Məhkəmə qərarları › İş №2-1(114)-1425/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1425/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1425/2022 19.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəmkir rayonu Təzəkənd bələdiyyəsinə qarşı xx.xx.2019-cu il tarixli qərarın etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İşin faktiki halları: Şəmkir rayonu Təzəkənd bələdiyyəsinin (bundan sonra mətndə - cavabdeh) xx.xx.2019-cu il tarixli 14 saylı protokolundan görünür ki, bələdiyyə iclasda verilən təklif və çıxışları dinləyərək “kiçik sahibkar İddiaçı (bundan sonra mətndə - iddiaçı) tərəfindən yerli (bələdiyyə) büdcəyə 8.875 manat məbləğində mədən vergisinin ödənilməsi, mədən vergisinin ödənməsinə dair qərar olunması və icra olunması üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin “mədən vergisinin ödənilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçı tərəfindən yerli büdcəyə cəmi 8.875 manat məbləğində mədən vergisinin ödənilməsi, qərarın icra olunması üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, qərardan 10 gün müddətində şikayət vermək olar. Qərar xx.xx.2019-cu il tarixdə SS59106882AZ reyestr nömrəli məktubla poçt orqanı tərəfindən iddiaçıya təqdim edilmişdir. Məhkəmə prosesi: İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Şəmkir rayon Təzəkənd bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(114)-203/2021 nömrəli qərardadı (hakim Usaməddin Osmanov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və iş baxılması üçün xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək iddia müddəti tərəfindən üzürlü səbəblərdən buraxıldığı üçün qərardadın ləğv edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi X9, hakimlər X3, X1 ibarət tərkibdə) xx.xx.2021-ci il tarixli 2-1(104)-496/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlrin edilməsi üçün məhkəməyə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası qeyd olunan qərarında vurğulamışdır ki, “iddiaçı bələdiyyə qərarından şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürsə də, birinci instansiya məhkəməsi tərəfindən müddətin üzürlü səbəblərdən ötürülüb-ötürülməməsinin araşdırılması üçün iddiaçıya yardım edilməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi iddiaçıya prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməsi üçün İPM-nin 13-cü maddəsinə əsasən yardım etməlidir”. İş xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1570/2021 nömrəli qərardadı (hakim Zəfər Quliyev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və iş baxılması üçün xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək Şəmkir rayonu Təzəkənd bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəşi X6, hakimlər X7 və X2 ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli 2-1(104)-75/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, iş baxılması üçün məhkəməyə qaytarılmışdır. İş xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. Hazırkı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tərtib edilərkən orada qeyd edilən dəlillər qərarın etibarsız hesab edilməsi ilə bağlı qeyd edilsə də, lakin formal xətaya yol verilmiş və inzibati qərarın ləğvi tələbi yazılmışdır. İlkin iddia ərizəsində də göstərildiyi kimi, tərtib edilmiş qərar Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin 5-ci maddəsinin bütövlüklə tələblərinin pozulması ilə çıxarılmışdır. Bu da, İnzibati İcraat Haqqında qanunun 65-ci maddəsinə görə etibarsız akt hesab edilməlidir. Bundan başqa məhkəməyə təqdim etdilən Şəmkir rayon İcra Hakimiyyəti başçısının sərəncamlarından görünür ki, Kür qəsəbəsinə gedən yolun sol tərəfindən Bakı-Qazax avtomobil yolundan 1 km aralı olmaqla Şəmkir çayından xammal ötürülməsi məqsədi ilə ayrılan torpaq sahəsi 12 dekabr 2014-cü ildə Şəmkir rayonu Təzəkənd sakini X4 icarəsinə verilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq cavabdeh təşkilat mübahisələndirilən qərarı həmin əraziyə aidiyyəti olmayan İddiaçı barəsində tərtib etmişdir. Hesab olunur ki, bu hal həmin qərarın etibarsız olması anlamına gəlir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh Şəmkir rayon Təzəkənd bələdiyyəsi məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. Həmin normada deyilir ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddiaçı da həmin normaya əsasən hazırda inzibati akt Şəmkir rayonu Təzəkənd bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarının etibarsızlığının tanınmasını məhkəmədən tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunan Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Hazırkı mübahisənin predmeti iddiaçı tərəfindən yerli (bələdiyyə) büdcəyə 8.875 manat məbləğində mədən vergisinin ödənilməsi barədə Şəmkir rayonu Təzəkənd bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərardır. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Qanun: Maddə 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Maddə 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə: Maddə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; ... Maddə 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Maddə 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Maddə 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Maddə 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Maddə 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Maddə 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Maddə 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Maddə 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Maddə 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Normaların məzmunundan da aydın olur ki, yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir, həmin akt ödəyiciyə təqdim olunur, 30 gün müddətində həmin akta etiraz edilmədikdə 15 gün ərzində vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılır yaxud belə qərarın çıxarılmasından imtina edilir. Həmin qərarın və yaxud borcun ödənilməsi barədə tələbnamə ödəyiciyə təqdim olunur. Əgər borc könüllü şəkildə ödənilərsə, məhkəməyə müraciət edilməsi barədə qərar ləğv edilir. Əks halda bələdiyyə öz vergi xidməti orqanının təqdimatı əsasında borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün məhkəməyə müraciət edir. Göründüyü kimi, bələdiyyələrə yerli (bələdiyyə) vergilər və ödənişlərin məcburi qaydada alınması və qərarın icraya yönəldilməsi barədə akt qəbul etmək səlahiyyəti verilməmişdir. Belə olan halda, Şəmkir rayonu Təzəkənd bələdiyyəsi “İddiaçı tərəfindən yerli (bələdiyyə) büdcəyə 8.875 manat məbləğində mədən vergisinin ödənilməsi, mədən vergisinin ödənməsinə dair qərar olunması və icra olunması üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilməsi” barədə qərar verməyə səlahiyyətli olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Qeyd olunanlara əsasən məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Şəmkir rayonu Təzəkənd bələdiyyəsinin “İddiaçı tərəfindən yerli (bələdiyyə) büdcəyə 8.875 manat məbləğində mədən vergisinin ödənilməsi, mədən vergisinin ödənməsinə dair qərar olunması və icra olunması üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilməsi” xx.xx.2019-cu il tarixli qərarı etibarsız hesab edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar