Məhkəmə qərarları › İş №2-1(114)-1874/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1874/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1874/2022 05.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X2 və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi ilə bağlı verilmiş B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi-2/0661) diplomun hüquqi baxımından əsaslı hesab olunması və onun müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş və ali təhsili bitirməyi ilə bağlı ona B seriyalı, 106718 nömrəli diplom verilmişdir. Həmin diplom əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanında iştirak edərək ibtidai sinif müəllimi kimi Tovuz rayonun müxtəlif kəndlərində işləmişdir. Ümumilkdə 3 ilə qədər müəllim kimi işləmiş, qanuna müvafiq qaydada əmək haqqı almış, sosial sığorta haqlarını ödəmişdir. 2021-ci ilə yenidən MİQ imtahanı verərək 54 balla test imtahanından müvəffəqiyyətlə keçmiş və Tovuz rayonunun Məşədivəlilər kənd M.Yusifov adına tam orta məktəbindəki vakant yerə ixtisası üzrə müəllim təyin olunmuşdur. xx.xx.2022-ci ildə keçirilmiş müsahibə mərhələsinə dəvət olunmuş, müsahibəyə qatılmaq istədiyi zaman ali təhsil sənədi olan diplom yoxlanılmış və ona bildirilmişdir ki, diplomu dövlət reyestrində sistemdə görünmür və saxtadır. Bununla bağlı iddiaçı Təhsil Nazirliyinə müracət etikdə yenidən həmin əsasla onun imtahana buraxılmağından imtina edilmişdir. İddiaçı hesab edir ki, Təhsil Nazirliyinin diplomun saxta olması ilə bağlı mövqeyi əsassız və qanunsuzdur. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, X1 5 il qiyabi təhsil almış, dərslərdə iştirak etmiş və müvafiq təhsil ödənişi etmişdir, 2016-cı ildə Əyyublu kənd məktəbində 1 il ibtidai sinif müəllimi işləmiş, sonra 2019-cu ildə müvafiq imtahandan lazımi bal toplayaraq Gədəbəy rayonunda məktəbə işə düzəlmiş, lakin səhhəti ilə bağlı işə getməmişdir. 2020-ci ildə yenidən imtahandan keçərək Tovuz rayonu Şamlıq kənd tam orta məktəbində 4 ay ibtidai sinif müəllimi işləmiş, 2021-ci ildə təkrar imtahandan lazımi qədər bal toplayaraq Tovuz rayonu Məşədivəllər kəndində məktəbdə işləməyə başlamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı 106718 saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilməsi gələcəkdə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarının pozmuş olar. Eyni zamanda Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Qanunvericiliyə əsasən təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Ona görə də iddiaçı MİQ-in müsahibə mərhələsinə buraxılmamışdır. Pedaqoji fəaliyyətə başlamaq üçün təqdim edilən sənədin dövlət nümunəli olması əsas şərtdir. Bu baxımdan iddiaçının MİQ imtahanlarına buraxılması tələbinin hüquqi əsası yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi-2/0661) diplomdan görünür ki, İddiaçı Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialında “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə ali təhsil almışdır. -Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının xx.xx.2010-cu il tarixli 1254 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 2009/2010-cu tədris ilində Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialını bitirmiş, ona X4 Komissiyasının qərarı ilə “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası və bakalavr dərəcəsi verilmişdir. -Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli Z-4445/10-24 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2009/2010-cu tədris ilində Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialını bitirmiş, ona X4 Komissiyasının qərarı ilə “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası və bakalavr dərəcəsi verilərək ali təhsilini təsdiq edən B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi-2/0661) diplom təqdim edilmişdir. Həmin diplom əsasında iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanlarında iştirak edərək ibtidai sinif müəllimi kimi Tovuz rayonunda müxtəlif məktəblərdə ümumilkdə 3 ilə qədər müəllim işləmiş, 2021-ci ilə yenidən MİQ imtahanı verərək 54 balla test imtahanından müvəffəqiyyətlə keçmiş və Tovuz rayonunun Məşədivəlilər kənd M. Yusifov adına tam orta məktəbindəki vakant yerə ixtisası üzrə müəllim təyin olunmuş və xx.xx.2022-ci ildə keçirilmiş müsahibə mərhələsinə dəvət olunmuş, lakin bu dəfə diplomun dövlət nümunəli sənəd hesab edilməməsi əsası ilə imtahana buraxılmamışdır. İddiaçı hazırda cavabdehin qeyd olunan hərəkətini mübahisələndirərək ona məxsus diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini “Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu müəyyən edir. “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun:- -5.1-ci maddəsinə əsasən, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. -5.3-cü maddəsinə əsasən dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. -5.5-ci maddəsinə əsasən dövlət əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin olunmasına şərait yaradır. 27.1-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2000-ci il 9 noyabr tarixli 1035 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında Təlimat” 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamənin 8.26-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydasını müəyyənləşdirir, buraxılış kontigentinin sayına uyğun təhsi müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. İstinad olunan qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qeyd edilməlidir ki, təhsil hüququ bir sıra konstitusion hüquq və azadlıqlarla, o cümlədən əmək hüququ ilə bilavasitə bağlıdır və onların həyata keçirilməsi üçün mühüm şərtlərdən biri kimi çıxış edir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya sözügedən diplom təhsil fəaliyyəti üçün dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən verilmişdir, bu səbəbdən də məhkəmə hesab edir ki, ona verilmiş diplomun dövlət nümunəli olmaması onun ziyanına şərh edilməməlidir. Başqa sözlə cavabdeh orqan sözügedən diplomun verilməsində iddiaçının hər hansı təqsirli hərəkətinin olması barədə heç bir dəlil və sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə işin faktiki hallarına nəzərən qeyd edir ki, iddiaçı 2016-cı ildən müəllim kimi fəaliyyət göstərdiyi, eyni zamanda bir neçə dəfə imtahanlara buraxıldığı halda növbəti dəfə sözügedən əsasla imtahana buraxılmaması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulan etimad prinsipinə ziddir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi ilə bağlı verilmiş B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi-2/0661) diplomun hüquqi baxımından əsaslı hesab olunması və onun müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar