Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1092/2021 27.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, “30.03.2020-ci il tarixli **********7847 nömrəli, 19.02.2020-ci il tarixli **********2851 nömrəli və 19.02.2020-ci il tarixli, **********2849 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq iclasında baxaraq müəyyən e t d i: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.02.2020-ci il tarixli, **********2849 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.02.2020-ci il tarixli, **********2851 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən və 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.03.2020-ci il tarixli **********7847 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 8790.86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” 27.01.2021-ci il tarixli **********248800 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” 27.01.2021-ci il tarixli **********248800 nömrəli qərarı ilə ona 9830.86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. O, 13.02.2020-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, əsas fəaliyyəti poçt və ya internet ilə sifariş yerinə yetirən firmalar vasitəsilə pərakəndə satış olmuşdur. Vergi ödənişlərini vaxtında ödəmiş, heç bir gecikmə olmamışdır. Lakin 12 saylı Ərazi Vergilər Baş İdarəsi heç bir qanuni əsas olmadan 9830.86 manat maliyyə sanksiyası tətbiq etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.03.2020-ci il tarixli **********7847 nömrəli, 19.02.2020-ci il tarixli **********2851 nömrəli və 19.02.2020-ci il tarixli, **********2849 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə həmçinin Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası sərt karantin rejiminin tətbiq edilməsi və səhhətində ciddi problemlər olduğu üçün əməliyyat keçirməsi səbəbindən məhkəməyə iddia ərizəsi vermək üçün nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə və prosessual müddətin bərpa edilməsinə dair ərizəyə uyğun izahat verərək tərəfindən iddia müddəti ötürülməsinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsinə və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən 30.03.2020-ci il tarixli **********7847 nömrəli, 19.02.2020ci il tarixli **********2851 nömrəli və 19.02.2020-ci il tarixli, **********2849 nömrəli qərarlarının ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən 30.03.2020-ci il tarixli **********7847 nömrəli qərar 30.03.2020-ci il tarixdə göndərilmiş, iddiaçı tərəfindən 15.04.2020-ci il tarixdə qəbul edilmiş, 19.02.2020-ci il tarixli **********2851 nömrəli və 19.02.2020-ci il tarixli, **********2849 nömrəli qərarlar 19.02.2020-ci il tarixdə göndərilmiş, iddiaçı tərəfindən 25.02.2020-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı internet vergi idarəsində ona aid olan elektron kabinetinə göndərilmiş qərarları qəbul etməklə, 30.03.2020-ci il tarixli **********7847 nömrəli qərara münasibətdə həmin qərarın təqdim olunma tarixi 15.04.2020-ci il, 19.02.2020-ci il tarixli **********2851 nömrəli və 19.02.2020-ci il tarixli, **********2849 nömrəli qərarların təqdim olunma tarixi 25.02.2020-ci il tarixi olmuşdur. İddiaçı tərəfindən həmin qərarlardan yuxarı vergi orqanına şikayət verilməmiş, məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə 28 aprel 2021-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. Odur ki, məhkəmədən yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 30.03.2020-ci il tarixli **********7847 nömrəli, 19.02.2020-ci il tarixli **********2851 nömrəli və 19.02.2020-ci il tarixli, **********2849 nömrəli qərarlar – inzibati aktlar qanunvericilikdə nəzərdə tutulan müddətdə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. - 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: - 70.2-1.3-cü elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Vergi qanunvericiliyinin qeyd olunan normalarında elektron üsulla elektron kabinetə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmış hesab olunur. İş materiallarında olan “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan məlum olur ki, 30.03.2020-ci il tarixli **********7847 nömrəli qərar 15.04.2020-ci il tarixdə, 19.02.2020-ci il tarixli **********2851 nömrəli və 19.02.2020-ci il tarixli, **********2849 nömrəli qərarlar isə 25.02.2020-ci il tarixdə İddiaçı tərəfindən oxunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 21.09.2020-ci il tarixli, e2-2(115)716/2020 saylı qətnamənin surətindən məlum olur ki, vergi orqanının ərizəsi təmin edilmiş, 9830,56 manat vergi borcu ödənilənədək maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Göründüyü kimi 21.09.2020-ci il tarixli məhkəmə qətnaməsi iddiaçının iştirakı ilə qəbul edilmiş və sonuncu qərarların mövcudluğundan məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Prosessual müddətin bərpasını tələb edən iddiaçı ərizəsində tələbini Azərbaycan Respublikası sərt karantin rejiminin tətbiq edilməsi və səhhətində ciddi problemlər olduğu üçün əməliyyat keçirməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən qərarlarıinzibati aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 30.03.2020-ci il tarixli **********7847 nömrəli, 19.02.2020-ci il tarixli **********2851 nömrəli və 19.02.2020-ci il tarixli, **********2849 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1092/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1092/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver