Məhkəmə qərarları › İş №2-1(114)-1206/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1206/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1206/2025 30.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra mətndə - iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “sığorta ödənişinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh xx.xx.1997-ci il tarixdə Goranboy rayonun, Zeyvə kəndində anadan olmuş, hazırda Goranboy rayonu, Zeyvə ərazi dairəsi, Zeyvə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. Cavabdeh xx.xx.2015-ci il tarixdə ********** VÖEN ilə vergi ödəyici kimi qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə sığorta ödənişinin alınması üçün ərizə ilə müraciət etmişdir. Həmin ərizədə cavabdeh təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıdığını və sığorta ödənişinin təyin edilməsinə və təyin edilməsindən imtinaya, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə, bu barədə 10 (on) iş günü müddətində cavabdehin yerli qurumlarına və ya "DOST" mərkəzlərinə məlumat verməyi üzərinə götürdüyünü bildirmişdir. Həmçinin, işsiz kimi qeydiyyata alındığı aydan sonrakı hər ay fərdi məşğulluq proqramının icrası barədə hesabatı təqdim etməli olduğu barədə məlumatlandırılmışdır. İşsizlikdən sığorta ödənişinin təyinatı şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-2/3-1- 14057/2023 nömrəli xidməti məruzəsinə əsasən “X2” X4 Mərkəzi Mühasibatlıq və Təyinat filialının xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-9731 nömrəli əmrlə adları əlavədə qeyd edilən 625 nəfər işsiz şəxsə 01 may 2023-cü il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Həmin qərarla təsdiq edilmiş cədvəldən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 345 manat məbləğində sığorta ödənişi təyin edilmişdir. 3 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdən cavabdeh barəsində fərdi məşğulluq proqramı hazırlanmışdır. Cavabdehə işsizlikdən sığorta haqqı kimi xx.xx.2023-cü il tarixdə 345 manat; xx.xx.2023-cü il tarixdə 345 manat; xx.xx.2023-cü il tarixdə 345 manat vəsait ödənilmişdir. İddiaçı MEİS-nin sığortaedənlərin fəaliyyəti barədə məlumat altsistemindən cavabdehin fərdi sahibkar kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aktiv faəliyyət göstərdiyini müəyyən etmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********408400 nömrəli məktubdan görünür ki, cavabdehin vergi ödəyicisi fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2073-cü il tarixədək dayandırılmışdır. İşsizlikdən sığorta ödənişinin təyinatı şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-2/3-1- 23627/2023 nömrəli xidməti məruzəsinə əsasən “X2” X4 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-616/2023 nömrəli qərarı ilə adları əlavədə qeyd olunan 746 nəfər şəxsə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin tələbləri nəzərə alınmaqla işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılmışdır. Həmin qərarla təsdiq edilmiş cədvəldən görünür ki, cavabdehə xx.xx.2023-ci il tarixdə təyin edilmiş sığorta ödənişi Qanunun 18.0.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. İddiaçının Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-2/2-H-62381 nömrəli məktubunda bildirmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və 1035,00 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabına köçürülmüşdür. Qanunun 18.0.6-cı maddəsinə əsasən sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəlməsi və ya məşğul şəxs sayılması halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. xx.xx.2023-cü il tarixdən cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün 632,50 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Qeyd edilən səbəbdən məktub təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarılmadığı təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir. Həmin məktub cavabdehə xx.xx.2023-cü il tarixdə 1159 nömrəli poçt şöbəsi tərəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza atılmaqla təqdim edilmişdir. Daha sonra iddiaçı təkrar olaraq cavabdehə xx.xx.2023-cü il tarixli, 3-7-2/2-H- 76518/2023 nömrəli məktubla müraciət edərək əsassız hesablanmış 295,18 manat işsizlikdən sığorta ödənişi vəsaitinin geri qaytarılmadığı bildirilmişdir. Məktubun təqdim olunduğu tarixdən 10 (on) gün müddətində qeyd olunan vəsait könüllü surətdə geri qaytarılmadığı halda yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq məktubda qeyd edilmişdir. Həmin məktub cavabdehə xx.xx.2024-cü il tarixdə 1159 nömrəli poçt şöbəsi tərəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza atılmaqla təqdim edilmişdir. İddiaçı cavabdehə qarşı xx.xx.2024-cü il tarixdə (poçta təqdim edildiyi tarix) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 632,50 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsində iddiaçı yuxarıda göstərilən halları qeyd etmiş və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.6-cı, 5.2.1, 2.0.15-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddələrinə istinad edərək bildirmişdir ki, şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişinin təyinatı tarixindən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və sözügedən münasibətlər çərçivəsində vicdanlılıq şərtlərini pozmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-2-18/2-12890/2024 nömrəli məktubunda bildirmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək fəaliyyəti aktiv vəziyyətdə olmuşdur. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Məhkəmə hesab edir ki, sığorta ödənişləri ilə bağlı münasibətlər inzibati orqanla vətəndaş arasındakı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlı münasibətlərindən irəli gəldiyindən və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmədiyindən artıq ödənilmiş sığorta ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İş materialları ilə müəyyən olunur ki, iddiaçının qərarı ilə cavabdehə 6 ay müddətində 345 manat məbləğində işsizlikdən sığorta ödənişi təyin edilmiş və cavabdeh həmin məbləği mütəmadi olaraq almışdır. Fərdi sahibkar kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdehin fəaliyyəti aktiv vəziyyətdə olsa da, iddiaçı qurum bu barədə məlumatlı olmamış, lakin nəticədə 2023-ci ilin iyun, iyul və avqust aylarının məbləğı cavabdehin bank kartına tam məbləğdə köçürülmüşdür. İddiaçı yalnız 2023-cü ilin sentyabr ayında anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı bu barədə məlumat əldə etmişdir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. 2.0.2-ci maddəsinə əsasən işsizlikdən sığortanın subyektləri – sığortaçı, sığortaolunanlar və sığortaedənlərdir. 5.2.1-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək sığortaolunanın vəzifəsidir. 13.6-cı maddəsinə əsasən sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. 16-cı maddəsində qeyd olunur ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. 18.0.1-ci maddəsinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə sığorta ödənişinin verilməsi dayandırılır. Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunun 4.1.3-cü maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndində qeyd olunur ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Sadalanan normaların mənasından göründüyü kimi işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Cavabdeh fərdi sahibkar kimi fəaliyyəti xx.xx.2023-cü il tarixdən aktiv olmasına baxmayaraq bununla bağlı Agentliyə məlumat verməməsi və ona işsizlikdən sığorta ödənişi kimi 2023-cü ilin iyun-avqust ayları üzrə 632,50 manat vəsaitin ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi təyin edildikdək sonra MEİS-in müvafiq altsistemində cavabdehin sahibkar kimi fəaliyyətinin xx.xx.2023-cü il tarixindən aktiv olması aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin onun fəaliyyətinin aktiv olduqdan sonra işsizlikdən sığorta ödənişinin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. İşsizlikdən sığorta ödənişi iddiaçı tərəfindən cavabdehin işsiz statusu kimi ödənilirdi. Cavabdehin sahibkar kimi aktiv fəaliyyəti göstərməsindən sonra işsizlikdən sığorta ödənişi həyata keçirilə bilməzdi. Qanunun tələbinə görə şəxs məşğul şəxs hesab edildikdə sığorta ödənişinin verilməsi dayandırılır. Cavabdeh isə bu barədə iddiaçını məlumatlandırmaq əvəzinə, sığorta ödənişini almaqda davam etmişdir. İddiaçı qurum isə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məktublarla artıq ödənilmiş məbləğin könüllü qaydada qaytarılmasını tələb etmiş, ancaq cavabdeh tərəfindən hərəkətsizlik edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilməli, artıq ödənilmiş 632,50 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İşsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 632,50 manat dövlət vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar