Məhkəmə qərarları › İş №2-1(114)-2169/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2169/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2169/2021 01.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı rəhbəri Nümayəndə Cavabdehnə qarşı 16 aprel 2021-ci il tarixli 34 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı rəhbəri Nümayəndə (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.04.2021-ci il tarixli 34 nömrəli sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının 29 aprel 2016-cı il tarixli 45 saylı sərəncamı ilə «Yüksəliş-N2» istehlak kommersiya şirkətinə «Boz dağ» massivində 15 və 18 saylı sahədən qoyunçuluqla məşğul olmaq üçün 27.01.1999-cu il tarixdə 11 saylı sərəncamla icarəyə verilmiş 290 hektar torpaq sahəsinin icarə müqaviləsinin yenidən 10 il müddətinə bağlanılması qərarı alınmış və həmin tarixdə cavabdehlə şirkət arasında 16 saylı icarə müqaviləsi bağlanmışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, guya o, icarə müqaviləsində qoyunçuluğun inkişafı nəzərdə tutulduğu halda müqavilədən kənara çıxaraq iri buynuzlu heyvan saxlamaqla «Torpaq icarəsi haqqında» Qanunun 73-cü maddəsinin müvafiq bəndini pozmuş və bu əsaslada 16 aprel 2021-ci il tarixli 34 nömrəli sərəncamla onunla cavabdeh arasında 250 hektar torpaq sahəsinin şirkətin icarəsinə verilməsinə dair icarə müqaviləsi ləğv edilmişdir. Qoyunçuluqla məşğul olan bütün təsərrüfat sahiblərinin müəyyən baş iri buynuzlu heyvanı var. Bu heyvanlar qış otlaq sahəsində deyil xüsusi tövlələrdə saxlanılır. Belə olan halda onların iri buynuzlu heyvanlarının olması ilə bağlı icarə müqaviləsinin ləğv edilməsinin hüquqi əsası yoxdur. 13 aprel 2021-ci il tarixdə tərtib edilmiş aktda onlara məxsus iri buynuzlu malqaranın otlaq sahəsində otlaması müəyyən edilmir. Həmçinin akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən qəbul edilmiş 16.04.2021-ci il tarixli 34 nömrəli sərəncam onlara təqdim edilməmişdir. Sərəncamın mövcudluğundan yaxın vaxtlarda məlumatları olub və vəkilin vasitəsilə sorğu verərək aldıqdan sonra məhkəmədə iddia qaldırmışlar. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndələri X4 və X5 iddia tələbini qəbul etməyərək bildirdilər ki, mübahisələndirilən sərəncam rəsmi olaraq iddiaçıya göndərilməmiş, olsa da, onun həmin sərəncamdan məlumatı olmuşdur. İddiaçı tərəfindən müqavilə şərtləri pozulduğu üçün qeyd olunan sərəncam qəbul olunmuşdur. Ona görə də iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə araşdırmasının predmetini Samux rayon İcra Hakmiyyəti başçısının 29.04.2016-cı il tarixli 45 və 16.04.2021-ci il tarixli 34 nömrəli sərəncamları, 13.04.2021-ci il tarixli akt, 14.04.2021-ci il tarixli məlumat, torpaq sahəsinin icarəyə verilməsi haqqında 29.04.2016-cı il tarixli 16 nömrəli müqavilə, İddiaçı nizamnaməsi, uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətrnamə və cavabdehin 23.09.2021-ci il tarixli 1142 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X6 bildirmişdir ki, hazırda mübahisələndirilən Samux rayon İcra Hakmiyyəti başçısının 16.04.2021-ci il tarixli 34 nömrəli sərəncamını Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Xəqani Əkbərovun sorğusuna cavab olaraq cavabdeh tərəfindən göndərilmiş 23.09.2021-ci il tarixli məktubla əldə etmiş və bundan sonra məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi bu faktı mübahisələndirməmişdir. İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanunun:- - 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. - 62.2-ci maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı 20.04.2016-cı il tarixdə cavabdehə müraciət edərək ona qoyunçuluqla məşğul olmaq üçün Cavabdeh başçısının 27.01.1999cu il tarixli 11 saylı sərəncamı ilə «Boz-dağ» massivində 15 və 18 saylı sahədən verilmiş 290 hektar qış otlaq sahəsinin icarə müqaviləsinin müddətinin yenidən uzadılmasına dair sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh başçısının 29.04.2016-cı il tarixli 45 nömrəli sərəncamı ilə Samux rayonu Qarayeri qəsəbəsində fəaliyyət göstərən İddiaçınə «Boz-dağ» massivində 15 və 18 saylı sahədən qoyunçuluqla məşğul olmaq üçün icarəyə verilmiş 290 hektar qış otlaq sahəsinin icarə müqaviləsi yenidən 10 (on) il müddətinə bağlanması qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 29.04.2016-cı il tarixli 16 nömrəli müqavilədən görünür ki, Cavabdeh başçısı X7 ilə İddiaçı rəhbəri Nümayəndə arasında 29.04.2016-cı il tarixli 45 saylı sərəncam əsasında «Boz dağ» massivində 15 və 18 saylı sahədən qoyunçuluqla məşğul olmaq üçün 290 hektar torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Həmin otlaq sahəsində 8.7 ha xəsil üçün arpa səpilməsi, qanunun tələbləri pozulmaqla qış otlaq sahəsinin 13.6 hektarı şumlanaraq təbii bitki örtüyü məhv edildiyi, bununla bərabər icarəçi tərəfindən 878 baş xırdabuynuzlu, 62 baş iribuynuzlu mal-qaranın və 4 baş at heyvanlarının saxlanıldığı aşkar edilərək bu barədə 13.04.2021-ci il tarixdə Samux rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri A.B.Ağayevin, Samux rayon İHB-sı aparatının Hüquq şöbəsinin müdiri A.X.Nəsibov, Samux rayon İHB-sı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şöbə müdirinin müavini M.N.Səmədov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin məsləhətçi müfəttişi Q.Q.Abdullayeva, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Samux X10 Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi M.E.Qədimovun iştirakı ilə Samux rayonunda akt tərtib edilərək imzalanmışdır. Daha sonra Samux rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arif Ağayev tərəfindən Cavabdeh başçısına 14.04.2021-ci il tarixdə yazılı şəkildə “qeyd edilən qış otlaq sahəsində “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nın tələblərinin, icarə müqaviləsinin şərtlərinin və torpaqdan istifadə qaydalarının pozularaq təsərrüfatın icarəsində olan torpaq sahəsində normadan artıq əkin işlərinin aparılması, heyvanların baş sayları nəzərə alınaraq təyin olunmuş normalardan artıq heyvanların baş sayının olması, icarə müqaviləsində qoyunçuluğun inkişaf etdirilməsi qeyd olunduğu halda müqavilədən kənar iri buynuzlu heyvanların saxlanması və “Torpaq icarə haqqında” Qanunun 73-cü maddəsinin müvafiq bəndlərinin tələblərinin pozulması barədə” məlumat təqdim olunmuşdur. Bundan sonra Cavabdeh başçısının 16.04.2021-ci il tarixli 34 nömrəli sərəncamı ilə «Boz-dağ» massivinin Samux rayonunun inzibati ərazisində 15 və 18 nömrəli sahələrdən Samux rayonu Qarayeri qəsəbəsində fəaliyyət göstərən İddiaçınə qoyunçuluqla məşğul olmaq üçün Cavabdeh başçısının 29.04.2016-cı il tarixli 45 nömrəli sərəncamı ilə icarəyə verilmiş 290 ha torpaq sahəsinin istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədiyi üçün geri alınması və bağlanmış 29.04.2016-cı il tarixli 16 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş «İnzibati icraat haqqında» Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir». Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, 01 yanvar 2006-cı il tarixindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz «İnzibati icraat haqqında» Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. «İnzibati icraat haqqında» Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 59.1.5. Aktı qəbul etmiş orqan tərəfindən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. Müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İşin yuxarıda şərh olunan faktiki hallarından göründüyü kimi cavabdeh mübahisələndirilən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair 29 aprel 2016-cı il tarixli 45 saylı sərəncamı ləğv edən zaman «İnzibati icraat haqqında» Qanunun yuxarıda şərh olunan tələblərini pozmuş, iddiaçının hüquq və vəzifələrinə dair məsələni onun məlumatı və iştirakı olmadan həll etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edib qeyd edir ki, cavabdeh mübahisələndirilən sərəncamı qəbul edərkən Torpaq Məcəlləsinin, Torpaq İcarəsi haqqında Qanunun və Mülki Məcəllənin tələbləri də pozulmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər. İşin hallarından görünür ki, iddiaçı torpaq icarəsi müqaviləsinə vaxtından əvvəl ləğv edilməsinə razı olmamışdır. Belə olan halda müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilərdi. Lakin cavabdeh müqavilənin ləğvi barədə məhkəməyə müraciət etməmiş, özü qərar qəbul etmişdir. Tərəflər arasında bağlanmış 29.04.2016-cı il tarixli 16 nöməli icarə müqaviləsinin 2.14-cü bəndinin tələbindən də görünür ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu, müqavilənin pozulmasına əsas vermir. 16-cı bəndinə görə əgər «İcarəyəverən» torpaqdan istifadənin mümkünsüzlüyünə şərait yaradarsa və «İcarəçi»nin əmlakına maddi ziyan vurmasına gətirən hərəkətlər edərsə, «İcarəçi» mövcud qaydalara əsasında məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalanan qanunvericiliyə görə cavabdehin özünün birtərəfli qaydada icarə müqaviləsinə xitam vermək səlahiyyəti olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisələndirilən Cavabdeh başçısının 16 aprel 2021-ci il tarixli 34 nömrəli sərəncamının ləğv olunmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

Nəticəvi h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Cavabdeh başçısının 16 aprel 2021-ci il tarixli 34 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar