Məhkəmə qərarları › İş №2-1(114)-1872/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1872/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1872/2023 25.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 1524 nömrəli sərəncamının dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 noyabr 2014-cü il tarixli, 1524 saylı sərəncamına əsasən iddiaçıya Gəncə şəhəri, Nizami rayonu, X6 massivi, Ə. Mehmandarov küçəsinin şərq tərəfindən fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini etibarnamə əsasında 24 yanvar 2020-ci il tarixdə X1. X3 həmin torpaq sahəsində "Gəncə şəhəri, çox sahəli layihə, smeta" müəssisəsində tikdirəcəyi evin layihəsini çəkdirmiş və tikdirmişdir. Bundan sonra həmin torpaq sahəsinin və üzərindəki tikilinin sənədləşdirilməsi üçün sənədləri (sərəncamın əslini, layihənin əslini, bələdiyyənin verdiyi planın əslini) 2020ci ilin oktyabr ayında Gəncə Şəhər İcra Hakimiyyətinin Baş memarı Elxan Məmmədova iş otağında ərizə ilə təqdim etmişdir. Uzun get-gəldən sonra ona bildirdilər ki, yuxarıda qeyd olunan sərəncam və ona qoşulmuş sənədlər yoxdur, itirmişlər. Buna görə də xx.xx.2022-ci il tarixdə ərizə ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 noyabr 2014-cü il tarixli, 1524 saylı Sərəncamının dublikatının verilməsi barədə müraicət etmiş, lakin həmin vaxtdan 2 aydan çox vaxt keçməsinə baxmayaraq, nə müraciətinə cavab verilmiş, nə də imtina verilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sərəncamın əsli müvafiq sənədləşmə işləri aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim edilmiş, həmin qurumda itmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 1524 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X6 massivi, Ə. Mehmandarov küçəsinin şərq tərəfində yerləşən 400 kv.metr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. -X4 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-T-593/8/2023 nömrəli arxiv arayışından görünür ki, X4 Filialında mühafizə olunan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun sənədlərinin mühafizə üçün təhvil-qəbulu barədə 26 noyabr 2019-cu il tarixli 13 №-li akta əsasən xx.xx.2014-cü il tarixli 1524 saylı sərəncam filiala təhvil verilməmişdir, lakin filialda mühafizə olunan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının sərəncamların 2014-cü il tarixli qeydiyyat kitabında 1524 saylı sərəncam qeyd olunmuşdur. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli məxaric qəbzindən görünür ki, sərəncamın dublikatının verilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə həmçinin tələbin mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş və qanunla müəyyən edilmiş müddət çərçivəsində (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən 35 gün keçdikdən sonra) iddia qaldırmışdır. Belə ki, işə əlavə edilmiş “məxaric qəbzi”ndən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamış, lakin cavabdeh tərəfindən müraciətə cavab verilmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə vermişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ona verilmiş xx.xx.2014-cü il tarixli 1524 nömrəli sərəncamın dublikatının verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan iddiaçının müraciəti ilə bağlı hərəkətsizlik göstərmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:- -1.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. -1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. -1.4-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. -6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. -6.9-cu bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. İş materialları ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, X6 massivi, Ə. Mehmandarov küçəsinin şərq tərəfində yerləşən 400 kv.metr torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 1524 nömrəli sərəncamı ilə icazə verilmişdir. Sözügedən sərəncam Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun sənədlərinin mühafizə üçün təhvil-qəbulu barədə 26 noyabr 2019-cu il tarixli 13 №-li akta əsasən arxivə təhvil verilməsə də, lakin filialda mühafizə olunan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının sərəncamların 2014-cü il tarixli qeydiyyat kitabında həmin sərəncam və qısa məzmunu qeyd olunmuşdur. Beləliklə göründüyü kimi, sözügedən sərəncamın mövcudluğu həm işə əlavə edilmiş sərəncamın kserosurətində, həm də X4 filialının müvafiq arayışında öz təsdiqini tapır. Bundan əlavə qeyd edilməlidir ki, sözügedən sərəncam Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmişdir və “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarıldığına görə Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncamın dublikatının verilməsi öhdəliyi hazırki halda Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə düşür. Belə olan halda həmin sərəncamın dublikatının verilməsindən imtina edilməsi ilə bağlı cavabdeh orqanın hərəkətləri qanunsuz olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 1524 nömrəli sərəncamının dublikatının verilməsi cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 1524 nömrəli sərəncamının dublikatının İddiaçı verilməsi öhdəliyi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar