Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2322/2023 01.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv olunması və aktın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv olunması və aktın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 14 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9952 nömrəli qərarı ilə İddiaçınə məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Araz” aptekdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
2. Həmin yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmişdir.
3. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX 020443 nömrəli akta əsasən, İddiaçınə məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Araz” aptekdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən xx.xx.2023-cü il tarixdə saat 11:45 radələrində müştəri tərəfindən alınmış “stepsiz” dərmanı üçün 0.45 (qırx beş qəpik) manat pul ödənildiyi, lakin ödənilmiş pulun müqabilində müştəriyə NKA-dan çek vurulmadığı və təqdim edilmədiyi müəyyən edilmiş, bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulduğu müəyyən edilmiş və buna görə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
4. İddiaçı MMC-nin rəhbəri xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX 020443 nömrəli aktı imzalamaqdan imtina etmiş və akt MMC-nin hüquqi ünvanına göndərilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9952 nömrəli qərarın ləğv olunması və həmin qərar əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli seriya DVX 020443 nömrəli aktın etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı ilə məşğul olur. Cavabdeh 27 fevral 2023-cü il tarixində operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********9952 saylı qərar qəbul etmiş, həmin qərarla xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “X6 1” mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarəti həyata keçirmək qərara almışdır. Qəbul olunmuş müvafiq qərarla, qeyd olunan ünvanda - Şəmkir şəhərində, 20 yanvar küçəsində yerləşən “X6 1” mağazasında qərar qəbul olunmuş günün səhəri, müvafiq vergi nəzarəti həyata keçirilmiş, həmin nəzarətlə bağlı 28 fevral 2023-cü il tarixində müvafiq akt tərtib olunmuş, müvafiq aktın, qərarın və sair sənədlərin surəti onlara göndərilmişdir. Cavabdehin müvafiq operativ vergi nəzarətini həyata keçirməsi üçün qəbul olunmuş qərarın səbəbi və əsası qeyd olunan qərardan və tərtib olunmuş aktdan aydın deyil. Belə ki, qanunvericiliyin və işgüzar adətlərin tələbinə görə bu cür aktlar müraciətlər əsasında qəbul olunur və həmin qərarda müraciət etmiş şəxsin məlumatları - adı, soyadı, ata adı, yaşayış yeri qeyd olunur. Daha sonra isə cavabdeh tərəfindən qəbul olunmuş operativ nəzarət qərarı bir neçə gün əvvəl məlumat üçün qarşı tərəfə göndərilir. Cavabdehin qəbul etmiş olduğu qərar məlumat üçün onlara göndərilməyib. Eyni zamanda təqdim olunan sənədlərdən də aydın olur ki, vergi nəzarətinin həyata keçirilməsi bir neçə gün müddətində nəzərdə tutulsa da, əslində qəbul olunmuş qərardan bir neçə saat sonra, yəni dərhal həyata keçirilmişdir. Bununla da hesab edir ki, cavabdeh onlara qarşı qeyri-obyektiv mövqedən çıxış etmişdir və qanunla müəyyən olunmuş normaları kobudluqla pozmuşdur. Sənədlərdə göstərilir ki, guya onlar izahat verməkdən imtina etmişlər. Halbuki, onlar izahat üçün dəvət olunmamışlar. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
8. İşin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir.
9. İddiaçının nümayəndəsi olan vəkil və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
11. Etiraz onunla əsaslandırılmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 27 fevral 2023-cü il tarixli **********9952 saylı “Operativ vergi nəzarətinin həyata keçrilməsi haqqında” Qərarına əsasən "xxxx" MMC-yə məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən aptekdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə 28 fevral 2023-cü il tarixdə saat 11:45-də operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı dəyəri 0,45 manat olan stepsiz dərmanının alınmasına görə nəzarət-kassa aparatından istifadə edilmədiyi və nəzarətkassa aparatının çekinin təqdim edilmədiyi müəyyən edilmişdir. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə yoxlayıcılar tərəfindən saat 11:47-də nəzarət-kassa aparatının “X” hesabatı çıxarılmış və aptekdə işləyən satıcı tərəfindən saat 11:47-də yayındırılmış məbləğ bərpa edilərək nəzarət-kassa aparatının 9224 saylı çeki təqdim edilmiş, saat 11:48-də yenidən nəzarət-kassa aparatının “X” hesabatı çıxarılmışdır. "xxxx" MMC-yə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi üzrə aşkar edilmiş qanun pozuntusu 28 fevral 2023-cü il tarixli DVX 020443 saylı aktla rəsmiləşdirilmişdir. Akta imza edilməsi ilə əlaqədar aptekdə işləyən satıcı X2 məlumat verilmiş, Darya Ziyadova isə həyat yoldaşı Araz ilə əlaqə saxlayaraq obyektdə operativ vergi nəzarəti tədbiri keçirilməsi barədə məlumat vermişdir. Darya Ziyadovanın həyat yoldaşı Cəmiyyətin əməkdaşı Elçin müəllim ilə əlaqə saxlayıb aktın imzalanması üçün etibarnamə olduğunu bildirsə də etibarnaməni təqdim etməmişlər. Bir müddət sonra Xalidə adlı xanım yoxlayıcılar ilə əlaqə saxlayaraq, işi ilə əlaqədar məhkəmə iclasında olduğunu və sonra əlaqə saxlayacağını bildirmişdir. Bu səbəbdən "xxxx" MMC-nin Şəmkir şəhəri, 20 Yanvar ünvanında yerləşən obyektdə vergi orqanı əməkdaşı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli DVX 020443 saylı “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt vergi ödəyicisinə göndərilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq 27 fevral 2023-cü il tarixli **********9952 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar ümumiyyətlə inzibati akt hesab edilə bilməz. Belə ki, iddiaçı yanlış olaraq inzibati akt kimi hesab etdiyi operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin qərar müstəqil inzibati akt olmamaqla, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Buna görə də, iddia tələbi mümkünsüz sayılmalıdır, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt qeyd edilən tələblərin bir neçəsinə cavab verməsinə baxmayaraq, hüquqi və fiziki şəxs üçün hüquqi nəticə yaratmaması səbəbindən inzibati akt hesab olunmur. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar özü- özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinə uyğun olaraq nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar, həmin operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir
12. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək və etirazda göstərilənlərə istinadla iddianın mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, keçirilmiş operativ vergi yoxlamasının nəticəsi olaraq vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilmiş, iddiaçı da həmin qərarı məhkəmədə mübahisələndirmişdir və hazırda Gəncə İnzibati Məhkəməsində digər hakimin icraatında olmaqla, baxılır.
Əsaslandırma hissəsi:
14. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
16. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində 14 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9952 nömrəli qərarının ləğvini və xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX 020443 nömrəli aktın etibarsız hesab edilməsini xahiş etmişdir.
17. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisələndirilən və ya etibarsızlığının tanınması tələb edilən aktın inzibati akt kimi qiymətləndirilməsidir.
18. İPM-ə görə : Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) ; 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt.
20. İnzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı).
21. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Maddə 24.0. Vergi orqanları: 24.0.5-1. vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə; 24.0.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.
22. Vergi qanunvericiliyinin sadalanan normalarından göründüyü kimi, keçirilməsi vergi orqanlarının hüquqlarına, eyni zamanda vəzifələrinə aid edilmiş operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
23. Lakin həmin qərar inzibati akt deyil, ona görə ki, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmır və inzibati orqan tərəfindən vergi ödəyicilərinin vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin yoxlanması üzrə nəzarətin həyata keçirilməsi ilə bağlı qəbul olunur.
24. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar özü- özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinə uyğun olaraq nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir.
25. Göründüyü kimi, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar, həmin operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur.
26. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur ki, iddiaçı həmin qərarla razılaşmayacağı halda müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər.
27. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında verdiyi izahatı ilə də müəyyən edilmişdir ki, iddiaçı keçirilmiş operativ vergi yoxlamasının nəticəsi olaraq vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qəbul edilmiş qərarı məhkəmədə mübahisələndirmişdir və hazırda Gəncə İnzibati Məhkəməsində digər hakimin icraatında olmaqla, işə baxılır.
28. Beləliklə, hazırda mübahisə predmeti olan qərar və akt yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilmədiyindən iddia mümkün hesab edilə bilməz.
29. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 71.3. Yalnız səlahiyyətlə bağlı, etirazla bağlı, icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı və qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana şikayət verilə bilər.
30. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
31. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva