Məhkəmə qərarları › İş №2-1(114)-2444/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2444/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2444/2024 06.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Müdafiə Sosial Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə qarşı Mərkəzi Filialına qarşı şəhid ailəsi üçün prezident təqaüdünün ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-493/2002 nömrəli qətnaməsi ilə X6 ölmüş elan edilmiş, M.S.Əliyevin Kəlbəcər rayonu ərazisində hərbi əməliyyatlar nəticəsində itkin düşdüyü aprel 1994-cü il onun ölüm tarixi hesab edilmişdir.

2. Həmin qətnaməyə əsasən iddiaçının atası X3 ölümü barədə Ölüm haqqında xx.xx.2002-ci il tarixli AZ 149114 nömrəli şəhadətnamə tərtib edilmiş və şəhadətnamədə xx.xx.1994-cü il ölüm tarixi kimi qeyd edilmişdir.

3. Ölüm haqqında xx.xx.2012-ci il tarixli AZ-İ 573196 nömrəli şəhadətnaməyə əsasən iddiaçının anası X7 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə 008860 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir.

5. İddiaçı şəhid ailəsi üçün Prezident təqaüdünün ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən imtina məktubu ilə ona bildirilmişdir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın 2-ci, 3-cü və 6-cı hissələrinə əsasən şəhidin şəhid ailəsi üzvü hesab olunan arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına (uşaqları, qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan olmadıqda baba və nənələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Belə ki, yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş qaydada müəyyən olunan ailə üzvü hesab edilməyən şəxslərə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi mümkün deyildir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Şəhid ailəsi üzvü haqqında xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışında İddiaçı X1 Sistemində Şəhid ailə üzvü olması barədə məlumatın mövcud olmadığı göstərilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı şəhid ailə üzvü vəsiqəsi üzrə elektron məlumatında onun şəhidin təqaüd hüququ olmayan övladı olması barədə qeyd edilmişdir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17- 3/2-20245/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın (bundan sonra-Qaydalar) 2-ci bəndinə əsasən, şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, qanunla onları saxlayan şəxs yoxdursa baba və nənələri qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olan şəhid ailəsinin üzvü hesab edilirlər. Qanunvericiliyə əsasən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik şəhid ailə üzvləri hesab olunan şəxslərin dairəsi yuxarıda qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin sosial müdafiəyə digər şəxslərə münasibətdə daha çox ehtiyacının olması, həmçinin mövcud təcrübəyə əsasən təhsil müəssisələrində təhsil alma yaş dövrü meyarları əsas götürülməklə müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və sözügedən kateqoriyadan olan şəxslər barədə məlumatların toplanması və sistemləşdirilməsi, habelə həmin şəxslərin reyestrinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2021-ci il 1470 nömrəli Fərmanı ilə Nazirliyin X1 sisteminin (MEİS) "Zəfər" altsistemi yaradılmışdır. MEİS-də şəxsə dair formalaşan məlumatlar e-sosial.az portalı vasitəsilə istifadəçiyə təqdim olunduğuna görə "e-sosial" internet portalının "Şəhid ailə üzvü" bölməsində MEİS-in "Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestri"ndə formalaşan məlumatlar əks olunur. Qanunvericiliklə müəyyənləşdirilmiş imtiyazlı şəxslər kateqoriyasına aid olmadığına görə vətəndaş İddiaçı şəhid ailə üzvü olmasına dair sorğularının icrası mümkün deyildir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 401 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı mərhum atası X6 həqiqətən xx.xx.1994-cü il tarixdə Murovdağ istiqamətində itkin düşüb. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-493/2002 nömrəli qərarına əsasən xx.xx.2002-ci il tarixdə vəfat etdiyi üçün “şəhid” hesab edilmişdir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəhid ailəsi üzvü olmağı barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, rəhmətlik atası X6 30 aprel 1994cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində, Kəlbəcər ərazisində itkin düşmüşdür. Kəpəz rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-493/2002 saylı qətnaməsi ilə atası X6 ölmüş elan edilmiş, onun ölüm tarixi itkin düşdüyü aprel 1994-cü il hesab edilmişdir. Həmçinin anası X8 2012-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Ailəlidir, himayəsində 2 azyaşlı övladı var. O, atasının övladı olaraq 008860 nömrəli şəhid ailəsi üzvü vəsiqəsi ilə təmin edilmişdir. Lakin onun şəhid ailəsi üzvü məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminə daxil edilməyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına bu tələblə müraciət etmişdir, lakin onlar imtina məktubu vermişlər. Həmin məktubu xx.xx.2024-cü ildə poçt vasitəsi ilə almışdır. Zəruri hesab edir ki, qanun normasının düzgün təfsiri mübahisənin ədalətli həlli üçün mübahisə olunmazdır. Belə ki, hüquq normasının təfsiri dedikdə ümumi anlamda hüququ qaydasının gerçək mahiyyətinin əldə edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur. Əgər qeyd olunan 18 yaşına çatmamış uşaqlar ifadəsini hərfi mənada təsvir etsək, bu zaman normanın məzmunu daralar və nəticədə hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarar ki, bu da ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Odur ki, sözü gedən ifadəni genişləndirici təfsir edərək o nəticəyə gəlinməlidir ki, onun atası şəhid olan zaman onun şəhid ailəsi statusu yaranmışdı. Beləliklə, onun Konstitusiyanın 29-cu maddəsi, İnsan Hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvesiyanın 1-ci Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 154-cü və 157-ci maddələri ilə təsbit edilmiş mülkiyyət hüququ pozulmuşdur. Hesab edir ki, şəhid ailəsi üzvü olduğu üçün cavabdeh onun bu barədə məlumatlarını müvafiq sistemə daxil etməlidir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Şəhid ailəsi üzvü olmağı ilə əlaqədar ona Prezident təqaüdünün təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdehin iddianın mümkün hesab edilməməsinə dair ərizəsi xx.xx.2024cü il tarixdə məhkəməyə daxil olmuşdur.

23. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən də məlum olur ki, o, xx.xx.1990-cı il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 008860 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı şəhid ailəsi statusu verilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Kəpəz rayon Məhkəməsinin xx.xx.2002-ci tarixli 2- 493/2002 nömrəli qətnaməsindən müəyyən olunur ki, X6 ölmüş elan edilmiş və ölüm tarixi aprel 1994-cü il hesab olunmuşdur. İş üzrə icraat materallarına əlavə edilmiş 573196 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2012-ci tarixdə vəfat etmişdir. Beləliklə, İddiaçı qanunla müəyyən edilmiş şəxslər kateqoriyasına daxil olmadığından (vəsiqənin verildiyi tarixdə 33 yaşında olmuşdur) ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməlidir.

24. İddiaçı şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Kəpəz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-493/2002 nömrəli qətnaməsi; - Ölüm haqqında xx.xx.2002-ci il tarixli AZ 149114 nömrəli və xx.xx.2012-ci il tarixli AZ-İ 573196 nömrəli şəhadətnamələr; - xx.xx.2023-cü il tarixli 008860 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtina məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Şəhid ailəsi üzvü haqqında xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ailə üzvü haqqında elektron məlumatı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17- 3/2-20245/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəzrayon şöbəsinin xx.xx.2024-cü il tarixli 401 nömrəli arayışı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-493/2002 nömrəli qətnaməsi ilə X6 ölmüş elan edilmiş, onun Kəlbəcər rayonu ərazisində hərbi əməliyyatlar nəticəsində itkin düşdüyü aprel 1994-cü il onun ölüm tarixi hesab edilmişdir. Həmin qətnaməyə əsasən iddiaçının atası X3 ölümü barədə Ölüm haqqında xx.xx.2002-ci il tarixli AZ 149114 nömrəli şəhadətnamə tərtib edilmiş və şəhadətnamədə xx.xx.1994-cü il ölüm tarixi kimi qeyd edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 008860 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir.

29. İddiaçı şəhid ailəsi üçün Prezident təqaüdünün ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən imtina məktubu ilə ona bildirilmişdir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın 2-ci, 3-cü və 6-cı hissələrinə əsasən şəhidin şəhid ailəsi üzvü hesab olunan arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına (uşaqları, qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan olmadıqda baba və nənələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Belə ki, yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş qaydada müəyyən olunan ailə üzvü hesab edilməyən şəxslərə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi mümkün deyildir.

30. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayaraq, aşağıdakıları qeyd edir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə: Bənd 1.1. Şəhid dedikdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bənd 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarına görə: Bənd 1. Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Bənd 2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Bənd 5. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Bənd 7. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir.

33. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci hissəsinə əsasən bu Qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

34. Göründüyü kimi, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təqaüdü almaq hüququ olan şəxslərin dairəsi qaunvericilikdə konkret olaraq müəyyən edilmişdir və orada yalnız şəhidin 18 yaşına çatmamış və ya 18 yaşına çatanədək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına həmin təqaüd təhsilini bitirənədək lakin ən çoxu 23 yaşına çatanadək ödənilməsi təsbit edilmişdir.

35. İşin faktiki hallarından isə müəyyən olunur ki, İddiaçı xx.xx.1990-cı il tarixdə doğulmuş və şəhid ailə üzvünün vəsiqəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni 33 yaşında təmin edilmişdir.

36. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin elektron məlumatında İddiaçı adının qarşısında şəhidin təqaüd hüququ olmayan övladı olması barədə qeyd edilmişdir.

37. Beləliklə, iddiaçı qanunla şəhidə görə təqaüd almaq hüququ olan subyektlərin dairəsinə (bu qərarın 32-ci bəndi) aid edilmədiyindən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması mümkün olmamışdır. Ona görə, cavabdeh orqanın bu barədə imtinası qanuni olmuşdur.

38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar