Məhkəmə qərarları › İş №2-1(114)-140/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-140/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-140/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Məhəmməd qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı Məhəmməd qızı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1975-ci il tarixdə Şəki Pedaqoji məktəbinin ibtidai sinif müəllimliyi hazırlayan ixtisasına daxil olmuş, xx.xx.1978-ci il tarixli qərarla ibtidai sinif müəllimi ixtisası verilərək, bu barədə iddiaçıya xx.xx.1978-ci il tarixdə БТ 020021 nömrəli diplom verilmişdir. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Bərdə şəhəri 7 nömrəli məktəbdə, xx.xx.2007-ci il tarixdən Ukraynada Ukrayna azərbaycanlıları X3 Təşkilatının nəzdində yaradılan kurslarda, xx.xx.2011-ci il tarixdən yenə də Kiyev şəhərindəki 37,135,188, 209 və 247 saylı məktəblərdə işləmişdir. İddiaçıya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən D0001975 nömrəli diplomatik pasport verilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və 1069 nömrəli pensiyaçının uçot vərəqi açılmışdır. xx.xx.2022-ci il tarixli ərizə ilə iddiaçı DSMF Qaradağ Regional filialına müraciət edərək əyani təhsil aldığı illəri və əmək kitabçasını təqdim etmiş və pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Müraciət aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarı ilə təhsil əlavəsi səbəbilə iddiaçının pensiyası yenidən hesablanmış, pensiya məbləği 274,18 manat müəyyən edilərək xx.xx.2019-cu il tarixdən 299,28 manat əksik ödəmə aşkar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə DSMF Bərdə rayon şöbəsinə müraciət edərək xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin və 1975-1978-ci illərdə X2 təhsil aldığı illərin sığorta stajına daxil edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Ərizə DSMF Qaradağ Regional filialı tərəfindən aidiyyəti üzrə baxılması üçün yenə cavabdehə göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanaraq təhsil illəri nəzərə alınmışdır. Əmək haqqı və digər gəlir haqqında arayışdan görünür ki, iddiaçıya 2011-ci ilin sentyabr ayından etibarən əmək haqqı ödənilir. İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin və 1975-1978-ci illərdə X2 təhsil aldığı illərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması barədə qərar çıxarılması”nı xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək məhkəmədən “cavabdehin Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2009-cu ilin mart ayından 3 uşağa görə pensiya təyin edilmişdir. İddiaçı 2022-ci ilin aprelində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət - Sosial Müdafiə Fondunun Xüsusi Şərnlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2007 -ci il tarixdən X1 şəhərində işlədiyi müddətlərin və 1975-1978-ci illərdə X2 təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması haqqında ərizə ilə müraciət etmişdir. Lakin sonuncu ərizəyə hərəkətsizlik edərək cavab verməmişdir. İddiaçı xx.xx.2007-ci il tarixdən Ukraynada Ukrayna azərbaycanlıları X3 Təşkilatının nəzdində yaradılan kurslarda Azərbaycan dili müəllimi, xx.xx.2009-cu il tarixdən yenə də Kiyev şəhərindəki 37,135,188, 209 və 247 saylı məktəblərdə Azərbaycan dili müəllimi təyin edilmiş, Kiyev şəhərində yaşayan 300 nəfərə yaxın azərbaycanlı uşaqlarına Azərbaycanın mədəniyyət tarixıini, adət- ənənələrini, milli bayramlarını, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycan mədəni irsini öyrənmələrinə dərindən yardım etmiş, Azərbaycanın məşhur elm xadimlərini, məşhur musiqiçilərini, siyasətçilərini, sairlərini və s. azərbaycanlı uşaqlara təlqin etməklə yanaşı, Ukraynada yaşayan digər millətlərin uşaqlarının da nəzərlərinə çatdırmışdır. Bundan başqa, iddiaçının həyat yoldaşı Quliyev Arif Cəmil oğlu 2002-2006-cı illərdə Ukrayna Respublikasındakı Azərbaycan Səfirliyinə işləməyə ezam edilmiş və iddiaçı da onun həyat yoldaşı kimi həmin vaxtdan digər ailə üzvləri ilə birlikdə Kiyev şəhərində yaşamışdır. İddiaçı Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi nəticəsində Ukraynadan qayıdaraq müvəqqəti olaraq Bərdə şəhərində məskunlaşmışdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Ukrayna Respublikasında isə daimi yaşayış hüququna malikdir. Ona mart 2009-cu il tarixdən pensiya təyin edilərkən 1975 və 1978-ci illərdə X2 təhsil aldığı müddətlər də sosial sığorta stajına daxil edilməmişdir. Təhsil müddətinin sığorta stajına daxi edilməsil birbaşa qanunvericilikdə nəzərdə tutulur. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına əyani təhsil illərinin və əmək kitabçasında geyd olunan dövrlərin sığorta stajına əlavə olunaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbilə müraciət etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cavab məktubunda iddiaçının əyani təhsil illəri (xx.xx.1975xx.xx.1978) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 2 ay siğorta stajına uyğun olaraq 274,18 manat pensiya təyin edilməsi və keçmiş dövr üzrə yaranmış fərq məbləği iddiaçının cari pensiyasına əlavə edilərək ödəniləcəyi qeyd olunmuşdur. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri siğorta stajına daxil edilir. Hər iki normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi sərt kimi nəzərdə tutulmuşdur. İddiaçının 2006-cı il tarixdən əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin islədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də "Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi"nin Sığorta Alt Sisteminin X4 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək siğortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların ferdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə venidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay Sözügedən Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunanları nəzərə alaraq iddiaçının yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “1975-1978-ci illərdə X2 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Başqa sözlə, iddiaçının həmin məzmunda əmək pensiyası hüququ mübahisə predmeti deyil. Hazırkı halda, mübahisə olunan iddiaçının işlədiyi 2007-ci ildən sonra Ukrayna dövlətində işlədiyi müddətin ona əmək pensiyasının yenidən hesablanarkən nəzərə alınıb-alınmadığından ibarətdir. 1 yanvar 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. xx.xx.1995-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Hökuməti arasında təqaüd təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş və Qanun dərc edildiyi gündən qüvvəyə minmişdir. Həmin Sazişin 3-cü maddəsinə əsasən təqaüd hüququnun, o cümlədən güzəştli şərtlərlə və xidmət illərinə görə, müəyyən edilməsi üçün Azərbaycan Respublikası və ya Ukrayna ərazisində qazanılmış iş stajı, həmçinin 01 dekabr 1992-ci ilə qədər keçmiş SSRİ tərkibinə daxil olan digər dövlətlərin ərazisində qazanılmış iş stajı nəzərə alınır. Sazişin 5-ci maddəsinə əsasən təqaüdlərin hesablanması əmək stajına daxil edilən iş dövrünün əmək haqqından (gəlirindən) aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.2-ci bəndinə əsasən Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir. Pensiya təyin edilməsi ilə bağlı qanunvericiliyin müddəalarına görə 1 yanvar 2006-cı ilə qədər şəxsin iş stajı əmək kitabçası ilə təsdiq edilərsə, həmin dövr onun sosial sığorta stajına daxil edilir. Lakin 1 yanvar 2006-cı ildən sonrakı iş dövrü o halda sığorta stajına daxil edilə bilər ki, həmin dövrdə işçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuş olsun. İddiaçı hazırda xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Ukrayna azərbaycanlıları X3 Təşkilatının nəzdində yaradılan kurslarda işləməsi ilə bağlı yalnız əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçasındakı həmin qeydlər azərbaycan dilində tərtib edilməklə Ukrayna dilində tərtib olunmuş möhür ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı cədvəllərində isə onun 2011-ci ilin sentyabr ayından etibarən əmək haqqı alması əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, iddia “xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi” hissəsində təmin oluna bilməz. Digər tərəfdən, iddiaçının 2011-ci ilin sentyabr ayından etibarən Ukrayna Respublikasında işləyərkən aldığı əmək haqqından Ukrayna Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər edildiyindən Sazişə əsasən o, Ukrayna Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınmasını tələb edə bilər. İddiaçının həmin dövrdə qazandığı əmək haqqından məhz Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına məcburi sosial sığorta ayırmalarını ödəməməsi vəziyyəti dəyişmir. Çünki Sazişin istinad olunan müddəalarına, eləcə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq iddiaçının halı ümumi qaydadan istisnanı təşkil edir. Buna görə iddiaçı Ukraynada sosial sığorta haqqı ödəməklə işlədiyi dövrün ona Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınmasını tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xx.xx.2011-ci il tarixdən 2022-ci ilin noyabr ayınadək Ukrayna Respublikasında işlədiyi müddət sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası yenidən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Məhəmməd qızının 2011-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək Ukrayna Respublikasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar