Məhkəmə qərarları › İş №2-1(114)-1942/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1942/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1942/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞnin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı ona hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ünvanlanmış məcburi dövlət sosial haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair xx.xx.2012-ci il tarixli 22 nömrəli və xx.xx.2018-ci il tarixli **********906 nömrəli bildirişlərlə onun xx.xx.2012-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat, tətbiq olunuş maliyyə sanksiyası (və ya İnzibati cərimə) üzrə borcunun yarandığı, məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edildiyi ödənilməsinə görə hər gecikdirilmiş gün üçün sığorta haqqının 0,1 faizi məbləğində penyanın hesablandığı bildirilərək, borclarını və borclarının ödənildiyi günədək hesablanmış penya məbləğini ödəmək təklif olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulan digər tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

2. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 18523/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinin, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi ödəyicisi hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Yaranmış borcun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsinə dair onun yazılı bildiriş(lər) göndərilsə də, tərəfindən qanunvericiliyin tələbi ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Onun xx.xx.2024-cü il tarixinə ödənilməmiş borcunun tərkibi aşağıdakı kimidir: Ümumi borc: 772,50 manat; Vergilər üzrə 0,00 manat; Məcburi dövlət sosial sığorta haqqı üzrə 772,50 manatt; İcbari tibbi sığorta üzrə - 0.00 manat; İşsizlikdən sığorta haqqı üzrə 0,00 manat. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranan borcların, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borcu üzrə hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.6-cı maddəsində isə əmlakın siyahıya alınması ardıcıllığına əsasən ikinci növbədə bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakların, o cümlədən minik avtonəqliyyatının siyahıya alınması nəzərdə tutulmuşdur. Odur ki, dövlət büdcəsinə yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus əmlaklar qanunvericiliklə müəyyən edilmiş qaydada siyahıya alınmalıdır. Nəzərinə çatdırılır ki, aparılmış araşdırma zamanı X8 orqanlarının qeydiyyat məlumatlarına əsasən, mülkiyyətində MERCEDES BENZ E350 CDİ MİNİK markalı, 20CE020 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin (vasitələrinin) olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, qeyd olunan əmlakın (əmlakların) siyahıya alınması məqsəd şəxsiyyətini təsdiq edən sənədi və həmin avtonəqliyyat vasitəsinin (vasitələrinin) texniki sənədlərini təqdim etməklə xx.xx.2024-cü il tarixdə saat 11:00-da(-də) 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87) dəvət olunur. Avtonəqliyyat vasitəsinə (vasitələrinə) dair qeyd edilən sənədləri təqdim etmədiyi təqdirdə avtonəqliyyat vasitəsinin (vasitələrinin) üzərinə həbs qoyulması və borcun məcburi qayda avtonəqliyyat vasitəsinə (vasitələrinə) yönəldilməsi məqsədilə qanunvericiliklə müəyyən ediln qaydada məhkəmə orqanlarına müraciət ediləcəkdir.

3. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-H-13xxxx/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Müraciətində göstərilən məsələlərin araşdırılması üçün Dövlət Sosial Müdafiə X7 Şəxsinə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-23889/2024 nömrəli sorğu məktubu göndərilmişdir. Əlavə olaraq bildirilir ki, müvafiq məlumatlar əldə edildikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılması təmin ediləcəkdir.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3- 17-1/2-289062/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı sığortaedən kimi 2008-ci il 24 noyabr tarixində **********2 nömrə ilə uçota alınmışdır. Bildirilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə edilən məlumatlara əsasən sığortaedənin 2018-ci il 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 772 manat 50 qəpik borcu yaranmışdır. Bununla bağlı olaraq sığortaedənə 2012-ci il 28 sentyabr tarixində “Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair” 22 nömrəli bildiriş göndərilmişdir. Əlavə olaraq bildirilir ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Qeyd edilir ki, bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli 3-17- 1/2-78633/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə edilən məlumatlara əsasən sığortaedənin 2018-ci il 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 772 manat 50 qəpik borcu yaranmışdır. Bununla bağlı olaraq sığortaedənə 2012-ci il 28 sentyabr tarixində “Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair” 22 nömrəli bildiriş göndərilmişdir. Məlumat üçün bildirilir ki, sığortaedənə aid iş qovluğunda məcburi dövlət sosial sığorta haqları üzrə borcun yaranmasına səbəb olan digər sənədlər aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Qeyd edilir ki, bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır.

6. Həmin məktuba əlavə edilmiş: - Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-8/2-H-2xxxx/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bildirilir ki, müraciətində qeyd etdiyi məsələlər xx.xx.2019-cu il tarixdən əvvələ aid olduğu üçün, yaranmış borcun araşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixli 3-21-2- 18/2-23889/2024 nömrəli məktubla müraciət olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-265246/2024 nömrəli cavab məktubunda nazirliyin elektron informasiya ehtiyatlarında və sığortaedənə aid iş qovluğunda tərəfindən 2009-cu ilin 1 yanvar tarixindən əvvəlki dövrlər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatlar” aşkar edilməyindən 2018-ci ilin 1 oktyabr tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 772 manat 50 qəpik borcun araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Əlavə olaraq bildirilir ki, Fondun qeyd olunan cavab məktubu xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44447/2024 nömrəli məktuba qoşma kimi əlavə edilərək elektron kabinetinə göndərilmişdir. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-265246/2024 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən fərdi sahibkar (sığortaedən) İddiaçı 2018-ci ilin 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə 772 manat 50 qəpik borcu yaranmışdır. Əlavə olaraq bildirilir ki, müraciətdə qeyd edilən sığortaedənin borcu 2009-cu ilin 1 yanvar tarixindən əvvəlki dövrlərdə yaranmışdır. Eyni zamanda bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında və sığortaedənə aid iş qovluğunda İddiaçı tərəfindən 2009-cu ilin 1 yanvar tarixindən əvvəlki dövrlər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatlar” aşkar edilmədiyindən 2018-ci ilin 1 oktyabr tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 772 manat 50 qəpik borcun araşdırılması mümkün olmamışdır. II. Məhkəmədə icraat

7. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsi, ev 89-da qeydiyyatda olmaqla yaşayır. 2007-2008-ci il tarixədək fərdi sahibkarlıqla məşğul olmuşdur. 2008-ci il tarixdə ********** nömrəli VÖEN-i bağlatdırmışdır və bütün borclarını ödəmişdir. Borcunun olmaması barədə arayış verilmişdir. 16 ildən sonra, 02 oktyabr 2024cü il tarixdə ona 01.10.218-ci il tarixə məcburi dövlət sığarta haqları üzrə 772,50 manat borcunun olması barədə bildiriş və əmlakının siyahıya alınması barədə qərar göndərilmişdir. Qeyd etdiyi kimi 2008-ci il tarixdə sahibkarlıq fəaliyyətini dayandırmışdır və buna görə də ********** nömrəli VOEN-i bağlatdırmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə borcunun nə vaxt və nə səbəb yaranması barədə məlumat almaq üçün yazılı müraciət etsə də, qeyd olunan dövlət orqanı bu barədə məlumat verə bilməmişdir. Onun məcburi dövlət ödənişləri ilə bağlı borcu yoxdur. Borcu olmadığından barəsində çıxarılmış "əmlakının siyahıya alınması haqqında" qərar da əsassız qəbul edilmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən ona hesablanmış məcburi dövlət sığorta haqları üzrə 772,50 manat borc silinməli və "əmlakımın siyahıya alınması haqqında" qərar ləğv edilməlidir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 772.50 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

11. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, ona hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

20. İddiaçı, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, 772,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına və xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair İddiaçı iddiası mümkün hesab edilməməlidir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 1.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmçinin sözügedən qərardakı hüquqi tənzimləməyə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (mübahisələndirmə haqqında iddia verildikdə prosessual müddətə əməl edilməsi, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbinin 772.50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsi ilə bağlı hissəsi İPM-nin 2.2.3-cü maddəsinə uyğun gəldiyindən iddiaçının iddia tələbinə müvafiq məhkəmə instansiyasında baxılması üçün ilk növbədə eyni tələblə cavabdeh inzibati orqana-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edib-etməməsi araşdırılmalıdır. İddiaçıya məxsus olan iş qovluğunda tərəflərindən aparılmış zamanı müəyyən edilmişdir ki, iddiaçı Gəncə İnzibati Məhkəməsində irəli sürdüyü hazırkı tələblə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi ilə əlaqədar iddia tələbi də mümkünlük şərtlərinə cavab vermir. xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərar “Əmlakın siyahıya alınması haqqında” qərardır. Göründüyü kimi, İddiaçı cavabdehə qarşı olan qərarın ləğv edilməsi ilə bağlı iddia tələbi iddianın xüsusi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçının ləğvini istədiyi xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarla bağlı iddiası mübahisələndirmə haqqında iddianın predmetini təşkil etmir. Sözügedən qərar borclu şəxsin borcunun ödənilməsinə yönəlmiş icra hərəkətləri ilə bağlı olaraq qəbul edildiyindən mübahisələndirmə haqqında iddianın predmeti olan inzibati aktın elementlərini səciyyələndirmir. Vergi Məcəlləsinin 37.4 və 49.1.1-ci maddələrinə əsasən kameral və səyyar vergi yoxlamalarının, eləcə də operativ vergi nəzarətinin həyata keçirilməsinin nəticəsi olaraq vergi ödəyicisinin vergi öhdəliyini yaranması ilə xarakterzə olunan qərarlar inzibati akt hesab edilir. Bu baxımdan hazırkı iddia üzrə iddiaçı tərəfindən ləğvi istənilən qərar inzibati aktın elementlərinə cavab vermədiyi üçün mübasiləndirmə haqqında iddianın predmetini təşkil etmədiyi səbəbindən inzibati prosessual qanunvericilikdə əks olunmuş mübasiləndirmə haqqında iddia ilə bağlı xüsusi mümkünlük şərtlərinə cavab vermir. Bu baxımdan hesab edirlər ki, İPM-nin 35-ci maddəsinə əsasən iddiaçının tələbi mümkün sayılmamalıdır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddia tələbi əsassızdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta Göründüyü kimi, İddiaçı cavabdehə qarşı olan qərarın ləğv edilməsi ilə bağlı iddia tələbi iddianın xüsusi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçının ləğvini istədiyi xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarla bağlı iddiası mübahisələndirmə haqqında iddianın predmetini təşkil etmir. Sözügedən qərar borclu şəxsin borcunun ödənilməsinə yönəlmiş icra hərəkətləri ilə bağlı olaraq qəbul edildiyindən mübahisələndirmə haqqında iddianın predmeti olan inzibati aktın elementlərini səciyyələndirmir. Vergi Məcəlləsinin 37.4 və 49.1.1-ci maddələrinə əsasən kameral və səyyar vergi yoxlamalarının, eləcə də operativ vergi nəzarətinin həyata keçirilməsinin nəticəsi olaraq vergi ödəyicisinin vergi öhdəliyini yaranması ilə xarakterzə olunan qərarlar inzibati akt hesab edilir. Bu baxımdan hazırkı iddia üzrə iddiaçı tərəfindən ləğvi istənilən qərar inzibati aktın elementlərinə cavab vermədiyi üçün mübasiləndirmə haqqında iddianın predmetini təşkil etmədiyi səbəbindən inzibati prosessual qanunvericilikdə əks olunmuş mübasiləndirmə haqqında iddia ilə bağlı xüsusi mümkünlük şərtlərinə cavab vermir Bu baxımdan hesab edirlər ki, İPM-nin 35-ci maddəsinə əsasən iddiaçının tələbi mümkün sayılmamalıdır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddia tələbi əsassızdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta daşıyıcıda, habelə 2018-ci ilin 25 oktyabr tarixində isə elektron qaydada “Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə dair” bildirişlər göndərildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı 772,50 manat məbləğində borcunun olmasından xəbərdar olmuşdur. Əgər yaranmış borc əsassız olsaydı həmin vaxtda (2012-ci ildə) iddiaçı borc məbləğini məhkəmə qaydasında mübahisələndirərdi. Yuxarıda qeyd olunanlara əsasən və İPM-nin 35-ci maddəsinin tələblərinə görə İddiaçı 772,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına və xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair iddia tələbinin mümkün sayılmaması, mümkün sayılacağı halda isə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

22. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Belə ki, qeyd olunan iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) siğorta formalarında olur. Məcburi dövlət sosial siğortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktr) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial siğorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial siğorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Məlumat üçün bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən l.Hüseynov sığortaedən kimi 2008-ci il 24 noyabr tarixdə **********2 nömrə ilə uçota alınmışdır. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə edilən məlumatlara əsasən sığortaedənin 2018-ci il 1 oktyabr tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 772 manat 50 qəpik borcu yaranmışdır. Borc məbləğinin ödənilməsi ilə bağlı sığortaedənə 2012-ci il 28 sentyabr tarixdə kağız daşıyıcıda, 2018-ci il 25 oktyabr tarixdə elektron qaydada "Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair" bildirişlər göndərilmişdir. Əlavə olaraq bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Qeyd edək ki, bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır.

23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında etirazda və etiraza əlavədə göstərilənləri müdafiə edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məcburi dövlət sosial haqları və ona tətbiq olunmuş maliyyə snaksiyalarının ödənilməsinə dair xx.xx.2012-ci il tarixli 22 nömrəli bildiriş; - Məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair xx.xx.2018-ci il tarixli **********906 nömrəli bildiriş; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 18523/2024 nömrəli məktubu; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-H-13xxxx/2024 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3- 17-1/2-289062/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli 3-17- 1/2-78633/2025 nömrəli cavab məktubu; - - Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-8/2-H-2xxxx/2025 nömrəli cavab məktubu; - - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-265246/2024 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat, tətbiq olunuş maliyyə sanksiyası (və ya İnzibati cərimə) üzrə borcunun yaranması bildirilərək, həmin borcun ödənilməsi tələb edilmiş, sonuncu tərəfindən ödənilmədiyi üçün isə avtonəqliyyat vasitəsi siyahıya alınmışdır.

29. Hazırda iddiaçı həmin borcun əsassız hesablandığını əsas gətirərək, borcun şəxsi hesab vərəqəsindən silinməsini xahiş edir.

30. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.

31. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

32. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə 30 noyabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının Vergilər Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir və qeyd edilən funksiyanın icrası 2019-cu il yanvar ayının 1-dən Vergilər Nazirliyinə (hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir.

33. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.4. bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.1. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

34. İş materiallarında olan sənədlərdən görünür ki, iş materiallarında vergi ödəyicisinə hesablanmış 772,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən ilkin mühasibat sənədləri öz əksini tapmamışdır.

35. Yəni, iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixinə 772,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da həmin hesablamaların hansı mühasibat sənədlərinə əsasən hesablanması iş materiallarında mövcud deyil.

36. Bundan başqa, iddiaçıya hesablanmış borc məbləği ilə bağlı cavabdeh inzibati orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sorğu edilmiş və borcun yaranmasına əsas olmuş sənədlərin mövcud olmamasına dair xx.xx.2025-ci il tarixli 3-17-1/2- 78633/2025 nömrəli cavab verilmişdir.

37. Cavabdeh də məhkəməyə ünvanlandığı məktubunda həmin sənədlərin vergi orqanında mövcud olmamasını bildirmişdir.

38. Beləliklə, iş materiallarında olan sübutlardan da müəyyən edildiyi kimi, İddiaçı məcburi dövlət sosial sığorta haqqının mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübut edilməmişdir.

39. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. İddiaçı hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 772,50 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar