Məhkəmə qərarları › İş №2-1(114)-1224/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1224/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1224/2020 03.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə İddiaçı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük rüsumunun və əlavə dəyər vergisinin geri qaytarılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “xxxxxxxxxx” MMC) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı ekspert rəyini mübahisələndirdiyindən, cavabdehin hərəkətini – Azərbaycan Respublikasına idxal etdiyi malların 5402 33 000 0 alt yarımmövqeləri olmadığından əsassız hesab edib, faktiki olaraq 5402 000 0 alt yarımmövqeyinə uyğun olaraq artıq ödədiyi 15% gömrük rüsumunun və əlavə ödədiyi ƏDV-nin, yəni 7086,23 manat gömrük rüsumunun və əlavə olaraq 1280 manat ƏDV-nin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxx” MMC ilə XİAMEN TOPSTONES İMPORT AND ESPORT CO., LTD arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli kommersiya müqaviləsinə və xx xxxx 2020-ci il tarixli müqaviləyə əlavəyə əsasən 75D/36F/2 növlü “Polyester DTY” adlı saplar sonuncu tərəfindən iddiaçıya satılmışdır. Qeyd edilən polyester saplar Azərbaycan Respublikasına idxal edilərkən xx xxxxx 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş İdarəsi tərəfindən yükün XİF MN üzrə təsnifat kodunun müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Mərkəzi Gömrük Ekspertiza İdarəsində ekspertiza keçirilmişdir. Ekspertizanın rəyinə görə, “xxxxxxxxxx” MMC-nin ünvanına TS20191205- 2 nömrəli, xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan “Polyester DTY Yarn' adlı bobin ilə çəkisi 1 kq-dan çox olan, pərakəndə satış üçün qablaşdırılmamış, ağ rəngli, tikiş sapı olmayan, polietilentereftalat (CAS 25038-59-9) əsaslı, teksturasiya olunmuş, çox möhkəm sap olmayan, təksaplı eşilməmiş kompleks sap XİF MN-ə görə 5402 33 000 0 alt yarım mövqeyində təsnifləşdirilir. İddiaçı ekspertizanın rəyini əsaslı hesab etmir. Belə ki, struktur quluşuna görə iki cür - S və Z toxunuşlu saplar mövcuddur. Ayrıayrılıqda bu saplar eşilməmiş və çox möhkəm olur. Əlcək istehsalında möhkəm olan təksaplı eşilməmiş saplar yararsızdır. Belə ki, əgər bu toxunuşlu sapların hər hansısa birindən tək istifadə edilərək əlcək istehsal olunsa, o zaman əlcək sağa və ya sola burulmuş vəziyyətdə olar, yəni son məhsul zay olmuş olar. Əlcək istehsalı üçün yararlı olan sap hər iki təksaplı eşilməmiş sapın bir-birinə hörülməsi ilə əldə edilir və bu zaman yaranmış sap çoxeşməli sap adlanır. Çoxeşməli sap hər iki növ sapın birgə yenidən emal olunması ilə əlaqədar yarandığından möhkəm olmayan sap olur. Ekspert rəyində göstərilmişdir ki, idxal olunan saplar polietilentereftalat əsaslıdır və beynəlxalq kodu CAS 25038-59-9-dur (CAS - Chemical Abstracts Service, yəni X1 mənasını veriri). Bu beynəlxalq kod sübut edir ki, qeyd edilən sap poliefirdir. Beynəlxalq təsnifləşdirmədə poliefirlər üç alt yarımmövqedə yer alır. 1. 5402 33 000 0 - teksturasiya edilmiş və ya edilməmiş çox möhkəm neylon və ya digər poliamidlərdən saplar; 2. 5402 52 000 0 eşməsi 50 eşmə/m-dən çox olan digər təkqat saplar; 3. 5402 62 000 0 - digər çoxeşməli (burma) və ya bireşməli saplar. Ekspert rəyinin beynəlxalq kodla bağlı qiymətləndirilməsi ilə razıdır. Lakin ekspert rəyində sapın spesifikasiyası düzgün göstərilməmişdir. Saplar XİF MN-yə görə 5402 33 000 0 alt yarımmövqeyinə aid edilmişir. Lakin onların sapları çoxeşməli (burma), möhkəm olmayan saplardır. Bu isə 5402 62 000 0 yarımmövqeyinə düşür. Əlavə olaraq, istehsalçı müəssisə XİAMEN TOPSTONES İMPORT AND ESPORT CO., LTD də xx xxxx 2020-ci il tarixli idxal sənədində, Çin Xalq Respublikasının İxrac Bəyannaməsində və mənşə sertifikatında da sapların alt kodu 5402 62 000 0 olduğu göstərilmişdir. Rəyin nəticəsində ziddiyyətlər də mövcuddur. Ekspertizanın rəyinə əsasən sap çox möhkəm olmayan kateqoriyaya aid edilir. Lakin rəydə sap XİF MN-ə görə 5402 33 000 0 alt yarım mövqeyində sinifləşdirilir, hansına ki, çox möhkəm neylon və ya digər poliamidlərdən olan saplar aiddir. Nəticədə digər ziddiyətli məqam ondan ibarətdir ki, ekspertizaya təqdim olunmuş sap təksaplı eşilməmiş kompleks sap kimi qiymətləndirilmişdir. Kompleks sap deyildikdə bu artıq ən azı iki sapın birləşməsi kimi başa düşülməlidir. Ekspertin rəyi daxil olduqdan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, malların saxlanca götürülməsini xahiş etmiş, ekspertin rəyini mübahisələndirmək üçün məhkəmədə iddia qaldırmaq niyyətinin olduğunu bildirmişdir. Məhkəmənin yekun qərarına qədər malların saxlanılmasını xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Malların gətirildiyi nəqliyyat vasitələrində qalması üçün hər gün 100 ABŞ dolları məbləğində pul ödəmiş, bu isə bir sahibkar kimi onun maddi vəziyyətinə mənfi təsir göstərmişdir. Odur ki, iddiaçı gömrük rüsumunu və ƏDV-ni ödəyərək malların gömrük rəsmiləşdirilməsini həyata keçirmişdir. Hazırda iddiaçı heç bir gömrük rüsumu ödəmək məsuliyyətini daşımadığı halda, 7086.23 AZN gömrük rüsumu və əlavə olaraq 1280 AZN əlavə dəyər vergisi ödəmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəfindən ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin geri qaytarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət olunmamış, yalnız mallar ölkəyə gətirilən zaman rüsumdan azad olunması ilə bağlı tərəfindən müraciət olunmuş, bundan sonra tələb olunan dövlət rüsumu və vergi tərəfindən tam ödənilmişdir. Məqsədi ödənilmiş gömrük rüsumunun geri qaytarılmasıdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, ekspertizanın rəyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən mübahisələndirə bilməz. Odur ki, gömrük rüsumu həmin ekspert rəyinə uyğun olaraq hesablanmışdır. Həmçinin iddiaçı tərəfindən gömrük rüsumu tam ödənilmiş və həmin rüsumun qaytarılması ilə bağlı iddiaçının inzibati orqana müraciəti olmamışdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 digər nümayəndə ilə eyni məzmunlu izahat vermiş və iş üzrə qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Göründüyü kimi “xxxxxxxxxx” MMC iddia tələbində inzibati orqan tərəfindən qəbul edilmiş ekspertiza rəyini mübahisələndirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 477 nömrəli Qərarına əsasən artıq ödədiyi 15% gömrük rüsumunun və ƏDV-nin geri qaytarılmasını xahiş etmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində mübahisələndirilən ekspertiza rəyi inzibati icraatın predmeti olan inzibati akt deyildir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1. maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati hüquqi akt qeyrimüəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyriməhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. Həmin Qanunun 2.0.2. maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Beləliklə məhkəmə hesab edir ki, hazırda mübahisə predmeti olan ekspertiza rəyi yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından inzibati akt hesab edilə bilməz. Ödənilmiş gömrük rüsumunun geri qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 266.1. maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 266.2. maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 267.1. maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə qaytarılır. Həmin Məcəllənin 267.2. maddəsinə əsasən gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 269.2. maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1. maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 270.2. maddəsinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. Həmin Məcəllənin 270.3. maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın; 1.1. bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2. bəndinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 5.1. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. bəndinə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.9. bəndinə əsasən gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. 6.10. bəndinə əsasən komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir. 7.1. bəndinə əsasən maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir. 7.2. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. 7.5. bəndinə əsasən maliyyə orqanı gömrük ödənişlərinin qaytarılması barədə 5 (beş) iş günü müddətində gömrük orqanına məlumat verir. Göründüyü kimi gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması qaydası Azərbaycan Respublikası Gömrük Məcəlləsi və Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəqiq müəyyən edilmişdir. Belə ki, ödənilmiş rüsumun qaytarılması ilə bağlı ilkin olaraq inzibati orqana müraciət olunması, həmin müraciət üzrə inzibati orqan tərəfindən yazılı qərarın qəbul edilməsi və həmin qərarın ərizəçi tərəfindən mübahisələndirilməsi nəzərdə tutulmuş, artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması ilə bağlı birbaşa məhkəməyə müraciət olunması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən adıçəkilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq ilkin olaraq inzibati orqana artıq ödənilmiş gömrük rüsumu məbləğinin geri qaytarılmasına dair müraciət olunmalı, gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina olunması barədə onları tətbiq edən gömrük orqanı tərəfindən qərar qəbul edilməli və bundan sonra iddiaçı tərəfindən qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq qəbul edilmiş qərar mübahisələndirilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51. maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük rüsumunun və əlavə dəyər vergisinin geri qaytarılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar