Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2445/2024 13.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-cı ildə anadan olmuş, hazırda ünvan 1 ünvanda yaşayır. ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980xx.xx.1994-cü illərdə Tovuzraykotifaq üzrə, xx.xx.1994-xx.xx.2005-ci illərdə Tovuz çörək kombinatı üzrə qaynaqçı vəzifəsində işləmişdir. İddiaçı pensiya təyini üçün cavabdehə müraciətinə xx.xx.2024-ci il tarixli, məktubla bildirilmişdir ki, Pensiya işinizdə olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər və 21,05.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 18 il 6 ay 8 gün təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 3 ay 8 gün sığorta stajına uyğun olaraq 16922,75 manat (2023-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 3 ay sığorta stajına uyğun olaraq 153,62 manat olmaqla, ümumilikdə 17076,37 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək X3 olan əmək fəaliyyəti dövrlərinin araşdırılmasına zərurət yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən Tovuz çörək kombinatına aid sənədlər mühafizə olunmaq üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən xx.xx.1994-cü il tarixindən xx.xx.2005- ci il tarixinədək həmin müəssisədə əməkhaqqı alıb- almadığı müəyyənləşdirmək mümkün olmadığından həmin dövr sığorta stajınıza daxil edilməyib. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2005- ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydində qaralamalar olduğundan) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab olunmur. İddiaçı Dövlət Sosial X4 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “07 mart 1994-cü il tarixdən 20 oktyabr 2005-ci il tarixədək X3 işlədiyi illərin əmək stajına hesablanması”nı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 avqust 1980- ci ildən 02 mart 1994- cü ilə kimi Tovuz raykotifaq üzrə elektromantiyor, 07 mart 1994-cü ildən 20 oktyabr 2005-ci ilə kimi X3 qaynaqçı vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində əmək kitabçası tərtib olunmuş, əmək müqaviləsinə xitam verildikdən sonra da əmək kitabçası ona təhvil verilmişdir. Əmək kitabçasında işə daxil olduğu və işdən çıxdığı tarixlər barədə müəssəsənin rəhbəri tərəfindən müvafiq qeydiyyat aparılmışdır. Onun barəsində tərtib olunan əmək kitabçası ilə təsdiq olunur ki, o, qeyd etdiyi təşkilatlarda işləməklə əmək münasibətində olmuş və orada işlədiyinə görə əmək haqqları almışdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün cavadeh təşkilata rəsmi müraciət etsə də əmək pensiyasının təyin olunmasından qanunsuz olaraq imtina edilmişdir. Belə ki, çörək zavodunda işlədiyi illəri inzibati orqan iş stajı hesab etməmişdir. Cavadeh təşkilatın 07 mart 2024-cii il tarixli imtina məktubunda qeyd edilir ki, Tovuz çörək kombinatının sənədləri mühafizə olunması üçün Tovuz Rayon Dövlət arxivinə təhvil verilməyib və onun əmək haqqı almasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də ona əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Tovuz çörək kombinatının sənədləri mühafizə olunması üçün Tovuz Rayon Dövlət arxivinə təhvil verilməsində o səlahiyyətli və ixtiyarlı şəxs olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddiaya qarşı ünvanladığı etirazda imtinanın əsasları təkrarlanmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin imtinası, iddiaçıya məxsus ИT-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti və digər sənədlər təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Hazırda irəli sürülmüş iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında və 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərtlər də ödənilmişdir. Belə ki, hazırda mübahisələndirilən 29 iyul 2024-cü il tarixli qərarın (qərarın rekvizitləri qeyd edilməyib) surətinin iddiaçıya göndərilməsi müəyyən olunmur, eləcə də qərarda həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri əks olunmamışdır. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıya daha öncə yaşa görə əmək pensiyası təyin edilib, lakin cavabdeh orqan tərəfindən ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixində Qərar qəbul edilmişdir, lakin qərarda qərarın rekvizitləri qeyd edilməmişdir. Qərarda qeyd edilmişdir ki, vətəndaşın 1994-2005-ci illər üzrə olan iş stajını, əmək haqlarını yoxlamaq mümkün olmadığından, əmək kitabçasında xx.xx.1994-cü il tarixli işə girmə qeydində qaralamanın olması və xx.xx.2022-ci il tarixli, **********6 nömrəli xidməti məruzənin tələblərinə uyğun olmadığından pensiya ödənişi dayandırılmışdır. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçı həmin dövrlərdə fəaliyyət göstərən müəssisədə işləməsi ilə bağlı əmək kitabçasını təqdim etmişdir. İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı 07 mart 1994-cü il tarixdən 20 oktyabr 2005-ci il tarixədək X3 işləyib. Cavabdehin nümayəndəsi təqdim etdiyi etiraz məktubunda xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulduğunu qeyd etsədə məhkəmə araşdırması zamanı bu hal təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclası zamanı əmək kitabçasının əslinə baxış keçirilən zaman məlum olmuşdur ki, əmək kitabçasının 1994-cü il tarixində olan 4 rəqəmində qaralama olduğu qeyd edilsədə əmək kitabçasının qarşı tərəfində olan qeyd ( 1994) də eyni şəkildə qeyd edilmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir. Cavabdehin arqumentini əsassız hesab edən məhkəmə bildirir ki, iddiaçının 07 mart 1994-cü il tarixdən 20 oktyabr 2005-ci il tarixədək X3 işləməsi ilə bağlı əmək kitabçasını təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Sadəcə müəssisənin 1993-2004-cü illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2445/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2445/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver