Məhkəmə qərarları › İş №2-1(114)-2396/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2396/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2396/2024 20.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı möhlət hüququnun dayandırılması və müddətli həqiqi hərbi xidmətə göndərilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2004-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2açının atası X3 xx.xx.2016-cı il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, müddətsiz 1-ci dərəcə əlilliyə görə (hərbi xidmət dövründə xəstələnmə) ayda 220 manat sosial müavinət, müddətsiz 1-ci dərəcə əlilliyə görə ayda 130 manat məbləğində Prezident təqaüdü alır. İddiaçı xx.xx.2020-ci ildə tibbi komissiyanı keçmiş və hərbi xidmətə yararlı sayılaraq ilkin olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə şəhəri Nizami rayon şöbəsi (bundan sonra mətndə - cavabdeh) tərəfindən hərbi qeydiyyata alınmışdır. Bu barədə iddiaçıya İQ 280802 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə də verilmişdir. İddiaçı barəsində olan “Çağırışçının uçot kartası”ndan görünür ki, iddiaçının atası X5 İ qrup əlil, anası X2 (2020-ci ildəki vəziyyətə görə) evdar xanım, bacısı 2008-ci il təvəllüdlü X4 məktəblidir. İddiaçının anası X2 xx.xx.2022-ci ildə vəfat etmişdir. İddiaçının qardaşı X8 xx.xx.2023-cü il tarixdə hərbi xidmətə göndərildiyi üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 19.1.1-ci maddəsinə əsasən iddiaçıya qardaşı hərbi xidmətdən qayıdanadək – xx.xx.2024-cü il tarixədək möhlət verilməsi qanuna uyğun hesab edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 10 24/349 nömrəli protokol qərarına əsasən iddiaçıya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 19.1.5-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixədək möhlət verilmişdir. İddiaçının qardaşı xx.xx.2002-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı ailə vəziyyəti ilə əlaqədar ona verilən möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə getmək barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-43-20/2-668/2024 nömrəli məktubunda iddiaçıya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun müddəaları izah olunaraq onun müddətli həqiqi hərbi xidmətə getməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müddətli həqiqi hərbi xidmətə çağrılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən möhlət hüququnun dayandırılması və müddətli həqiqi hərbi xidmətə göndərilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, qardaşı X1 müharibəsində şəhid olduğu və atası isə İ qrup əlil olduğu üçün ailə vəziyyəti ilə əlaqədar iddiaçıya möhlət hüququ verilmişdir. Lakin iddiaçı möhlət hüququndan imtina edərək hərbi xidmətə getmək üçün cavabdehə müraciət etdikdə ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, polis orqanlarında işləmək arzusundadır, bu cür orqanlara xidmətə qəbul olmaq üçün isə hərbi xidmət keçməsi tələb olunur. Hərbi xidmət keçmədiyi üçün ona hərbi bilet verilmir. Bu səbəbdən hərbi xidmət göndərilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hərbi xidmətdə olarkən atasına bacısı baxacaqdır. İddiaçı yalnız 2020-ci ildə tibbi komissiyadan keçmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı qismən əsaslı hesab edir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2004-cü il təvəllüdlü olmaqla hazırda ailənin böyük uşağıdır. İddiaçının atası X5 xx.xx.1970-ci il təvəllüdlü olmaqla birinci dərəcə müddətsiz əlildir. İddiaçının anası X2 xx.xx.2022-ci il tarixdə, iddiaçının qardaşı X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixli protokol-qərarı (uçot kartasında qeyd olunub) ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 19.1.5-ci maddəsinə (18 yaşınadək və yaxud İ dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda) əsasən xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. İddiaçı ona verilmiş möhlətin ləğv edilərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi ilə bağlı müraciət etmiş, cavabdeh könüllü şəkildə möhlət hüququndan imtina edilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmadığından müraciətin təminindən imtina edilmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək ona verilmiş möhlətin dayandırılmasını və müddətli həqiqi hərbi xidmətə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.5-ci maddəsinə əsasən 18 yaşınadək və yaxud İ dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir. X11 hissəsində göstərilmişdir ki, bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur. Hazırkı halda işin mübahisə olunmayan halı iddiaçıya 18 yaşınadək və yaxud İ dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmaması səbəbindən müddətli hərbi xidmətdən möhlət hüququnun verilməsidir. İş üzrə qiymətləndirilməli olan məsələ iddiaçının ona qanunla verilmiş möhlət hüququndan imtinasının mümkün olub-olmamasıdır, dolayısı ilə möhlətin dayandırılması və ya ləğv edilməsi imkanı yolveriləndirmi. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. “Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanunun 3.2-ci maddəsinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İİ hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Həmin Qanunun 3.4-cü maddəsinə görə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilirlər. Göründüyü kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmə ilk növbədə kişi cinsindən olan Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən olunmuş bir vəzifədir. Qanunvericilikdə müəyyən olunuş hallarda bu vəzifədən azad edilmə imkanları nəzərdə tutulmuşdur. Hərbi xidmətdən azad edilmə imkanı qanunda möhlət hüququ kimi ifadə olunur ki, bunun da əsaslarından biri çağırışçının ailə vəziyyətinə görə verilmiş xidmətdən azad etmədir. Ailə vəziyyətinə görə hərbi xidmətdən azad edilmə çağırışçının himayəsində olan şəxslərə, onun maddi və mənəvi yardımına ehtiyacı olan ailə üzvlərinə görə qanunvericiliyin tanıdığı güzəştdir. Beləliklə, bu nəticəyə gəlmək olur ki, müddətli həqiqi hərbi xidmət vəzifədirsə, möhlət imkanı isə bu vəzifədən azad etmədir. Dolayısı ilə həqiqi hərbi xidmətdən möhlət qanunvericiliklə nəzərdə tutulmuş “hüquqdur”. Möhlət hüququndan imtinanın əsasları qanunvericilikdə bilavasitə nəzərdə tutulmasa da, eyni zamanda möhlət hüququndan imtinanın qadağan edilməsi barədə imperativ norma da yoxdur. Lakin möhlət hüququndan imtina edilmənin mümkünlüyünü qiymətləndirərkən məhkəmə hesab edir ki, nəzərə alınmalı olan hallar sırasında hərbi xidmətin üstünlüyü də qiymətləndirilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 25-ci maddəsinə görə hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 9 (Əmək hüququ), 10 (Pul təminatı və maddi təminat hüququ), 12 (Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ), 13 (Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ), 15 (Pensiya təminatı hüququ), 16 (Hərbi rütbə verilmək hüququ, mükafatlandırmaq hüququ), 20 (Müavinətlər və başqa güzəştlər almaq hüququ), 21 (Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ) və s. kimi hüquqlar və güzəştlər nəzərdə tutulmuşdur. Hərbi xidmətin üstünlüyü təkcə hərbi xidmət keçmiş hərbi qulluqçuya hərbi qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlarla məhdudlaşmır. Şəxsin həqiqi hərbi xidmət keçməsi ona sahəvi qanunvericiliklərdə də nəzərdə tutulmuş üstünlüklərdən yararlanmağa da əsas verir, bəzi hallarda isə müvafiq imkan bilavasitə həqiqi hərbi xidmət keçmə ilə birbaşa şərtləndirilir. Məsələn, “Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168- İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 11-ci bəndinə görə daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Qeyd edilməlidir ki, sadalanan sahəvi qanunvericilik aktları qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanları və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənləri istisna da etməmişdir. Başqa sözlə, müəyyən qanunla verilmiş imkanlardan istifadə etmədə həqiqi hərbi xidmət keçmənin mütləq şərt olduğu hallar mövcuddur və möhlət hüququ qanuni əsaslarla verilmiş olsa belə bu imkanlardan şəxsi məhrum edə bilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmənin qənaətinə görə müddətli həqiqi hərbi xidmət keçmə vəzifədirsə, bu hərbi xidmətdən azad etmə - möhlət isə hüquqdur. Bu mənada hesab olunur ki, hərbi xidmət keçmək vəzifəsindən azad edilmə mümkün olduğu kimi, bu vəzifədən azad edən imkandan - möhlət hüququndan imtina da mümkün olmalıdır. Nəzərə alınsa ki, möhlət hüququ qanunla şəxsə verilmiş güzəştdir və hərbi xidmət keçmə özü qanunla şəxsə vəzifədən savayı həm də bir sıra üstünlüklər, imkanlar tanıyır, belə olan halda müəyyən mənada (ən azından ailə vəziyyəti ilə bağlı) möhlət hüququndan istifadə edib-etməmək şəxsin iradəsinə bağlı qalmalıdır. Qanunla səlahiyyətli orqan çağırışçıya möhlət hüququndan dolayı hərbi xidmətdən azad etməlidir, lakin bu zaman çağırışçının möhlət hüququndan istifadə edib-etməməsində seçim imkanı onun özündə qalmalıdır. Məhkəmə möhlət hüququ tanınmış iddiaçının tələbini, eləcə də onun həqiqi hərbi xidmətə göndərilməsi barədə valideynlərinin bilavasitə razılıqlarını, qanunla ən azından ailə vəziyyətinə görə möhlət hüququndan istifadə edilməmənin qadağan edilmədiyini, əksinə bu möhlət hüququnun şəxsin həqiqi hərbi xidmət keçmənin üstünlüklərindən yararlanmaqdan məhrum etdiyini, hüquqdan imtinanın yolverilənliyini, vətəni müdafiənin vətəndaşın borcu olduğunu və bu borcun yerinə yetirilməsində iddiaçının istəyini nəzərə alaraq hesab edir ki, iddiaçıya verilmiş möhlət dayandırılması mümkün və məqsədəmüvafiqdir. İddia tələbinin digər hissəsi - müddətli həqiqi hərbi xidmətə göndərilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, müddətli həqiqi hərbi xidmətə çağırılma zamanı çağırışçının hərbi xidmət keçməsinin mümkünlüyü həm də onun sağlamlıq vəziyyəti baxımından dəyərləndirmə tələb edir. Hətta bununla bağlı qanun sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi imkanını da nəzərdə tutmuşdur (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 18.1.2 və 20-ci maddələri). Başqa sözlə, çağırışçının tibbi müayinədən keçirilməsi, onun sağlamlıq vəziyyətinin həqiqi hərbi xidmətə uyğunluğunun yoxlanılması mütləq şərtdir və qanun şəxsin sağlamlıq vəziyyətinin hərbi xidmət keçməyə əsas verib-verməməsini müəyyən etməyi rayon çağırış komissiyasının bilavasitə vəzifəsi kimi müəyyən etmişdir. Hazırkı iş üzə iddiaçının sağlamlıq vəziyyəti sonuncu dəfə 2020-ci ildə yoxlanılmış və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Lakin iddiaçının möhlət verildiyi tarixdən hazırkı tarixədək keçən müddət ərzində tibbi müayinədən keçmədiyi və bu müddət ərzində insan orqanizminin sağlamlıq vəziyyətinin dəyişkən olduğu nəzərə alındıqda hesab edilir ki, ailə vəziyyətinə görə möhlətin dayandırılması halı iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmədən, hərbi xidmətə yararlılığı müəyyən edilmədən birbaşa onun həqiqi hərbi xidmətə göndərilməsinə əsas vermir. Bu halın yoxlanılması isə inzibati orqanın ailə vəziyyətinə görə möhlət məhdudiyyəti aradan qaldırıldıqdan sonra yeni inzibati icraat çərçivəsində yoxlaya biləcəyi və qiymətləndirə biləcəyi məsələdir. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). İnzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Odur ki, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya verilmiş müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin dayandırılması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla müddətli həqiqi hərbi xidmətə göndərilmə ilə bağlı müraciətinə baxılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı verilmiş müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin dayandırılması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı müddətli həqiqi hərbi xidmətə göndərilmə ilə bağlı müraciətinə baxılması öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar