Məhkəmə qərarları › İş №2-1(114)-1424/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1424/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1424/2025 12.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış “ötən dövr üzrə sosial müavinət haqqında” məktubunda qeyd edilmişdir ki, müavinətin Mərkəzi Filial tərəfindən təyin edilərək ödənilməsi şəxslərin Azərbaycan Respublikasında müddətli və ya müddətsiz hərbi xidmət dövrü və həmin dövrdə əsgər, çavuş, gizir və ya zabit olması barədə xidmət keçdiyi orqan tərəfindən verilmiş arayış əsasında həyata keçirilir. Qeyd olunanlara əsasən bildirilir ki, müvafiq arayış təqdim olunduqdan sonra ötən dövr üzrə sözügedən müavinət hüququnuza qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək verilməmiş sosial müavinətlərin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial ödənişin təyin edilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət (Qarabağ Müharibəsi veteranlarına)” növündə sosial ödəniş təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı məhkəmə iclasında gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi şifahi vəsatət verərək, iddiaçının tələbinin məhkəmədənkənar qaydada təmin edildiyini və iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, “sosial ödənişin təyin edilməsi haqqında” qərarı ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə sosial müavinətin təyin edildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 67. İddiaçının tələblərinin təmin olunması 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını, cavabdeh tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarı nəzərdən keçirib hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin əvvəlki dövr üzrə ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının hərbi xidmət dövrü barədə arayış təqdim olunmadığından iddiaçının tələbini təmin etməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək verilməmiş sosial müavinətlərin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial ödənişin təyin edilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Qarabağ Müharibəsi veteranları üçün nəzərdə tutulan sosial ödəniş təyin edilmişdir. İnzibati Prosesual Məcəllənin 67-ci maddəsinin müddəlarına əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və artıq işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar