Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2273/2023 17.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əri Maraqlı şəxs1 ilə Ermənistan, Vardenis rayonunda 1980-ci il tarixdə bağlanmış nikah akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək nikah akt qeydinin bərpa olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-188/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin, həmin müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Nikah haqqında akt qeydinin bərpa edilməsi üçün lazımi sənədlər təqdim edilmədiyinə görə ərizənin təmin olunması mümkün deyildir. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmişdir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əri Maraqlı şəxs1 ilə Süleyman oğlu ilə Ermənistan, Vardenis rayonunda 1980-ci il tarixdə bağlanmış nikah akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmuşdur. 1988-1989-cu illərdə qaçqın düşərək ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüş, həmin vaxtdan da Gəncə şəhərində yaşayırlar. Əri Maraqlı şəxs1 ilə 1980-ci ildə Ermənistanın Vardenis rayonunda nikaha daxil olmuşdur. BMaraqlı şəxs1 xx.xx.2011-ci il tarxdə qəfləti koronar ölüm diaqnozu ilə vəfat etmişdir. İddiaçı nikah şəhadətnaməsini itirmiş, həmin şəhadətnamə Ermənistan, Vardenis rayonunda verildiyinə görə heç cürə əldə edə bilmir. Bununla bağlı cavabdehdən ona imtina məktubu verilmiş və nikah akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bütün göstərilənlər iddiaçının Azərbaycan Respublikası ilə hüquqi bağlılığının, habelə qarşılıqlı hüquq və vəzifələrinin olmasını sübut edən faktlardır. Nikah qeydinin olmaması əmlak məsələlərində iddiaçının hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Nikah haqqında akt qeydinin bərpa edilməməsi cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) kimi qiymətləndirilməlidir. İddiaçı hesab edir ki, cavabdeh tərəfin hərəkəti (hərəkətsizliyi) vətəndaşlıq haqqında qanuna ziddir. Buna görə də iddiaçının pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İşdəki sənədlərə görə: Vardenis rayonu Böyük Məzrə kənd soveti tərəfindən qeyd edilən, xx.xx.1981-ci il tarixdə verilmiş İİİ-СЛ seriyalı 386251 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.1981-ci il tarixdə Ermənistan, Vardenis rayonun Böyük Məzrə kəndində anadan olmuş, bu barədə akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 57 nömrə ilə qeyd aparılmış, ata qrafasında Maraqlı şəxs1, ana qrafasında X1 adı qeyd olunmuşdur. Vardenis rayonu MSY Məzrə kənd soveti tərəfindən qeyd edilən, xx.xx.1984-cü il tarixdə verilmiş İV-СЛ seriyalı doğum haqqında şəhadətnamənin surətinə əsasən Maraqlı şəxs2 xx.xx.1984-cü il tarixdə Ermənistan, Vardenis rayonun MSY Məzrə kəndində anadan olmuş, bu barədə akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 57 nömrə ilə qeyd aparılmış, ata qrafasında Maraqlı şəxs1, ana qrafasında X1 adı qeyd olunmuşdur. Vardenis rayonu Meis-Mazra qeydiyyat şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş V-СЛ seriyalı 436500 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.1987-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonun Meis Məzrə kəndində anadan olmuş, bu barədə akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 6 nömrə ilə qeyd aparılmış, ata qrafasında Maraqlı şəxs1, ana qrafasında X1 adı qeyd olunmuşdur. xx.xx.2011-ci il tarxidə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 462742 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxs1 xx.xx.2011-ci il tarixdə Gəncə şəhərində qəfləti koronar ölüm səbəbi ilə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 381 nömrə ilə qeyd aparılmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-57/2-11495/2023 nömrəli məktubu ilə təqdim edilmiş iddiaçıya məxsus fərdi uçot kartoçkasının 12-ci (ailə vəziyyəti-əgər evlidirsə, ərin və ya arvadın soyadı, adı, atasının adı və nikahın bağlandığı tarix və nikah bağlayan VVAQ orqanın adı) sırada Maraqlı şəxs1 və Ermənistan, Vardenis rayonu, Mes-Məzrə kənd soveti tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli nikahın bağlanması şəhadətnamə qeyd olunmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-57/2-11495/2023 nömrəli məktubu ilə təqdim edilmiş Maraqlı şəxs1 məxsus fərdi uçot kartoçkasının 12-ci (ailə vəziyyəti-əgər evlidirsə, ərin və ya arvadın soyadı, adı, atasının adı və nikahın bağlandığı tarix və nikah bağlayan VVAQ orqanın adı) sırada X2 və Ermənistan, Vardenis rayonu, Böyük Məzrə kənd soveti tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli nikahın bağlanması şəhadətnamə qeyd olunmuşdur. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 159.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası”nı müəyyən edən digər normalarının tələbinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (13-cü bənd). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (16-cı bənd). Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir (16- 1.bənd). Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır (16-2.bənd). Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir (16-3.bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir... (18-ci bənd). Məhkəmə sorğusu əsasında əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı ilə Maraqlı şəxs1 nikahları xx.xx.1981-ci il tarixdə Ermənistan, Basarkeçər rayonu, Böyük Məzrə kənd sovetiliyində qeydə alınmışdır. Lakin Ermənistanda tərtib edildiyi üçün həmin akt qeydinin mövcudluğu barədə məlumat əldə etmək mümkün deyildir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Digər tərəfdən, iddaçının bərpa olunmasını tələb etdiyi müvafiq qeyd xarici ölkədə (Ermənistanda) tərtib edildiyindən və onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Əsas müddəalara uyğun olaraq cavabdeh səlahiyyətli orqan olaraq həmin akt qeydini bərpa etməlidir. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü (FİN: xxxxxxx) İddiaçı ilə xx.xx.1955-ci il təvəllüdlü (FİN: xxxxxxx) Maraqlı şəxs1 xx.xx.1981-ci il tarixdə Ermənistan, Basarkeçər rayonun Böyük Məzrə kənd sovetliyi tərəfindən aparılmış nikahın bağlanması akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2273/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2273/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver