Məhkəmə qərarları › İş №2-1(114)-2259/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2259/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2259/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X12 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-cı ildə Azərbaycan Respublikasının Samux rayonun Nəbiağalı qəsəbəsində anadan olmuşdur. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsi tərəfindən hərbi xidmətə cəlb olunaraq Azərbaycan Respublikasının MN-nin nəzdində olan hərbi hissədə xidmət etmişdir. 2012-ci ilin iyul ayında hərbi xidməti başa vuraraq, ehtiyata buraxılmışdır, AR-nın SHXÇÜDX-nin Samux rayon şöbəsi tərəfindən qeydə alınmışdır. Daha sonra müqavilə əsasında Azərbaycan Respublikasının MN-nin nəzdində olan hərbi hissədə xidmət aparmış, müqavilə bitdikdən sonra ehtiyata buraxılmışdır. 2020-ci ilin sentyabr ayının 27-də könüllü olaraq Vətən Müharibəsinə cəlb olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək "Şuşanın azad olunması”, “Vətən Müharibəsi iştirakçısı” və “Döyüşdə Fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur. Bunula bağlı X9 kimi qeydə alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında yaralanmışdır. xx.xx.2020-ci il tarixdə aldığı xəsarətə görə ordu sıralarından tərxis olunmuş, xx.xx.2021- xx.xx.2021 il tarixədək Gəncə şəhər Birləşmiş A.Səhhət adına xəstəxanada stasionar müalicə olunmuşdur. xx.xx.2021-xx.xx.2021-ci il tarixdə X3 "baş beyin travması nəticəsində şəxsiyyətin və davranışın pozuntusu diaqnozu ilə stasionar müalicə olunmuşdur. Hərbi xidmət dövründə aldığı xəsarətlərdən hal-hazıra kimi müalicə və müayinə olunur, lakin sağlamlığında dəyişilik yoxdur. Cavabdeh orqana dəfələrlə müraciət edərək əlillik təuin edilməsini xahiş etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. İddiaçı isə cavabdehin imtinası ilə razı olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə göndərdiyi iddia ərizəsinə dair etiraz ərizəsində iddia tələbinin təmin edilməməsini xahiş etmiş, etiraz ərizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası, 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi» Qaydası, habelə, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu ilə əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, dəfələrlə intihara cəhd etmişdir. Biləklərində olan yara izləri isə bunun bariz nümunəsidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, ekspert rəyində şəxsdə şəxsiyyət pozğunluğu diaqnozunun olması göstərilir. Bu isə əlillik təyinatına əsas vermir. Diaqnozda ağırlaşmalar da olmalıdır ki, əlillik təyin edilsin. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini ambulator kitabçadan çıxarışlar, xəstəlik haqqında 3475 nömrəli şəhadətnamə, X2 stasionar çıxarış, ambulator, stasionar xəstənin tibbi kartasından çıxarış, iddiaçıya məxsus Forma-88, cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar və Məhkəmə Psixiatrik Ekspertiza X11 Şəxsinin xx.xx.2025-ci il tarixli ekspert rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazım qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia tələbi məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tamaması barədə qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Yəni iddia vaxtında qaldırıldığından qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır və iddia mümkün iddiadır. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı ikinci Qarabağ müharibəsi zamanı baş vermiş döyüşlərdə hərbi travma almışdır. Bu hal 3475 nömrəli Xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir. Həmin şəhadətnamə üzrə İddiaçı «Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu. Vegetativ damar distoniyası. Sol budun orta 1/3-nin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə).» diaqnozu qoyulmuşdur. Daha sonra iddiaçıya əlillik dərəcəsi təyin edilməsi üçün cavabdeh inzibati orqana X7 tərəfindən U00215489XPİ saylı tibbi göndəriş verilmişdir. Həmin tibbi göndərişdə iddiaçıya qoyulmuş diaqnoz aşağıdakılardan ibarət olmuşdur: Əsas diaqnoz: Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Yanaşı xəstəliklər: Postkontuzion sindrom, Postkommosion sindrom. F07.0 Yanaşı xəstəliklər: Postkontuzion sindrom, Postkommosion sindrom. F07.2 Yanaşı xəstəliklər: Posttravmatik stress pozuntusu, Uzunmüddətli posttravmatik stress pozuntusu. F43.1 Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələrində təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Maddə 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, əlilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi və tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi mərhələlərini əhatə edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydaları»: Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə -«Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti»nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun sağlamlığının qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixli göndəriş əsasında) qüvvədə olmuş «Əlilliyin müəyyən olunması meyarları»na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş «Əlilliyin müəyyən olunması meyarları»: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - «Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti»nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Əlavə: Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların Orqanizmin Orqanizmin Sıra ağırlıq dərəcəsi, mərhələsi, XBT-10 funksiyalarının funksiyalarının №-si orqanizmin funksiyalarının (kod) pozulması pozulması faizi davamlı pozulmasının kliniki müddəti funksional xüsusiyyətləri

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət F07.8 və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, 65-80 2 il təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti İş materialları ilə müəyyən edilir ki, iddiaçıya aid X4 verdiyi xx.xx.2024-cü il tarixli göndərişdə (Forma 88) ona qoyulmuş üzvi mənşəli şəxsiyyət pоzuntusu, üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, postkontuzion sindrom, postkommosion sindrom, posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu diaqnozları yuxarıda göstərilən Əlavənin F07.0, F07.2 və F43.1 kod təsnifatlarına uyğundur. Belə ki, iddiaçının tibbi müayinə sənədlərindən görünür ki, zahirən gərgin və narahatdır. Ünsiyyətə həvəssiz qoşulur, suallara ləng cavab verir. Söhbət zamanı əsassız əsəbləşir və qarşıdakına kobudluq edir. Əhvalı daim aşağıdır və ətrafda baş verənləri düzgün qiymətləndirə bilmir, emosional davamsızdır. Xırda qıcıqlara aşırı reaksiyalar göstərir. Yaddaş zəifliyi var və diqqəti dağınıqdır. Məzmunsuz mübahisələr edir və ətrafdakıları təhqir edir. Hansı ki, bu hallar məhkəmə iclasında da təsdiqin tapmışdır. Belə ki, ididaçı izahat verən zaman onun əsəbləşməsi, qarşıdakı insana sərt reaksiyalar verməsi, ünsiyyətə meyl etməməsi, özünə qapanıq olması, fikrini tam ifadə edə bilməməsi və suallara ləng cavab verməsi bir daha sübut olunmuşdur. Hansı ki, onun bu durumu Meyarların 7.6.2.2-ci bəndinə uyğundur. Nəzərə almaq lazımdır ki, iddiaçı bu xəstəliyi Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma olaraq almışdır (3475 nömrəli xəstəlik haqqında şəhadətnamə). Eyni zamanda məhkəmə tərəfindən keçirilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1348 saylı rəyi ilə də təsdiq edilir ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə F07.0 aşkar olunur. Həmin rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir. Eyni zamanda işdə olan iddiaçıya məxsus xəstəlik tarixlərindən çıxarışlardan görünür ki, iddiaçı həmin diaqnoz üzrə X5, Samux Rayon Mərkəzi Xəstəxanasında, Gəncə şəhər Birləşmiş Xəstəxanasında müxtəlif illərdə ambulator və stasionar müalicələrdə olmuşdur. Göründüyü kimi cavabdeh orqanın iddiaçıya əlillik təyin edilməməsi barədə mövqeyi əsassız olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixli 3475 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçıya diaqnoz qoyulmuş xəstəliyin səbəb əlaqəsi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəliklər Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydaları»: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 02 (iki) il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar