiyasının xx.xx.1999-cu il tarixli 06 saylı protokoluna və Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 12 saylı qərarına əsasən xx.xx.1999-cu il tarixdə 117 nömrəli qaimə ilə süd ferması və anbar verilmişdir. Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı protokol-qərarına əsasən Quşqara çayının yaxınlığında yeməkxananı genişləndirmək məqsədilə sakinlərin həyət yanı böyründən 0,3 ha şənlik evinin ətrafından 0.6 ha yaşayış binasının yerləşdiyi yerdən 0,3 ha, kanalın yanından 0,77 ha sahəsi İddiaçı verilmişdir. DT və XK-nın Samux rayon şöbəsinin müdiri F.H.Tağıyevin rəyinə əsasən İddiaçı mal fermasının yerləşdiyi yerdən 0,3 ha; şənlik evinin ətrafından 0.6 ha yaşayış binasının yerləşdiyi yerdən 0,3 ha; kanalın yanından 0,77 ha, cəmi 1,97 ha torpaq sahəsinin alqısatqı yolu ilə ona satılması məqsədə müvafiq hesab edilmişdir. Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 14 saylı protokol-qərarına “Qara-Çanaq” özəl şərab zavodunun yerləşdiyi 3 ha torpaq sahəsi alqısatqı yolu ilə X1. DT və XK-nın Samux rayon şöbəsinin müdiri F.H.Tağıyevin rəyinə əsasən İddiaçı “Qara-Çanaq” özəl şərab zavodunun yerləşdiyi 3 ha torpaq sahəsinin alqı-satqı yolu ilə ona satılması məqsədə müvafiq hesab edilmişdir. Samux rayon Qarayeri bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 76 nömrəli məlumatına əsasən xx.xx.2003-cü il tarixli 24 saylı qərarlar və başqa sənədlər əvvəlki bələdiyyə tərəfindən təhvil verilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Göründüyü kimi hazırki məhkəmə araşdırılmasının predmeti Samux rayon Aqrar İslahat Komissiyasının qərarı və Samux rayonu Qarayeri bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 24 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahələri və əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlıdır. Məhkəmə tələbin birinci hissəsi -Samux rayon K.Kazımov adına üzümün istehsalı və emalı müəssisəsinin AİK-nin xx xxxx 1999-cu il tarixli 9 saylı, Samux rayon AİK-nin xx xxxx 1999-cu il tarixli qərarına əsasən ona əmlak payı hesabına verilmiş süd ferması və anbar üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı aşağıdakıları qeyd edir: «Aqrar islahatların əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasını və müxtəlifnövlü təsərrüfatların yaradılmasını aqrar islahatların əsas istiqamətləri kimi təsbit etmişdir (maddə 2). «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu da öz növbəsində bu bölmədə həyata keçirilən islahatın məqsədinin bazar iqtisadiyatına uyğun müxtəlifnövlü təsərrüfat formalarını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirməkdən ibarət olduğunu təsbit etmişdir. İslahatın vəzifələrinin isə sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsindən, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrüfatların inkişafından, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkilindən ibarət olduğu müəyyən edilmişdir (maddə 2). «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu həmçinin islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, habelə rayon və X17 komissiyalarının yaradılacağını və onların islahatların aparılması ilə əlaqədar yalnız səlahiyyətləri hüdudlarında cavabdehlik daşıdıqlarını müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının xx xxxx 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və X17 komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu bir daha təsbit edilmişdir. «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu islahatın məqsəd və vəzifələrinə, islahatın obyekt və subyektlərinə, islahatı aparan orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına, kolxozların əmlakının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlifnövlü müəssisələrin yaradılmasına, islahatın təminatına dair və s. məsələləri tənzimləyir. Qanunvericilikdə dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünəcəyi təsbit edilmiş və əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak paylarının müəyyənləşdirilməsinin qaydaları dəqiq göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi» Qaydaları isə sovxoz və digər kənd təsərrüfatı müəssisələrində əmlakın qiymətləndirilməsi, əmlakdan pay almaq hüququ olan şəxslərin və əmlak payının həcminin müəyyənləşdirilməsi, əmlakın təsərrüfatın üzvləri arasında bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi məsələlərini ətraflı tənzimləmişdir. «Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi» Qaydalarının: - 3. Əsas istehsal fondlarının tərkibinə binalar, tikililər, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, məhsuldar mal-qara, iş heyvanları, çoxillik əkmələr və digər əsas istehsal fondları daxildir. Binalar, tikililər, maşın və avadanlıqlar, bar verən çoxillik əkmələr yenidən qiymətləndirilərkən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş qiymətlərin artım əmsalları tətbiq olunur. - 9. Təsərrüfatın bölünəcək əmlakından pay almaq hüququ aşağıdakılara verilir: - sovxozların və digər dövlət kənd təsərrüfatı müəssisələrinin daimi işçilərinə; - kolxozların üzvlərinə; - kənd təsərrüfatı müəssisələrində işləmiş və sonralar təqaüdə çıxmış şəxslərə; - əvvəllər kənd təsərrüfatı müəssisələrində işləmiş və hazırda müddətli hərbi xidmətdə olan və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş şəxslərə. - 14. Təsərrüfatın əmlakı onun işçiləri arasında bir qayda olaraq natura şəklində bölünür. Təsərrüfatın üzvlərinə əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri işçilərə pul ifadəsində ödənilir. - 15. Təsərrüfatın hər hansı bir istehsal obyekti bir neçə şəxsə verilə bilər. Bu halda obyektin ümumi dəyəri işçilərin əmlak payına uyğun bölüşdürülür. Obyektin ümumi dəyəri ona sahib olan işçilərin əmlak payının cəmindən çox olarsa, yeni mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında istehsal obyekti üzrə qalan dəyərin fərqi üzrə ödənişlər aparıla bilər - 16. Əmlakın pay haqları üzrə bölüşdürülməsi mümkün olmadıqda, mövcud qanunvericiliyə uyğun olaraq həmin əmlakın satışı təşkil edilir və ya paylar birləşdirilərək onun hər bir üzvünün payı bəlli olmaqla birgə təsərrüfat yaradılır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12 saylı və xx.xx.1999-cu il tarixli qərarları ilə Samux rayon K.Kazımov adına üzümün istehsalı və emalı müəssisəsinə məxsus süd ferması və anbarı iddiaçıya verilmiş, həmin qərarlar iddiaçı tərfindən imzalanmışdır. Halbuki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən kənd təsərrüfatı müəssisələrinin əmlakı onun işçiləri arasında bölünməli, əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri işçilərə pul ifadəsində ödənilməlidir. Hazırkı mübahisə üzrə iddiaçı aqrar islahat komissiyasının sədri olduğu müddətdə kənd təsərrüfatı müəssisəsinin əmlakının ona verilməsi barədə qərar təqdim etsə də, həmin müəssisənin işçisi olduğunu təsdiq edən sənədi təqdim edə bilməmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı müəssisənin işçisi olmuş olsa belə, pay almaq hüququ olan yeganə şəxs olmadığından Samux rayon K.Kazımov adına üzümün istehsalı və emalı müəssisəsinin əmlakının yalnız iddiaçıya verilməsi qanunauyğun deyildir. Tələbin ikinci hissəsi -Samux rayon Qarayeri bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 24 saylı protokol-qərarı ilə satılmış sakinlərin həyətyanı sahələrinn böyüründən 0,3 ha, şənlik evinin ətrafından 0,6 ha, yaşayış binasının yerləşdiyi yerdən 0,3 ha, kanalın yanından 0,77 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı aşağıdakıları qeyd edir: «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun (qərar qəbul edilən zaman qüvvədə olan): - 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyənin səlahiyyətidir. - 6.1-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməsi göstərilmişdir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. - 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə; - 9.7-ci maddəsinə əsasən bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin (qərar qəbul edilən zaman qüvvədə olan): - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət istifadə və ya icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 2-ci bəndinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlarının ölçüsü müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla bələdiyyə tərəfindən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-8.0.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. - 7-ci bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti (rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri) orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. - 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-ci bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) yerquruluşu işlərini aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 48.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi bələdiyyə qərarlarının qəbulu, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri, mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, həmçinin mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları dəqiq müəyyən müəyyən edilmişdir Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçıya 1,97 ha torpaq sahəsinin ayrılması və onun mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyənin xx.xx.2003-cü il tarixli, 24 saylı protokol-qərarı qəbul edilsə də, həmin qərar yuxarıda qeyd olunan normalara uyğun qəbul edilməmişdir və yalnız bələdiyyə qərarının mövcudluğu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına əsas verməməlidir. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsi zamanı ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericilyiin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi), həmçinin ilkin torpaq ayrılan zaman müvafiq icra hakimiyyəti orqanları tərəfindən rəylərin tərtib edilib-edilməməsi istiqamətində araşdırılma aparılmalıdır. Məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin normalarının tələbinə əsasən bələdiyyə qərarı ilə bilavasitə torpaq sahəsinin ayrılması mümkün olsa da həmin torpaq sahəsinin yalnız hərraclar və ya müsabiqələr vasitəslə əldə edilməsi müəyyən edilmişdir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007- ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər). Lakin hazırki iş üzrə bələdiyyə tərəfindən hərrac və ya müsabiqəyə çıxarılmadan birbaşa cəmi 1,97 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2003-cü il tarixli, 24 saylı qərar qəbul olunmuşdur. Bundan başqa, bələdiyyə qərarı qəbul edilən zaman qüvvədə olan normalara uyğun olaraq torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə rayon icra hakimiyyəti orqanının memarlıq xidməti tərfindən rəy alınmamış, həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbəsi tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahələrinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zonası (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirilməmiş, yerquruluşu işləri aparılmamış və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü təsdiq edilərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə bələdiyyəyə təqdim edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən cəmi 1,97 ha torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı satılmasının məqsədəmüvafiq hesab edildiyi qeyd olumuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunur ki, bələdiyyə tərəfindən yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməmiş, habelə bələdiyyənin torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada və adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla həyata keçirilməmişdir.. Həmçinin, iddiaçı tərəfindən torpaq sahələrinin satılmasına dair bələdiyyə qərarları məhkəməyə təqdim edilsə də, Samux rayon Qarayeri bələdiyyəsinin rəsmi qaydada məhkəməyə verdiyi məlumata əsasən həmin qərarlar əvvəlki bələdiyyə tərəfindən təhvil verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 9.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. - 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Eyni zamanda, hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən torpaq sahəsinin ayrılması (satılması) barədə qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaqda və ya məhkəmədə iddia qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı Samux rayon K.Kazımov adına üzümün istehsalı və emalı müəssisəsinin AİK-nin xx xxxx 1999-cu il tarixli 9 saylı, Samux rayon AİK-nin xx xxxx 1999-cu il tarixli qərarına əsasən ona əmlak payı hesabına verilmiş süd ferması və anbarına, Samux rayonu Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair Akta əsasən süd ferması və anbarın yerləşdiyi yerdən ona satılmış 0,3 ha torpaq sahəsinə, Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair Akta əsasən şənlik evinin yerləşdiyi ərazidən ona satılmış 0.6 ha torpaq sahəsinə, Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair Akta əsasən Qarayeri qəsəbəsinin ərazisindən keçən Şəmkir maşm kanalının yanmdan ona satılmış 0.77 ha torpaq sahəsinə, Samux rayon Qarayeri qəsəbə bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 24 saylı qərarına, DT və XK-nin Samux rayon şöbəsinin rəyinə və xx.xx.2003-cü il tarixli Torpaqların Alqı-Satqısına dair Akta və X5 yaşayış evinin ərazisindən öz ərizəsi əsasında İddiaçı satılmış 0.3 ha torpaq sahəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 282 (iki yüz səksən iki) manat məbləğində torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci tutularaq Kadastr və Yerquruluşu Layihə- Tidqiqat Mərkəzinin, VÖEN **********, müxbir hesab- AZ37NABZ********************,SWİFT- AİİBAZ2X,AZ23AİB**********37017781 07 nömrəli hesabına keçirilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar