Məhkəmə qərarları › İş №2-1(114)-1814/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1814/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1814/2024 09.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Abbas Səhhət adına Xəstəxananın xx.xx.2022-xx.xx.2022-ci il xəstəlik tarixindən çıxarışda İddiaçı diaqnozu “Baş beyn silkələnməsi” kimi qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışda İddiaçı diaqnozu “F48.0-Nevrastaniya” kimi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışda İddiaçı diaqnozu “F43.1- Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, özünün intihar fikirləri ilə” kimi qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14464 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Tez-tez qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopatik ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi Em və 3.0D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0.8 olmaqla. İİ (ikinci) dərəcəli alimentarkonstitusional piylənmə BÇİ-33.1 kq/m2" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il və xx.xx.2023-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışda İddiaçı diaqnozu “Əsas xəstəlik - F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞnin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı professor Fuad İsmayılovun xx.xx.2022-ci il tarixli 11305 nömrəli Tibbi rəyi ilə İddiaçı diaqnozu “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” kimi müəyyənləşdirilmişdir (xəstəlik haqqında şəhadətnamədəki qeydə əsasən).

7. İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında “Nevrastaniya. Üzvi dissosiativ pozuntu. Üzvi emosional-labil pozuntu. Partlayış travması. KBT nəticəsində posttravmatik ensefalopatiya. Qıcolma tutmaları (ayda 9-10 dəfə). Sol yan araxnoidal kista (24 mm)” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

8. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərar qəbul edilmişdir.

9. İddiaçı əlilliyi növbəti dəfə xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinin göndərişi əsasında “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Teztez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

10. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-2389/2023 nömrəli qərar qəbul edilmişdir.

11. İddiaçı əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinin xx.xx.2023-cü il tarixdə imzalanmış göndərişi əsasında “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

12. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19101/2023 nömrəli qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

13. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İl Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdı. Lakin həmin zaman ona yalnız ilkin tibbi yardım göstərilmişdir. O, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibədən qayıtdıqdan sonra onda tez-tez qıcolmalar olmuş, uzunmüddətli stressli hallar yaşamış, intihara meyllilik yaranmışdır. Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələrdə olmuşdur. O, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında "Partlayış travması. Çoxsaylı qəlpə yaralanmasından (xx.xx.2020) sonra yaranan ağır depressiya, intihar cəhdi ilə davranış pozuntuları, şəxsiyyətin nəzərə çarpan dəyişikliyı" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə təkrar müayinə üçün Psixi Sağlamlıq Mərkəzinə göndərilmiş, Mərkəzin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən ona "Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1" diaqnozu təyin edilmişdir. O, əliliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ona əlillik təyin edilməsindən imtina edilibdir. O, həmin tarixdə komissiyadan keçməmişdir, həmin tarixdə o, müalicə olunmaq üçün Rusiya Federasiyasında olmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. Komissiyadan noyabr ayının sonlarında keçmişdir. Ondan sonra komissiyanın rəyini gözləmiş, lakin cavab uzun müddət gəlmədiyindən 2024cü ilin yanvar ayında xəstəxana ilə bu barədə maraqlananda sistemə daxil olaraq ona bildirmişlər ki, xx.xx.2023-cü ildə guya ki, o, müayinədə olmuşdur və ona əlillik verilməsindən imtina edilmişdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. İddiaçı xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

20. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə heç bir üzrlü səbəbdlər olmadan məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

27. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarış; - X2 xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışlar; - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14464 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə); - X2 xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il və xx.xx.2023xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışlar; - Məhkəmənin sorğusuna əsasən iddiaçının tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

30. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14464 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Tez-tez qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopatik ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi Em və 3.0D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0.8 olmaqla. İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-33.1 kq/m2" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

31. İddiaçı əlilliyi sonuncu dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi” olmuş və cavabdeh orqan həmin diaqnozlar üzrə qiymətləndirmə apararaq, “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

32. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19101/2023 nömrəli qərar qəbul edilmişdir.

33. İddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə, o cümlədən xəstəlik tarixlərindən çıxarışlarla müəyyən olunur ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Abbas Səhhət adına Xəstəxanada “Baş beyn silkələnməsi”, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “F48.0-Nevrastaniya”, xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə X3 “F43.1-Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, özünün intihar fikirləri ilə”, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023xx.xx.2023-cü il və xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə X3 “Əsas xəstəlik - F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” diaqnozları ilə stasionar müalicələrdə olmuşdur.

34. İddiaçının barəsində olan xəstəlik haqqında şəhadətnamədəki qeyddən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ-nin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı professor Fuad İsmayılovun xx.xx.2022-ci il tarixli 11305 nömrəli Tibbi rəyi ilə İddiaçı diaqnozu “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” kimi müəyyənləşdirilmişdir.

35. Məhkəmə hesab edir ki, həmin diaqnozlardan “F43.1 – Posttravmatik stress pozuntusu” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.

36. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

37. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

39. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2023-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

41. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının davamlı müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.5.1. Posttravmatik stres pozuntusu F43.1

Qiymətləndirmə

7.5.1.1. 2 il müddətində əmək 35-60 2 il qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

42. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da iddiaçıya həmin pozuntu aralığında əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

43. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14464 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

45. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

46. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar