Məhkəmə qərarları › İş №2-1(114)-1518/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1518/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1518/2020 23.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil X2 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********473000 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********473000 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş qərarın surətindən görünür ki, **********473000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarla iddiaçıya 2019-cu il üçün 5572,42 manat gəlir vergisi hesablanmışdır. Qərarda əsaslandırma olaraq vergi hesablanması üçün əlaqəli məlumatların əsas olması göstərilmişdir. Ancaq bu qərar Vergi Məcəlləsinin ümumi hissəsini əhatə edən 59.1-ci maddəsinə əsasən qəbul edildiyi göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının hansı gəlir vergisindən nə zaman yayındığı, hansı vergi bəyanaməsini vermədiyi ona aydın deyil. Bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Odur ki, iddiaçı hesab edirki, cavabdeh tərəfindən qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Buna görə də, “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********473000 nömrəli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********473000 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının gəlirinin mənbəyini göstərə bilməmiş və qeyd edərək pulun haradan almasını göstərməmişdir. Həmçinin cavabdeh tərəfindən göndərilmiş məktubun almamasının heç bir sübutla sübuta yetirə bilməmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən iddiaçı tərəfindən 39803,00 məbləğində xarici valyuta əldə edildiyi müəyyən olunmuşdur. Bununla bağlı xx.xx.2020-ci il tarixli, **********007000 nömrəli dəvət məktubu ilə qeyd olunan vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi, habelə vergi orqanında aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyi, konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü və miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası və işin faktiki hallarından asılı olaraq digər zəruri olan məlumatların araşdırılması və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməsi üçün İddiaçı cavabdeh inzibati orqana dəvət edilmişdir. Lakin iddiaçı tərəfindən vergi orqanına dəvət olunmağına baxmayaraq əldə ediliş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. İddiaçı tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16-cı, 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxarılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 66-cı maddəsinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. xx.xx.2020-ci il tarixli **********579300 saylı "kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktuba əsasən vergi ödəyicisi İddiaçı 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini Baş İdarənin xx.xx.2020-ci il tarixli, **********473000 “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı ilə yenidən hesablamışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçıya idarəyə gəlməsi və gəlirləri barədə məlumat verməsi təklif olunsa da sonuncu idarəyə gəlməmiş və əldə etmiş olduğu vəsaitin mənbəyi barədə heç bir məlumat verməmişdir. Hazırda da həmin mənbə iddiaçının nümayəndəsi tərəfindən məhkəmədə göstərilə bilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir (həmin sənədlərin məzmununa istinad edilir): • “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********473000 qərarı; • Kameral vergi yoxlaması üçün zəruri ola sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub • xx.xx.2020-ci il tarixli, **********001000 nömrəli Vergi orqanına dəvət məktubu; • Məhkəməin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli cavab məktubu; Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqlağına baxmayaraq, mahiyət baxımından əsassızdır. Belə ki, xx.xx.2020-ci il tarixli, **********007000 nömrəli iddiaçıya ünvanlanmış vergi orqanına dəvət məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən tərəfinizdən 39803.00 AZN məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 23400.00 məbləğində xarici valyuta əldə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəvicisi hesab olunur (Vergi Məcəlləsi 13.2.4-cü maddə). Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəvicisinin vəzifəsidir (Vergi Məcəlləsi 16-cı maddə). Fiziki şəxslər tərəfindən gəlirlər əldə edilənədək vergi orqanında uçota durmadıqda, vergi orqanı tərəfindən vergi ödəyicisi məcburi qaydada uçota alınır (Vergi Məcəlləsi 33.3-cü və 33.5- ci maddələr). Vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamag hüququ vardır (Vergi Məcəlləsi 67.1-ci maddə). Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir (Vergi Məcəlləsi 66-cı maddə). Göstərilənlərə əsasən tərəfinizdən valyuta mübadiləsi əməliyyatı nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti və s.) borc, kredit və s.)) ilə bağlı ətraflı izahatın verilməsi üçün İddiaçı xx.xx.2020-ci il tarixdə saat 10:00-da 12 saylı Ərazi Vergilər Baş idarəsinin inzibati binasına dəvət edilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, vergi orqanına gəlməklə yanaşı, məktuba əlavə edilmiş sorğu cədvəli qabacadan iddiaçı tərəfindən doldurulmalı və həmin cədvəl, habelə əldə edilmiş vəsaitlə bağlı zəruri olan təsdiqedici sənədlər (məlumatlar) vergi orqanına təqdim edilməlidir. Bundan başqa iddiaçıya araşdırmanın başa çatdırılması üçün vergi orqanına gəlmədikdə və ya sorğu cədvəli və zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda, vergi orqanının onu Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələrinə uyğun olaraq məcburi qaydada vergi uçotuna almaq, Vergi Məcəlləsinin 67-ci və 83-cü maddələrinin müddəalarına əsasən vergi, məcburi dövlət sosial sığorta icbari tibbi sığorta və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini hesablamaq hüququ olduğu və araşdırmada şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak edə biləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixli, **********579300 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda iddiaçı tərəfindən 2019cu il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi səbəbindən kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən vergi ödəyicisi İddiaçı xx.xx.2020-ci il tarixdə 39803.0 manat məbləğində nağd qaydada aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 23400.0 USD məbləğində xarici valyuta əldə etdiyi, **********007000 nömrəli məktubla iddiaçının vergi orqanına dəvət olunduğu və müvafiq sənədləri təqdim etməli olduğuna baxmayaraq tərəfindən vergi orqanına mübadilə (konvertasiya) olunmuş vəsaitin mənbəyi barədə hər hansı təsdiqedici sənəd təqdim edilmədiyi göstərilmişdir. Həmçinin məktubda bəyannamənin təqdim olunması və kameral vergi yoxlamasının başa çatdırılması üçün iddiaçıdan 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim etməyi tələb olunmuş, məktubla əlaqədar yaranacaq suallarla bağlı “Vergi ödəyicilərinə xidmət” şöbəsinə müraciət edə biləcəyi və kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin (məlumatların) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəlarma əsasən vergi orqanının iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olduğu izah olunmuşdur. Bundan başqa cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********473000 nömrəli qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi, sığorta haqqı və ya cari vergi ödəməsi məbləğindən qanunvericiliklə müəyyən edilmiş dərəcə ilə faiz tutulur. Göstərilənlərlə əlaqədar olaraq vergi, sosial sığorta və işsizlik sığortası haqqı və ya cari vergi ödəmələri üzrə iddiaçının borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyi vacibdir. Həmin qərarda iddiaçının hesablanmış vergilərinin və sosial siğorta haqlarının xülasəsində bəyənnamə və hesabat növü “gəlir” kimi, bəyənnamə və hesabat ili isə “2019-cu il” kimi qeyd olunmuşdur. Həmin qərarda bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya siğorta haqqı 5572,42 manat, qərarın hazırlandığı tarixə vergi və siğorta haqları üzrə ödəlikdə isə 0,00 manat qeyd olunmuşdur. Qərarın bəyənnamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçıya Gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən Gəlir vergisi hesablanmışdır. Bu hesablama ilə bağlı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ iddiaçıya izah olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi). Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (Vergi Məcəlləsi 16-cı maddə) Fiziki şəxslər tərəfindən gəlirlər əldə edilənədək vergi orqanında uçota durmadıqda, vergi orqanı tərəfindən vergi ödəyicisi uçota alınır (Vergi Məcəlləsi 33.3-cü və 33.5-ci maddələr). Vergi Məcəlləsinin 97-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Gəlirlərə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Vergi Məcəlləsinin 16.1.11-3-cü maddəsinə əsasən vergi orqanının tələbinə əsasən maliyyə institutlarında vergi monitorinqinin aparılması ilə bağlı vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda vergi orqanlarına və onların vəzifəli şəxslərinə təqdim etmək maliyyə institutları olan vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 16.1.11-4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini və bu Məcəllənin 76-1 -ci maddəsinə uyğun olaraq maliyyə institutları tərəfindən təqdim edilməsi nəzərdə tutulan məlumatların əks olunduğu forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron hesabatların təqdim edilməsini təmin etməlidirlər. Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən İddiaçı tərəfindən 39803.00 AZN məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 23400.00 məbləğində xarici valyuta əldə edildiyi müəyyən olunmuşdur. Bununla bağlı İddiaçı xx.xx.2020-ci il tarixli **********007000 nömrəli dəvət məktubu ilə qeyd olunan vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti və s.) borc, kredit və s.)) ilə bağlı bağlı ətraflı izahatın verilməsi, habelə vergi orqanında aparılan 2 araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyi (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) pensiya, digər gəlir), konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü (muzdlu işdən gəlir, qeyrisahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) pensiya, digər gəlir) və miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası və işin faktiki hallarından asılı olaraq digər zəruri olan məlumatlar araşdırılması və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməsi üçün İddiaçı cavabdeh inzibati orqana dəvət edilmişdir. Lakin İddiaçı tərəfindən vergi orqanına dəvət olunmağına baxmayaraq əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır.İddiaçı tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri (vergidən azad olunan gəlir növü istisna olmaqla) onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16-cı, 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin üzərim düşür. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi Məcəlləsinin 66-cı maddəsinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. xx.xx.2020-ci il tarixli **********579300 saylı “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəlarına əsasən vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini Baş İdarənin xx.xx.2020-ci il tarixli saylı **********473000 “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə yenidən hesablamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilənləri nəzərə alan məhkəmə hhesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********473000 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar