Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1481/2023 08.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi və vergi borcunun silinməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi X5, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) qarşı qərarların ləğv edilməsi və vergi borcunun silinməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 57 nömrəli sərəncamı və onunla İddiaçı arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 06 nömrəli müqaviləyə əsasən 14 saylı qış və 12 saylı yay otlaq sahələrindən 700 ha torpaq sahəsi 15 il müddətinə müəssisənin icarəsinə verilmişdir.
2. Həmin müqavilənin 3.4-cü bəndində İcarəçinin hər il torpaq vergisi nəzərə alınmaqla 805 manat icarə haqqı ödəməyi öhdəsinə götürməsi, eyni zamanda 5.2-ci bəndinin 6-cı abzasında torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək İcarəçinin vəzifəsi kimi təsbit olunmuşdur.
3. 12 saylı Ərazi Vergilər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********638800 nömrəli qərarı ilə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2017-ci il üzrə İddiaçınə 252,00 manat məbləğində torpaq vergisi hesablanmışdır.
4. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********827900 nömrəli qərarı ilə kameral vergi yoxlaması nəticəsində 2020-ci il üzrə İddiaçınə 252,00 manat məbləğində torpaq vergisi hesablanmışdır.
5. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********682600 nömrəli qərarı ilə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2021-ci il üzrə İddiaçınə 252,00 manat məbləğində torpaq vergisi hesablanmışdır.
6. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarı ilə İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
7. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli **********636800 nömrəli qərarı ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli, xx.xx.2021-ci il tarixli **********682600 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarları icraya yönəldilmiş və icra olunması üçün Göygöl rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.
8. Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir.
9. Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 15/373 nömrəli məktubunda bildirilmişdir ki, Göygöl Rayon İcra Hakimiyyəti ilə İddiaçı rəhbəri X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 06 saylı icarə müqaviləsinin 3.4-cü bəndində göstərilən icarə haqqının daxilində həm də torpaq vergisi nəzərdə tutulmuşdur. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 230 nömrəli Qərarının Daşkəsən-Gədəbəy üzrə İ qrup əkin torpağının 1 hektarının şərti balı 42 qəbul edilmişdir. Həmin qanuna əsasən biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarlarının şərti balları müvafiq kadastr qiymət rayonunun əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların İ keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti balları 1/10 miqdarında qəbul edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Odur ki, yay və qış otlaqlarının 1 hektarının torpaq vergisi Göygöl rayonu üzrə 0,25 manat təşkil edir. İcarə müqaviləsində göstərilən 700 hektar yay və qış otlaq sahəsinin torpaq vergisinin məbləği 175 manat təşkil edir. Qalan 630 manat isə icarə haqqı kimi hesablanmışdır. Ümumi məbləğ olaraq 805 manat icarə haqqı şəklində birlikdə ödənilmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı X4 cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlarının ləğv edilməsi və qanunsuz hesablanmış 1.007,59 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Göygöl Rayon İcra Hakimiyyəti ilə torpaq icarə müqaviləsi bağlayaraq 700 ha qış və yay otlaq sahəsini 15 il müddətinə icarəyə götürmüşdür. İcarə müqaviləsinin 3.4-cü bəndinə əsasən hər il torpaq vergisi nəzərə alınmaqla, icarəyə verənə 805 manat icarə haqqı ödəməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq hər il illik 805 manat icarə haqqını ödəmişdir və ödədiyi icarə haqqından torpaq vergisi ödənilmişdir. Buna baxmayaraq vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlar qəbul olunaraq 723,75 manat əsas, 183,84 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla 1.007,59 manat borcun tutulması qərara alınmış və icra olunması üçün Göygöl rayon İcra və probasiya idarəsinə göndərilmişdir. Qeyd olunan borcun yazılmasından xəbərləri olmamış, yalnız icra idarəsindən bildiriş gələndə məlum olmuşdur ki, vergi orqanı qanunsuz olaraq müəssisəyə 1.007,59 manat vergi borcu yazmışdır. Müəssisəyə yazılmış borc qanunsuz və əsassız yazılmışdır. Qeyd olunan borcun silinməsini xahiş etsələr də, cavabdeh orqan tərəfindən imtina edilmiş, əksinə icra orqanına göndərilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
12. İddiaçı X4 eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərarların ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmədiyini bildirmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)-734/2022 nömrəli qərardadları ilə (hakim Emin Axundov) hazırki iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmiş və Göygöl Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.
14. Daha sonra X4 İddiaçı xüsusi kiçik müəssəsinin direktoru kimi müəssisənin adından iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlarının ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 1007,59 manat vergi borcunun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)-734/2022 nömrəli qərarı ilə (hakim Emin Axundov) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlarının ləğv edilməsi və 1007,59 manat məbləğində borcun silinməsi qərara alınmışdır.
16. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-573/2022 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim Azər Bayramov, hakimlər Rəşad Mamedov və Aygül İsgəndərovadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)-734/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) qarşı qərarların ləğv edilməsi və qanunsuz hesablanmış vergi borcunun silinməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1481/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) qarşı həmin idarənin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli, xx.xx.2021-ci il tarixli **********930600 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlarının ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 1.069 manat cərimə və 321 manat penya olmaqla, 1.390 manat vergi borcunun silinməsi tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir.
18. 12.04.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq icraatı üzrə iclasda İddiaçı vəkili X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli, xx.xx.2021-ci il tarixli **********930600 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlarının ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 1.069 manat cərimə və 321 manat penya olmaqla, 1.390 manat vergi borcunun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
20. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
21. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
22. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
23. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.
24. Bu məqsədlə məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsinin mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olmaqla, hazırkı iddianın qaldırılması üçün qanunvericilkdə nəzərdə tutulmuş iddia müddətinə riayət edilməsinin zəruri olduğu iddiaçının nəzərinə çatdırılmaqla, iddiaçıdan həmin məsələyə mümkünlük iclasınadək münasibət bildirilməsi tələb olunmuş və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermək hüququnun mövcudluğu izah edilmiş, habelə cavabdehdən mübahisələndirilən qərarların iddiaçıya təqdim edilməsinə dair (elektron üsulla gücləndirilmiş elektron imza ilə imzalanmaqla və yaxud poçt rabitəsi vasitəsilə) məlumatı mümkünlük iclasınadək məhkəməyə təqdim etmək tələb olunmuşdur.
25. Məhkəmənin həmin tarixli iclasında iddiaçının vəkil olan nümayəndəsi iddia müddətinin ötürülmədiyini, vergi orqanı tərəfindən mübahisələndirilən qərarların surəti iddiaçıya təqdim edilmədiyini, Göygöl rayon icra və probasiya şöbəsindən tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildiriş göndərildikdən sonra sözügedən qərarlardan məlumatlı olduqlarını və yalnız bundan sonra həmin qərarları mübahisələndirdiklərini, mübahisələndirmə iddia növü üçün qanunvericilikdə nəzərdə tutulmuş mümkünlük şərtinə riayət etdiklərini və hazırkı iddia ərizəsinin iddia müddəti ötürülmədən verildiyini bildirməklə, iddia müddətinin buraxılmamış sayılaraq iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişdir.
26. Məhkəmənin həmin tarixli iclasında cavabdeh orqanın nümayəndəsi iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarların ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü, xx.xx.2019-cu il tarixli **********638800 nömrəli qərarın xx.xx.2019-cu il tarixdə saat 14:41-də göndərildiyini və iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə saat 10:24-də oxunulduğunu, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli qərarın xx.xx.2020-ci il tarixdə saat 17:25-də göndərildiyini və iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə saat 13:19-da oxunulduğunu, xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarın xx.xx.2021-ci il tarixdə saat 17:57-də göndərildiyini və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə saat 11:56-da oxunulduğunu, yəni, qərarların vergi ödəyicisinə lazımi qaydada çatdırılmasına baxmayaraq, iddiaçının onları prosessual müddəti ötürməklə xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirdiyini bildirmiş və bu barədə yazılı ərizə təqdim edərək iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir.
27. Məhkəmə mübahisələndirilən qərarların heç birinin vergi orqanı tərəfindən iddiaçıya poçt rabitəsi vasitəsilə göndərilməməsini, təqdimetmənin yalnız elektron üsulla həyata keçirilməsini və onun məhz gücləndirilmiş elektron imza ilə imzalanmasının müəyyən edilməsinin mümkün olmamasını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.
28. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
29. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
30. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
31. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
32. İddiaçının vəkil olan nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
33. İddiaçının vəkil olan nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
34. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, icarə müqaviləsi bağlanan zaman iddiaçı müəssisənin rəhbərinə Göygöl RİH tərəfindən bildirilmişdir ki, icarə haqqının məbləğinə həmin torpaq üçün ödənilməli olan vergi də daxildir. Ona görə də, iddiaçı tərəfindən torpaq sahəsinə görə vergi ödənilməmişdir. Göygöl Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 06 nömrəli müqavilənin 3.4-cü bəndində də İcarəçinin hər il torpaq vergisi nəzərə alınmaqla 805 manat icarə haqqı ödəməli olması göstərilmişdir. Onlar da icarə haqqının tərkibində torpaq vergisi də olmaqla onu hər il vaxtlı-vaxtında ödəmişlər. Cavabdeh vergi orqanın qərarlarını və onlara vergi borcunun hesablanmasını qanunsuz və əsassız hesab edirlər.
35. Cavabdeh orqanın nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək, etirazda qeyd edilənlərə istinadla iddianın təmin edilməməsini xahiş etmişdir.
36. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, hər hansı fiziki və hüquqi şəxs dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək üçün vergi ödəyicisi olmalı, torpaq icarəsi üçün ərizə ilə müraciət edərkən vergi ödəyicisi kimi qeydiyyata alınması barədə sənədi ərizəyə əlavə etməlidir. Bu o səbəbdən tələb olunur ki, həmin şəxslər tərəfindən istifadələrində olan (icarə və ya digər əsaslarla) torpaqlara görə torpaq vergisi hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir. Bu ödənişlər dövlət torpaqlarının icarəsinin haqqı olaraq yox, istifadə edilən torpağa görə ödənilməli olan vergilərin dövlət büdcəsinə ödənilməsi formasında həayata keçirilməlidir. Çünki Vergi Məcəlləsində konkret olaraq qeyd olunur ki, istifadəsində torpaq sahəsi olan şəxslər torpaq vergisinin ödəyiciləridir. Digər tərəfdən, “Torpaq icarəsi haqqında” Qanunun tələbləri baxımından da dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə verməyə hüququ olan müvafiq icra hakimiyyəti orqanı torpaq vergisinin tədiyyəçisi deyildir. Belə olan halda iddiaçının istifadəsində olan torpağa görə ödənilməli olan torpaq vergisinin icarə haqqının tərkibində ödənilməsi barədə dəlili qanunvericiliyin nomaları baxımından əsaslı hesab edilə bilməz.
37. O, sədrlik edənin suallarına cavab olaraq, bildirmişdir ki, iddiaçı müəssisənin icarəsinə verilmiş 700 ha torpaq sahəsi üçün Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən torpaq vergisi ödənilmir. Göygöl RİH yalnız həmin torpağın icarə haqqını toplayaraq, dövlət büdcəsinə ödənilməsini təmin edir. Torpaq vergisi bəyannaməsi dövlət mülkiyyətində olan torpaq sahəsini icarəyə götürmüş şəxs tərəfindən vergi orqanına təqdim edilməli və torpaq vergisi də onun tərəfindən ödənilməlidir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli qərarı ilə İddiaçınə 2017-ci il üzrə 252,00 manat, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli qərarı ilə 2020-ci il üzrə 252 manat, xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarı ilə 252 manat məbləğində torpaq vergisi və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarı ilə 100 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Yəni, qərarlarla iddiaçıya hesablanmış cəmi məbləğ 856 manat təşkil edir, lakin həmin məbləğlərin vaxtında ödənilməməsinə görə də faiz borcu hesablanmış, habelə yenə eyni mübahisəli məsələ iləəlaqədar yeni qərarlar qəbul edilmişdir. Ona görə də, hazırda iddiaçının dövlət büdcəsinə cəmi borcunun məbləği 1.665,92 manat təşkil edir.
38. O, əlavə olaraq qeyd etmişdir ki, Göygöl RİH ilə icarə müqaviləsi bağlayaraq Göygöl rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaqları icarəyə götürmüş bütün digər hüquqi və fiziki şəxslər tərəfindən torpaq vergisi vaxtlı-vaxtında vergi orqanına bəyan edilməklə onların özləri tərəfindən ödənilir. Göygöl rayonu ərazisində yalnız iddiaçı müəssisədir ki, ödədiyi icarə haqqının tərkibində torpaq vergisinin də olduğunu iddia edərək, vergini ödəmir.
39. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, göstərmişdir ki, o, Göygöl RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyir və icarə müqavilələrinin tərtib edilməsi ilə o məşğul olur. Onlar hesab edir ki, iddiaçı müəssisə həmin dövr üçün torpaq vergisi ödəməməlidir. Ona görə ki, iddiaçı 700 ha torpaq sahəsinin istifadəçisi yox, icarəçisi olmuşdur. İcarəçinin torpaq vergisi ödəməsi isə onlar icarə müqaviləsi bağladıqdan sonra Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə müəyyən edilmişdir. Onlar müqavilə bağladıqları dövrdə icarəçinin torpaq vergisinin ödəyicisi olması vergi qanunvericiliyində təsbit olunmamışdır. Bu səbəbdən yay və qış otlaqlarının 1 hektarının torpaq vergisi Göygöl rayonu üzrə 0,25 manat təşkil etsə də, iddiaçının torpaq vergisi ödəyicisi olmaması nəzərə alınaraq həmin icarə haqqının məbləği 0,25 manat 5 əmsala vurulmaqla, yəni 1 hektar üçün 1,25 manat olaraq müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.4-cü bəndində İcarəçinin hər il torpaq vergisi nəzərə alınmaqla 805 manat icarə haqqı ödəməyi öhdəsinə götürməsi qeyd edilmişdir. Lakin bu, o demək deyil ki, 805 manat icarə haqqının tərkibində torpaq vergisi də ödənilmişdir. Həmin 805 manat yalnız iddiaçının həmin torpaq üçün ödəməli olduğu icarə haqqıdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir.
40. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 15/373 nömrəli məktubunda “icarə müqaviləsində göstərilən 700 hektar yay və qış otlaq sahəsinin torpaq vergisinin məbləği 175 manat təşkil edir. Qalan 630 manat isə icarə haqqı kimi hesablanmışdır. Ümumi məbləğ olaraq 805 manat icarə haqqı şəklində birlikdə ödənilmişdir” kimi qeyd edilməsinin səbəbini bilmir. Birmənalı olaraq, iddiaçı müəssisə tərəfindən onlara ödənilmiş 805 manat məbləğində pul yalnız icarə haqqını özündə ehtiva edir. Vergi qanunvericiliyinə edilmiş dəyişiklikdən sonra onlar fiziki və hüquqi şəxslərlə bağladıqları icarə müqavilələrində artıq dəyişiklik edərək, icarə haqqının tərkibində torpaq vergisinin nəzərə alınmaqla sözünü qeyd etmirlər.
41. Üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, digər nümayəndənin dedikləri ilə həmfikir olduğunu və başqa əlavəsinin olmadığını bildirərək, tələbin təmin edilməməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
42. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 57 nömrəli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 06 nömrəli müqavilənin surəti; - Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********636800 nömrəli qərarının surəti; - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2019-cu il tarixli **********638800 nömrəli qərarı; - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli **********827900 nömrəli qərarı; - Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********682600 nömrəli qərarı; - Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarı; - Göygöl rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişin surəti; - Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 15/373 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
43. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
44. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli qərarı ilə İddiaçınə 2017-ci il üzrə 252,00 manat, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli qərarı ilə 2020-ci il üzrə 252 manat, xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarı ilə 252 manat məbləğində torpaq vergisi və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarı ilə 100 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır.
45. İddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli, 06 nömrəli müqavilənin 3.4-cü bəndinə istinad edərək, hər il torpaq vergisi nəzərə alınmaqla icarə haqqını ödədiyinə istinadla yuxarıda qeyd olunan qərarların ləğv edilməsini və hesablanmış 1.069 manat cərimə, 321 manat penya olmaqla, 1.390 manat vergi borcunun silinməsini xahiş etmişdir.
46. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir.
47. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1, 204 və 205-ci maddələrinin xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasında deyilirdi: Maddə 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır Maddə 204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin maddələrə xx.xx.2021-ci il tarixli 406-VİQD nömrəli Qanunu ilə dəyişiklik edilmiş və 203.1-ci maddədə “istifadəçilərinin” sözü “torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin” sözləri ilə əvəz edilmiş, 204-cü maddədə “istifadəsində” sözündən əvvəl “icarə və ya digər əsaslarla” sözləri və “fiziki şəxslər” sözlərindən əvvəl “, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən” sözləri əlavə edilmiş, 205-ci maddədə “istifadəsində” sözündən əvvəl “icarə və ya digər əsaslarla” sözləri əlavə edilmişdir.
48. Maddə 207.1.2. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisinə cəlb edilmir.
49. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 3. İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 5. Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: yay və qış otlaqlarının torpaqları... Maddə 10-1.1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə) ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. Maddə 10-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; 10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; 10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd. Maddə 14. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
50. Məhkəmə qeyd edir ki, iddiaçı Göygöl Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 06 nömrəli müqavilənin 3.4-cü bəndində İcarəçinin hər il torpaq vergisi nəzərə alınmaqla 805 manat icarə haqqı ödəməli olması göstərildiyi üçün, icarə haqqının məbləğinə həmin torpaq üçün ödənilməli olan verginin də daxil olduğunu iddia edərək, cavabdeh vergi orqanın qərarlarını və onlara vergi borcunun hesablanmasını mübahisələndirmişdir.
51. Üçüncü şəxs birinci instansiya məhkəməsində ilkin icraat zamanı məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 15/373 nömrəli məktubunda yay və qış otlaqlarının 1 hektarının torpaq vergisinin Göygöl rayonu üzrə 0,25 manat təşkil etdiyini, icarə müqaviləsində göstərilən 700 hektar yay və qış otlaq sahəsinin torpaq vergisinin məbləğinin 175 manat təşkil etdiyini, qalan 630 manatın isə icarə haqqı kimi hesablanaraq ümumi məbləğ olaraq 805 manat icarə haqqı şəklində birlikdə ödənildiyini qeyd etsə də, işə hazırkı baxış zamanı üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, həmin məktubda elə qeyd edilməsinin səbəbini bilmir. Lakin birmənalı olaraq iddiaçı müəssisə tərəfindən onlara ödənilmiş 805 manat məbləğində pul yalnız icarə haqqını özündə ehtiva edir. Belə ki, iddiaçı 700 ha torpaq sahəsinin istifadəçisi yox, icarəçisi olmuşdur. İcarəçinin torpaq vergisi ödəməsi isə onlar icarə müqaviləsi bağladıqdan sonra Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə müəyyən edilmişdir. Onlar müqavilə bağladıqları dövrdə icarəçinin torpaq vergisinin ödəyicisi olması vergi qanunvericiliyində təsbit olunmamışdır. Bu səbəbdən yay və qış otlaqlarının 1 hektarının torpaq vergisi Göygöl rayonu üzrə 0,25 manat təşkil etsə də, iddiaçının torpaq vergisi ödəyicisi olmaması nəzərə alınaraq həmin icarə haqqının məbləği 0,25 manat 5 əmsala vurulmaqla, yəni 1 hektar üçün 1,25 manat olaraq müəyyən edilmişdir.
52. Buradan belə müəyyən edilir ki, hazırkı mübahisəni həll etmək üçün iddiaçı müəssisənin dövlət mülkiyyətində olan yay və qış otlaq sahələrini icarəyə götürməsinə görə torpaq vergisi ödəməli olub-olmaması aydınlaşdırılmalıdır. Bunun üçün isə üçüncü şəxsin istinad etdiyi hallara qiymət verilməlidir.
53. Məhkəmə əvvəla, Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 15/373 nömrəli məktubuna tənqidi yanaşaraq, qeyd edir ki, İcarəyəverən olaraq Göygöl Rayon İcra Hakimiyyəti torpaq vergisi tədiyəçisi olmadığı üçün icarə haqqının tərkibində torpaq vergisinin nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İkinci tərəfdən. Üçüncü şəxsin nümayəndəsi də 805 manat məbləğində icarə haqqının tərkibində torpaq vergisinin olmadığını, iddiaçının həmin məbləğdə ödədiyi pulun yalnız icarə haqqını özündə ehtiva etdiyini göstərmişdir. Bu əsasla həmin məktubda göstərilənlər məlumatların mötəbərliyi aradan qalxdığına görə iddiaçının da həmin hala istinadı, yəni icarə haqqının məbləğinə həmin torpaq üçün ödənilməli olan verginin daxil olması, onların da icarə haqqının tərkibində torpaq vergisi də olmaqla onu hər il vaxtlı-vaxtında ödəmələri barədə dəlilləri əsaslı sayıla bilməz.
54. Üçüncü şəxsin əsasən iddia etdiyi məsələ isə, iddiaçı müəssisənin dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəçisi olması və müqavilə bağlanan vaxt qüvvədə olan vergi qanunvericiliyində icarəçinin torpaq vergisi ödəməli olmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir (m.1). Yəni, torpaq istifadəçiləri əgər əvəzi ödənilməklə torpaq icarəsi müqaviləsi əsasında torpaqdan müddətli (qısa və ya uzun) istifadə edirlərsə, onlar torpaq icarəçiləridir. İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr isə torpaq üzərində icarə münasibətləridir (m.3). Dövlət torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir (m.4). Dövlət mülkiyyətində olan yay və qış otlaqlarının torpaqları icarəyə verilə bilər (m.5). Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir (m.14). Bu qeyd olunanlar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmişdir.
55. Yəni, iddiaçı müəssisə nə qədər ki, torpaq icarəsi müqaviləsi əsasında dövlət mülkiyyətində olan yay və qış otlaq sahələrini müddətli icarəyə götürmüş və həmin torpağa görə icarə haqqı ödəmişdir, bu halda iddiaçı torpaq icarəçisidir və icarə haqqı ilə yanaşı torpaq vergisidə dövlət büdcəsinə ödənilməlidir.
56. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 206.1. Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Maddə 206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Maddə 206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. Maddə 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Maddə 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Maddə 208.6. Müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.
57. Məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx.xx.2021-ci il tarixli 406- VİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə bağlı isə qeyd edir ki, həmin dəyişikliklərə qədər Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyicilərinin olması və Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılması qeyd edilmiş, sonrakı dəyişikliklər isə istifadənin mahiyyətini açıqlamağa xidmət etmiş və “istifadəçilərinin” sözü “torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin” sözləri ilə əvəz edilmişdir ki, iddiaçı dəyişiklikdən əvvəl də torpaqdan icarə müqaviləsi əsasında istifadə etdiyi üçün qeyd olunan dəyişikliyə qədər də torpaq vergisinin ödəyicisi olmuşdur.
58. Digər tərəfdən, “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinin məzmunundan görünür ki, hər hansı fiziki və ya hüquqi şəxs dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı topraqları icarəyə götürmək üçün vergi ödəyicisi olmalı, torpaq icarəsi üçün ərizə ilə müraciət edərkən vergi ödəyicisi kimi qeydiyyata alınması barədə sənədi ərizəyə əlavə etməlidir. Bu o səbəbdən tələb olunur ki, həmin şəxslər tərəfindən istifadələrində olan (icarə və ya digər əsaslarla) torpaqlara görə torpaq vergisi hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir. Bu ödənişlər dövlət torpaqlarının icarəsinin haqqı olaraq yox, istifadə edilən torpağa görə ödənilməli olan vergilərin dövlət büdcəsinə ödənilməsi formasında həyata keçirilməlidir.
59. Məhkəmə mübahisələndirilən qərarlarla bağlı qeyd edir ki, vergi orqanı tərəfindən Göygöl Rayon İcra Hakimiyyətinə müraciət olunaraq, dövlət torpaqlarını icarəyə götürən şəxslər barədə məlumatın 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim olunması xahiş edilmişdir. Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 04/11 nömrəli, xx.xx.2017-ci il tarixli 11/667 nömrəli, xx.xx.2020-ci il tarixli 11/18 nömrəli, xx.xx.2021-ci il tarixli 11/217 nömrəli məktublarına əlavə edilmiş siyahılardan müəyyən olunmuşdur ki, İddiaçı istifadəsində icarə müqaviləsi əsasında torpaq sahəsinin mövcud olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin torpaq sahəsinə görə Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş torpaq vergisi bəyannamələri təqdim edilməmişdir. Bu əsasla cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********638800 nömrəli qərarı ilə İddiaçınə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2017-ci il üzrə 252,00 manat məbləğində, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********827900 nömrəli qərarı ilə 252,00 manat məbləğində, “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********682600 nömrəli qərarı ilə 2021-ci il üzrə 252,00 manat məbləğində torpaq vergisi hesablanmış və “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarı ilə İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
60. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən həmin qərarları əsaslı və qanuni sayır.
61. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.
62. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli, xx.xx.2021-ci il tarixli **********930600 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlar qəbul edilərkən yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əməl edildiyindən, İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) qarşı qərarların ləğv edilməsi və vergi borcunun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir.
63. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva