Məhkəmə qərarları › İş №2-1(114)-180/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-180/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-180/2025 17.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X8 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, nümayəndəsi (vəkil) Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «qəraların ləğv edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********354000 saylı qərarın ləğv edilməsi və borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtonəqliyyat hissələrinin pərakəndə satışı ilə məşğul olur. Gəncə şəhərində iki obyekti vardır. 2022-ci ilin fevral-may aylarında satıcının səriştəsizliyi ucbatından malların satışını kassaya daxil edərkən malların sayı yerinə malların dəyərinin yazılması nəticəsində kassaya 1166385,5 manat artıq satış vurulmuşdur. Halbuki, 2022-ci ildə faktiki satış dövriyyələri 21923,3 manat olmuşdur. Kassaya səhv vurulmuş məbləğə görə isə ƏDV qeydiyyatı açılmışdır. Hansı ki, obyektdə olan bütün mallar xaricdən gəlir və gömrükdən keçir. Bütün malların dəyəri isə 1166385,5 manat pulun heç 1/5 hissəsi etmir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-45622/2024 və 3-21-2-18/2-45623/2024 saylı qərarların ləğv edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh vergi orqanı iddia tələbinə qarşı etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, nəzarət-kassa aparatının (NKA) məlumatlarına əsasən 2022-ci ilin yanvar ayında vergi ödəyicisinin dövriyyəsi 392881 manat olduğundan fevral ayının 1-dən məcburi ƏDV qeydiyyatına alınmışdır. Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda – vergi ödəyicisi növbəti ayın birinci günündə məcburi ƏDV qeydiyyatına alınır. Bununla bağlı vergi ödəyicisi barəsində xx.xx.2022-ci il tarixli **********126700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Həmin qərarda 2021-ci ilin 4-cü rübünün oktyabr ayı üzrə 5000 manat, noyabr ayı üzrə 5000 manat və dekabr ayı üzrə 153580.29 manat olmaqla, ümumilikdə 2021-ci ilin 4-cü rübü üzrə 163580.29 manat məbləğində mal təqdim edilmişdir. Bu səbəbdən ona 2971.61 manat dəyərində əlavə sadələşdirilmiş vergi hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********126700 nömrəli qərar mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Göründüyü kimi vergi ödəyicisinin dövriyyəsinin artması barədə ona məktub göndərilmiş, qərar göndərilmiş və vergi ödəyicisi həmin dövriyyə məlumatlarını qəbul etmiş və mübahisələndirməmişdir. Daha sonra aparılmış araşdırma zamanı 2022-ci ilin fevral ayında nəzarət-kassa aparatına (NKA) ümumilikdə 783900,0 manat məbləğ daxil edildiyi müəyyən edilmişdir. NKA-ya daxil edilmiş məbləğ üzrə ƏDV məbləği və korreksiya (geri qaytarma) məbləği (513825,0) nəzərə alınmaqla ((783900,0 - 513825,0) / 1.18 = 228877,1) 228877,1 manat dövriyyənin və nəticədə 41197,9 manat ƏDV məbləğinin vergidən yayındırıldığı aşkar edilmişdir. Korreksiya (geri qaytarma) məbləği ilə bağlı NKA aparatının məlumatlarından da görünür ki, 36 çek üzrə 513825 manat geri qaytarma məbləği göstərilmiş və həmin məbləğ nəzərə alınmaqla 2022-ci iln fevral ayının dövriyyəsi 228877.1 manat olmuşdur. Ödəyicinin izahat məktubundan da aydın olur ki, kassaya mədaxil edilmiş məbləğin bir qismi SUNMİ kassa aparatlarının nəzarətçisi tərəfindən geri qaytarılma çekləri əsasında silinmişdir. Lakin qalan hissə ilə bağlı ödəyici tərəfindən hər hansı bir sənəd təqdim edilməmişdir. Bununla əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********820600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən yaranmış fərq üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi təqdim edilmədiyi üçün vergi ödəyicisinə vergi məbləği 48615,48 manat olmaqla Vergi orqanının xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-45623/2024 nömrəli müvafiq qərarı göndərilmişdir. Aparılmış araşdırma zamanı 2022-ci ilin mart ayında nəzarət-kassa aparatına (NKA) ümumilikdə 480500,00 manat məbləğ daxil edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin xx.xx.2022-ci ildən ƏDV qeydiyyatında olduğu nəzərə alınmaqla NKA-ya daxil edilmiş məbləğ üzrə ƏDV məbləği nəzərə alınmaqla (480500,0 / 1.18 = 407203,4) 407203,4 manat dövriyyənin və nəticədə 73296,61 manat ƏDV məbləğinin vergidən yayındırıldığı aşkar edilmişdir. Bununla əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********820600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixində **********5029 nömrəli YGB-nə əsasən ƏDV-siz dəyəri 135079.61 manat olmaqla mal idxal edilmiş, malın ƏDV-si 24314.33 manat olmuş, həmin məbləğ əvəzləşdirildiyindən 732xx.xx-24314.33=48982.28 manat ƏDV məbləği hesablanmışdır və bununla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 45622 /2024 nömrəli müvafiq qərar göndərilmişdir. Ödəyici kassasına məbləğlərin səhv daxil edildiyini bildirsə də, bununla bağlı hər hansı bir tədbir görməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il 338 №-li qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 5-ci hissəsi NKA işləmədikdə həyata keçirilməli tədbirlər göstərilmişdir. 5.1. İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir. 5.2. NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. 5.3. Proqram kassasında, habelə proqram kassası və nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilir: 5.3.1. Operator NKA-nı dərhal ehtiyat NKA ilə əvəz edir və nasaz NKA təmirə aparılan zaman Operator və İstifadəçi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin edir; 5.3.2. təmirə göndərilmiş NKA-nın əvəzinə ehtiyat NKA-nın quraşdırılması üçün Operator portaldan Nazirliyə müraciət edir. Nəzarət mexanizmi qurğusunun əvəz edilmiş NKA-ya quraşdırılması üçün Nazirlik tərəfindən Operatora müvəqqəti sertifikat göndərilir. Operator sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir; 5.3.3. nasaz NKA-nın təmiri mümkün olmadıqda, Operator öz seçimindən asılı olaraq ehtiyat NKAnı istifadə edə və ya onu yeni NKA ilə əvəz edə bilər. Ehtiyat NKA-nın istifadəsinə davam etdikdə, ehtiyat NKA-ya verilmiş müvəqqəti sertifikatın daimi sertifikata çevrilməsi üçün Operator tərəfindən Nazirliyə portal üzərindən müraciət göndərilir; 5.3.4. nasaz NKA təmir edildikdən sonra Operator tərəfindən vergi ödəyicisinə geri qaytarılır. Ehtiyat NKA-ya quraşdırılmış nəzarət mexanizmi qurğusunda olan məlumatlar Nazirliyə ötürülür. Ehtiyat NKA-nın təmirdən qayıtmış NKA ilə əvəz edilməsi ilə bağlı proseslər aktla rəsmiləşdirilir və bu barədə Nazirliyə məlumat verilir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin qeyd olunan nasazlıqla bağlı vergi orqanına müraciətinin olmadığı aşkar edilmişdir. Vergi ödəyicisinin **********696300 nömrəli müraciətində qeyd edilmişdir ki, fəaliyyəti Mersedes markalı avtomobillərin işlənmiş ehtiyyat hissələrinin satışıdır. Bu ehtiyyat hissələri Almaniya Respublikasından idxal yolu ilə alınıb. (İdxal YGB məlumatlarını qoşma olaraq əlavə edilib) 2021-ci ildə 2 dəfə, 2022-ci ildə 4 dəfə olmaqla ümumilikdə 6 dəfə idxal edilib. Digər tərəfdən vergi ödəyicisinin özünün də qeyd etdiyi kimi kassasında olan düzgün olmayan məlumatlarla bağlı onun tərəfindən 2022-ci ilin may ayında 513825,0 manat korreksiya (düzəliş) məbləği verilmiş və həmin məbləğ vergi orqanı tərəfindən qəbul edilmiş və fevral ayının dövriyyəsində nəzərə alınmışdır. Lakin qalan 228877,1 manatla bağlı hər hansı dəqiqləşmiş bəyannamə, düzəliş və s təqdim edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, satıcı nəzarət kassa aparatına əməliyyatı həm nağd, həm də nağdsız vurmuşdur. Eyni zamanda malın qiymətini də miqdarı kimi göstərmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin hesabına pul oturmamışdır. Çünki həqiqətən də real satış olmamışdır. Eyni zamanda nəzarət kassa aparatının pos terminalı olmamışdır. Yəni nağdsız əməliyyat edilməmişdir. Belə olan halda ƏDV-yə cəlb edilməsi düzgün deyil. Həmçinin onu da göstərdi ki, prosessual müddət buraxılmamışdır. Belə ki, qərar poçt vasitəsi ilə çatdırılmamışdır. Bununla bağlı kassasiya instansiyası məhkəməsinin mövqeyi vardır. Odur ki, qərarların ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbi ilə bağlı göstərdi ki, iddia əsassızdır. Belə ki, təmsil etdiyi orqanın verdiyi etirazın dəlillərini müdafiə edərək məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, iddiaçı tərəfindən şikayət vermə müddəti ötürülmüşdür. Bundan başqa əməliyyatların nağdsız aparılması halı da mümkündür. Çünki, nəzarət kassa aparatının özləri pos terminalla təchiz olunur. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus şirkətin idxal əməliyyatları barədə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrü əhatə edən çıxarış, kameral vergi yoxlaması (02-2023) zəruri olan sənədlərin tələb edilməsi haqqında 28 avqust 2023-cü il tarixli məktub, NKA çekləri, kameral vergi yoxlaması zəruri olan sənədlərin tələb edilməsi haqqında (02-2022 və 03-2022) 25 noyabr 2024-cü il tarixli məktub, cavabdeh orqanın qəbul etdiyi «Vergilərin, sosial sığorta və işsizlik sğıorta haqlarının hesablanması barədə» xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-45622/2024 və 3-21- 2-18/2-45623/2024 saylı qərarlar, Kapital Bank ASC-nin verdiyi hesabdan çıxarış və məktub təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh inzibati orqan Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı tərəfindən qərarlardan şikayət verilməsi nəzərdə tutulan prosessual müddət buraxılmamışdır. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları .......... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri : 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanının vəzifəsidir. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. ............ İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ********** nömrə ilə vergi ödəyicisi olaraq vergi orqanında qeydiyyata alınmışdır. İddiaçının fəaliyyəti dairəsi avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmaqdan ibarətdir. İddiaçıya məxsus obyektdə 2022-ci ilin fevral ayı üzrə nəzarət kassa aparatına ümumilikdə 783900 manat daxil edilmişdir. Həmin məbləğə müraciət əsasında korreksiya həyata keçirilmiş və 36 çek üzrə 513825 manat geri qaytarma olmuşdur. Bu səbəbdən vergi orqanı tərəfindən fevral ayı üzrə dövriyyə 228877,1 manat müəyyən edilmişdir. Nəticədə xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2- 45623/2024 saylı qərarla 41197,88 manat ƏDV məbləği hesablanmışdır. Eyni zamanda 2022-ci ilin mart ayı üzrə nəzarət kassa aparatına ümumilikdə 480500 manat daxil edilmişdir. Vergi orqanı ƏDV məbləğini nəzərə almaqla 73296,61 manat ƏDV məbləğinin yayındırılması nəticəsinə gəlmişdir. xx.xx.2022-ci ildə **********5029 nömrəli YGB-nə əsasən ƏDV-siz dəyəri 135079.61 manat olmaqla mal idxal edildiyini, malın ƏDVnin 24314.33 manat olmasını və məbləğlərin əvəzləşdirilməsini nəzərə alaraq 48982.28 manat ƏDV məbləği hesblamış və bununla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3- 21-2-18/2-45622 /2024 saylı qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. ..... Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDVüzrə hesabat dövrü təqvim ayı sayılır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi qərarlar qanunsuz olmuşdur. Belə ki, işin mübahisə edilməyən halıdır ki, nəzarət kassa aparatına 2022-ci ilin fevral ayı üzrə korreksiya edilmişdir. Həmin vaxt müəyyən olmuşdur ki, 36 çek üzrə 513825 manat pul vəsaiti yanlış vurulmuşdur və bu səbəbdən geri qaytarma həyata keçirilmişdir. Çünki, satıcı tərəfindən satılmış malların miqdarı yerinə onların dəyərləri vurulmuşdur. Nəticədə satış dövriyyəsi aylıq 200000 manatdan artıq olmuşdur. Lakin nəzərə almaq lazımdır ki, nəzarət kassa aparatına korreksiya edildikdən sonra da satıcı tərəfindən bu hallar təkrarlanmışdır. Kassa çeklərindən aydın olur ki, həm nağd, həm də nağdsız əməliyyatlar edilmişdir. Hansı ki, həmin vaxt nəzarət kassa aparatına daxil edilən çeklər üzrə göstərilən nağdsız əməliyyatlar üzrə hesablanan məbləğlər vergi ödəyicisinin hesabına mədaxil olmamışdır. Bu hal bank tərəfindən verilən hesabdan çıxarış ilə təsdiqin tapır. Digər tərəfdən məhkəmə iclasında təsdiq edilmişdir ki, obyektdə mövcud olan nəzarət kassa aparatı pos terminalla təchiz edilməmişdir. Məhkəmə diqqətə çatdırır ki, vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2022-ci ilin fevral və mart ayları üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni həmin aylarda baş vermiş əməliyyatları əsas götürməlidir. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır (maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2022-ci ilin fevral və mart aylarında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh orqan tərəfindən 2022-ci ilin fevral və mart aylarında nəzarət-kassa aparatı çekləri əsasında satış dövriyyəsindən iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması qanunamüvafiq olmaz. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən hər hansı POSterminal da quraşdırılmamışdır ki, onun nağdsız əməliyyat aparması nəticəsinə gəlinsin. Habelə, obyektdə olan nəzarət kassa aparatı isə vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminalla təchiz edilməmişdir. Məhkəmə bir nüansı da qeyd edir ki, iddiaçıya məxsus şirkətin idxal əməliyyatları barədə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrü əhatə edən çıxarışdan görünür ki, idxal edilən malların dəyəri ilə 2022-ci ilin fevral və mart ayları üzrə edilən satış dövriyyəsi kəskin fərqlənir. Yəni iki ay ərzində olan satış dövriyyəsi ümumi bir il ərzində idxal edilən malların dəyərindən çoxdur. Bu halın mövcudluğu da ona dəlalət edir ki, nəzarət kassa aparatına vurulmuş çeklər həqiqəti əks etdirmir və satışın çeklərdə göstərilən məbləğdə olması ağlabatan deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də ləğv edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2- 45622/2024 və 3-21-2-18/2-45623/2024 saylı qərarlar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar