Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1959/2023 27.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmin Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı kompensasiyaların, sanator-kurort putyovkasının verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmin Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı kompensasiyaların, sanator-kurort putyovkasının verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə kimi SSRİ Silahlı Qüvvələrində N saylı hərbi hissənin tərkibində xidmət zamanı hərbi hissədən ezam olunmuş, N km zona daxilində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar hərbi toplanışda iştirak etmişdir.
2. İddiaçı 2000-ci ildə müddətsiz əlillik təyin edilmişdir.
3. İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmin Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun barəsində məlumatın Agentliyin alt sisteminə daxil edilməsi, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan güzəşt və kompensasiyaların təmin edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 40000 manat məbləğində, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən 40000 manat məbləğində mənəvi zərərin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət zamanı Çernobıl AES qəzasının ləğvində baş leytenant rütbəsində iştirak etmişdir. Həmin fakt həm şəxsi işi, həm də RF SSR Müdafiə Nazirliyinin Baş Arxiv İdarəsindən alınmış arayışla təsdiq olunur. İİ qrup əlilliyi xx.xx.2000-ci il tarixdə müayinə aktı əsasında təsdiqlənmişdir. O, Prezident təqüdçüsüdür. Hər il “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq verilən pul kompensasiyalarını və sanator-kurort putyovkalarını 2022-ci ilədək almışdır. Növbəti dəfə kompensasiya və putyovka almaq üçün Gəncə 8 nömrəli TSEK-ə müraciət etmiş və ona bildirmişlər ki, onun Çernobıl qəzasının ləğvində iştirak etməsi və radiasiya ilə əlaqədar aldığı xəstəliyi Agentlik tərəfindən təsdiq olunmalıdır. O, həmin sənədləri xx.xx.2022-ci il tarixdə Gəncə 8 nömrəli TSEK-ə təqdim etmişdir. Lakin ona bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə X1 düşməsi üçün **********5 saylı müayinə aktı və digər sənədlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə baxmayaraq kompüter alt sistemə daxil etməmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
7. İddiaçı teleqram vuraraq xəstəliyi ilə əlaqədar iclasın təxirə salınmasını xahiş etsə də, bu barədə sənədi teleqrama əlavə etməmiş, cavabdehlərin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
10. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı onun əlilliyi barəsində məlumatın Agentliyin alt sisteminə daxil edilməsini, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan güzəşt və kompensasiyalarla təmin edilməsini, cavabdehlərin hərəsindən ayrı-ayrılıqda 40000 manat məbləğində mənəvi zərərin tutulmasını tələb edir.
11. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələblərə müvafiq olaraq İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında və 2.2.7-ci bəndində nəzərdə tutulmuş kompensasiya haqqında iddia növlərinə aiddir və həmin növ iddialar üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə iddiaçının cavabdeh orqanlara müraciəti və onların imtinaları mövcud deyildir.
12. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
13. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva