Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1274/2021 17.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı əmrin ona münasibətdə etibarsız hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödəməklə işə bərpa olunması tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmasına dair 20.11.2020-ci il tarixli **********8 nömrəli əmrin ona münasibətdə etibarsız hesab edilərək məcburi iş buraxmaya görə əmək haqqı ödəməklə işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 dekabr 1993-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir rayon Şöbəsində Mühasibat uçotu sektorunda mühasib vəzifəsinə təyin edilmiş, 01.05.2012-ci il tarixdən Pensiya təyinatı sektorunda məsləhətçi vəzifəsinə keçirilmiş və 35 il 3 ay dövlət qulluqçusu kimi həmin strukturda işləmişdir. Nazirlik tərəfindən 2020-ci ilin iyul ayının əvvəllərində ondan struktur dəyişirikliyinə görə tarix yazılmamaq şərti ilə öz razılığı ilə işdən azad olma və işə daxil olma ərizəsi yazdırmışlar. 29 iyul 2020-ci il tarixdə işdən azad olma ərizələri gəlmiş və ƏƏSMN tərəfindən 28 iyul 2020-ci il tarixdə isə işçilərin qiymətləndirilməsi adı ilə sual kitabçaları əsasında onlardan test imtahanı götürülərək həmin imtahanın elədə ciddi olmadığı bildirilmişdir. 14.08.2020-ci ildə onu ştatdan kənar mütəxəssis vəzifəsinə 3 aylıq, yəni 14.11.2020-ci ilədək onunla müqavilə bağlanmışdır. 17 noyabr 2020-ci il tarixdən etibarən ambulator müalicədə olduğu müddətdə, yəni 20 noyabr 2020-ci il tarixli **********8 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndələri X3 və X4 məhkəməyə ərizə təqdim edərək bildirdilər ki, iddiaçı 14 avqust 2020-ci il tarixdə 3 aylıq müddətli əmək müqaviləsi ilə ştatdankənar mütəxəssis vəzifəsinə qəbul edilmiş və 20 noyabr 2020-ci il tarixdə **********8 nömrəli əmrlə müddətli əmək müqaviləsinin müddəti qurtardığı üçün tutduğu vəzifədən azad edilmişdir. Hazırkı iddia üzrə mübahisə predmetinə mülki icraat qaydasında baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarından da göründüyü kimi, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Plenum qərarının 3.4-cü bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İstinad olunan Plenum qərarının 4-cü bəndində qeyd olunur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırkı mübahisə predmeti üzrə mübahisələndirilən əmrləri qəbul etmiş orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarından da aydın olduğu kimi DSMF hazırkı əmək münasibətlərində hakimiyyət səlahiyyətlərinin subyekti kimi yox, xüsusi hüquq subyekti kimi çıxış etmişdir. Çünki sözügedən orqanın əmək fəaliyyəti ilə bağlı münasibətlərdə iştirakı onun hakimiyyət səlahiyyətlərini həyata keçirməsi ilə bağlı deyildir. DSMF bu münasibətlərdə hər bir işəgötürən kimi xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfi kimi çıxış etmişdir. Deməli, mübahisə inzibati məhkəmə icraatı predmeti deyil, mülki məhkəmə icraatı predmetidir. Müstəsna olaraq qeyd etmək zəruridir ki, dövlət qulluqçularının və hərbi qulluqçuların əmək münasibətləri ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda istinad olunan Plenum qərarının 12-ci bəndindən də göründüyü kimi, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İddiaçı dövlət qulluğu vəzifəsini tutduğuna əsaslanaraq inzibati iddia ilə məhkəməyə müraciət etmişdir. DSMF publik hüquqi şəxsə çevrildiyi üçün dövlət orqanı statusunu itirmiş, bunun nəticəsi olaraq onun strukturunda dövlət qulluqçusu vəzifəsi ləğv olunmuşdur. İddiaçının mübahisələndirdiyi münasibətlər bu tarixdən sonra yarandığı üçün dövlət qulluqçusunun əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı normalar cari münasibətlərə tətbiq oluna bilməz. Həmçinin istinad olunan Plenum qərarında qeyd olunur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, İddiaçı iddiasının mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Mübahisənin predmentindən göründüyü kimi iddiaçı işdən azad olunmasına dair 20.11.2020-ci il tarixli **********8 nömrəli əmrin ona münasibətdə etibarsız hesab edilərək əvvəlki mütəxəssis vəzifəsinə bərpa edilməsini tələb edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində qeyd edilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. «Azərbaycan Respublikasının MPM-in 30-cu maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Bu mənada, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın ona münasibətdə əmək müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə mümkünlük şərtlərindən biri ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunmasıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Beləliklə məhkəmə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, hazırki işin tərəfləri arasında mülki mübahisə olub, inzibati hüquq münasibətləri ilə bağlı mübahisə mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1, 35, 80, 81, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı əmrin ona münasibətdə etibarsız hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödəməklə işə bərpa olunması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1274/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1274/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver