Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1880/2021 15.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağdam rayon Vergilər Şöbəsinə qarşı 09.07.2020-ci il tarixli **********771400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağdam rayon Vergilər Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 24.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin 09.07.2020-ci il tarixli **********771400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.07.2020-ci il tarixli **********771400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın və vergilərin hesalanması barədə kameral vergi yoxlaması nəticəsində çıxarılmış qərarı əldə etmək üçün 17.08.2021-ci il tarixdə Ağdam rayon vergilər şöbəsinə müraciət etmiş vergi ödəyicisinin elektron kabinetinə dair kod, parol və şifrə əldə edilmişdir. 18.08.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə tarixdə Ağdam rayon vergilər şöbəsinə müraciət edərək həmin Qərarı, Ağdam rayon Vergilər şöbəsinə ünvanlanmış müraciəti (AVİS nömrəsi 25.05.2021-ci tarixli, **********061300) üzrə qəbul edilmiş yekun qərarı elektron poçtuna göndərilməsini xahiş etmiş və qərarın surətləri Ağdam rayon vergilər şöbəsi tərəfindən 20.08.2021-ci il tarixdə onlayn kargüzarlıq vasitəsilə iddiaçıya göndərilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin əsasında Gəncə İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(114)-1880/2021 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin məhkəmə hazırlıq iclası 15 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazimi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə göndərərək işə onun və iddiaçının iştirakı olmadan keçirilməsini, cavabdehin nümayəndəsi 05.11.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “sənədlərin surətlərinin göndərilməsi” haqqında məktubun surəti; - Cavabdehin 09.07.2021-ci il tarixli, **********29080 nömrəli qərarının surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Ağdam rayon Vergilər Şöbəsinin 13.09.2021-ci il tarixli məktubu ilə 09.07.2020-ci il tarixli qərar və həmin qərarla bağlı sənədlərin surəti; - 08.07.2015-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ağdam rayon Şöbəsinin İddiaçı “Hesablanmış vergilərinin və sosial sığorta haqlarının hesablanması barədə” 09.07.2020-ci il tarixli, **********771400 nömrəli və “İnzibati şikayətin təmin edilməməsi haqqında” 09.07.2021-ci il tarixli, **********29080 nömrəli qərarlar 20.08.2021-ci il tarixli məktubla göndərilmişdir. Cavabdeh orqan tərəfindən göndərilmiş qərarları 20.08.2021-ci il tarixdə qəbul etdikdən sonra iddiaçı 24.08.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və iddia ərizəsində bildirmişdir ki, qərarları əldə etdikdən 4 gün sonra məhkəməyə müraciət etmiş və qanunvericilikdə nəzərdə tutulmuş müddət keçirilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd edilmişdir ki, 20.08.2021-ci il tarixdə **********771400 nömrəli qərarın surəti **********256000 nömrəli məktubla ödəyicinin elekton qutusuna göndərilmiş, bundan başqa 28.10.2021-ci il tarixdə **********629000 nömrəli məktubla Qərar şəxsən İddiaçı (VÖEN: **********) təqdim edilmişdir. Yuxarıda qeyd edilən sənədlərə əsaslanan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarıının hesablanması barədə” Qərarından müəyyən edilmiş müddət ərzində məhkəmədə iddia qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ağdam rayon Vergilər Şöbəsi tərəfindən qəbul edilmiş 09.07.2020-ci il tarixli, **********771400 nömrəli qərar əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 33-cü maddə Vergi ödəyicilərinin uçotu - 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır... - 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. - Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. - Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - Maddə 66. Qeyri-qanuni gəlir Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. - Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları - 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; - 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; - 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; - 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; - 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; - 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; - 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; - 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; - 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; - 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; - 67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergiödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. - Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması - 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; - 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; - 83.2.3. vergi yoxlaması materiallarına; - 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir - 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. - 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: - 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; - 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; - 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; - 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. - 99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: - 99.3.1. faiz gəliri; - 99.3.2. dividend; - 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; - 99.3.4. royalti; - 99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla; - 99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; - 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2ci maddəsində göstərilənlər istisna olmaqla; - 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir təqdirdə) - əmək haqqından başqa; - 99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; - 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; - 99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; - 99.3.12. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: - Maddə 12. İşin hallarının araşdırılması prinsipi - 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - Maddə 58. Sübutların araşdırılması qaydası - Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. - 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən iddiaçı tərəfindən 13.03.2020-ci il tarixdə 56.857,40 manat məbləğində valyuta mübadiləsi əməliyyatı nəticəsində 33.400,00 ABŞ dolları məbləğində xarici valyutanın əldə edilməsi müəyyən olunmuşdur. Bununla bağlı cavabdehin kameral qaydada Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına istinad edərək 09.07.2020-ci il tarixli qərarı ilə iddiaçıya 2019-cu il üçün 14 faiz dərəcə ilə 7960,036 manat gəlir vergisi hesablanmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı gəlirin əldə edilməsi mənbələri barədə təsdiqedici sənədlər təqdim etməmiş, bu səbəbdən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı 56.857,40 manat olan valyuta mübadiləsi əməliyyatı aparmış, banka milli valyuta təqdim edərək ABŞ dolları almışdır. Cavabdeh konvertasiya olunmuş vəsaitin vergiyə cəlb edilməli olduğunu bildirib iddiaçının belə gəlirini onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 7960,036 manat məbləğində vergi məsuliyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrindən, 33-cü maddəsində isə vergi ödəyicilərinin uçotundan bəhs olunur. Məhkəmə qeyd edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparan vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İddiaçı valyuta mübadiləsi əməliyyatı aparması zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətişəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə hesab edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Cavabdeh qərarında Vergi Məcəlləsinin 66 və 67-ci maddələrinə istinad edərək iddiaçının gəlirinin vergiyə cəlb edilməli olduğunu və əlaqəli məlumatlardan istifadə edilməklə ödənilməli olan verginin məbləğini hesabladığını bildirmişdir. Məhkəmə bu məqamla razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 66-cı maddəsi qeyri-qanuni gəlirin vergiyə cəlb edilmə qaydasını tənzimləyir. Vergi Məcəlləsinin 66-cı maddəsinə görə qeyri-qanuni əldə edilən gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndində “Valyuta sərvətləri” anlayışı verilmişdir ki, xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. İşdə olan sənədlərlə iddiaçının valyuta mübadiləsi əməliyyatı aparan zaman qeyriqanuni gəlir əldə etməsi sübuta yetməmişdir. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edərək iddiaçıya hesabladığı verginin məbləği ilə bağlı əlaqəli məlumatlardan istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq edə bilməz Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağdam rayon Vergilər Şöbəsinə qarşı cavabdehin 09.07.2020-ci il tarixli, **********771400 nömrəli qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 69.4, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağdam rayon Vergilər Şöbəsinin 09.07.2020-ci il tarixli, **********771400 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1880/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1880/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver