Məhkəmə qərarları › İş №2-1(114)-2502/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2502/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2502/2025 06.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X19 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X19 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X19 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: I. Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1984-cü il tarixli, ИТ-İ nömrəli əmək kitabçası iddiaçıya məxsusdur; - İddiaçı xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 65% pozulmasına görə ikinci dərəcə əlillik təyinatı aparılmışdır; - cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-131486/2023 nömrəli “əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktuba əsasən, vətəndaş İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla 22 il 1 ay 24 gün olmaqla qanunla tələb olunan müddətdən (15 il 4 aydan) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 10 il 24 gün sığorta stajına uyğun olaraq 9322,40 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 12 il 1 ay sığorta stajına uyğun olaraq 21026,04 manat olmaqla, ümumilikdə 30348,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 37094,40 manat pensiya kapitalından (61 yaşınıza uyğun olaraq) azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçası surətində də qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qaralamalar mövcuddur) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona orqanizm funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir; - cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-276871/2/2024 nömrəli “yaşa görə sosial ödənişin təyin edilməsinin mümkün olmaması haqqında” məktuba əsasən, vətəndaş İddiaçı Hial oğlu tələb olunan pensiya yaşına (65 yaş) çatmadığı üçün ona ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün hesab olunmur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən, ona xx.xx.2023-cü il tarixindən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilib və hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir.

2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 1815/2025 nömrəli “məhkəmə sərəncamının icra edilməsi haqqında” məktuba əsasən, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmət dövrü, təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985- ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın müvafiq xidməti məktubuna qoşma olunan hesabat məlumatlarına əsasən xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 11 il 07 ay 02 gün müəyyən edilmişdir. Həmçinin, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən, İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan dövr üzrə 12 il 01 ay sığorta stajı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən vətəndaşın cəmi sığorta stajı 23 il 08 ay 02 gün təşkil edir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Tərtər 9 saylı X1 əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın müvafiq xidməti məktubuna əsasən Tərtər 9 saylı X2 1995-ci ilə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmayıb, eyni zamanda 1997-ci il tarixində 2 rüb, 1998-1999-cu il tarixlərində bütün rüblər üzrə sığorta ayırmaları hesablanan ödəniş olmamışdır. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil ediməlmişdir. Bildiririk ki, İddiaçı sığorta stajı 23 il 8 ay 2 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 8 aydan) çox olmasına baxmayaraq, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 11 il 7 ay 2 gün sığorta stajına uyğun 11677,44 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 22876,31 manat (12 il 1 ay sığorta stajına uyğun) olmaqla, ümumilikdə 34553,75 manat təşkil edir ki, bu məbləğ 2024-cü il tarixində 62 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 37900,80 manat pensiya kapitalından az olduğundan ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmişdir. Həmçinin, İddiaçı xx.xx.2023-cü il tarixindən proaktiv qaydada əlilliyə görə sosial müavinət təyin edilmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 13.05.2023-cü il tarixli, ******* nömrəli ərizəyə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz 220 AZN məbləğində orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, ümumi xəstəlik səbəbi ilə pensiya təyinatı aparılmışdır; - Dövlət Tibbi-Sosial ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli əmrə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz ümumi xəstəlik səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 65 faiz pozulmasına görə sinir sistemi xəstəlikləri ilə bağlı əlillik təyinatı aparılmışdır.

3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-3070/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, dövlət reyestrində Tərtər 9 saylı X2 xx.xx.1996- cı il tarixdə D-1370 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Reyestrdə Tərtər 9 saylı X2 yenidən təşkil olunması və hüquqi varisinin olması barədə məlumat mövcud deyildir.

4. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X22 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2-12195/2025 nömrəli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktub a əsasən, İddiaçı əlillik vəziyyəti Bərdə rayon Mərkəzi Xəstəxanasının V00085945PNM nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 137155/2025 nömrəli “məhkəmə sərəncamının cavablandırılması haqqında” məktuba əsasən, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə müraciəti ilə bağlı təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilən sosial sığorta stajı 1995-ci il, 1997-ci il üzrə 6 ay (2 rüb) və 1998-1999-cu illər olmaqla ümumi 3 il 6 ay təşkil edir. Qeyd edilən dövrlər onun mübahisələndirilməyən sığorta stajına əlavə edilərsə, ümumi sığorta stajı 27 il 2 ay 3 gün təşkil edəcəkdir. xx.xx.2006-cı il tarixinədək 27 il 2 ay 3 il sığorta stajına uyğun olaraq İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2024-cü il tarixinə (müraciət etdiyi və 62 yaşının tamam olduğu tarix) indeksləşdirilmiş məbləği 15206,97 manat təşkil edəcəkdir. Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sistemin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 22876,38 manat təşkil edir. Beləliklə, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeyd edilən ümumi pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 38083,35 (15206,97+22876,38=38083,35) manat təşkil edəcəkdir ki, bu məbləğ adıçəkilən şəxsin 62 yaşına münasibətdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 37900,80 manat pensiya kapitalından çoxdur və minimum pensiya (280) təminatına imkan verəcəkdir.

6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3/2-9612/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, 9 nömrəli X4 “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq hərrac vasitəsilə əmək kollektivinin üzvləri X12, X8, X11, X9, X6 və X10 tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda nəzərinizə çatdırılmışdır ki, Tərtər rayonu 9 nömrəli X4 özəlləşdirilərkən tərtib olunmuş özəlləşdirmə planında İddiaçı adı əmək kollektivi üzvlərinin siyahısında adı qeyd edilməmişdir.

7. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3/2-23417/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 3 noyabr 2005-ci il tarixli LK-23 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilmiş “Azəraqrotexservis” RİB-nin tabeliyində olan Tərtər 9 saylı X3 6 dekabr 2005-ci il tarixində hərrac üsulu ilə özəlləşdirilmişdir.

8. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-1815/2025 nömrəli “məhkəmə sərəncamının icra edilməsi haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-2- 1/2-3070/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubu; - “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X17 xx.xx.2025-ci il tarixli, 3-17-4/2-12195/2025 nömrəli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubu; - cavabdhein xx.xx.2025-ci il tarixli, 3-17-1/2-137155/2025 nömrəli “məhkəmə sərəncamının cavablandırılması haqqında” məktubu; - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3/2-9612/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubu; - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3/2-23417/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubu.

II. Tərəflərin ərizəsi və etirazı

8. İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X19 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1995-ci il, 1997-ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərdə Tərtər 9 saylı X1 işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. Tələb onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdən “Parinoz xəstəliyi əsmə rigid forma, Dəqiqləşdirilməmiş ensefalopatiya, dissirkulyator ensefalopatiya-İİİ mərhələ,koknitiv funksiyaların pozulması ilə. Yanaşı xəstəliklər R26 Hərəkətin və yerişin pozulmaları və Yerişin və hərəkət funksiyasının pozulması xəstəliyi ilə” orqanizm funksiyalarının 65% pozulması ilə şəhadətləndrilərək müddətsiz 2-ci qrup əlillik təyin edilibmiş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-xx.xx.1984-cu ildə 10 (on) ay müddətində texniki peşə məktəbində oxumuş, 1983-cü ildən əmək fəaliyyətinə başlamış, iş fəaliyyətinin çox illəri Tərtər rayon elektrik şəbəkəsində olmuş, 1983- 2018-ci ilin aprel ayına kimi əmək stajı vardır. İddiaçı qeyd edir ki, əmək qanunverciliyinə əsasən həmin illərin sosil sığorta stajında yetərincədir və erməni qəsbkarlarının torpaqlardan təmizlənməsi zamanı gedən döyüşlər zamanı erməni qəsbkarlarının atdıqları mərmilər zamanı sıradan çıxan elektrik dirəklərinin və naqillərinin bərpa edilməsində əməyi olmuş, hazırkı düçar olduğu xəstəliyi həmin vaxtlarda yaranmışdır. İddiaçı bildirir ki, ona təyin edilmiş pensiya 220 manatla sosial pensiyadır və ona əmək pensiyası təyin edilməyibdir ki, əmək stajı və sosial sığorta balansında toplanılan pullar bugünkü qaninvericiliklə azdır. İddiaçı onu da qeyd edir ki, onun əmək kitabçasında 1983-2018-ci illərə kimi işləməyi, illərin giriş-çıxışı hamısı öz qaydası ilə yazılaraq möhürlənibdir. İddiaçı qeyd edilən məsələ ilə bağlı cavabdehə mürciət etmiş, lakin ona imtina cavabı verilmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Qanunun 12.1-ci maddəsinin tələblərinə görə əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sadalanan qanunvericilik normalarından aydın olur ki, şəxsə orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə əlaqədar əlilliyə görə əmək pesiyasının təyin edilməsi üçün şəxsin orqanizminin funksiyalarının pozulması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməli, sığorta stajı ümumilikdə 5 ildən az olmamaqla əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarından aydın olur ki, İddiaçı orqanizminin funkisyalarının 65 faiz pozulması müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun qanunvericiliklə qəbul edilən sığorta staji xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1984-cü il tarixden xx.xx.1984-cü il tarixədək təhsil illəri, əmək kitabçasında qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985- ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri olmaqla xx.xx.2006-cı il tarixədək 11 il 7 ay 2 gün, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan dövr üzrə isə 12 il 1 ay olmaqla ümumilikdə 23 il 8 ay 2 gün təşkil edir. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə xx.xx.2006-cı il tarixədək 11 il 7 ay 2 gün sığorta stajına uyğun 11677,44 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 22876,31 manat (12 il 1 ay sığorta stajına uyğun) olmaqla, ümumilikdə 34553,75 manat təşkil edir. Diqqətinizə çatdırırıq ki, iddiaçının müraciəti üzrə aparılmış inzibati icraat zamanı onun əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Tərtər 9 saylı X1 əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Arxiv və sosial ödəniş işlərinin çeşidlənməsi üzrə mərkəzi filialının müvafiq xidməti məktubuna əsasən təqdim edilmiş Tərtər 9 saylı X2 hesabatlarından aşkar surətdə görünür ki, müəssisənin 1995-ci ilə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. Bundan başqa, hesabatlardan məlum olur ki, 1997-ci il tarixində 2 rüb, 1998-2004-cü il tarixlərində müəssisə fəaliyyət göstərmədiyinden bütün rüblər üzrə iddiaçıya sığorta ayırmaları hesablanan ödəniş olmamışdır. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, yuxarıda qeyd edilən dövrlərdə müəssisənin fəaliyyət göstərməməsi ilə əlaqədar iddaçıya sığorta ayırmaları hesablanan ödənişlərin (əməkhaqqı və s.) ödənilməməsi həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsini qanunvericiliklə mümkünsüz edir. Beləliklə, İddiaçı sığorta stajı 23 il 8 ay 2 gün olmaqla qanunvericiliklə tələb olunan 15 il 8 aydan çox olsa da, onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 34553,75 manat pensiya kapitalı 2024-cü il tarixində iddiaçının 62 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 37900,80 manat pensiya kapitalından az olduğundan ona orqanizmin funksiyalarının 65 fazi pozulması ilə əlaqədar əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Sözügedən maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edilib, hazırda 220 manat olmaqla ödənişi davam etdirilir. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının və işin hallarının qarşılıqlı təhlilindən bir daha aydın olur ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinin təxirə salınması qanunauyğun olmuşdur, iddia tələbi əsassızdır. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

III.Tərəflərin iştirakı

11. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza oxşar izahat vermiş, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi:

IV. İddianın mümkünlük şərtləri

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34.Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

14. İlk öncə onu qeyd etmək lazımdır ki, hazırda iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiadır. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməkdir. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-131486/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-276871/2/2024 nömrəli nömrəli məktublardan iddiaçının hazırkı tələblə cavabdehə müraciət etdiyi, lakin müraciətin təminindən imtina edildiyini görsənir.

15. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.

18. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

19. Məhkəmə iddiaçıya əlilliyin xx.xx.2023-cü il tarixədək təyin edildiyini nəzərə alaraq hesab edir ki, ona əmək pensiyası həmin dövrdə qüvvədə olan normalara uyğun aparılmalıdır.

20. «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə görə Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

21. Göründüyü kimi iddiaçının orqaniz funksiyasının pozulması 65% olması nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün əlilliyin olması, ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduqda mümkündür.

22. İddiaçıya münasibətdə əlilliyin olması (orqaniz funksiyasının pozulması 65% olması), 62 yaşa uyğun qanunla tələb olunan 15 il 8 ay stajının olması (iddiaçının 23 il 8 ay 2 gün) hissəsində mübahisə mövcud deyil və cavabdeh tərəfindən də həmin hissələr qəbul edilir.

23. Mübahisə doğura hal fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunla tələb edilən 37900,80 manatdan az olması (22876,38 manat) olmuşdur.

24. Məhkəmə tərəfindən cavabdehə verilmiş sorğuda iddiaçı tərəfindən cavabdehin sığorta stajına hesablanmayan 1995-ci il, 1997-ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərdə Tərtər 9 saylı X1 işlədiyi müddətlərin sosial sığorta stajına daxil edildikdə hesablanan pensiya kaitalı məbləğinə dair sorğuya cavab olaraq cavabdeh xx.xx.2025-ci il tarixdə “İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeyd edilən ümumi pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 38083,35 (15206,97+22876,38=38083,35) manat təşkil edəcəkdir ki, bu məbləğ adıçəkilən şəxsin 62 yaşına münasibətdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 37900,80 manat pensiya kapitalından çoxdur və minimum pensiya (280) təminatına imkan verəcəkdir.” qeyd edililmişdir.

25. Cavabdeh iddiaçının 1995-ci il, 1997-ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərdə Tərtər 9 saylı X1 işlədiyi müddətlərin onun sığorta stajına mübahisələndirir.

26. Cavabdeh iddiaçının müraciəti üzrə aparılmış inzibati icraat zamanı onun əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Tərtər 9 saylı X1 əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yarandığını, fondun Arxiv və sosial ödəniş işlərinin çeşidlənməsi üzrə mərkəzi filialının müvafiq xidməti məktubuna əsasən təqdim edilmiş Tərtər 9 saylı X2 hesabatlarından aşkar surətdə müəssisənin 1995-ci ilə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmadığı, bundan başqa, hesabatlardan 1997-ci il tarixində 2 rüb, 1998-2004-cü il tarixlərində müəssisə fəaliyyət göstərmədiyindən bütün rüblər üzrə iddiaçıya sığorta ayırmaları hesablanan ödəniş olmadığından həmin illərin sığorta stajına daxil edilmədiyini bildirmişdir.

27. Bununla bağlı məhkəmə tərəfindən göndərilmiş sorğuya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-3070/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubda dövlət reyestrində Tərtər 9 saylı X2 xx.xx.1996- cı il tarixdə D-1370 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olduğu, 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilmədiyi, reyestrdə Tərtər 9 saylı X2 yenidən təşkil olunması və hüquqi varisinin olması barədə məlumat mövcud olmadığı qeyd edilmişdir.

28. Həmçinin məhkəmə tərəfindən verilmiş sorğya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3/2-23417/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubda Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 3 noyabr 2005-ci il tarixli LK-23 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilmiş “Azəraqrotexservis” RİB-nin tabeliyində olan Tərtər 9 saylı X3 6 dekabr 2005-ci il tarixində hərrac üsulu ilə özəlləşdirildiyi bildirilmişdir.

29. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır.

30. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir.

31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 1995-ci il, 1997-ci il tarixin 2-ci rüb və 1998-2004-cü illərdə Tərtər 9 saylı X1 işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona xx.xx.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 52.Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 78.Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

33. Göstərilənlərə əsaslanaraq və İPM-in 2, 34, 52, 58, 68, 70, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia təmin edilsin. 1995-ci il, 1997-ci ilin 2-ci rübü və 1998-2004-cü illərdə Tərtər 9 saylı X1 işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X19 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan onun surəti tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar