Məhkəmə qərarları › İş №2-1(114)-1876/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1876/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1876/2023 28.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi) qarşı mənzilin özəlləşdirilməsinə tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında xx.xx.2012-ci il tarixli 11/7-139 nömrəli əmrlə yaradılmış Komissiyanın xx.xx.2012-ci il tarixli iclasının qərarı ilə Göygöl rayonu, Qarabağ müharibəsi əlili və şəhid ailələri üçün inşa edilmiş yaşayış evinin 2 otaqlı sahəsi 66,91 kv.m olan yaşayış sahəsi 38.40 kv.m, 3-cü mərtəbə 33 saylı ona verilmiş mənzil barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında xx.xx.2012-ci il tarixli 11/7-139 nömrəli əmrlə yaradılmış Komissiyanın xx.xx.2012-ci il tarixli iclasının qərarı ilə Göygöl rayonu, Qarabağ müharibəsi əlili və şəhid ailələri üçün inşa edilmiş yaşayış evinin 2 otaqlı sahəsi 66,91 kv.m olan yaşayış sahəsi 38.40 kv.m, 3-cü mərtəbə 33 saylı ona verilmiş mənzil ona verilmişdir. Həmin mənzil verildiyi vaxtdan onun istifadəsindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, lakin xx.xx.2023-cü il tarixli qərardadla sonuncunun üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmilşdir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışı iclası 28 sentyabr 2023-cü il tarixə təyin edilmiş, tərəflərə bu barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələb etdiyi mənzili özəlləşdirməsi qanunvericiliyin tələbinə ziddir, odur ki, iddia tələbi təmin edilməməlidir. Üçüncü şəxsin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubu, xx.xx.2012-ci il tarixli qərarından çıxarışın surəti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli məktubunun surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını münasibətlərin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsi təşkil edir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədən qüvvədə olan Mənzil Məcəlləsinin; 6-cı maddəsinə mənzil qanunvericiliyi dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi; yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətindən istifadə edilməsi; sahələrin yaşayış sahələrinə aid edilməsi və onların mənzil fondundan çıxarılması; mənzil fondunun uçotu; yaşayış sahələrinin yararlı vəziyyətdə saxlanması və təmiri; yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması; çoxmənzilli binaların idarə edilməsi; mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri; kommunal xidmətlərin göstərilməsi; yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi; yaşayış fondundan istifadə və onun saxlanmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarət edilməsi münasibətlərini tənzimləyir. 17-ci maddəsinə əsasən mülkiyyət formasına görə mənzil fondu xüsusi mənzil fondu (fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu), dövlət mənzil fondu (mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu) və bələdiyyə mənzil fonduna (bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu) bölünür. İstifadə məqsədlərinə görə isə dövlət və bələdiyyə mənzil fondu sosial təyinatlı mənzil fondu (dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu) və xüsusi təyinatlı mənzil fonduna (bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu) bölünür. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrıayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aid edilir. Həmçinin qüvvədə olan Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. İş materiallarından məlum olur ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzil sosial təyinatlı mənzildir. Beləliklə məhkəmə hesab edir ki, özəlləşdirilməsi tələb olunan mənzilin özəlləşdirilməsinə yol verilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar