Məhkəmə qərarları › İş №2-1(114)-1970/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1970/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1970/2021 05.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti) qarşı Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 942.0 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış (otel və ticarət mərkəzi) binasının dövlət reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 942.0 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış (otel və ticarət mərkəzi) binasının dövlət reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 942.0 kv.m torpaq sahəsində ticarət obyektinin tikintisi üçün yerli icra hakimiyyətinə müraciət etmiş, Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının 06.02.2018-ci il tarixli 67 nömrəli sərəncamı ilə tikinti obyektinin yerləşdirilməsinə (lahyihələndirilməsinə) icazə verilmiş, Sərəncamın 3-cü bəndi ilə layihələndirmə başa çatdıqdan sonra müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün müraciət edilməsinin zəruri olması göstərilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 20.02.2018-ci il Sərəncamı ilə tikinti obyektinin genişləndirilməsi üçün obyektin arxa tərəfində yerləşən 942.0 kv.m torpaq sahəsi ona təhkim olunmuşdur. Həmin Sərəncamın əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintinin layihələndirilməsi təmin edilmiş və qanunvericiliyə uyğun aidiyyəti qaydada razılaşdırılmışdır. Tikinti işləri aparılarkən mühəndis-geoloji, ekspertiza, istismara qəbul ilə bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə, tikinti norma və qaydalarına ciddi riayət olunmuş, işlərin aparılması zamanı yerli icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən mütəmadi qaydada tikintiyə nəzarətin aparılması təmin edilmişdir. 25.10.2019-cu ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin iştirakı ilə istismara hazırlıq aktı tərtib olunmuş, bundan sonra Gəncə şəhər İcra Hakimiyyətinin 20.11.2020-ci il tarixli məktubu ilə obyektin Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq obyektin Tikililərin Dövlət reyestrinə daxil edilməsindən imtina edilmiş və 30.12.2020-ci il tarixli məktubda imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın 3.1.1-ci yarımbəndinə uyğun sənədlər təqdim edilməsinin zəruriliyi, 30.04.2018-ci il tarixli 24 nömrəli obyektin istismarına icazə sənədinin Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verildiyi, idarənin bu sənədi vermək hüququnun olmadığı və sənədin yerli icra hakimiyyəti orqanı tərəfindən verilməli olduğu göstərilmişdir. Cavabdehin qeyd olunan məktubu Gəncə şəhər İcra Hakimiyyətinin 19.03.2021-ci il tarixli 08 nömrəli məktubu ilə ona təqdim olunmuşdur. Cavabdehə zəruri olan bütün sənədlər təqdim edilsə də, lakin konkret hansı sənədin təqdim edilmədiyi ona məlum deyil. Ona görədə cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 13.09.2021-ci il tarixli qərardadı ilə Gəncə şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 1.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində həyata keçirir. Sənədlərin araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən obyektin tikintiyə icazə sənədlərində ciddi hüquq pozuntuları mövcuddur. Belə ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə Gəncə Şəhər Memarlıq və Şəhərsalma idarəsinin rəisi tərəfindən 30.04.2018-ci il tarixli 24 nömrəli tikintiyə icazə sənədi verilmişdir ki, həmin təsisatın belə sənəd vermək səlahiyyəti yoxdur. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 06.02.2018-ci il tarixli 67 nömrəli Sərəncamına əsasən yalnız Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 942.0 kv.m torpaq sahəsində ticarət obyektinin layihələndirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19.12.2008-ci il tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları»nda sözügedən idarənin adının olmaması, eyni zamanda tikintiyə icazə vermək səlahiyyətinin «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7-1.2.2-ci yarımbəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsini nəzərə alaraq sözügedən icazənin Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilməsi qanuna ziddir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X4 yazılı etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İddiaçıya, üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçının və üçüncü şəxsin nümayəndələrinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 06.02.2018-ci il tarixli 67 nömrəli və 20.02.2018-ci il tarixli 85 nömrəli sərəncamları, Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 30.04.2018-ci il tarixli 24 nömrəli obyektin tikintisinə icazəsi, 25.10.2019-cu il tarixli 003256 nömrəli istismara hazırlıq aktı, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 19.03.2021-ci il tarixli 08 nömrəli məktubu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30.12.2020-ci il tarixli 05/08-6001 nömrəli məktubu, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 20.11.2020ci il tarixli 03/791 nömrəli məktubu, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin Gəncə regional X5 idarəsinin 03.02.2020-ci il tarixli 37/Q-00203 nömrəli məktubu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin 20.04.2018-ci il tarixli 37/34-6670 nömrəli məktubu, 30.04.2018ci il tarixli 24 nömrəli tikintiyə icazə barədə xüsusi nişan və cavabdehin 24.06.2021-ci il tarixli XO-01-0920321-03790 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab etmir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 06.02.2018-ci il tarixli 67 nömrəli və 20.02.2018-ci il tarixli 85 nömrəli sərəncamları ilə Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 942.0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən ticarət obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi və həmin ticarət obyektinin genişləndirilməsi üçün obyektin arxa tərəfində yerləşən 574.0 kv.m torpaq sahəsinin İddiaçı təhkim edilməsi qərara alınmışdır. 30.04.2018-ci il tarixli 24 nömrəli obyektin tikintisinə icazədən görünür ki, Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Gəncə şəhəri, Nizami rayonu ərazisində, Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində qeyri yaşayış binasının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30.12.2020-ci il tarixli 05/08-6001 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın 3.1.1-ci yarımbəndində qeyd olunmuş sənədlər Komitəyə təqdim edildikdən sonra müraciətinə baxılacaqdır. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş 30.04.2018-ci il tarixli 24 nömrəli obyektin tikintisinə icazə sənədi Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmişdir. Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin tikintiyə icazə vermək hüququ yoxdur. Tikintiyə icazə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən yerli icra hakimiyyəti tərəfindən verilir. Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 30.04.2018-ci il tarixli 24 nömrəli obyektin tikintisinə icazədən görünür ki, iddiaçıya həmin sənədlə Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində 795.2 kv.m torpaq sahəsində ümumi sahəsi 2782.6 kv.m tikintiyə icazə verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 75; - 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - 75.3.1. Torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; - 75.3.2. Tikinti layihəsi; - 75.3.3. Sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; - 75.3.4. «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. - 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. İş materiallarından, habelə iddiaçının özünün izahatından görünür ki, sözügedən obyektin tikintisinə icazə Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən verilmişdir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7ci bəndinə əsasən 75.1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrinin, 75.5-ci maddəsində, 75.6-cı maddəsinin birinci cümləsində, 75.9-cu maddəsinin birinci cümləsində, 75.10-cu maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 1.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində həyata keçirir. «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın 1.4-cü bəndinə əsasən reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. - 3.1-ci bəndinə əsasən reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: - 3.1.1. Tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: - 3.1.1.1. Obyektin tikintisinə icazənin surəti; - 3.1.1.2. Sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; - 3.1.1.3. Tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; - 3.1.1.4. Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; - 3.1.1.5. Ttikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; - 3.1.1.6. «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. - 4.3-cü bəndinə əsasən bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. Yuxarıda şərh olunan maddi hüquq normasının tələbindən göründüyü kimi tikintiyə icazə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməli olduğu halda, hazırki işdə tikintiyə icazə buna səlahiyyəti olmayan Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmişdir. Habelə iddiaçı «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları»nın 3.1.1.2-ci bəndinə əsasən tikintinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı bir hüququnu (mülkiyyət, icarə və ya istifadə) təsdiq edən sənəd təqdim etməmişdir. Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 574.0 kv.m torpaq sahəsinin iddiaçıya təhkim olması barədə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 20.02.2018-ci il tarixli 85 nömrəli sərəncamına gəlincə, məhkəmə qeyd edir ki, həmin sərəncam torpaq və Mülki Məcəlləsinin tələblərinə uyğun olmadığından mötəbər sübut kimi qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz. Onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Cavabdeh inzibati orqanın hazırki mübahisə ilə bağlı hərəkətləri, yəni cavabdehə göndərilmiş cavab məktubları İnzibati İcraat Haqqında Qanunun tələblərinə uyğun olmasa da onun imtinası yuxarıda şərh olunan qanunvericiliyin tələblərindən irəli gəldiyindən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti) qarşı Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 942.0 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış (otel və ticarət mərkəzi) binasının dövlət reyestrinə daxil edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar