Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2421/2023 13.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı məişət xidməti obyektinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 17 nömrəli tam orta məktəbin cənub-qərb tərəfindəki 12,0 kv.m boş torpaq sahəsində İddiaçı tərəfindən məişət xidməti obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.
2. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı ilə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 17 nömrəli tam orta məktəbin cənub-qərb tərəfində yerləşən məişət xidməti obyektində yerinə yetirilmiş işlərin keyfiyyəti kafi hesab edilmiş və onun istismarına icazə verilmiş, akt Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2016-cı il tarixli 497 nömrəli sərəncamla təsdiq edilmişdir.
3. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 497 nömrəli sərəncamı ilə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli 64 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 17 nömrəli tam orta məktəbin cənub-qərb tərəfində inşa edilmiş tikintialtı sahəsi 31.4 kv.m, faydalı sahəsi 22.6 kv.m olan bir mərtəbəli məişət xidməti obyektinin istismara qəbul edilməsi və İddiaçı adına qeydiyyata alınması qərara alınmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış və Torpaq sahəsinin planı və ölçüsü barədə A№773968 nömrəli sənədə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 1382 saylı icarə müqaviləsinə əsasən Gəncə şəhərində yerləşən 0.00314 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. İddiaçı Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən qeyri-yaşayış binası üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, təqdim olunmuş istismara icazə sənədinin "Tikinti obyektlərinin istismarına icazənin formaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş formaya uyğun olmadığı aşkar edilmişdir. Aparılan araşdırma zamanı sənədlərin Gəncə Şəhər İcra Hakimiyyəti deyil, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 4.18.2ci bəndinə əsasən, 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına şamil edilmir. Həmin Əsasnamənin 4.11.11.5-ci yarımbəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
6. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022ci il tarixli MİHO/2.1-2-2022-5334 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nın 3.1.1-ci yarımbəndinə uyğun olaraq Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 17 nömrəli tam orta məktəbin cənub-qərb tərəfindəki ərazidə İddiaçı tərəfindən inşa olunmuş qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsinə dair aşağıdakı çatışmayan sənəd və məlumatlar Tikintilərin dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim olunmalıdır: obyektin tikintisinə icazənin surəti; tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi və tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə). II. Məhkəmədə icraat
7. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 17 nömrəli tam orta məktəbin cənub-qərb tərəfində inşa edilmiş tikintialtı sahəsi 31.4 kv.m faydalı sahəsi 22.6 kv.m olan bir mərtəbəli məişət xidməti obyektinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2013-cü il tarixli 64 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 17 nömrəli tam orta məktəbin cənub-qərb tərəfində yerləşən tikintisi üçün ona 54 kv.m torpaq sahəsi ayrılmışdır. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının qeyd etdiyi sərəncamının verilməsindən sonra inşa edəcəyi ticarət obyektinin binasının eskiz layihəsi Gəncə şəhərinin baş memarı tərəfindən təsdiq edilmiş və o, qanunla müəyyən edilmiş qaydada müvafiq qurumlardan icazə almaqla tikinti işlərinəö başlamışdır. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 18 may 2016-cı il tarixli 497 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 17 nömrəli tam orta məktəbin cənub-qərb tərəfində inşa edilmiş tikintialtı sahəsi 31.4 kv.m, faydalı sahəsi 22.6 kv.m olan bir mərtəbəli məişət xidməti obyekti istismara qəbul edilmişdir. Təxminən on ilə yaxın müddətdir ki, öz vəsaiti hesabına təsdiq olunmuş layihə əsasında qeyri-yaşayış obyektində tikinti işlərini başa çatdırmışdır və buna dair istismara qəbul aktı əldə etmişdir. Dövlət mülkiyyətində olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdən onun icarəsindədir. Odur ki, həmin torpaq sahəsində inşa edilmiş tikiliyə mülkiyyət hüququnun tanınması zərurəti yaranmışdır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).
21. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir:
23. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli və xx.xx.2016-cı il tarixli 497 nömrəli sərəncamlarının təsdiqli surətləri;
24. Torpaq sahəsinin planı və tikintilərin mərtəbələr üzrə planı;
25. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktının surəti;
26. 13.06.2022-ci il tarixli A 773968 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surəti;
27. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış;
28. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu.
Əsaslandırma hissəsi:
29. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
31. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 64 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 17 nömrəli tam orta məktəbin cənub-qərb tərəfindəki 12,0 kv.m boş torpaq sahəsində İddiaçı tərəfindən məişət xidməti obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş və obyektin tikintisi başa çatdıqdan sonra tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı ilə məişət xidməti obyektində yerinə yetirilmiş işlərin keyfiyyəti kafi hesab edilmiş və Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2016-cı il tarixli 497 nömrəli sərəncamla onun istismarına icazə verilərək, istismara qəbul edilmişdir.
32. İddiaçının həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyesrində qeydiyyata alınması barədə cavabdeh orqana müraciətinə isə imtina cavabı verilərək, buna əsas kimi tikintiyə icazə sənədlərinin Gəncə Şəhər İcra Hakimiyyəti deyil, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən verildiyi göstərilmişdir.
33. İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
34. Məhkəmə cavabdehin orqanın həmin dəlillərini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsaslı sayır.
35. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"na görə: Bənd 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş "İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı"na əsasən mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər İİ (normal) məsuliyyət səviyyəli bina və qurğular hesab olunur.
37. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.11.11.5-ci bəndində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının ümumi səlahiyyətlərinə aid edilmişdir.
38. Həmin Əsasnamənin 4.18.2-ci bəndində isə bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir.
39. Göründüyü kimi, İddiaçı tərəfindən Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 17 nömrəli tam orta məktəbin cənub-qərb tərəfindəki ərazidə inşa olunmuş qeyri-yaşayış obyektinin qeydə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nın 3.1-ci bəndində göstərilən sənədlər təqdim olunmalıdır. Həmin obyekt İİ (normal) məsuliyyət səviyyəli tikili olduğu üçün tikintiyə icazə sənədinin verilməsi qanunla Gəncə Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətinə aid edilmiş və həmin səlahiyyətin şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməməsi birmənalı olaraq qeyd edilmişdir.
40. Hazırki işdə isə tikinti obyektinin istismarına icazə sənədi Gəncə Şəhər İcra Hakimiyyəti başçısı deyil, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmişdir.
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna görə: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
42. Göründüyü kimi, hazırda mübahisə predmeti olan qeyri-yaşayış binasının tikintisinə dair icazə sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmadığından, həmin sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab bilməz. Bu halda isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənəd təqdim edilmədiyindən cavabdeh orqanın qeydiyyatdan imtinası əsaslı olmuşdur.
43. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva