Məhkəmə qərarları › İş №2-1(114)-1290/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1290/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1290/2020 08.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər Tərtər Rayon İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X12) pay torpaq sahəsinin verilməsitələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qərar qəbul etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və ölçüdə pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, aqrar islahat keçirilən zaman yanlışlıq və diqqətsizlik nəticəsində iddiaçının adı sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında göstərilməmişdir. Belə ki, Tərtər Rayon X2 xx xxxxxx 2001-ci il tarixli, 14 saylı qərarı ilə onun yaşadığı kəndin bütün əhalisinə, o cümlədən onun ailə üzvlərinin (X1, X5, X6 və X7) hər birinə adambaşına 0.67 ha pay torpaq sahəsi verildiyi halda, nədənsə həmin vaxt kənddə pasport qeydiyyatında olduğuna baxmayaraq ona pay torpaq sahəsi verilməmişdir. Belə ki, onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0078, kod 61113028 saylı Dövlət aktında da pay torpağı alan subyektlər siyahısında onun adı yoxdur. Göstərilənlərə əsasən cavabdehə ərizə ilə müraciət edərək ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və ölçüdə (0.67 ha) pay torpaq sahəsinin verilməsi xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -JN 00xx xxx 61113028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktından görünür ki, Tərtər rayon X2 xx xxxxxx 2001-ci il tarixli, 14 saylı qərarı ilə X1, X5, X6 və X3 2.67 hektar torpaq sahəsi verilmişdir. -Tərtər Rayon İcra Hakimiyyəti başçısının Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 386 nömrəli arayışından görünür ki, İddiaçı Tərtər rayon Xoruzlu kəndində 1998-ci ildə torpaq islahatı aparılarkən ərazidə yaşamadığına, icra nümayəndəliyinə müraciət etmədiyinə və təsərrüfat başına kitabda adı olmadığına görə onun adı torpaq islahatı siyahısına salınmamış və nəticədə ona pay torpağı verilməmişdir. -Cavabdeh xx.xx.2019-cu il tarixli 351 nömrəli arayışından görünür ki, İddiaçı Tərtər rayon Xoruzlu kəndində 1998-ci ildə torpaq islahatı aparılarkən ərazidə yaşamadığına, icra nümayəndəliyinə müraciət etmədiyinə və təsərrüfat başına kitabda adı olmadığına görə onun adı torpaq islahatı siyahısına salınmamış və nəticədə ona pay torpağı verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. İş materialları və iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, Tərtər rayonu Xoruzlu kəndi üzrə aqrar islahat keçirilən zaman iddiaçının ailə üzvlərinə pay torpaq sahəsi verilsə də, iddiaçının adı sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında göstərilmədiyindən ona pay torpağı verilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:- -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5 maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -7.3 maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə verilir. -9.1 maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -20.1 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Göründüyü kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda, eləcədə bu sahədə münasibətləri tənzimləyən qanunvericilik aktlarında torpaq islahatı zamanı torpaq payı almayan vətəndaşlara əvəzsiz torpaq sahəsinin verilməsi nəzərdə tutulmamış, eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin fiziki şəxslərin mülkiyyətinə verilməsi üçün müvafiq prosedur qaydaları müəyyən edilmişdir. Odur ki, məhkəmə iddiaçının cavabdehə qarşı tələbini əsassız hesab etməklə tələbin təmin edilməməsi qərarına gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı pay torpaq sahəsinin verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar