Məhkəmə qərarları › İş №2-1(114)-1158/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1158/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1158/2021 30.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və məlumat vərəqəsinin təqdim edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 13.11.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, nazirliyin Raket və Artilleriya Qoşunları komandanının 27.02.2018-ci il tarixli, 016 nömrəli əmrinin qismən, yəni iddiaçının 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, 2-ci məharət dərəcəsinə müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin ƏƏSMN yanında DSMF-yə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.12.2018-ci il tarixli 2-1(81)- 4765/2018 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət edərkən 17.02.2018-ci il tarixdə hərbi hissədə aparılan ümumi yoxlamalar zamanı onun nəzarət etdiyi xidmət üzrə bəzi nöqsanlar aşkar edilmiş və həmin nöqsanlara görə Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin komandanının 27.02.2018-ci il tarixli, 016 nömrəli əmrinə əsasən ona eyni əmələ görə həm töhmət elan edilmiş, həm də məharət dərəcəsi 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilmişdir. 31 may 2018-ci il tarixdə iddiaçının xidmət illəri toplanmaqla ona təminat xərcliyinin 89% həcmində pensiya təyin edilmişdir. Təminat xərcliyinin hesablanması zamanı ona verilmiş 2-ci məharət dərəcəsi əsassız olaraq 3-cü məharət dərəcəsinə endirildiyindən 2-ci məharət dərəcəsi üçün nəzərdə tutulmuş əlavə pensiyasına hesablanmamışdır ki, bu da onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də hesab edir ki, həmin əmr qismən ləğv edilməlidir. İddiaçı məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmr ilə bağlı xidmət etdiyi dövrdə, habelə xidmətdən tərxis olunduqdan sonra məlumatı olmamış, təyin edilmiş pensiyanın az olmasına görə məlumat almaq istədikdə sözügedən əmrin olmasını bilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Raket və Artilleriya Qoşunları İdarəsinin rəisi- Raket və Artilleriya Qoşunları komandanının 27.02.2018-ci il tarixli, 016 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı həm töhmət elan edilmiş, həm də məharət dərəcəsi 2-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilmişdir. Bundan başqa iddiaçı əvvəlki məhkəmə iclasında mübahisələndirilən əmrin verildiyi gündən 5 gün sonra əmri əldə edib tanış olduğunu, həmçinin xidmətdə olduğuna görə əmri mübahisələndirməkdən çəkindiyini və 31.05.2018-ci il tarixdə tərxis olunduğunu bildirmiş, prosessual müddətin bərpası barədə ərizəsində isə əmrin mövcudluğu barədə məlumatının olmadığını bildirməklə məhkəməyə bir-birinə zidd məlumat vermişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan əmr barədə məlumatlı olmuş və qanunla müəyyən edilmiş müddət ərzində pozulduğunu iddia etdiyi hüquqlarının bərpa olunmasına cəhd etməmiş və məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və məlumat vərəqəsinin təqdim edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar