Məhkəmə qərarları › İş №2-1(114)-23/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-23/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-23/2021 09.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X7 və qey.) qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) xx.xx.2019-cu il tarixli, **********29 saylı imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırılma zamanı hüquqların qeydə alınması tələb edilən fərdi yaşayış evi üzərində mübahisə olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində qeydə alınmasının cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli, **********29 saylı imtina məktubu verilmişdir. Həmin məktubda qeyd olunurdu ki, fərdi yaşayış evi üzərində mübahisə olduğu üçün mülkiyyət hüququnun qeydiyyata alınması qeyri-mümkündür. Ancaq mübahisənin nədən ibarət olması barədə həmin dövlət orqanı tərəfindən hər hansı məlumat verməmişdilər. Vətəndaş olaraq mübahisənin nədən ibarət olmasını bilmək hüququ var idi. Qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsində 1997-ci ildən bu günədək yaşayır. Hal-hazırda mülkiyyət hüququ ilə ona məxsus olan 0,08 ha torpaq sahəsində hər hansı mübahisə yoxdur. Cavabdeh orqan əsassız olaraq mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili X14 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X5 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının müraciəti ilə bağlı aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinantları ilə şəhadətnamədə qeyd olunan koordinantlar üst-üstə düşmür və bu səbəbdən istər fərdi yaşayış evi, istərsə də onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqların qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin əmlakla bağlı məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli **********37 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2019-cu il tarixində 3 saylı Gəncə Ərazi İdarəsinə müraciəti daxil olmuşdur. Müraciətə hüquqmüəyyənedici sənəd olaraq yalnız “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1354F saylı şəhadətnamə əlavə edilmiş, fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair, 8.0.9.1.2-ci bənd məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Vətəndaş İddiaçı tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1354F saylı şəhadətnamədə qeyd olunan 0.08 ha torpaq sahəsinin cizgiləri ilə bağlı uyğunsuzluq olduğu, fərdi yaşayış evinin yerləşdiyi, faktiki istifadə olunan sahənin naturaya uyğun olmadığı, qonşu ilə yol mübahisə olduğu üçün müraciətin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Gəncə Layihə- Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, araşdırma zamanı, iddiaçının və həmin ərazidə yaşayan digər mülkiyyətçilərin faktiki istifadə sahələrinin yerləşmə mövqeləri və konfiqurasiyaları ilə Göygöl rayonu Qızılca kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu lahiyəsi arasında nəzərəçapacaq dərəcədə fərqliliyin mövcud olduğu aşkar olunmuşdur. Bu səbəbdən də mülki iş materiallarına əlavə edilmiş şəhadətnaməyə əsasən ayrı-ayrılıqda iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahələrinin yerləşmə mövqeyini dəqiq müəyyən etmək mümkün deyildir. Belə olan təqdirdə qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi iddia tələbində iddiaçı Göygöl rayonu, Qızılca kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Lakin iddia ərizəsinə və iş materiallarına hüquqların qeydə alınması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmiş, həmçinin torpaq sahəsinin yerləşməsi ilə bağlı uyğunsuzluq olduğundan şəhadətnamə üzrə fərdi yaşayış evinin qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2021-ci il tarixli sərəncam göndərilmiş və Göygöl rayonu, Qızılca kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin sərəncamı xx.xx.2021-ci il tarixdə iddiaçının oğlu, iş üzrə üçüncü şəxs X2 şəxsən təqdim olunsa da, iddiaçı tərəfindən məhkəmənin müraciətinə uyğun nöqsanlar aradan qaldırmamışdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. - 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X6, X4 və X5) qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar