Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1451/2022 26.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək cəzaçəkmə müəssisəsində saxlanılmış, xx.xx.2008-ci il tarixdə 740 saylı xx.xx.2008-ci il tarixli əfv fərmanına əsasən azad olunmuşdur. İddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən cavabdeh orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, şəxs penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu tarixdən əvvəlki 3 ay ərzində qeydiyyata götürülür. Əgər bu müddət ərzində qeydiyyata götürülməsə, penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu gündən 3 ay ərzində qeydiyyata götürülməsi ilə bağlı müraciət edə bilər. İddiaçı cəza çəkməkdən azad edilmiş statusunu 740 saylı xx.xx.2008-ci il tarixli əfv fərmanı ilə əldə etmiş, lakin nə həmin vaxtdan əvvəlki 3 ay ərzində sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata götürülmüşdür, nə də sonrakı üç ay ərzində qeydiyyata götürülməsi ilə bağlı ƏƏSMN-ə müraciət etmişdir. Digər tərəfdən isə vətəndaş qeydiyyata alınmış olsaydı belə, müavinəti almaq üçün Qanunun 8.1 -ci maddəsində müəyyən olunmuş bir il müddəti ötürmüşdür. Beləliklə, şəxs qeydiyyata alınmış olsaydı belə, cəzaçəkmə müəssisəsindən azad olunduğu tarixdən -xx.xx.2008-ci il tarixdən 13 il 11 ay sonra müraciət edərək müvafiq müddəti ötürmüş olduğu üçün iddia tələbi qanuni və əsaslı sayıla bilməz. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -9 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2008-ci il tarixli 137 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək cəzaçəkmə müəssisəsində cəza çəkmiş, xx.xx.2008-ci il tarixdə 740 saylı xx.xx.2008-ci il tarixli əfv fərmanına əsasən azad olunmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, iddiaçıya müavinətin təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə cəza çəkməkdən azad olunmuş, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddiaçının sosial adaptasiya müddətini ötürməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsasları “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir və Qanun bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun:- -1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası dedikdə - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi nəzərdə tutulur. -5.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. -6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biridir. -14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. -7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. -8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Cəzaların İcrası Məcəlləsinin 175.2-ci maddəsinə əsasən “Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına (ƏƏSMN) təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ barədə məlumat verilir. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti almaq hüququ təsbit edilmişdir. Lakin qanunvericilik qeyd olunan hüququ müvafiq müddətlə məhdudlaşdırmışdır. Yuxarıda istinad olunan müddəalardan aydın olur ki, şəxs penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu tarixdən əvvəlki 3 ay ərzində qeydiyyata götürülür. Əgər bu müddət ərzində qeydiyyata götürülməsə, penitensiar müəssisədə cəza çəkməkdən azad olunduğu gündən 3 ay ərzində qeydiyyata götürülməsi ilə bağlı müraciət edə bilər. Cəza çəkməkdən azad olmuş statusunun yaranma anı isə Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 167.0.5-ci maddəsinə əsasən məhkumlar cəza çəkməkdən amnistiya və ya əfvetmə aktına əsasən azad edilə bilərlər. Göründüyü kimi iddiaçı cəza çəkməkdən azad edilmiş statusunu 740 saylı xx.xx.2008-ci il tarixli əfv fərmanı ilə əldə etmiş, lakin nə həmin vaxtdan əvvəlki 3 ay ərzində o, sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata götürülməmiş, həmçinin sonrakı üç ay ərzində qeydiyyata götürülməsi ilə bağlı ƏƏSMN-ə müraciət etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixdə cəza çəkməkdən azad edilməsinə baxmayaraq təqribən 13 il 11 ay sonra müraciət etmişdir. Qeyd olunan hal isə onun hazırki müavinəti almaq hüququnu istisna edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı müavinətin ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1451/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1451/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver